Məhkəmə qərarları › İş №2-2(3-6)-136/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-136/2026

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-136/2026 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, sübutetmə) hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6378/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 154 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı satış üçün nəzərdə tutulmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olan sementi cavabdehə satmağı və çatdırmağı, cavabdeh isə öz növbəsində müqavilədə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürmüşdür.

2. Həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 nömrəli, xx.xx.2021-ci il tarixli 02 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli, xx.xx.2024-cü il tarixli 04 nömrəli, xx.xx.2024-cü il tarixli 05 nömrəli, xx.xx.2025-ci il tarixli 06 nömrəli əlavələr ilə “Norm Klass A” və “Norm Klass B” məhsulunun qiyməti razılaşdırılmış, adıçəkilən əlavələrlə malların təhvil verilməsinin təhvil-təslim qaydasında həyata keçirilməsi və mallar təhvil alındıqdan sonra dəyərinin təqdim edilmiş hesab-faktura əsasında 5 iş günü ərzində ödənilməsi şərtləşdirilmişdir.

3. Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya olan borcu 623 463,07 manat, xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya olan borcu 1 239 252,57 manat, xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya olan borcu 1 207 378,55 manat kimi təsdiq edilmişdir.

4. xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək cəmi 428 039,9822 manat dəyərində malın verilməsi ilə bağlı 42 ədəd elektron qaimə tərtib edilərək cavabdehə göndərilmiş, həmin elektron qaimələr sistem tərəfindən və cavabdeh tərəfindən təsdiq edilmişdir.

5. xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ümumilikdə ƏDV daxil olmaqla 193 467,96 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1 418 336,81 manat məbləğində pulun və ödənilmiş 1500 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 fevral 2021-ci il tarixli 154 nömrəli müqaviləyə əsasən sonuncu 8 839 325,44 manat dəyərində sement almış və həmin malın ödənişini qeyd olunan müqavilənin 1.1-ci maddəsinə əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Hal-hazırda cavabdehin iddiaçıya 1 418 336,81 manat borcu qalmaqdadır. 01 fevral 2021-ci il tarixli 154 saylı müqavilənin 2.4-cü maddəsində qeyd olunmuşdur ki, alıcı satıcıdan alınmış malları qəbul edib 10 gün müddətində satıcıya ödəməlidir. Müqavilədə qeyd olunanlara baxmayaraq, cavabdeh tərəfindən 1 418 336,81 manat məbləğində borc bu günə kimi ödənilməmiş, sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə 21000 manat məbləğində olmuşdur. Həmin tarixdən etibarən cavabdehə qalan borcun tam ödənilməsi ilə bağlı dəfələrlə müraciətlər olmuşdur. Belə ki, borcun təmin edilməsi ilə bağlı “onlayn kargüzarlıq” vergi sistemi və poçt vasitəsi ilə pretenziya məktubları göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir yazılı və ya şifahi cavab verilməmişdir.

8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, İddiaçı QSC-nin Cavabdeh MMCyə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir.

9. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən 01 fevral 2021-ci il tarixli 154 nömrəli müqaviləyə əsasən ödənilməmiş 418 336,81 manat əsas borcun, 1500 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsini, 01-06 saylı müqaviləyə əlavələri və ödənişləri təsdiq edən qeyri-rəsmi ödəniş cədvəlini əlavə etmişdir. İş materiallarına əlavə edilmiş müqaviləyə əlavələrin 2-ci bəndindən görünür ki, malın təhvil verilməsi təhvil-təslim qaydasında həyata keçirilir. Həmin əlavələrin 3-cü bəndində qeyd edilmişdir ki, mal təhvil alındıqdan sonra malın dəyəri satıcı tərəfindən təqdim olunmuş hesab-faktura əsasında 5 iş günü ərzində satıcıya ödənilir. İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən, müqavilə üzrə hesablaşma, bu müqavilənin şərtlərinə uyğun mal təhvil verildikdən sonra qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş elektron qaimə-fakturaya və ona uyğun qaydada təqdim edilmiş hesab-fakturaya əsasən, 10 iş günü ərzində təhvil verilmiş malların dəyərinin alıcı tərəfindən satıcıya nağd və ya köçürmə yolu ilə ödənilməsi şəklində aparılır. Göründüyü kimi, iddiaçı tərəfindən borc məbləğini sübut edən heç bir sübut əlavə edilməmişdir. Belə ki, iş materiallarında nə təhvil-təslim aktları, nə hesab-fakturalar, nə də qaimələr əlavə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

10. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verib və eyni zamanda bildirmişdir ki, cavabdehə ümumilikdə 8 839 325,44 manat dəyərində sement məhsulu satılmış, 2024-cü il üzrə tərtib edilmiş üzləşmə aktından sonra da cavabdehə mal verilmiş, sonuncu tərəfindən bir dəfə – 08 may 2025-ci il tarixdə 21000 manat ödəniş edilmişdir.

11. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verib və eyni zamanda göstərmişdir ki, cavabdeh tərəfindən 7 400 000 manat dəyərində sement məhsulu alınmış, həmin məhsulların dəyəri ödənilmişdir. Hazırda hər hansı borc mövcud deyildir.

12. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili göstərmişdir ki, üzləşmə aktlarına cavabdehin direktoru imza etməmişdir. Hər üç üzləşmə aktına möhürün eyni bucaq altında vurulması isə mümkünsüzdür.

13. Birinci instansiya məhkəməsinin 2-2(113)-6378/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.  Məhkəmə qeyd edir ki, cavabdehin üzləşmə aktlarındakı möhürü mübahisələndirməsi möhürlərin eyni bucaq altında vurulması əsası ilə olmuş, cavabdeh həmin möhürün ona aid olmadığına dair hər hansı dəlil təqdim etməmişdir.  Əksinə, iş materiallarında olan, cavabdehin qəbul etdiyi xx.xx.2021-ci il tarixli 154 nömrəli alqı-satqı müqaviləsi ilə xx.xx.2021-ci il tarixli 01 nömrəli əlavədə, xx.xx.2023-cü il tarixli 03 nömrəli əlavə ilə xx.xx.2024-cü il tarixli 04 nömrəli əlavədə olan möhürlər eyni bucaq altında vurulmuşdur.  Digər tərəfdən, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli 154 nömrəli alqı-satqı müqaviləsinə istinadla yüzlərlə elektron qaimə göndərilmiş, cavabdeh həmin elektron qaimələrdən bəzilərini, xüsusilə 2025-ci ilin may ayındakı elektron qaiməni bilavasitə təsdiq etmişdir. Bu mənada cavabdehin xx.xx.2021ci il tarixli 154 nömrəli alqı-satqı müqaviləsinə istinadla göndərilən yüzlərlə elektron qaiməyə ötən müddət ərzində hər hansı etiraz irəli sürməməsi, həmin elektron qaimələrə istinadla ödənişlər etməsi, elektron qaimələri təhvil-təslim aktları kimi qəbul etməsi, daha sonra isə məhkəmə iclaslarında elektron qaimələrin təhvil-təslimi təsdiq etmədiyini deməsi hüquqdan sui-istifadə olub, mülki hüququn vicdanlılıq prinsipinə açıq-aşkar ziddir.  Məhkəmə qeyd edir ki, iddiaçı uzun müddət hər hansı etiraz etməməsi ilə şübhəsiz qəbul etdiyi halı hazırkı icraatda mübahisələndirməyə çalışmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı öz maddi və prosessual hüquqlarından suiistifadə etmişdir. Cavabdehin sənədlərin texniki ekspertizasının keçirilməsi barədə vəsatəti də məhz bu əsasla təmin edilməmişdir.  Beləliklə, məhkəmə cavabdehin etirazının əsassız olduğu qənaətinə gəlir.  Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqaviləyə əlavələrin 3-cü bəndi ilə ödəmənin 5 gün ərzində edilməsinin şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.  Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.  Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.  Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.  Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2021-ci il tarixli 154 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 418 336,81 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.  Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 1500 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.  Məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1500 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 442, 448.1, 448.2, 560.1, 560.2, 560.3.4, 567, 597.1, 600.1-ci maddələrinə istinad etmişdir.

16. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, elektron qaimədən əvvəl görülmüş işlərlə bağlı təhvil-təslim aktları, hesab faktura mövcud olmalıdır, malların təhvil verilməsi araşdırılmayıb, üzləşmə aktlarının faksmile imza ilə təsdiqləndiyi nəzərə alınmamış, iş üzrə ekspertiza keçirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

18. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

25. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. Maddə 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

28. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

38. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

39. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı ilə bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.

40. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

41. İş materiallarında olan tərəflər arasında xx.xx.2021-ci il tarixli 154 nömrəli Müqavilə və həmin müqaviləyə əlavələrə əsasən adıçəkilən əlavələrlə malların təhvil verilməsinin təhvil-təslim qaydasında həyata keçirilməsi və mallar təhvil alındıqdan sonra dəyərinin təqdim edilmiş hesab-faktura əsasında 5 iş günü ərzində ödənilməsi şərtləşdirilmişdir.

42. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli 154 nömrəli alqı-satqı müqaviləsinə istinadla yüzlərlə elektron qaimə göndərilmiş, cavabdeh həmin elektron qaimələrdən bəzilərini, xüsusilə 2025-ci ilin may ayındakı elektron qaiməni bilavasitə təsdiq etmiş, qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz verilməmiş və ya qaimələrə düzəliş edilməsi üçün müraciət edilməmişdir.

43. Kollegiya apellyasiya şikayətinin iddiaçı tərəfindən malların təhvill verilməsini təsdiq edən sənədlərin əlavə edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arsında bağlanmış xx.xx.2021-ci il tarixli 154 nömrəli müqavilədə ümumiyyətlə təhvil-təslim aktlarının tərtib olunması ilə bağlı şərt, hər hansısa tələb nəzərdə tutulmamışdır. Bu isə tərəflər arasında yaranmış işgüzar adətin və praktikanın bu cür formalaşdığını, yəni müqavilə üzrə malların çeşidinin, həcminin, dəyərinin və təhvil verilməsinin elektron qaimələr əsasında tənzimləndiyi təsdiq edir.

44. Həmçinin nəzərə alınmalıdır ki, mallar təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Lakin cavabdeh malların təhvil verilməsini, elektron qaimələrin təsdiq olunmasını ümumiyyətlə mübahisələndirməmiş, qeyd edilənlərə öz etirazını bildirməmişdir.

45. Digər tərəfdən qeyd olunmalıdır ki, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya olan borcu 623 463,07 manat, xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya olan borcu 1 239 252,57 manat, xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya olan borcu 1 207 378,55 manat kimi təsdiq edilmişdir.

46. Cavabdehin üzləşmə aktındakı imzanın faksimile olması barədə iddiası əsassızdır. Belə ki, sənəd cavabdeh şirkətin möhürü ilə təsdiqlənmişdir. Bundan əlavə, cavabdeh həmin üzləşmə aktlarından sonra da müqavilə üzrə malları qəbul etməyə davam etmiş (e-qaimələri təsdiqləmiş) və borcun bir hissəsini ödəmişdir. Bu hərəkətlər borcun etiraf olunması kimi qiymətləndirilməlidir.

47. “Xəyal” kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 fevral 2005-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “... tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir”.

48. Beləliklə, cavabdehin təsdiq etdiyi borc məbləğini sonradan mübahisələndirməsi əsassızdır.

49. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə ekspertizanın təyin olunmasına hər hansı zərurət mövcud deyildir.

50. Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, apellyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin əsaslı olduğuna dəlalət edəcək heç bir sübut təqdim etməmişdir.

51. Digər tərəfdən kollegiya qeyd edir ki, prosessual qanunvericiliyə əsasən tərəflər öz prosessual hüquqlarından sərbəst istifadə edirlər.

52. Borcun sənədlərə əsasən iddia tələbindən daha çox olması iddiaçının real borcun hamısını deyil bir hissəsini tələb etmək hüququnu istisna etmir.

53. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

54. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6378/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar