Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-14/2026 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “məhsulun satışının qadağan edilməsi və digər” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmtəə nişanı, hüquqi maraq, qarışdırılma riski, pozuntunun aradan qaldırılması) X3 Qocayevin sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-265/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. ƏN seriyalı, 000701 saylı şəhadətnamə ilə xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeyd olunmuş, 2015 0582 nömrəli “AFRİKA ŞİRİ” əmtəə nişanının sahibi İddiaçıdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2025-ci il tarixli, 5/1409 nömrəli və 1 sentyabr 2025-ci il tarixli, 5/603 nömrəli ekspert rəylərinə əsasən tədqiqata təqdim edilmiş 20150582 nömrə ilə xx.xx.2015-ci ildə dövlət qeydiyyatına alınmış “AFRİKA ŞİRİ” əmtəə nişanı “ASİYA ŞİRİ” təsviri ilə qarışdırılacaq dərəcədə oxşardır.
3. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən verilmiş xx.xx.2023cü il tarixli X1 əsasən idxalçı Cavabdeh tərəfindən istehsalçı X4 X5.Diş.Ltd.Şti. (Tepeören Mah, X7:7/1, Tuzla, İstanbul) tərəfindən istehsal edilmiş, xalis çəkisi 217,78 kq olan 9828 sayda “ASİYA ŞİRİ” adında məhsul Azərbaycan Respublikasına idxal edilmiş, etibarlılıq müddəti xx.xx.2025-ci il tarixə qədər müəyyən edilmişdir.
4. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Patent və X2 Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli “əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında” bildirişdə göstərilir ki, 2023 01216 nömrəli iddia ərizəsində iddia olunan “ASİYA ŞİRİ” nişanı iddia olunan 05-ci sinif əmtəələri üzrə əmtəə nişanı kimi qeydə alına bilməz, belə ki, ekspertiza zamanı ƏXBT-nin 05-ci sinfi üzrə Azərbaycan Respublikasında daha əvvəl milli qaydada 20150582 nömrə ilə xx.xx.2015-ci ildə dövlət qeydiyyatına alınmış “AFRİKA ŞİRİ” əmtəə nişanı aşkar edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus “ASİYA ŞİRİ” adlı məhsulun Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulması, həmin əmtəənin ticarət dövriyyəsindən çıxarılması, ticarət şəbəkələrinə paylanmış həmin məhsulların geri yığılması öhdəliyinin Cavabdeh üzərinə öhdəlik olaraq qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2012-ci ildə dövlət qeydiyyatında alınmışdır. Cəmiyyət minerallardan hazırlanmış qida əlavələri, reklam, biznes sahəsində menecment, malların qablaşdırılması və anbarda saxlanılması sinifləri üzrə “AFRİKA ŞİRİ” adlı məhsula 2015 0582 nömrəli əmtəə nişanını əldə etmiş, xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. Lakin, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN:0********) “AFRİKA ŞİRİ” məhsuluna oxşar adla “ASİYA ŞİRİ” adlı məhsulun ölkəyə idxal edilməsi və satışı ilə məşğuldur. Cavabdeh əmtəə sahəsində qanunvericiliyin tələblərini pozmaqla İddiaçı MMC-nin işgüzar nüfuzuna xələlə gətirir. “ASİYA ŞİRİ” adlı məhsul “AFRİKA ŞİRİ” adlı məhsulla həm qablaşdırma meyarları, həm də adına görə oxşar əlamətlərə malikdir. İddiaçı MMC isə uzun illərdir ki, “AFRİKA ŞİRİ” adlı məhsulun satışı və ölkəyə idxalı ilə məşğul olur. Bu məhsul uzun müddətdir ki, bazarda reklam olunmuş, satış göstəricilərinin artırılması üçün müvafiq işlər aparılmışdır. “AFRİKA ŞİRİ” adı ticarət fəaliyyəti sahəsində öz markasını yaratmış məhsul olaraq, qeyd olunan malların satışında xüsusi çəkiyə malikdir. Lakin, “ASİYA ŞİRİ” məhsulunu ölkəyə idxal edib, satışını həyata keçirən cavabdehin bu fəaliyyəti iddiaçıya məxsus məhsulun bazarda olan tələbatına və satış göstəricilərinə uyğun oxşar addan istifadə etməklə sahibkarlıq fəaliyyəti sahəsində haqsız rəqabətin yaranmasına səbəb olmuşdur.
7. Cavabdeh etiraz ərizəsi təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi yuxarıda sadalanan (§ 3-4) sənədlərə istinad olunaraq, onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi məhsulun idxalına qadağa qoyulması, ticarət dövriyyəsindən çıxarılması və paylanmış məhsulların geri yığılmasından ibarətdir. İkinci və üçüncü tələblər mahiyyətcə eynidir. Göründüyü kimi əmtəə nişanının qeydiyyatından imtina edilmiş və bu, məhsulun sahibi tərəfindən mübahisələndirilməmişdir. Eyni zamanda artıq idxal edilmiş və dövriyyəyə buraxılmış məhsulun istifadə müddəti bitmişdir. “Asiya Şiri” adlı məhsulun əmtəə nişanı kimi qeydiyyatından imtina olunduğuna görə həmin məhsulun eyni adda və qablaşdırmada idxalı sifarişçi (sahibkar) üçün iqtisadi baxımdan səmərəsiz addımdır, qanunvericilik buna yol vermir, üstəlik həmin məhsul artıq əmtəə nişanı ilə mühafizə olunan obyekt deyildir. Bu baxımdan həmin məhsulun idaxlı da mümkün deyil. Beləliklə, qeyd edilən məhsulun idxalı mümkün olmadığından və idxal edilmiş məhsulun istifadə müddəti bitdiyindən iddiaçının hüquqi marağı da aradan qalxır. Hazırki real vəziyyət iddiaçının mənafeyinə toxunmur. Mübahisə olmadığı halda iddianın təmin olunması icrası mümkün olmayan qətnamənin çıxarılması ilə nəticələnəcəkdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-265/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, “ASİYA ŞİRİ” adlı məhsulun Azərbaycan Respublikasına idxalı, topdan və pərakəndə satışının Cavabdeh qadağa olunması, həmin əmtəənin ticarət dövriyyəsindən çıxarılması, ticarət şəbəkələrinə paylanmış həmin məhsulların geri yığılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1 sentyabr 2025-ci il tarixli, 5/603 saylı ekspert rəyinə əsasən 20150582 nömrə ilə xx.xx.2015-ci ildə dövlət qeydiyyatına alınmış “AFRİKA ŞİRİ” əmtəə nişanı “ASİYA ŞİRİ” təsviri ilə qarışdırılacaq dərəcədə oxşar olması müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini tətqiq edərək, belə qənaətə gəlmişdir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Məhkəmə qeyd etmişdir ki, müvafiq olaraq “AFRİKA ŞİRİ” və “ASİYA ŞİRİ” yazıları arasındakı oxşarlığa nəzər salınsa görünür ki, hər iki yazı elementi böyük hərflə başlayıb, kiçik hərflərlə davam edən, bitişik olmayan, oxşar ölçülərə malik demək olar ki, eyni tipli əlyazma şrifti ilə yazılmaqla ümumi görünüş olaraq ilk baxışda olduqca oxşardır. Bundan əlavə, əmtəə nişanı ən çox istifadə olunduğu sahəni araşdırdıqda məlum olur ki, hər iki nişan farmasevtik vasitələri əks etdirir. Bu isə onların eyni növə, təyinata və satış şəraitinə aid olmasını göstərir. Göründüyü kimi təqdim olunmuş əmtəə nişanları həmcins əmtəələrə aiddirlər. İddiaçı, Cavabdeh ilə eyni xidmət sahəsində fəaliyyət göstərməklə istehlakçı kütlələri eynidir. Məhkəmə hesab etmişdir ki, həmin oxşarlıqlar istehlakçılarda İddiaçı MMC-yə məxsus məhsulun mənşəyi barədə yanılmaya yol aça, məhsulun iddiaçı firmaya məxsus olmasını düşündürə bilər. Nəticədə, istehlakçı istədiyi məhsulu almaya bilər. Bu isə istehlakçı kütləsinin haqsız cəlb edilməsi və iddiaçıların işgüzar nüfuzunun zədələnməsi ilə nəticələnə bilər. Odur ki, qeyd edilənləri nəzərə alan məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir.
10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-265/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri:
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sənədlərdən göründüyü kimi əmtəə nişanının qeydiyyatından imtina edilmiş və bu, cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Eyni zamanda, artıq idxal edilmiş və dövriyyəyə buraxılmış məhsulun istifadə müddəti bitmişdir. “ASİYA ŞİRİ” adlı məhsulun əmtəə nişanı kimi qeydiyyatından imtina olunduğuna görə həmin məhsulun eyni adda və qablaşdırmada idxalı sifarişçi (sahibkar) üçün iqtisadi baxımdan səmərəsiz addımdır, qanunvericilik buna yol vermir, üstəlik həmin məhsul artıq əmtəə nişanı ilə mühafizə olunan obyekt deyildir. Bu baxımdan həmin məhsulun idxalı da mümkün deyil. AQTA tərəfindən verilmiş sertifikata əsasən artıq idxal edilmiş məhsulun müddəti bitdiyindən, həmin məhsulun satışı da istisna olunur. Mövcud olan məhsullar belə satışı həyata keçirən apeteklər tərəfindən dövriyyədən çıxarılır. Beləliklə, qeyd edilən məhsulun idxalı mümkün olmadığından və idxal edilmiş məhsulun istifadə müddəti bitdiyindən, iddiaçının hüquqi marağı da aradan qalxır. Real vəziyyət iddiaçının mənafeyinə də toxunmur. Mübahisə olmadığı halda iddianın təmin olunması icrası mümkün olmayan qətnamənin çıxarılması ilə nəticələnəcəkdir. Məhkəmə isə bu halları nəzərə alamdan, icrası mümkün olmayan qətnamə qəbul etməklə iddiaçının mövcud olmayan maraqlarını təmin etmiş, pozulmamış hüquqların bərpasına cəhd etmişdir. Həmçinin, məhkəmə icrası mümkün olmayan qətnamə çıxarmaqla faktiki olaraq cavabdehi çətin vəziyyətə salmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
14. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
17. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır: əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); ... Maddə 19. Əmtəə nişanı və coğrafi göstərici haqqında şəhadətnamə Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum qeydə alınmış əmtəə nişanına və ya coğrafi göstəriciyə dair Azərbaycan Respublikası ərazisində qüvvədə olan qeydiyyat şəhadətnaməsi verir. Əmtəə nişanına dair şəhadətnamə iddia edilmiş əmtəə nişanı kimi qeydə alınması faktını, onun ilkinliyini, əmtəələrə və göstərilən xidmətlərə aid nişan sahibinin müstəsna hüququnu təsdiq edir və qeydə alınmış nişanın təsvirini özündə əks etdirir. Kollektiv nişana dair şəhadətnaməyə nişandan istifadə hüququ olanlar (birliyin üzvləri) barəsində məlumatlar da daxil edilir. ... Maddə 25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadəyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. ... Maddə 26. Əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadə ... Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. ... Maddə 32. Qeydə alınmış əmtəə nişanına və coğrafi göstəriciyə dair hüquqların pozulması Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. ... Maddə 34. Hüquqların pozulmasına görə sanksiyalar Əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. ...
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. ... Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, cavabdeh tərəf apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. İşin müəyyən edilən hallarına əsasən İddiaçı MMC minerallardan hazırlanmış qida əlavələri, reklam, biznes sahəsində menecment, malların qablaşdırılması və anbarda saxlanılması sinifləri üzrə “AFRİKA ŞİRİ” adlı məhsula 2015 0582 nömrəli əmtəə nişanını əldə etmiş, əmtəə nişanı xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır.
24. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 25-ci maddəsinə əsasən qeydiyyata alınmış əmtəə nişanı onun sahibinə həmin nişandan Azərbaycan Respublikası ərazisində müstəsna istifadə hüququ verir və üçüncü şəxslərin eyni və ya oxşar nişanı eyni və ya həmcins mallar üçün istifadə etməsinin qarşısını almaq səlahiyyətini nəzərdə tutur.
25. İş üzrə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən “ASİYA ŞİRİ” adlı məhsul xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına idxal edilmiş və dövriyyəyə buraxılmışdır. Qanunun 26-cı maddəsinin mənasına görə əmtəə nişanından istifadə malların idxalı və ticarət dövriyyəsinə buraxılması hallarını da əhatə edir. Buna görə də cavabdehin göstərilən hərəkətləri hüquqi mənada nişandan istifadə kimi qiymətləndirilməlidir.
26. Nişanların qarışdırılacaq dərəcədə oxşar olub-olmaması məsələsi xüsusi bilik tələb edən hal olduğundan birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əqli mülkiyyət obyektlərinin ekspertizası təyin edilmişdir. İşdə olan 19 fevral 2025-ci il tarixli, 5/1409 nömrəli və 1 sentyabr 2025-ci il tarixli, 5/603 nömrəli ekspert rəylərində “AFRİKA ŞİRİ” əmtəə nişanı ilə “ASİYA ŞİRİ” təsvirinin qarışdırılacaq dərəcədə oxşar olduğu müəyyən edilmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biridir və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Kollegiya ekspert rəylərinin qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edildiyini, rəyin aydın, əsaslandırılmış və daxili ziddiyyətsiz olduğunu müəyyən edir. İş materiallarında həmin rəylərin inandırıcılığını şübhə altına alan və ya əks nəticəyə gəlməyə əsas verən sübutlar mövcud deyildir.
28. Belə olan halda, ekspert rəylərində müəyyən edilmiş faktiki nəticələrə hüquqi qiymət verərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən istifadə olunan “ASİYA ŞİRİ” təsviri iddiaçıya məxsus “AFRİKA ŞİRİ” əmtəə nişanı ilə eyni təyinatlı mallar üçün istifadə edildikdə istehlakçıların məhsulların mənşəyi barədə yanılmasına səbəb ola biləcək səviyyədə oxşarlıq yaradır. Bu isə Qanunun 25 və 32-ci maddələrinin mənasına görə əmtəə nişanı sahibinin müstəsna hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
29. Apellyasiya şikayətində göstərilən, “ASİYA ŞİRİ” nişanının qeydiyyatından imtina edilməsi və məhsulun etibarlılıq müddətinin bitməsi hallarına gəldikdə, kollegiya hesab edir ki, bu hallar iddiaçının hüquqi marağını aradan qaldırmır. Qeydiyyatdan imtina faktı özü-özlüyündə mübahisənin həlli üçün həlledici olmasa da, dövlət ekspertizasının iddiaçıya məxsus əvvəlki nişanla hüquqi ziddiyyəti müəyyən etdiyini göstərir və bu hal məhkəmənin gəldiyi nəticə ilə uzlaşır.
30. Məhsulun etibarlılıq müddətinin işə baxıldığı anda başa çatması isə hüquq pozuntusunun baş verməsi faktını aradan qaldırmır. Hüquq pozuntusu malların idxalı və dövriyyəyə buraxılması anında yaranmışdır. Mülki hüquqların məhkəmə müdafiəsi yalnız hazırkı vəziyyətlə deyil, həm də pozuntunun nəticələrinin aradan qaldırılması və gələcəkdə oxşar pozuntuların qarşısının alınması ilə bağlıdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan və məhsulun etibarlılıq müddətinə dair məlumatlar cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsaslanır. Lakin cavabdehin təqdim etdiyi sertifikat və digər sənədlər onun dövriyyəyə buraxdığı bütün malları əhatə etdiyini birmənalı şəkildə təsdiq etmir.
32. Cavabdeh tərəfindən yalnız müəyyən partiyaya və ya konkret məhsula dair sənədin təqdim edilməsi həmin nişanla digər malların idxal olunmadığını və ya dövriyyəyə buraxılmadığını sübuta yetirmir. Məhkəmə cavabdehin daxili təsərrüfat sənədlərinə və real dövriyyə həcminə dair tam və hərtərəfli məlumatlara malik deyildir və bu məlumatlar yalnız cavabdehin sərəncamındadır.
33. Bu səbəbdən, məhsulun etibarlılıq müddətinin başa çatması barədə təqdim edilən məlumat hüquq pozuntusunun hüquqi nəticələrini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Pozuntunun baş verməsi faktı onun sonradan faktiki olaraq aradan qalxması ilə avtomatik şəkildə hüquqi qiymətini itirmir və müdafiə tədbirinin tətbiqini istisna etmir.
34. Bundan əlavə, mülki hüquqların məhkəmə müdafiəsi yalnız hazırkı faktiki vəziyyətin qiymətləndirilməsi ilə məhdudlaşmır, həm də pozuntunun nəticələrinin aradan qaldırılması və gələcəkdə eyni xarakterli hərəkətlərin qarşısının alınmasına yönəlir. Cavabdehin təqdim etdiyi məhdud həcmli sənədlər əsasında pozuntunun artıq aradan qalxması barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas mövcud deyildir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
36. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
37. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-265/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-265/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilən dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.