Məhkəmə qərarları › İş №2-2(3-6)-139/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-139/2026

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-139/2026 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Arimpex İç və Dış Ticaret Anonim Şirkəti”-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “Arimpex İç ve Dış Ticaret Anonim Şirkəti”-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübashisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113) 4811/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:

1. “Arimpex İç və Dış Ticaret Anonim Şirkəti” ilə Cavabdeh MMC arasında bağlanmış 15 oktyabr 2023-cü il tarixli 003 saylı Müqaviləyə əsasən:

2. Müqavilənin 1-ci bəndinə əsasən Alıcı material və yaxud xidmətləri bu müqavilənin tərkib hissəsi sayılan əlavələrində göstərilmiş xarakteristikalara, miqdarlara və qiymətlərə uyğun qəbul edib, dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür.

3. Müqavilənin 2.1-ci bəndinə əsasən malların qiyməti bu müqavilənin əlavələrində göstəriləcək və tərəflər hər əlavəni qəbul etdiyi tarixdən dəyişdirilməyəcəkdir.

4. Müqavilənin 2.2-ci bəndinə əsasən malın ödəmələri sonradan həyata keçirilir. Azərbaycan Gömrüyündən çıxandan sonra 60 gündür.

5. Müqavilənin 3.1-ci bəndinə əsasən mallar aşağıda göstərilənlərə nəzərən Satıcı tərəfindən təhvil verilmiş və Alıcı tərəfindən qəbul edilmiş olacaqdır. – Kəmiyyət baxımdan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrə və qaimə fakturaya və bu cür malların xüsusi normalarına uyğun olaraq, – Keyfiyyət baxımdan, bu müqavilənin əlavələrində göstərilmiş Alıcının istehsalın texniki şərtlərinə uyğun olaraq, – Satıcı və ya onun rəsmi rəsmi nümayəndəsi materialların Alıcının olduğu yerə təhvil təslimində iştirak etmək hüququna malikdir.

6. Müqavilənin 3.2-ci bəndinə əsasən malların kəmiyyətində çatışmazlıq və ya keyfiyyətində qüsurlar aşkar olunduğu halda Satıcı kəmiyyət və keyfiyyət çatışmazlıqlarını Alıcının şikayətini aldıqdan sonra 14 iş günü ərzində aradan qaldırmalıdır.

7. Müqavilənin 4-cü bəndinə əsasən tərəflərdən heç biri bu müqaviləyə əsasən öz öhdəliklərini qarşı tərəfin buna yazılı razılığı olmadan üçüncü tərəfə verə bilməz.

8. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə Azərbaycan Respublikasının və Türkiyə Respublikasının qanunvericiliyi ilə tənzimlənəcək və təfsir ediləcək. Müqavilə ilə bağlı yaranan istənilən fikir ayrılığı Azərbaycan Respublikasının Məhkəmələri və Türkiyə Respublikası məhkəmələri tərəfindən tənzimlənəcəkdir.

9. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, yanvar 2024-cü il tarixindən avqust 2025-ci il tarixinə kimi Cavabdeh MMC tərəfindən “Arimpex İç və Dış Ticaret Anonim Şirkəti”-nin hesabına 91.433,28 ABŞ dolları məbləğində ödənişlər edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

10. İddiaçı “Arimpex İç və Dış Ticaret Anonim Şirkəti” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 113756.48 (yüz on üç min yeddi yüzəlli altı dollar, qırx səkkizsent) ABŞ dollarının Mərkəzi Bankın məzənnəsi ilə 193386 (yüz doxsan üç min üç yüz səksən altı) manat əsas borcun, 484 (dörd yüz iyirmi bir) manat dövlət rüsumunun, 5070 (beş min yetmiş) manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqının alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 15 oktyabr 2023-cü il tarixli 003 saylı alqı satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2.-ci bəndində qeyd olunmuşdur ki, malların ödəmələri Azərbaycan Gömrüyündən çıxdıqdan sonra 60 gün ərzində həyata keçirilməlidir. Məhsullar cavabdehə təhvil verilməsindən xeyli müddət keçsə də cavabdeh hələ də 113756.48 ABŞ dolları borc cavabdeh tərəfindən iddiaçıya ödənməmişdir. Bununla da müqavilə öhdəlikləri cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh hüquqi şəxsin əməkdaşları ilk vaxtlar borcun tezliklə ödənəcəyini vəd etsə də bu borc bugünə qədər ödənilməmişdir. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

12. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraiciət edərək bildirmişdir ki, cari ilin avqust ayında iş məhkəmə icraatında olduğu zaman cavabdeh tərəfindən iddiaçıya əsas borcdan 3000 ABŞ dolları ödənmişdir. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti vardır. "Cavabdeh MMC-dən 105756.48 ABŞ dollarının Mərkəzi Bankın məzənnəsi ilə 179785 manat əsas borcun, 484 manat dövlət rüsumunun, 5070 manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqının alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Arimpex şirkəti ilə aramızda olan mal alqı satqısına əsasən tam dövriyələri 197189 dollar olmuşdur. Həmin şirkətə 91433 dollar bank vasitəsi ilə ödəniş olub, digər ödənişlər isə nəğd formada 10080 dollar iddiaçı şirkətin Türkiyədəki ofisində ödənilmiş və 18070 dollar iddiaçı şirkətin nümayəndəsi Korhan Kaçara Bakıdakı ofisində ödənildiyini nəzərə alsaq, iddiaçı şirkətə 77606 dollar borc yaranmışdır. Bununla belə tərəflər arasında olan şifahi razılaşmaya əsasən 77606 dollar vəsaiti əhatə edən mal satılmadığından, bəzi mallar dəyərindən aşağı razılaşdırılmaqla satıldığından qalan 77606 dollar borc hər iki şirkətin ziyanı hesab edilərək yarıbayarı hesab edilməsi kimi razılaşdırılmışdır. İddiaçı ilə dəfələrlə məhkəmə dövründə bu razılaşmaya əsasən aralarında olan mübahisənin tənzimlənməsi üçün təkliflər göndərilsə də iddiaçı şirkət üzləşməyə gəlməmişdir. Buna görə də halhazırda iddiaçı şirkətə 38803 ABŞ dolları borcular qalmışdır.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4811/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 105.756,48 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) əsas borc məbləği, vəkil xərcinin əvəzi olaraq 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 470 manat pulun tutularaq iddiaçı “Arimpex İç və Dış Ticaret Anonim Şirkəti”-nə ödənilməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması, bu müqavilə əsasında tərəflər arasında cəmi 197189 ABŞ dollar məbləğində mal dövriyyəsinin (iddiaçı tərəfindən cavabdehə 197189 dollar məbləğində mallar çatdırılması) olması və cavabdeh tərəfindən iddiaçıya həmin malların dəyərindən 91.433,28 ABŞ dolları məbləğində ödənişin nağdsız (bank hesabından köçürmə yolu ilə) qaydada edilməsi işin mübahisəsiz halıdır (müqavilə, gömrük bəyannamələri, ödəniş sənədləri iş materiallarında mövcuddur, həmçinin tərəflərin izahatları ilə təsdiq edilir).

16. Cavabdehin mübahisələndirdiyi hallarla bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında ödənişlərin edilməsinə dair işgüzar münasibətlər bank hesabından köçürmə qaydasında formalaşmışdır. Malların bir qisminin nəğd qaydada ödənişinə dair cavabdeh sübut qismində yalnız şahid ifadəsi və kassa mədaxil qəbzlərini təqdim etmişdir. Lakin, həmin qəbzlərdən pulların kimin tərəfindən təhvil alınması, həmin mədaxil qəbzlərinin və təhvil alan şəxsin iddiaçı şirkətə aidiyyəti müəyyən edilmir. Şahid ifadəsi isə yazılı və ya digər hər hansı sübutları ilə öz təsdiqini tapmadığı və iddiaçı tərəfindən də təsdiq edilmədiyi üçün məhkəmə tərəfindən mötəbər və yetərli sübut qismində qiymətləndirilə bilməz.

17. Belə olan halda, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, gömrük bəyannamələri, malların təhvil verilməsinə dair cavabdehin etirafı, qismi ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 105.756,48 ABŞ dolları məbləğinə dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 567, 568.1, 579.1, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 218.3 və 439.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın qismən, yəni 38803 dolara münasibətdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Arimpex şirkəti ilə aralarında olan mal alqı-satqısına əsasən tam dövriyələri 197189 dollar olmuşdur. Həmin şirkətə 91433 dollar bank vasitəsi ilə ödəniş olub, digər ödənişlər isə nəğd formada 10080 dollar iddiaçı şirkətin Türkiyədəki ofisində ödənilmiş və 18070 dollar iddiaçı şirkətin nümayəndəsi Korhan Kaçara Bakıdakı ofisində ödənilmişdir. Bununla bağlı Türkiyə Respublikasının vətəndaşı Korhan Kaçar məhkəmə baxışı zamanı dindirilmiş və həmin faktı təsdiq etsə də, məhkəmə Korhan Kaçarın ifadəsinə düzgün hüquqi qiymət verməmiş, yalnız iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı nəğd pul alışlarının təkzibi ilə bağlı izahatına əsaslanmışdır. Məhkəmə baxışı zamanı iddiaçı şirkətin nümayəndəsi nəğd pul alışını təkzib etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Arimpex şirkəti tərəfindən ölkəyə idxal olunan mallar onların təşəbbüsü ilə baş vermişdir. Arimpex şirkəti tələbdən artıq malı anbarda saxlanma, reklam və sair xərclərini qarşılayacağını bildirirək ölkəyə göndərmişdir. Daha sonra malın ölkədə satışı zəiflədiyi üçün ödənişlərdə gecikmə yarandığı üçün əsassız olaraq məhkəməyə müraciət etmişdir. Halbuki, həmin mallar satılmadığı halda, ziyan olduğu halda Cavabdeh MMC-dən hər hansı pul tələb edilməməli idi. Bununla belə tərəflər arasında olan şifahi razılaşmaya əsasən 77606 dollar vəsaiti əhatə edən mal satılmadığından, bəzi mallar dəyərindən aşağı razılaşdırılmaqla satıldığından qalan 77606 dollar borc hər iki şirkətin ziyanı hesab edilərək yarıbayarı hesab edilməsi kimi razılaşdırılmışdır. İddiaçı ilə dəfələrlə məhkəmə dövründə bu razılaşmaya əsasən aralarında olan mübahisənin tənzimlənməsi üçün təkliflər göndərilsə də iddiaçı şirkət üzləşməyə gəlməmişdir. İddiaçı şirkət Cavabdeh MMC-yə qarşı göndərilən malların müqabilində pul tələb edərək əsassız varlanmağa çalışır. Onlar müqavilədən irəli gələn tələbdən sui-istifadə edirlər. Göndərilən mallar hal-hazırda anbardadı və istənilən vaxt malları geri qaytara bilərlər. Həmçinin həmin malların saxlanmasına görə Arimpex şirkəti ona anbarın icarə haqqının yarısını ödəməli olduğu halda uzun müddətdir ki, ödəmədən imtina edirlər. Bundan başqa məhkəmə iddianı təmin edərkən dövlət rüsumu kimi ödənilən və hüquqi yardım kimi ödənilən xərcləri də cavabdehdən tutarkən ədalətsizliyə yol vermişdir. İşin hallarından göründüyü kimi cavabdeh borc 38803 dollara münasibətdə təmin etməli, dövlət rüsumu həmin borca münasibətdə tərəflər arasında bölünməlidir. Qətnamədən göründüyü kimi məhkəmə vəkilə hüquqi yardım üçün ödənilmiş xidmət haqqını da cavabdehdən qismən tutmuşdur. Halbuki, mülki işlər üzrə komersiya məhkəmələrində şirkətin nümayəndəsi kimi vəkilin mülki iş üzrə iştirakı məcburi deyildir. Şirkətin hər hansı işçiləri şirkəti təmsil edə bildiklərinə görə və vəkilin mülki iş üzrə iştirakı məcburi olmadığından vəkillə müqavilə bağlamaq zərurəti olmadığına görə vəkilə ödənilmiş xidmət haqqı iddiaçının özünə aid edilməli və iddia həmin hissədə tamamilə rədd edilməli idi.

Apellyasiya şikayətinə qarşı etiraz:

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar:

22. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi.

23. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq hal-hazırda Xətai Rayon Məhkəməsində məhkəmə prosesi hələ də davam etdiyi üçün hazırki məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. -440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. -443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: -443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda. -450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.

Apellyasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən borcun məbləğinə münasibətdə mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4811/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş üzrə iddiaçı “Arimpex İç və Dış Ticaret Anonim Şirkəti” Türkiyə Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir. Odur ki, məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikasının məhkəmələrinin mübahisəyə baxmaqda səlahiyyətli olub-olmaması və mübahisəyə hansı dövlətin maddi hüquq normalarının tətbiq edilməli olması müəyyən edilməlidir.

32. Göstərilən məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Cavabdeh MMC ilə Türkiyə Respublikasında qeydiyyatdan keçmiş “Arimpex İç və Dış Ticaret Anonim Şirkəti” arasında bağlanılmış alqı-satqı müqavilələrindən irəli gələn tələbdir. Tərəflər arasında bağlanmış 15 oktyabr 2023-cü il tarixli 003 saylı alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən bu müqavilə Azərbaycan Respublikasının və Türkiyə Respublikasının qanunvericiliyi ilə tənzimlənəcək və təfsir ediləcək. Müqavilə ilə bağlı yaranan istənilən fikir ayrılığı Azərbaycan Respublikasının məhkəmələri və Türkiyə Respublikası məhkəmələri tərəfindən tənzimlənəcəkdir. Odur ki, MPM-in 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidir və həmin mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir.

33. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

34. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında 15 oktyabr 2023-cü il tarixli 003 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı həmin müqavilə üzrə cavabdehə razılaşdırılmış dəyərdə mallar təqdim etsə də, təqdim edilmiş malların dəyərinin cavabdeh tərəfindən tam ödənilmədiyini, nəticədə cavabdehin iddiaçıya 105756.48 ABŞ dolları məbləğində borcunun yarandığını əsas göstərməklə həmin borcun cavabdehdən tutulmasını tələb edir.

35. Cavabdehin mübahisələndirdiyi hallar ondan ibarətdir ki, digər ödənişlər nəğd formada 10080 dollar iddiaçı şirkətin Türkiyədəki ofisində ödənilmiş və 18070 dollar iddiaçı şirkətin nümayəndəsi Korhan Kaçara Bakıdakı ofisində ödənilmiş və iddiaçı şirkətə 77606 dollar borc yaranmışdır. Bununla belə tərəflər arasında olan şifahi razılaşmaya əsasən 77606 dollar vəsaiti əhatə edən mal satılmadığından, bəzi mallar dəyərindən aşağı razılaşdırılmaqla satıldığından qalan 77606 dollar borc hər iki şirkətin ziyanı hesab edilərək yarıbayarı hesab edilməsi kimi razılaşdırılmışdır. Buna görə də hal-hazırda iddiaçı şirkətə 38803 ABŞ dolları borcu qalmışdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında tərəflər arasında mal dövriyyəsi 197189 ABŞ dollar məbləğində olmuş, cavabdeh tərəfindən iddiaçıya həmin malların dəyərindən 91.433,28 ABŞ dolları məbləğində nağdsız (bank hesabından köçürmə yolu ilə) qaydada ödəniş edilmişdir. Bu hal iş materiallarında olan müqavilə, gömrük bəyannamələri, ödəniş sənədləri, eləcə də tərəflərin izahatları ilə öz təsdiqini tapır.

37. Mübahisəli müqavilə üzrə cavabdehin borcunun məbləğinə münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarından görünür ki, tərəflər arasında yaranmış işgüzar münasibətlər çərçivəsində ödənişlər nağdsız qaydada, bank köçürmələri vasitəsilə həyata keçirilmişdir. Cavabdehin malların bir hissəsinin dəyərini nağd şəkildə ödəməsi barədə iddiaları isə yalnız şahid ifadəsi və kassa mədaxil qəbzləri ilə əsaslandırılmışdır. Lakin həmin kassa mədaxil qəbzlərində vəsaiti qəbul edən şəxsin iddiaçı şirkətin səlahiyyətli nümayəndəsi olması sübuta yetirilməmişdir. Şahid ifadəsi isə hər hansı digər sübutlarla, o cümlədən iddiaçının ifadəsi ilə təsdiq edilmədiyindən, MPM-in sübutların mötəbərliyi və kifayətliyi tələblərinə cavab vermir və məhkəmə tərəfindən hüquqi əhəmiyyət kəsb edən sübut qismində qəbul edilə bilməz. Bununla da, cavabdeh mübahisələndirdiyi halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir.

38. Belə olan halda məhkəmə kollegiyası cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə iddiaçıya 105.756,48 ABŞ dolları borcu yarandığını, iddiaçının cavabdehdən təqdim edilmiş malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, 105.756,48 ABŞ dolları məbləğində borcun tutulmasına dair iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

39. Məhkəmə xərclərinin tutulmasına dair iddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmçinin iddia ərizəsində 484 manat dövlət rüsumu və hüquqi yardım xərci olaraq 5070 manat pulun tutulmasını xahiş etmişdir. İddia əsas borc hissəsində təmin edildiyi üçün (iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq) 470 manat dövlət rüsumunun və 1000 manat vəkil xərcinin əvəzi qismində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə də məhkəmə düzgün qənaətə gəlmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4811/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4811/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar