Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-203/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçı “DSM Grup Danışmanlık İletişim ve Satıs Ticaret” A.S-nin cavabdeh Cavabdeh qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: əmtəə nişanı, əmtəə nişanlarından qanunsuz istifadə, əmtəə nişanlarından qanunsuz istifadənin qadağan edilməsi, kompensasiya) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı “DSM Grup Danısmanlık İletişim ve Satış Ticaret” A.S-nin nümayəndəsi (vəkili) vəkil1, cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə “DSM Grup Danısmanlık İletişim ve Satış Ticaret” A.S-nin Cavabdeh qarşı “əmtəə nişanından qanunsuz istifadə etmənin qarşısının alınması və kompensasiya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Maraqlı şəxs tərəfindən “xxxx” Şirkətinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 1241532, 1392848, 1408341, ******* nömrəli beynəlxalq əmtəə nişanları Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən Beynəlxalq əmtəə nişanlarının reyestrində “DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret A.Ş.” (ünvan: Maslak Mahellesi, Büyükdere Caddesi (Spine Plaza) №***, İç kapı № ** Sarıyer, İstanbul (TR)) şirkətinin adına qeydiyyata alınmışdır.
2. Beynəlxalq reyestr məlumatlarına əsasən, Əqli Mülkiyyət Agentliyinin həmin məktubunda qeyd edilmiş nömrələr “trendyol” əmtəə nişanları kimi qeydə alınmışdır.
3. “Əmtəə nişanının mühafizə statusu barədə” ##.##.2024-cü il çap tarixli reyestr məlumatlarına görə, “DSM Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.Ş.” adına “trendyol.com” (beynəlxalq əmtəə nişanı nömrəsi - 1241532) əmtəə nişanı ##.##.2014-cü il tarixdə qeydiyyatdan keçirilmişdir, qeydiyyatın yenilənmə/bitmə tarixi ##.##.2024-cü ildir.
4. “Əmtəə nişanının mühafizə statusu barədə” ##.##.2024-cü il çap tarixli reyestr məlumatlarına görə, “DSM Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.Ş.” adına “trendyol.com” (beynəlxalq əmtəə nişanı nömrəsi - 1392848) əmtəə nişanı ##.##.2017-ci il tarixdə qeydiyyatdan keçirilmişdir, qeydiyyatın yenilənmə/bitmə tarixi ##.##.2027-ci ildir.
5. “Əmtəə nişanının mühafizə statusu barədə” ##.##.2024-cü il çap tarixli reyestr məlumatlarına görə, “DSM Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.Ş.” adına “trendyol” (beynəlxalq əmtəə nişanı nömrəsi - 1408341) əmtəə nişanı ##.##.2017-ci il tarixdə qeydiyyatdan keçirilmişdir, qeydiyyatın yenilənmə/bitmə tarixi ##.##.2027-ci ildir.
6. “Əmtəə nişanının mühafizə statusu barədə” ##.##.2024-cü il çap tarixli reyestr məlumatlarına görə, “DSM Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.Ş.” adına “trendyol collection” (beynəlxalq əmtəə nişanı nömrəsi - 1597945) əmtəə nişanı ##.##.2020-ci il tarixdə qeydiyyatdan keçirilmişdir, qeydiyyatın yenilənmə/bitmə tarixi ##.##.2030-cu ildir.
7. Alış-veriş zamanı təqdim edilən kassa-əməliyyat qəbzlərində vergi ödəyicisinin adı kimi Cavabdeh, ticarət mərkəzinin ünvanı kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyid İbad Ağa v. ** saylı sahə, mağaza adı kimi “Brendyol” qeyd edilmişdir.
8. @brendyolmastaga İnstagram səhifəsinin Google Maps tətbiqində ünvanı kimi “Trendyol Maştağa” qeyd edilmiş, mağazada satışa çıxarılmış malların üz qabığında və ya etiketlərində “Trendyol Maştağa” göstərilmişdir.
9. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “DSM Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S. şirkətinin nümayəndəsi (vəkili) vəkil1 ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda göstərilmişdir ki, “Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən verilən rəyə əsasən əmtəə nişanı kimi istifadə olunan qeydiyyatdan keçirilməmiş “Brendyol” işarəsi “DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret A.Ş” hüquqi şəxsə məxsus ƏXBT-nin 03, 14, 18, 24, 25 və 35-ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyatdan keçirilmiş “Trendyol” əmtəə nişanı ilə fonetik və qrafik cəhətdən oxşar hesab edilir”.
10. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib edilmiş “Rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının təxirə salınması haqqında qərar”a əsasən, işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə müvafiq sənəd və məlumatların əldə edilməsi zərurəti və haqqında iş qaldırılan fiziki şəxs Cavabdeh işə baxılma iclasında iştirakının təmin edilməsi məqsədilə işə baxılması təxirə salınmışdır.
11. “Qeydiyyatdan keçirilmiş “TRENDYOL”əmtəə nişanlarının “BRENDYOL” işarəsi ilə oxşarlığının müəyyən edilməsi barədə” Maraqlı şəxs tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən qeyd olunur ki; “1. Geyim, ayaqqabı, çantalar və digər aksesuarların satışı məqsədilə istifadə olunan qeydiyyatdan keçirilməmiş “BRENDYOL” işarəsi “DSM GRUP DANIŞMANLIK ILETISIM VESATIS TİCARET A.S.” (TR) hüquqi şəxsə məxsus ƏXBT-nin 03-cü, 14-cü, 18-ci, 24-cü, 25-ci və 35-ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyatdan keçirilmiş “TRENDYOL” əmtəə nişanları ilə fonetik və qrafik cəhətdən oxşar hesab edilir. 2. Qeydiyyata alınmış "TRENDYOL” əmtəə nişanının sahibinin razılığı olmadan həmin nişanının əhatə etdiyi 03-cü, 14-cü, 18-ci, 24-cü, 25-ci və 35-ci sinif əmtəə və xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətləri əhatə edən oxşar “BRENDYOL” işarəsindən ticarətdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir və qeydə alınmış “TRENDYOL” əmtəə nişanına dair hüquqların pozulması sayılır”.
12. “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda, “DSM Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S.”-yə aid “Trendyol” söz işarəsindən istifadəsi “DSM Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S.”-nin əmtəə nişanı hüquqlarını pozduğuna görə Cavabdeh mağazasında hazırkı adı ilə fəaliyyət göstərilməsinin qarşısının alınması və dərhal sadalananalar daxil olmaqla, lakin onlarla məhdudlaşmadan, mağazaların girişlərində, reklam löhvələrində, çap olunmuş materiallarda və fiziki olaraq məhsullarda olan və “DSM Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S.”-nin əmtəə nişanları ilə əhatə edilən bütün mal və xidmətlər ilə əlaqəli müvafiq olaraq “İnstagram” kimi sosial şəbəkələrdə “Trendyol” əmtəə nişanının və ya oxşar hər hansı bir markanın istifadəsinin dayandırılması xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
13. “DSM Grup Danısmanlık İletişim ve Satış Ticaret” A.Ş.” (iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar "Brendyol” söz nişanı və ya onlara qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarından istifadənin cavabdehə qadağan olunması, o cümlədən cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyid İbad Ağa küçəsi ev ** saylı ünvanda yerləşən mağazanın girişindən, reklam lövhələrindən, çap olunmuş materiallardan və fiziki olaraq məhsullardan ona məxsus “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanı və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarının sökülməsi, “İnstagram”, "TikTok” sosial şəbəkədə və “Google Maps”da (Google Xəritələr) cavabdehin mağazasına aid səhifələrdə "Trendyol” və “brendyol” söz nişanları və ya onlara qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarının yığışdırılması, ona vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzində 50 000 (əlli min) manat kompensasiyanın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun əvəzinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi belə əsaslandırılmışdır ki, “DSM Grup Danısmanlık İletışim ve Satıs Tıcaret A.S. şirkəti 2009-cu ildə yaradılıb və kommersiya fəaliyyətini e-ticarətə yönəlmiş bazar yeri kimi həyata keçirən www.trendyol.com hər növ məhsul çeşidinin genişliyi ilə həm istehlakçılar, həm də müvafiq sektor arasında yüksək səviyyədə tanınır. Hazırda iddiaçının TÜRKPATENT və ÜƏMT (Ümumdünya Əqli Mülkiyyət Təşkilatı) qarşısında bir çox ticarət nişanı qeydiyyatı və müraciətləri var. E-ticarət saytı olaraq fəaliyyətini “marketplace” modeli ilə həyata keçirən Trendyol sürətlə böyüyərək Türkiyənin ən böyük onlayn alış-veriş platformalarından birinə çevrilib və Azərbaycanda, Fars körfəzi ölkələrində və Avropa Birliyində fəal şəkildə fəaliyyət göstərir. “Trendyol” geyim, elektronika, ev əşyaları, kosmetika, idman məhsulları və daha bir çox kateqoriyada geniş bir məhsul çeşidini təqdim edir və bütün dünyada tanınan müxtəlif geyim markalarının məhsullarını satır. İddiaçı Türkiyənin ən böyük onlayn alış-veriş platformasıdır və Avropa Birliyində, Fars körfəzi ölkələrində və Azərbaycanda da fəal şəkildə fəaliyyət göstərir - onun Azərbaycandakı müəyyən fəaliyyəti Azərbaycanın aparıcı biznes qrupu olan “Pasha Holding” ilə birgə fəaliyyət haqqında müqaviləyə əsaslanır. İddiaçı geyim, məişət malları, elektronika, kosmetika və s. kimi demək olar ki, hər bir kateqoriyada geniş çeşiddə məhsullar təklif edir. İddiaçı həm də Azərbaycanda da qeydiyyata alınmış və mühafizə olunan "trendyol” Nr. IR-1408341 (cls.14,18,24,25), "trendyol.com” Nr. IR-1392848; "trendyol kolleksiyası” Nr. 1597945 kimi bir çox əmtəə nişanlarının sahibidir. İddiaçı Madrid sistemi vasitəsi ilə qeydiyyata alınmış, Azərbaycan Respublikası ərazisində və dünyanın bir çox başqa ölkələrində qorunan "trendyol” söz işarəsinin və "Trendyol Collection”, "Trendyol.com” və digər əmtəə nişanlarının sahibidir (bundan sonra "İddiaçının Əmtəə Nişanları”). “Trendyol” dominant elementi olan iddiaçının X3 Təsnifatının 14, 18, 24, 25 və 35-ci sinifləri üzrə qorunur. İddiaçının "trendyol” əmtəə nişanı dünya miqyasında (xüsusilə fəaliyyət göstərdiyi ölkələrdə) əhəmiyyətli dərəcədə tanınma səviyyəsinə çatmış və Türkiyə Patent və Əmtəə Nişanları Bürosunda geniş tanınmış əmtəə nişanı kimi qorunmuşdur. Aparılan araşdırma nəticəsində aşkar edilmişdir ki, fərdi sahibkar Cavabdeh özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mağazasındakı adında və fiziki dükanın girişində iddiaçının “Trendyol” əmtəə nişanından istifadə etməyə başlamışdır. İddiaçının “Trendyol" ticarət nişanından istifadə edərək, cavabdeh tərəfdən “İnstagram” profil hesabının istifadə edilməyə başlandığı müəyyən edilmişdir. Hesabın "Story” bölməsindən də görünür ki, 2024-cü il # #### tarixində baş tutmuş dükanın açılış mərasimində aparıcı Zaur Kamal, müğənni Türkan Vəlizadə və sosial şəbəkələrdən məşhurluq qazanan bir sıra şəxslər da iştirak etmişdirlər. Açılışla bağlı paylaşımlar və dükanın açılış tədbirində də iddiaçının “Trendyol" ticarət nişanından istifadəsi bariz şəkildə görünür. İddiaçı tərəfdən cavabdehə pretenziya məktubu ünvanlanandan sonra cavabdeh fiziki dükanın girişində mağazanın adında bir hərif dəyişikliyi edərək, "Brendyol” söz işarəsindən istifadə etməyə başlamışdır. Sözsüz ki, bu, iddiaçıya məxsus "Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar söz işarəsidir. Qeyd etmək vacibdir ki, cavabdehə pretenziya göndərilənə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət verilənə qədər cavabdeh dükanın fiziki girişində "Trendyol” söz işarəsindən qanunsuz şəkildə istifadə edirdi. Bundan əlavə, cavabdeh Cavabdeh müştərilərin cəlb edilməsi üçün "TikTok” sosial şəbəkədə səhifə açmışdır - https://www.tiktok.com/@brendyol_mastaga. Həmçinin cavabdeh Cavabdeh öz mağazasının adını "Google Maps” axtarış sistemində "Trendyol Maştağa” kimi qeydiyyata almaqla öz biznesinin görünməsini daha da artırır. "Trendyol” adı daxil olmaqla, "Trendyol Baku" və/və ya müxtəlif ifadələri axtarışa verdikdə, mağazanın fiziki ünvanı "Google Maps”, "Waze” kimi axtarış sistemlərində də görünür. Belə istifadənin nümunəsi aşağıda verilmişdir: "Google Maps” axtarış sistemindən https://www.google.com/maps/search/trendvol/@40.5437924,49.9083567,12z?entrv=ttu. Bu, açıq şəkildə “Trendyol”un Azərbaycanda fiziki mağaza açdığı təəssüratını yaratmağa çalışır. Aydındır ki, bu cür istifadə orta istehlakçı tərəfindən iddiaçının fiziki mağazalar və filialları açmaq və idarə etmək meyli kimi qəbul edilir. Üstəlik, bu fakt müştərinin bununla bağlı aldığı şikayət və suallarla da təsdiqlənir. Əmtəə nişanları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmtəənin, göstərilən xidmətin və ya sahibkarlıq fəaliyyətinin başqası ilə qarışdırılmasına səbəb olan hərəkətlər qadağandır. Cavabdeh Cavabdeh həm iddiaçının dominant elementi olan “Trendyol” əmtəə nişanından, həm də həmin Əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “brendyol” söz nişanından istifadə etməsi əmtəə nişanının qeydiyyatından və iddiaçının digər əqli mülkiyyət hüquqlarından asılı olan hüquqların pozulmasına səbəb olur. Yuxarıda qeyd edilənlərlə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məsələnin sülh yolu ilə həllini gecikdirməklə məşğuldur. İddiada göstərilmiş işin faktiki hallarını müvafiq normalar üzərindən təhlil edərək görmək mümkündür ki, cavabdeh iddiaçıya məxsus “Trendyol” söz işarəsi və ona qarışdırılacaq qədər oxşar “Brendyol” söz işarəsindən dükanın adında, fiziki girişində, sosial şəbəkələrində və məkan axtarış sistemlərində istifadə etmiş və yararlanmış, bununla da iddiaçının əmtəə nişanı üzərində sahiblik etdiyi hüquqlarını ciddi şəkildə pozmuşdur və ona əhəmiyyətli dərəcədə ziyan vurmuşdur. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 34-cü maddəsinə əsasən, hüquq sahibi vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 1000 (min) manatdan 50 000 (əlli min) manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.
15. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuş, etirazda aşağıdakılar göstərilmişdir: “... İddiaçının iddia tələbini cavabdehə müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsi, vurulmuş ziyanın və çəkilmiş xərclərin əvəzinin ödənilməsi təşkil etmişdir. Qeyd edilir ki, iddiaçının öz iddia ərizəsilə cavabdehə qadağan edilməsini xahiş etdiyi hərəkət və ya hərəkətsizliklər hal-hazırda davam etməməkdədir. Belə ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və dərhal qeyd edilən nöqsanlar aradan qaldırılmışdır. Bununla yanaşı isə, mağazadan həmin lövhələr sökülmüşdür. İddiaçının öz iddia tələbi ilə müəyyən hərəkətlərin qadağan edilməsi və ya müəyyən hərəkətləri cavabdehlərin məcburi icra etməsi üzrə digər tələbləri (əmtəə nişanı materiallarının “TikTok” sosial şəbəkəsində, “Youtube” video hostinqində və “Google Maps”də (Google Xəritələr) yığışdırılması ilə bağlı bildirilir ki, videolar və sosial səhifələr cavabdehə aid deyildir. Belə ki, hazırda mağazada “Brendyol” yazısı və qrafik təsvirdən ibarət nişanından istifadə edilir. Əlavə olaraq qeyd edək ki, tərəfimizdən həmçinin sözügedən əmtəə nişanı üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Ekspertiza Mərkəzinə müraciət edilmişdir və müraciət icradadır. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsasını təşkil edən və hüquqazidd hesab etdiyi hallar hal-hazırda mövcud deyildir və iddia tələbi əsassızdır. Pretenziya qaydası qanunvericiliklə nəzərdə tutulmuş mübahisələrin məhkəməyə qədər nizamlanma vasitəsidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən göndərilmiş pretenziya məktubu üzrə tələblər tam icra edilmiş və mübahisə həll edilmişdir. Bu səbəbdən də iddiaçının hazırda eyni mübahisə üzrə məhkəməyə müraciət etməsi məhkəməyə qədər nizamlanma vasitələrinin hüquqi məqsədlərinə zidd olmuşdur. İddiaçı öz iddia ərizəsi ilə həmçinin ona vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə cavabdehdən 50 000 (əlli min) manat və məhkəməyə müraciət etmək üçün 240 (iki yüz qırx) manat olmaqla ümumilikdə 50 240 (əlli min iki yüz qırx) manat pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Qeyd edilir ki, mülki hüquqi məsuliyyətin yaranması üçün üç şərtin məcmu halında mövcudluğu zəruridir: • törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; • törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; • ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı). Qeyd edilən hər üç meyara əsasən bildiririk ki: iddiaçının tələbləri cavabdeh tərəfindən məhkəmədən kənar qaydada aradan qaldırılmışdır və ümumiyyətlə hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olmamışdır; cavabdeh tərəfindən iddiaçıya hər hansı bir zərər vurulmamış və sonuncu barəsində iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi, normada konkret olaraq vurulmuş ziyanın əvəzinin ödənilməsindən bəhs edilir. Lakin iddiaçı hər hansı formada əmlakından məhrum olması və ya zədələnməsi, bir sözlə real zərərə məruz qalması barədə sübut təqdim etməmiş və zərəri yuxarıda qeyd edilən normaya əsasən formal olaraq qiymətləndirmişdir. Qeyd edilən 2 (iki) meyarın (törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması və törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması) mövcud olmaması isə 3-cü meyarın (ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu) mövcudluğunu istisna edir”.
16. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə təqdim olunmuş mülahizədə aşağıdakılar göstərilmişdir: “... İddia ərizəsində cavabdehdən iddiaçıya vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 50 000 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsi tələb edilir. Bu tələb təsadüfi deyil, bilavasitə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən irəli gəlir. Həmin maddədə aşağıdakılar müəyyən edilmişdir: "Əmtəə nişanından və coğrafi göstəricidən olaraq qismən və ya tamamilə istifadə edən şəxs hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.” Bu müddəadan açıq şəkildə görünür ki, qanunverici hüquq sahibinə iki alternativ müdafiə vasitəsi təqdim edir: 1. Vurulmuş ziyanın və çəkilmiş xərclərin tam həcmdə ödənilməsi, əgər ziyan dəqiq hesablanıb sübut edilə bilirsə; 2. Ziyanın və xərclərin əvəzinə - 1000-50 000 manat arası kompensasiya, əgər ziyanın dəqiq hesablanması mümkün deyilsə və ya praktik olaraq çətindirsə. Əmtəə nişanı qeyri-maddi nemət olduğuna görə, ona dəymiş ziyanın dəqiq pul ifadəsində hesablanması çox vaxt real mümkün olmur. Brend nüfuzu, istehlakçıların çaşdırılması, bazar mövqeyinin zəifləməsi kimi nəticələrin dəqiq maliyyə dəyəri müəyyən edilə bilmədiyi üçün kompensasiya mexanizmi qanunverici tərəfindən məhz bu məqsədlə nəzərdə tutulmuşdur. Bu hüquqi yanaşma təkcə Azərbaycana məxsus deyil. Eyni mexanizm Rusiya Federasiyası Mülki Məcəlləsində (maddələr 1252 və 1515, 1245-ci, 1263, 1326) də mövcuddur. Məcəllə ilə intellektual fəaliyyətin ayrı-ayrı nəticələri və ya fərqləndirmə vasitələri üçün nəzərdə tutulmuş hallarda, müstəsna hüququn pozulması zamanı hüquq sahibi vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi əvəzinə həmin hüququn pozulmasına görə pozuntu törətmiş şəxsdən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir. Kompensasiya, hüquq pozuntusu faktının sübuta yetirilməsi şərti ilə tutulur. Hüquqlarının müdafiəsi üçün müraciət edən hüquq sahibi ona vurulmuş ziyanın məbləğini sübut etməkdən azaddır. Kompensasiyanın məbləği bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda, pozuntunun xarakterindən və işin digər halları nəzərə alınmaqla, ağlabatanlıq və ədalətlilik tələbləri əsasında məhkəmə tərəfindən müəyyən edilir.” Göründüyü kimi, həm Azərbaycan, həm də Rusiya qanunvericiliyində tam identik hüquqi məntiq tətbiq olunur: əgər ziyanın dəqiq hesablanması mümkün deyilsə, hüquq sahibi məhkəmə tərəfindən təyin edilən kompensasiyanı tələb edə bilər. Mövcud iş üzrə isə cavabdehin pozuntu fəaliyyətinin miqyası xüsusilə genişdir: cavabdeh özünü guya Maştağada "rəsmi distribütor”, "rəsmi tərəfdaş” kimi təqdim edir; “Trendyol” və ona qarışdırılacaq dərəcədə oxşar “brendyol” söz nişanı ilə böyük həcmdə (bir il ərzində cavabdeh tərəfindən əhaliyə 1 000 000 manatdan artıq dəyərdə mallar təqdim edilib) malların satışını həyata keçirir (Dövlət Vergi Xidmətindən cavab məktubu); istehlakçılar malların mənşəyi və kommersiya mənbəyi barədə çaşdırılırlar; iddiaçının işgüzar nüfuzu və reputasiyası ciddi zərər görür ona görə ki: (i) İstehlakçılar aldadıla bilər: müştərilər cavabdehin mağazasını “Trendyol”un rəsmi təchizatçısı hesab edir və bu, onları məhsulların mənşəyi barədə açıq şəkildə çaşdırır; (ii) Keyfiyyətsiz xidmət və ya məhsul “Trendyol”a aid edilir: Cavabdehin təqdim etdiyi malların keyfiyyəti, satış sonrası xidmət və qaytarma prosedurları “Trendyol”la heç bir bağlılığı olmadığı halda, istehlakçılar bunu “Trendyol”un xidməti kimi qiymətləndirirlər; (iii) Mənfi rəylər və şikayətlər faktiki olaraq iddiaçıya yönəlir: cavabdehin xidmətində yaranan narazılıqlar və ya öhdəliyin pozulması müştərilər tərəfindən iddiaçının reputasiyasına yazılır və bu şikayətlər sosial şəbəkələrdə, Google Maps-də və digər platformalarda məhz Trendyolun adı ilə əlaqələndirilir; (iv) Elektron ticarət platformasının brend dəyəri aşağı düşür: Trendyol rəqəmsal platformadır və onun əsas dəyəri müştəri etibarı, alıcıların təhlükəsizlik hissi və brendin qlobal tanınmasıdır. Fiziki mağaza tərəfindən nişanın bu cür sui-istifadəsi brendin strukturuna və reputasiyasına birbaşa zərər vurur; (v) Trendyolun biznes modeli pozulur: Trendyol rəsmi satıcı seçimlərini ciddi qaydalar əsasında həyata keçirir. Cavabdehin bu cür qanunsuz istifadəsi rəsmi tərəfdaşlıq modelini devalvasiya edir və digər satıcılara da qanunsuz istifadə üçün presedent yaradır; (vi) İddiaçının işgüzar nüfuzuna etibar zədələnir: istehlakçılar Trendyolun brendindən istifadə edən mağazanı görərkən onun rəsmi tərəfdaş olduğunu düşünür, nəticədə platformanın brend üzərində nəzarəti itirdiyi təəssüratı yaranır ki, bu da iddiaçının bütün bazar reputasiyasına birbaşa zərər vurur. Belə şəraitdə vurulmuş ziyanın dəqiq pul məbləğində hesablanması mümkün deyil, çünki söhbət qeyri-maddi hüquqa - əmtəə nişanının nüfuzuna və reputasiyasına vurulan zərərdən gedir. Bu səbəbdən iddiaçı Qanunun 34-cü maddəsinə uyğun olaraq 50.000 manat kompensasiya tələb edir. Bu məbləğ isə həm pozulmuş hüququn bərpasına xidmət edir, həm də gələcək pozuntuların qarşısının alınması üçün çəkinmə mexanizmi rolunu oynayır. Əks halda, belə hüquq pozuntularının təkrarlanması üçün cavabdeh üçün heç bir real maneə qalmayacaq. İddia tələbində göstərildiyi kimi, cavabdeh tərəfindən "Trendyol” əmtəə nişanının və ona qarışdırılacaq dərəcədə oxşar "Brendyol” söz nişanının istifadəsi tam şəkildə dayandırılmalı və həmin nişanlar bütün daşıyıcı vasitələrdən silinməlidir. Əmtəə nişanı yalnız mağazanın girişində, lövhələrdə və reklam vasitələrində deyil, həm də cavabdeh tərəfindən satılan fiziki məhsulların üzərində istifadə edilir. Bu hal yeni əldə edilən fotoşəkillərdən açıq şəkildə görünür: məhsul müştəriyə təqdim edilərkən "Trendyol” əmtəə nişanı olan qutu və qablaşdırma istifadə olunur. Bu isə əmtəə nişanının açıq və davamlı surətdə yayılması deməkdir. Eyni zamanda başqa qutularda və qablaşdırmalarda "Brendyol” söz nişanından da istifadə edilir. Bundan əlavə, cavabdeh tərəfindən istifadə olunan müxtəlif çap olunmuş materiallarda — qiymət və barkod etiketlərində, alış-veriş paketlərində, reklam xarakterli çap məhsullarında və digər fiziki daşıyıcılarda - "Trendyol” və "Brendyol” nişanlarının istifadəsi mümkündür. Məhz buna görə iddia tələbində "çap olunmuş materiallar” ifadəsini geniş və ümumi formada göstərmişik, çünki pozuntunun hansı daşıyıcılarda baş verdiyi əvvəlcədən tam siyahılaşdırıla bilmir. Bundan əlavə, cavabdeh mağazası sosial şəbəkələrdə də bu nişanlardan istifadə edir: TikTok səhifəsinin linki tərəfinizə təqdim olunur - https://www.tiktok.com/@brendyolmastaga. İnstagram səhifəsinin linki təqdim olunur - https://www.instagram.com/brendyolmastaga. Google Maps (Google Xəritələr) xidmətində mağaza "Trendyol Maştağa” kimi qeyd olunmuşdur - bunun screenshotu da əlavə edilir. Bu səbəbdən iddia tələbində dəqiq olaraq göstərilir ki, cavabdehə məxsus İnstagram, TikTok hesablarında, habelə Google Maps platformasında mağazaya dair səhifələrdə “Trendyol”, “Brendyol” və onlara qarışdırılacaq dərəcədə oxşar digər əmtəə nişanlarının istifadəsi tam şəkildə yığışdırılmalıdır”.
17. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin və mülahizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını, cavabehin nümayəndəsi (vəkili) isə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişlər.
18. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsini məhkəməyə göndərməmişdir.
19. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, “DSM Grup Danısmanlık İletişim ve Satış Ticaret” A.Ş-nin adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “Trendyol” əmtəə nişanından və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanından istifadənin Cavabdeh qadağan olunması, Cavabdeh məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyid İbadağa küçəsi ev 78 sahə ünvanında yerləşən mağazanın girişindən, reklam löhvələrindən, çap olunmuş materiallardan və fiziki olaraq məhsullardan “DSM Grup Danısmanlık İletişim ve Satış Ticaret” A.Ş-yə məxsus “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanının sökülməsi və “İnstagram”, “TikTok” sosial şəbəkələrdə və “Google Maps”-də Cavabdeh mağazasına aid səhifələrdə “Trendyol” əmtəə nişanının və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanının yığışdırılması, “DSM Grup Danısmanlık İletişim ve Satış Ticaret” A.Ş-yə vurulmuş ziyan və çəkdiyi xərclərin əvəzində 7000 (yeddi min) manat kompensasiya məbləğinin Cavabdeh tutularaq “DSM Grup Danısmanlık İletişim ve Satış Ticaret” A.Ş-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,6 manatın (otuz üç manat altmış qəpik) Cavabdeh tutulub “DSM Grup Danısmanlık İletişim ve Satış Ticaret” A.Ş-yə ödənilməsi qət olunmuşdur.
20. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
- İşin hallarından göründüyü kimi, xarici hüquqi şəxs olan iddiaçı kommersiya fəaliyyətini e-ticarətə yönəlmiş bazar yeri kimi həyata keçirən www.trendyol.com hər növ məhsul çeşidinin genişliyi ilə həm istehlakçılar, həm də müvafiq sektor arasında tanınır. İddiaçının bir çox ticarət nişanı qeydiyyatı mövcuddur. E-ticarət saytı olaraq fəaliyyətini həyata keçirən “Trendyol” Türkiyənin ən böyük onlayn alış-veriş platformalarından biridir və Azərbaycanda da fəal şəkildə fəaliyyət göstərir. “Trendyol” geyim, elektronika, ev əşyaları, kosmetika, idman məhsulları və daha bir çox kateqoriyada geniş məhsul çeşidini təqdim edir və bütün dünyada tanınan müxtəlif geyim markalarının məhsullarını satır.
- Müəyyən edilmişdir ki, cavabdeh ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mağazasının adında və dükanın girişində, “İnstagram” profil hesabında və digər şəbəkələrdə iddiaçının “Trendyol” əmtəə nişanından istifadə etmişdir. Həmçinin dükanın açılış mərasimində bir sıra müğənni və aparıcılar da iştirak etmişlər və açılışla bağlı paylaşımlar və dükanın açılış tədbirində də iddiaçının "Trendyol" ticarət nişanından istifadəsi görünür. İddiaçı tərəfdən cavabdehə pretenziya məktubu ünvanlanandan sonra cavabdeh fiziki dükanın girişində mağazanın adında bir hərf dəyişikliyi edərək, “Brendyol” söz işarəsindən istifadə etməyə başlamışdır.
- İşin müəyyən olunmuş hallarından göründüyü kimi, 1241532, 1392848, 1408341, ******* nömrəli beynəlxalq əmtəə nişanları Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən Beynəlxalq əmtəə nişanlarının reyestrində “DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret A.Ş.” (ünvan: Maslak Mahllesi, Büyükdere Caddesi (Spine Plaza) №***, İç kapı № ** Sarıyer, İstanbul (TR) şirkətinin adına qeydiyyata alınmışdır. Əmtəə nişanının mühafizə statusu barədə ##.##.2024-cü il çap tarixli reyestr məlumatlarından müəyyən olunur ki, qeyd edilən beynəlxalq əmtəə nişanları nömrələri “DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret A.Ş.” şirkəti adına “trendyol”, “trendyol collection” və “trendyol.com” əmtəə nişanları kimi qeydiyyata alınmışdır. Həmin hal və cavabdeh Cavabdeh yuxarıda göstərilən ünvanda qeydiyyata alınmış mağazada məhsulların alqı-satqısı ilə məşğul olması işin mübahisəsiz hallarını təşkil etmişdir.
- Məhkəmə qanunvericilik normalarını, işin hallarını, işdə olan sübutları nəzərə alaraq belə nəticəyə gəlir ki, “DSM Grup Danısmanlık İletişim ve Satış Ticaret” A.Ş-nin adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “Trendyol” əmtəə nişanından və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanından istifadə cavabdeh Cavabdeh qadağan edilməli, cavabdeh Cavabdeh məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyid İbadağa küçəsi ev 78 sahə ünvanında yerləşən mağazanın girişindən, reklam löhvələrindən, çap olunmuş materiallardan və fiziki olaraq məhsullardan “DSM Grup Danısmanlık İletişim ve Satış Ticaret” A.Ş-yə məxsus “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanı sökülməli və “İnstagram”, “TikTok” sosial şəbəkələrdə və “Google Maps”də Cavabdeh mağazasına aid səhifələrdə “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanı yığışdırılmalı, qalan hissədə isə iddia (və ya onlara qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarından istifadənin qadağan edilməsi hissəsi qeyri-müəyyən olduğudan) təmin olunmamalıdır. - Belə ki, Maraqlı şəxs tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən Qeydiyyatdan keçirilmiş “TRENDYOL”əmtəə nişanlarının “BRENDYOL” işarəsi ilə oxşarlığının müəyyən edilməsi barədə verilmiş ekspert rəyindən müəyyən olunur ki; 1. Geyim, ayaqqabı, çantalar və digər aksesuarların satışı məqsədilə istifadə olunan qeydiyyatdan keçirilməmiş “BRENDYOL” işarəsi “DSM GRUP DANISMANLIK ILETISIM VESATIS TİCARET A.S.” (TR) hüquqi şəxsə məxsus ƏXBT-nin 03-cü, 14-cü, 18-ci, 24-cü, 25-ci və 35-ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyatdan keçirilmiş “TRENDYOL” əmtəə nişanları ilə fonetik və qrafik cəhətdən oxşar hesab edilir. 2. Qeydiyyata alınmış "TRENDYOL” əmtəə nişanının sahibinin razılığı olmadan həmin nişanının əhatə etdiyi 03-cü, 14-cü, 18-ci, 24-cü, 25-ci və 35-ci sinif əmtəə və xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətləri əhatə edən oxşar “BRENDYOL” işarəsindən ticarətdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir və qeydə alınmış “TRENDYOL” əmtəə nişanına dair hüquqların pozulması sayılır.
- Eləcə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “DSM Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S. şirkətinin nümayəndəsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilir ki, Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən verilən rəyə əsasən əmtəə nişanı kimi istifadə olunan qeydiyyatdan keçirilməmiş “Brendyol” işarəsi “DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret A.Ş” hüquqi şəxsə məxsus ƏXBT-nin 03, 14, 18, 24, 25 və 35-ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyatdan keçirilmiş “Trendyol” əmtəə nişanı ilə fonetik və qrafik cəhətdən oxşar hesab edilir.
- Bundan əlavə, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Cavabdeh məxsus mağazada “brendyol” söz nişanı qeyd edilsə də, digər fotoşəkillərdən müştərilərə təklif edilən məhsulların üz qabığında və məhsulların etiketində “Trendyol Maştağa” qeyd edilmişdir.
- Müəyyən olunmuşdur ki, əmtəə nişanı yalnız mağazanın girişində, lövhələrdə və reklam vasitələrində deyil, həm də cavabdeh tərəfindən satılan fiziki məhsulların üzərində istifadə edilir. Bu hal təqdim edilən fotoşəkillərdən görünür. Məhsul müştəriyə təqdim edilərkən “Trendyol” əmtəə nişanı olan qutu və qablaşdırma istifadə olunur. Bu isə əmtəə nişanının açıq və davamlı surətdə yayılması deməkdir. Eyni zamanda başqa qutularda və qablaşdırmalarda “Brendyol” söz nişanından da istifadə edilir. Bundan əlavə, cavabdeh tərəfindən istifadə olunan müxtəlif çap olunmuş materiallarda da “Trendyol” və “Brendyol” nişanları istifadə olunmuşdur.
- Bundan əlavə, cavabdeh tərəfindən “İnstagram”, “TikTok” sosial şəbəkələrdə və “Google Maps”də onun mağazasına aid səhifələrdə “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanından istifadə olunması təqdim olunmuş sübutlarla öz təsdiqini tapmışdır.
- Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən cavabdehə pretenziya göndərildikdən sonra qeyd edilən əmtəə nişanlarının dəyişdirildiyini və artıq “brendyol” söz nişanından istifadə edildiyini qeyd etsə də, mağazanın adındakı “Trendyol” yazısının “Brendyol” yazısı ilə əvəz edilməsi mağazadakı bütün məhsulların üzərindəki əmtəə nişanlarının eyni formada dəyişdirilməsinini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
- İddia tələbinin digər hissəsini iddiaçıya vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 50 000 (əlli min) manat kompensasiyanın ödənilməsi təşkil edir. İddiaçının bu mövqeyi ilə razılaşmaq olar ki, mövcud iş üzrə cavabdeh özünü Maştağada “rəsmi distribütor”, “rəsmi tərəfdaş” kimi təqdim etmiş, “Trendyol” və ona qarışdırılacaq dərəcədə oxşar “brendyol” söz nişanı ilə böyük həcmdə (bir il ərzində cavabdeh tərəfindən 1 000 000 manatdan artıq dəyərdə mallar təqdim edilib) malların satışını həyata keçirmiş (Dövlət Vergi Xidmətindən alınan cavab məktubu), istehlakçılar malların mənşəyi və kommersiya mənbəyi barədə çaşdırılmış, iddiaçının işgüzar nüfuzu zərər görmüş, elektron ticarət platformasının brend dəyəri aşağı düşmüşdür. İddiaçı haqlı olaraq qeyd edir ki, cavabdeh tərəfindən nişanın sui-istifadəsi brendin strukturuna və reputasiyasına birbaşa zərər vurur, cavabdehin bu cür qanunsuz istifadəsi rəsmi tərəfdaşlıq modelini devalvasiya edir və digər satıcılara da qanunsuz istifadə üçün presedent yaradır, istehlakçılar “Trendyol”un brendindən istifadə edən mağazanı görərkən onun rəsmi tərəfdaş olduğunu düşünür, nəticədə platformanın brend üzərində nəzarəti itirdiyi təəssüratı yaranır ki, bu da iddiaçının bütün bazar reputasiyasına birbaşa zərər vurur. Belə şəraitdə vurulmuş ziyanın dəqiq pul məbləğində hesablanması mümkün deyil, çünki söhbət qeyri-maddi hüquqa - əmtəə nişanının nüfuzuna və reputasiyasına vurulan zərərdən gedir. Bu səbəbdən iddiaçı Qanunun 34-cü maddəsinə uyğun olaraq 50 000 manat kompensasiya tələb etmiş və qeyd etmişdir ki, bu məbləğ həm pozulmuş hüququn bərpasına xidmət edir, həm də gələcək pozuntuların qarşısının alınması üçün çəkinmə mexanizmi rolunu oynayır. Əks halda, belə hüquq pozuntularının təkrarlanması üçün cavabdeh üçün heç bir real maneə qalmayacaq.
- Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də qismən təmin edilməlidir. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 34-cü maddəsinin tələbinə əsasən hüquqi sahibinin “vurulmuş ziyanın və çəkdiyi xərclərin” əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Ona görə iddia tələbi həmin hissədə də qismən təmin edilməli və ağlabatan məbləğ olaraq, eyni zamanda cavabdehin əldə etdiyi gəlirlərin miqyası da nəzərə alınaraq, 7000 (yeddi min) manat kompensasiya məbləği Cavabdeh tutularaq “DSM Grup Danısmanlık İletişim ve Satış Ticaret” A.S-yə ödənilməli, qalan hissədə isə təmin olunmamalıdır. Eyni zamanda nəzərə alınmışdır ki, iddiaçı tərəf pozulmuş hüququnun bərpası üçün müxtəlif orqanlara və məhkəməyə müraciət etmiş, vəkillə müqavilə bağlamış və s. və bütün bunlar üçün təbii ki, xərclər çəkmişdir.
- Eləcə də, iddiaçı məhkəməyə müraciət etmək üçün ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,6 manat (otuz üç manat altmış qəpik) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 1-ci, 25ci, 26-cı, 32-ci, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 26.1-ci maddələrinə istinad etmişdir.
22. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “1-ci instansiya məhkəməsi işi ədalətli və obyektiv araşdırmamış, iş üzrə kobud prosessual pozuntulara yol vermiş, qanun normalarına formal olaraq istinad etmiş və ekspert rəyinə əsaslanmaqla qətnamə çıxarmışdır. Belə ki, oxşar işlə bağlı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qətnamə qəbul edilmiş və mübahisəyə hüquqi qiymət verilmişdir. Apelyasiya instansiya məhkəməsi oxşar situasiya ilə bağlı hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən- “Trendyol əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarından istifadə edilməsinin cavabdeh Babaşov Zeynal İsmayıl oğluna qadağan edilməsi hissəsində-ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddianın “trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar hər hansı əmtəə nişanlarından istifadənin qadağan edilməsi hissəsinə gəldikdə kollegiya qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbinin faktiki əsası kimi cavabdeh tərəfindən “trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar əmtəə nişanından istifadə edilməsinə, yəni cavabdeh tərəfindən yol verilmiş konkret pozuntu halına istinad etməmiş, eləcə də iddia ərizəsində “trendyol’ əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar olduğunu hesab etdiyi hansı konkret əmtəə nişanından istifadənin qadağan edilməsini xahiş etdiyini göstərməmişdir. Göstərilən hallar isə ona dəlalət edir ki, həmin hissədə iddia tələbi konkret bir pozuntu halına deyil, gələcəkdə pozuntunun baş verməsi ehtimalına əsaslanaraq irəli sürülmüş, qeyri-müəyyən bir tələbdir. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı əmtəə nişanının “Trendyol” əmtəə nişanına “qarışdırılacaq dərəcədə oxşarlığ”ının mövcud olub-olmaması hər bir konkret halda müxtəlif meyarlara əsasən yoxlanılmalı və qiymət verilməli olan məsələ olduğundan belə bir yoxlama və qiymətləndirmə aparılmadan ümumi şəkildə qarışdırılacaq dərəcədə oxşar hər hansı əmtəə nişanlarından istifadənin qadağan edilməsi cavabdehin hüquqlarını həddindən artıq məhdudlaşdırmaqla əmtəə nişanına müstəsna hüququn sahibi ilə mülki dövriyyənin digər iştirakçılarının hüquqları arasında ədalətli balansı pozur. Bundan əlavə “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar hər hansı əmtəə nişanlarından istifadənin qadağan edilməsi” barədə birinci instansiya məhkəməsinin qətnamədə əks edilmiş nəticə mücərrəd olduğundan qətnamənin həmin hissədə icrası faktiki olaraq mümkün görünməmişdir. Məhkəmənin digər bir ədalətsiz yanaşması məhz cavabdeh tərəfindən verilən etirazın obyektiv şəkildə qiymətləndirilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və dərhal qeyd edilən nöqsanlar aradan qaldırılmışdır. Bununla yanaşı isə, mağazadan həmin lövhələr sökülmüşdür. Belə ki, hazırda mağazada “Brendyol” yazısı və qrafik təsvirdən ibarət nişanından istifadə edilir. Pretenziya qaydası qanunvericiliklə nəzərdə tutulmuş mübahisələrin məhkəməyə qədər nizamlanma vasitəsidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən göndərilmiş pretenziya məktubu üzrə tələblər tam icra edilmiş və mübahisə həll edilmişdir. Bu səbəbdən də iddiaçının hazırda eyni mübahisə üzrə məhkəməyə müraciət etməsi, hesab edilir ki, məhkəməyə qədər nizamlanma vasitələrinin hüquqi məqsədlərinə zidd olmuşdur və məhkəmə qərəzli mövqe nümayiş edərək bu məsələyə hüquqi qiymət verməmişdir. Həmçinin sosial şəbəkələrdə sözügedən əmtəə nişanı və onunla qarışdırılacaq dərəcədə oxşar əmtəə nişanlarından istifadə edilməsi kimi heç bir əsası olmayan hallar cavabdeh tərəfindən etirazla bildirilsə belə, 1-ci instansiya məhkəməsi tərəfindən yenə də araşdırılmamış, məsələyə düzgün hüquqi qiymət verilməmiş və cavabdehin hüquq və azadlıqlarını kobud şəkildə pozan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Oxşar işlə bağlı Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)-****/**** saylı Qətnaməsinə əsasən məhkəmə bildirmişdir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 34-cü maddəsinin tələbinə əsasən hüquqi sahibinin “vurulmuş ziyanın və çəkdiyi xərclərin” əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, iddiaçı kompensasiya tələb edərkən pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri barədə məhkəməyə sübut təqdim etməlidir. Lakin iddianın kompensasiya tələbinə dair hissəsi yuxarıda göstərilən xüsusatlar baxımından əsaslandırılmamış və məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Ona görə də 1-ci instansiya məhkəməsi tərəfindən qətnamədə 7000 (yeddi min) manat kompensasiya məbləği Cavabdeh tutularaq “DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret” A.Ş-yə ödənilməsi qət edilməsi tamamilə qanunsuz və əsassızdır. Əksinə qeyd etmək lazımdır ki, iddiaçının əsassız iddiası, 1-ci instansiya məhkəməsini birtərəfli mövqeyi, iş üzrə halları tam, hərtərəfli və obyektiv araşdırmaması cavabdehin hüquq və azadlıqlarını kobud şəkildə pozmuş, ona mənəvi və maddi ziyan vurmuşdur. Qeyd etmək lazımdır ki, Cavabdeh tərəfindən “Brendyol Maştağa” əmtəə nişanının qeydiyyata alınması məsələsi ilə bağlı iddia sənədi ilə (##.##.2025-cü il tarixli 2025 ***** saylı “əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında” arayış) Maraqlı şəxs Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinə müraciət edilmişdir və işə sözügedən qurum tərəfindən hələ baxılır və qərar çıxarılmayıb. Belə olan halda Maraqlı şəxs tabeliyində olan Patent və Əmtəə Nişanlaram Ekspertiza Mərkəzi tərəfindənqəbul edilən və ya ediləcək qərarın, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi və hazırki mübahisəyə tətbiq edilən maddi hüquq normalarının dispozisiya şərtlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən bununla bağlı hər hansı qiymətləndirmə aparılmamışdır. Bu isə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir və cavabdehin hüquq və azadlıqlarını kobud şəkildə pozulmuşdur. 1-ci instansiya məhkəməsi şifahi mülahizələr və əsassız “sübutlara” istinad edərək qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, 1-ci instansiya məhkəməsinin qətnamədə istifadə etdiyi “Müəyyən olunmuşdur ki, əmtəə nişanı yalnız mağazanın girişində, lövhələrdə və reklam vasitələrində deyil, həm də cavabdeh tərəfindən satılan fiziki məhsulların üzərində istifadə edilir. Bu hal təqdim edilən fotoşəkillərdən görünür. Məhsul müştəriyə təqdim edilərkən ‘TrendyoF’ əmtəə nişanı olan qutu və qablaşdırma istifadə olunur. Bu isə əmtəə nişanının açıq və davamlı surətdə yayılması deməkdir. Eyni zamanda başqa qutularda və qablaşdırmalarda “BrendyoF’ söz nişanından da istifadə edilir. Bundan əlavə, cavabdeh tərəfindən istifadə olunan müxtəlif çap olunmuş materiallarda da “Trendyol” və “BrendyoF’ nişanları istifadə olunmuşdur” kimi boş söz yığınından ibarət ifadələr tamamilə əsassız və qanunsuzdur. Belə ki, qətnamə məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi sözügedən “sübutlara” obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmadan və hüquqi qiymət verilmədən qəbul edilmişdir. Halbuki bu “sübutlar” heç də həqiqəti əks etdirmir və tamamilə iddiaçının özünü haqlı göstərmək üçün əl atdığı uydurmalardan ibarətdir. Məhkəmə ekspert rəyinə məcburi əhəmiyyətə malik olan sübut kimi yanaşmış, iş üzrə ziddiyyətli və qeyri-müəyyən halların aradan qaldırılması üçün zəruri olan araşdırmanın aparılmasını təmin etməmişdir. Nəticədə, əsassız və qanunsuz qətnaməqəbul etmişdir. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, *- *(***)-*/**** saylı Qərara əsasən Məhkəmə Kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi əmtəə nişanlarına və coğrafi göstəricilərə hüquqlar sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən publk hüquqi şəxs - Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyini nə üçün sübutkimi qəbul etməməsinin səbəblərini göstərmədən, yalnız ekspert rəyi əsasında nəticəyə gəlməklə, sübutların qiymətləndirilməsinə dair prosessual qanunun heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair tələbini pozmuşdur. Məhkəmə mübahisəli məsələ ilə bağlı qətnamə çıxaran zaman mövcud real vəziyyəti nəzərə almamış, faktiti halları gözardı etmiş və mübahisəyə birtərəfli yanaşmışdır. Həmçinin cavabdeh əmtəə nişanının qeydiyyata alınmas məsələsi ilə bağlı iddia sənədi ilə Maraqlı şəxs tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinə müraciət etmişdir və hazırda işə sözügedən orqan tərəfindən baxılır və hələ qərar qəbul edilməmişdir. Belə olan halda Maraqlı şəxs tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzi tərəfindənqəbul edilən və ya ediləcək qərarın, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi və hazırki mübahisəyə tətbiq edilən maddi hüquq normalarının dispozisiya şərtlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olmasına baxmayaraq, apelyasiya instansiyası məhkəməsi tərəfindən bununla bağlı hər hansı qiymətləndirmə aparılmamışdır. Bu da onu göstərir ki, bu məsələ məhkəmə tərəfindən nəzərə alınmadan işə biganə yanaşaraq, sadəcə şifahi mülahizələr əsasında və qanun normalarına formal olaraq istinad edərək əsassız və qanunsuz qətnamə çıxarmışdır”.
Apellyasiya şikayətinə qarşı etiraz
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
24. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
26. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun
28. Maddə 1. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır: əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).
29. Maddə 25. Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.
30. Maddə 26. Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir.
31. Maddə 32. Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
32. Maddə 34. Əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.
“Beynəlxalq xüsusi hüquq haqqında” Qanun
33. Maddə 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
34. Maddə 26.1. Ziyan vurma nəticəsində əmələ gələn öhdəliklər üzrə tərəflərin hüquq və vəzifələri ziyanı ödəmək haqqında tələbin irəli sürülməsi üçün əsas olan hərəkətin və ya digər vəziyyətin baş verdiyi ölkənin hüququ ilə müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Maddə 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
43. Maddə 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda.
44. Maddə 450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.
Apellyasiya baxışının həddi
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
59. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
Məhkəmə kollegiyasının mövqeyi
60. Mübahisənin mahiyyətinə qiymət verməmişdən əvvəl, məhkəmə kollegiyası öz xidməti vəzifəsindən irəli gələrək (ex officio) hazırkı mübahisə üzrə beynəlxalq səlahiyyəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
61. Belə ki, mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə qeydiyyata alınmış hüquqi şəxsdir) məhkəmə tərəfindən ilk növbədə özünün həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması, eləcə də tətbiq olunmalı hüquq müəyyən edilməlidir.
62. Prosessual qanunvericiliyin mənasına görə, Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmağa səlahiyyətlidir (§ 43).
63. İşin hallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən Azərbaycan qanunvericiliyinə istinad etmiş, cavabdeh də mübahisəyə Azərbaycan hüququnun tətbiq olunmasına etiraz etməmişdir; həm bu xüsusatı, həm də mübahisənin Azərbaycan Respublikasında törədildiyi iddia olunan hərəkətlər nəticəsində yarandığını və iddiaçıya ziyanın məhz Azərbaycan Respublikasında dəydiyinin iddia olunduğunu nəzərə alan kollegiya hesab edir ki, mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunmalıdır (§ 34).
64. Kollegiya mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
65. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
66. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
67. İşin mübahisəsiz halı ondan ibarətdir ki, 1241532, 1392848, 1408341, ******* nömrəli beynəlxalq əmtəə nişanları Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən Beynəlxalq əmtəə nişanlarının reyestrində “trendyol”, “trendyol collection” və “trendyol.com” əmtəə nişanları kimi “DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret A.Ş.” şirkətinin adına qeydiyyata alınmışdır.
68. İşin müəyyən olunan halına görə cavabdeh, özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mağazanın adında və dükanın girişində, “İnstagram” profil hesabında və digər şəbəkələrdə iddiaçının “Trendyol” əmtəə nişanından istifadə etmiş, mağazanın açılış mərasimində iştirak edən müğənnilər və aparıcılar açılışla bağlı paylaşımlarını “Trendyol" ticarət nişanından istifadə etməklə həyata keçirmiş, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ünvanlandıqdan sonra cavabdeh mağazanın adında hərf dəyişikliyi edərək, “Brendyol” söz işarəsindən istifadə etməyə başlamışdır.
69. İşin materiallarına əlavə olunmuş fotoşəkillərdən aydın olur ki, iddiaçıya məxsus əmtəə nişanı yalnız mağazanın girişində, lövhələrdə və reklam vasitələrində deyil, həm də cavabdeh tərəfindən satılan fiziki məhsulların üzərində istifadə edilir, məhsul müştəriyə təqdim edilərkən “Trendyol” əmtəə nişanı olan qutu və qablaşdırma istifadə olunur – hansı ki, bu hal əmtəə nişanının açıq və davamlı surətdə yayılması deməkdir.
70. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh tərəfindən “İnstagram”, “TikTok” sosial şəbəkələrdə və “Google Maps”da onun mağazasına aid səhifələrdə “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanından istifadə edilmişdir.
71. Apellyasiya şikayətində cavabdehə pretenziya göndərildikdən sonra pozuntunun aradan qaldırıldığı və artıq “brendyol” söz nişanından istifadə olunduğu qeyd edilsə də, kollegiya hesab edir ki, mağazanın adındakı “Trendyol” yazısının “Brendyol” yazısı ilə əvəz edilməsi pozuntunun aradan qaldırılması kimi qiymətləndirilə bilməz.
72. Xüsusilə nəzərə alınmalıdır ki, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən verilən rəydə də “Geyim, ayaqqabı, çantalar və digər aksesuarların satışı məqsədilə istifadə olunan qeydiyyatdan keçirilməmiş “BRENDYOL” işarəsinin “TRENDYOL” əmtəə nişanları ilə fonetik və qrafik cəhətdən oxşar hesab edildiyi, qeydiyyata alınmış "TRENDYOL” əmtəə nişanının sahibinin razılığı olmadan həmin nişanın əhatə etdiyi 03-cü, 14-cü, 18-ci, 24-cü, 25-ci və 35-ci sinif əmtəə və xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətləri əhatə edən oxşar “BRENDYOL” işarəsindən ticarətdə istifadə olunmasının qarışdırma ehtimalı yaratdığı və qeydə alınmış “TRENDYOL” əmtəə nişanına dair hüquqların pozulduğu” vurğulanmışdır.
73. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “DSM Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S. şirkətinin nümayəndəsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda da qeyd olunmuşdur ki, qeydiyyatdan keçirilməmiş “Brendyol” işarəsi “DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret A.Ş” hüquqi şəxsə məxsus ƏXBT-nin 03, 14, 18, 24, 25 və 35-ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyatdan keçirilmiş “Trendyol” əmtəə nişanı ilə fonetik və qrafik cəhətdən oxşar hesab edilir.
74. Kollegiya məhkəmənin o mövqeyi ilə də razılaşır ki, cavabdeh “Trendyol” və ona qarışdırılacaq dərəcədə oxşar “brendyol” söz nişanından istifadə və özünü Maştağada “rəsmi distribütor”, “rəsmi tərəfdaş” kimi təqdim etməklə böyük həcmdə (Dövlət Vergi Xidmətinin məktubuna görə bir il ərzində cavabdeh tərəfindən 1 000 000 manatdan artıq dəyərdə mallar təqdim edilib) malların satışını həyata keçirmiş, istehlakçılar malların mənşəyi və kommersiya mənbəyi barədə çaşdırılmış, iddiaçının işgüzar nüfuzu zərər görmüş, elektron ticarət platformasının brend dəyəri aşağı düşmüşdür.
75. Şübhəsizdir ki, cavabdeh tərəfindən nişanın sui-istifadəsi brendin strukturuna və reputasiyasına birbaşa zərər vurur, cavabdehin bu cür qanunsuz istifadəsi rəsmi tərəfdaşlıq modelini devalvasiya edir və digər satıcılara da qanunsuz istifadə üçün presedent yaradır, istehlakçılar “Trendyol”un brendindən istifadə edən mağazanı görərkən onun rəsmi tərəfdaş olduğunu düşünür, nəticədə platformanın brend üzərində nəzarəti itirdiyi təəssüratı yaranır ki, bu da iddiaçının bütün bazar reputasiyasına birbaşa zərər vurur.
76. Belə şəraitdə vurulmuş ziyanın dəqiq pul məbləğində hesablanması mümkün deyil, çünki söhbət qeyri-maddi hüquqa - əmtəə nişanının nüfuzuna və reputasiyasına vurulan zərərdən gedir.
77. Bu səbəblə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya ödənilməli olan kompensasiyanı 7000 manat məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur. Kollegiyanın qənaətinə görə, bu məbləğ həm pozulmuş hüququn bərpasına xidmət edir, həm də gələcək pozuntuların qarşısının alınması üçün çəkinmə mexanizmi rolunu oynayır. Əks halda, belə hüquq pozuntularının təkrarlanması üçün cavabdeh üçün heç bir real maneə qalmayacaq.
45. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
46. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov