Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-141/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “İddiaçı”-in Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: xarici şəxs, məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq edilən hüquq, alqı-satqı müqaviləsi, müqavilənin etibarlılığı, uydurma əqd, maliyyə sanksiyasının tətbiqi üçün əsaslar, qətnamənin düzgün əsaslandırılmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə “İddiaçı”-in Cavabdehnə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 05 dekabr 2026-cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İtaliya Biznes Reyestrindən çıxarışa əsasən “İddiaçı”-in təşkilati hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olmaqla xx.xx.2013-cü il tarixdə təsis edilmişdir, fəaliyyətə başlama tarixi xx.xx.2013-cü ildir, fəaliyyəti hazırda aktivdir.
2. “İddiaçı” (alıcı) ilə Cavabdeh (satıcı) arasında xx.xx.2024-cü il tarixdə AZF/0324 nömrəli “Şinlərdən alınan Piroliz Yağı üçün alqı-satqı müqaviləsi” bağlanmış, müqaviləyə əsasən satıcı, şin proliz yağını alıcının mülkiyyətinə verməyi, alıcı isə məhsulları qəbul edərək dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
3. Müqavilənin 3-cü bəndinə görə, satılan və alınan məhsulun ümumi müqavilə miqdarı satıcının seçiminə görə üstəgəl/mənfi (5%) beş faiz fərqi ilə minumum yüz ton (100.00 ton) miqdarındadır. Bu müəyyən edilmiş miqdar bir aylıq tədarükə ekvivalentdir və bu, 4 ay müddətinə dəyişdirilməklə və uzadılması ilə ardıcıl dörd (04) təqvim ayına qədər təkrarlanmalıdır. Satıcı və alıcı bununla yuxarıda göstərilən miqdarları hissə-hissə çatdırmağa və qəbul etməyə razılaşır. Ayda əlli üç tam iyirmi beş metrlik ton (25 ton) olan müqavilə miqdarı hər ay çatdırılmalıdır.
4. Müqavilənin 5-ci bəndinə əsasən, müqavilə tarixindən sonra satıcı alıcıya 4 (dörd) aylıq tədarükə və 100 ton məhsula ekvivalent olan 40 000/qırx min avro (avans ödəniş) məbləğində mallara görə avans ödənişi üçün faktura təqdim edə bilər və alıcı qeyd olunan fakturanı aldıqdan sonra 7 (yeddi) iş günü ərzində ödəyəcəkdir.
5. Müqavilənin 6-cı bəndinə görə, ilk çatdırılma alıcı tərəfindən avans ödənildiyindən sonra 2025-ci ilin ikinci rübü ərzində həyata keçirilir.
6. “İddiaçı” (alıcı) ilə Cavabdeh (satıcı) arasında xx.xx.2025-ci il tarixdə AZF/0125 nömrəli “Şinlərdən alınan Piroliz Yağı üçün alqı-satqı müqaviləsi” bağlanmış, müqaviləyə əsasən satıcı, şin proliz yağını alıcının mülkiyyətinə verməyi, alıcı isə məhsulları qəbul edərək dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
7. Müqavilənin 3-cü bəndinə görə, satılan və alınan məhsulun ümumi müqavilə miqdarı satıcının seçiminə görə üstəgəl/mənfi (5%) beş faiz fərqi ilə minumum iyirmi beş ton (25.00 ton) miqdarındadır. Bu müəyyən edilmiş miqdar bir aylıq tədarükə ekvivalentdir və bu, 4 ay müddətinə dəyişdirilməklə və uzadılması ilə ardıcıl dörd (04) təqvim ayına qədər təkrarlanmalıdır. Satıcı və alıcı bununla yuxarıda göstərilən miqdarları hissə-hissə çatdırmağa və qəbul etməyə razılaşır. Ayda iyirmi beş metrlik ton (25 ton) olan müqavilə miqdarı hər ay çatdırılmalıdır.
8. Müqavilənin 5-ci bəndinə əsasən, müqavilə tarixindən sonra satıcı alıcıya 1 (bir) aylıq tədarükə və 25 ton məhsula ekvivalent olan 10 000.00/on min avro (avans ödəniş) məbləğində mallara görə avans ödənişi üçün faktura təqdim edə bilər və alıcı qeyd olunan fakturanı aldıqdan sonra 7 (yeddi) iş günü ərzində ödəyəcəkdir.
9. Müqavilənin 6-cı bəndinə görə, ilk çatdırılma alıcı tərəfindən avans ödənildiyindən sonra 2025-ci ilin ikinci rübü ərzində həyata keçirilir.
10. “İddiaçı” (alıcı) ilə Cavabdeh (satıcı) arasında xx.xx.2025-ci il tarixdə AZF/0225 nömrəli “Şinlərdən alınan Piroliz Yağı üçün alqı-satqı müqaviləsi” bağlanmış, müqaviləyə əsasən satıcı, şin proliz yağını alıcının mülkiyyətinə verməyi, alıcı isə məhsulları qəbul edərək dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
11. Müqavilənin 3-cü bəndinə görə, satılan və alınan məhsulun ümumi müqavilə miqdarı satıcının seçiminə görə üstəgəl/mənfi (5%) beş faiz fərqi ilə minumum əlli ton (50.00 ton) miqdarındadır. Bu müəyyən edilmiş miqdar bir aylıq tədarükə ekvivalentdir və bu, 4 ay müddətinə dəyişdirilməklə və uzadılması ilə ardıcıl dörd (04) təqvim ayına qədər təkrarlanmalıdır. Satıcı və alıcı bununla yuxarıda göstərilən miqdarları hissə-hissə çatdırmağa və qəbul etməyə razılaşır. Ayda əlli metrlik ton (50 ton) olan müqavilə miqdarı hər ay çatdırılmalıdır.
12. Müqavilənin 5-ci bəndinə əsasən, müqavilə tarixindən sonra satıcı alıcıya 1 (bir) aylıq tədarükə və 50 ton məhsula ekvivalent olan 20 000/iyirmi min avro (avans ödəniş) məbləğində mallara görə avans ödənişi üçün faktura təqdim edə bilər və alıcı qeyd olunan fakturanı aldıqdan sonra 7 (yeddi) iş günü ərzində ödəyəcəkdir.
13. Müqavilənin 6-cı bəndinə görə, ilk çatdırılma alıcı tərəfindən avans ödənildiyindən sonra 2025-ci ilin üçüncü rübü ərzində həyata keçirilir.
14. Hər 3 (üç) müqavilənin 10-cu bəndlərinə əsasən, müqavilələr yalnız Birləşmiş Krallığın qanunlarına uyğun olaraq şərh edilməlidir.
15. Müqavilələrdə ödənişlərin cavabdehin Azərbaycan Respublikasında olan bank hesablarına edilməsi, malların cavabdehin Bakı şəhərində olan zavodundan çatdırılması şərtləşdirilmişdir.
16. Qeyd olunan müqavilələr üzrə alıcı tərəfindən xx.xx.2024-cü il tarixdə 40 000 avro, xx.xx.2025-ci il tarixdə 10 000 Avro, xx.xx.2025-ci il tarixdə 20 000 Avro olmaqla ümumilikdə 70 000 avro satıcının bank hesabına köçürülmüşdür.
17. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli arayışında göstərilmişdir ki, sözügedən müqavilələr üzrə satıcı tərəfindən alıcıya hər hansı məhsul təhvil verilməmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
18. “İddiaçı” (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, müqavilə əsasında razılaşdırılan 70 000 EURO-nun (yetmiş min avro), bu məbləği əsassız mülkiyyətində saxlamaqla əsassız varlanmasına görə 10 000 EURO (on min avro) məbləğində cərimənin və məhkəmə xərclərinin ödənilməsi üçün 10 000 EURO (on min avro) məbləğinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə bağladığı xx.xx.2024-cü il tarixli AZF/0324 nömrəli, xx.xx.2025-ci il tarixli AZF/0125 nömrəli və xx.xx.2025 tarixli AZF/0225 nömrəli “Şin piroliz yağının alqı-satqı müqavilələri” çərçivəsində cavabdeh, onu (iddiaçını) şin piroliz yağı ilə təmin etməyi, o isə cavabdehə müqavilə ilə razılaşdırılmış məbləğdə və qaydada ödənişləri həyata keçirməyi öhdələrinə götürmüşlər. Müqavilələrə uyğun olaraq iddiaçı 70,000 EUR (yetmiş min avro) məbləğində avans ödəmiş, cavabdeh bu avans məbləği qarşılığında AS 1-ə əsasən dörd ay ərzində, AS 2 və AS 3-ə əsasən isə bir ay ərzində malları təmin etməli olmuş, lakin mallar bu günə kimi təmin edilməmişdir.
20. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş, etirazında aşağıdakıları göstərmişdir: “...İddiaçı iddia ərizəsində özünün iddia tələbini onunla əsaslandırır ki, iddiaçı və cavabdeh arasında: i) xx.xx.2024-cü il tarixində imzalanmış AZF/0324 nömrəli (bundan sonra “AS 1”); ii) xx.xx.2025-ci il tarixli AZF/0125 nömrəli (bundan sonra “AS 2”); və iii) xx.xx.2025 tarixli AZF/0225 nömrəli (bundan sonra “AS 3”) şin piroliz yağının alqı-satqı müqavilələri (bundan sonra ümumilikdə “Müqavilələr”) çərçivəsində cavabdeh, iddiaçını şin piroliz yağı (bundan sonra “Mallar”) ilə təmin etməyi, iddiaçı isə cavabdehə müqavilə ilə razılaşdırılmış məbləğdə və qaydada ödənişləri həyata keçirməyi qəbul etmişdir. Müqavilələrə uyğun olaraq iddiaçı, 70,000 EUR (yetmiş min avro) məbləğində avans ödəmişdir. Cavabdeh bu avans məbləği qarşılığında AS 1-ə əsasən, 4 (dörd) ay ərzində, AS 2 və AS 3-ə əsasən isə, bir ay ərzində malların təqdim edilməsini təmin etməli idi. Lakin mallar bugünə kimi cavabdeh tərəfindən təmin edilməyib. İddiaçının təqdim etdiyi iddia saxta faktlara əsaslanır. Onun əsaslandığı müqavilələrin hamısı simulyasiya edilir. Bu müqavilələr Brioil şirkətinin səhmlərinin 99%-nin X4nin təmsil etdiyi Adamant qrupuna satışı üzrə danışıqlar çərçivəsində yaranıb. Bu cür danışıqlar 2023-cü ilə aiddir və 2025-ci ilin aprelində yenidən Adamant tərəfindən qəfil dayandırılmışdır. Müqavilələrin simulyasiya edildiyini sübut edən əsaslı sübutlar var. Məsələn: A) Reallıqda iddiaçı “İddiaçı.” şirkəti bu uydurma alışların faktiki xərclərini öz üzərinə götürməyib; B) Bu cür uydurma alışların xərclərini Brioil-un 99%-lik səhmdarı, yəni Brio Group öz üzərinə götürmüşdür, çünki mallar üçün hər bir uydurma ödənişlə Brioil səhmlərinin razılaşdırılmış alış qiyməti ekvivalent məbləğdə azaldılırdı. Bu razılaşma e-poçt vasitəsilə yazılı yazışmalarda təsdiq edilmişdir; C) X4 (bütün Adamant şirkətlərinin direktoru və müqavilələri imzalayan şəxs) Brioil zavodunun həm tikintisinin tamamlanmaması, həm də lazımi icazələrin olmaması səbəbindən fəaliyyət göstərmədiyini əvvəlcədən bilirdi. Beləliklə də, hər iki tərəfə malların çatdırılma tarixlərinin real olmadığı aydın görünür; D) Cənab Marchetti, cavabdeh “İddiaçı.” şirkətinin adından, hazırda qüvvədə olan üç müqaviləni imzalamışdır - 4 dekabr 2024-cü il tarixli; 17 yanvar 2025-ci il; və 3 fevral 2025-ci il - və müvafiq ödənişləri həyata keçirdi (13 dekabr 2024-cü il = 40.000 avro; 21 yanvar 2025-ci il = 10.000 avro; 5 fevral 2025-ci il = 20.000 avro). Buna görə də, 20 iyul 2024-cü il tarixinə cavabdeh Brioil artıq ilk tədarük üçün defolt idi və 20 oktyabr 2024-cü ildə bütün müqavilə üzrə defolt idi. Bəs niyə cənab Marchetti etiraz bildirişi göndərmədi və bunun əvəzinə - 20 oktyabr 2024-cü il tarixindən sonra - bu dəfə “İddiaçı.” olaraq 4 dekabr 2024-cü ildə üç yeni müqavilə imzaladı?; 17 yanvar 2025-ci il; və 3 fevral 2025-ci il, Brioil-in defolt olduğunu bilə-bilə? Üstəlik, hətta Adamant Europe B.V. (Hollandiya) kimi, ilk çatdırılmadan (20 iyul 2024-cü il) sonra, cənab Marchetti daha böyük məbləğə (335 MT - Qiymət: €401 avro) daha bir müqavilə imzaladı - 12 sentyabr 2024-cü il tarixli AZF/0224 saylı Müqavilə. Bu müqavilənin də müddəti dörd ay idi və ilk göndərmə əvvəlcədən ödəmədən sonra 30 gün ərzində baş verəcəkdi. İlkin ödənişlər 13 sentyabr 2024-cü il (100.000 avro) və 19 sentyabr 2024-cü il (34.000 avro) tarixlərində həyata keçirilib. Beləliklə, 19 oktyabr 2024-cü il tarixinə qədər ilk çatdırılma artıq (görünən) yerinə yetirilməmişdir. Bununla belə, cənab Marchetti tərəflər arasında həqiqi razılaşmaların fərqli xarakter daşıdığını tam bildiyi üçün heç bir narahatlıq yaratmadı. E) Yuxarıda göstərilənlərdən asılı olmayaraq, iddiaçının adından müqavilələrin təqlid edildiyini və yalnız maliyyə əməliyyatlarına haqq qazandırmaq üçün xidmət etdiyini etiraf edən yazılı sübut və cənab Marchetti tərəfindən açıq-aydın etiraf mövcuddur. Məsələn, "6 dekabr 2024-cü il, Cümə, 11:13:26” tarixli e-poçta baxanda, burada açıq şəkildə deyilir: "Biz Bakıdakı piroliz zavodu ilə bağlı cari xərcləri ödəmək üçün 40 000 avro məbləğində avans verməyə hazır olduğumuzu təsdiq edirik. 3 Bununla belə, vurğulamaq istərdik ki, bu məbləğ razılaşdırıldığı kimi Brioil MMC-nin Brio Group SCCRL-dən ümumi alış qiymətindən çıxılacaq”. Eynilə, "30 Yanvar 2025-ci il, 17:56:39” e-poçtunda deyilir: "Axşamınız xeyir Vito, Məndən cari xərclər üçün əlavə 20.000 avro avans tələb etdilər. Zəhmət olmasa təsdiqləyin ki, aşağıdakı kimi davam edim. Hörmətlə, Rikkardo.” Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinin tələblərini nəzərə alaraq, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edirik”.
21. Cavabdehin nümayəndəsi sonradan etirazına aşağıdakı məzmunda əlavə təqdim etmişdir: “...İddiaçının əsaslandığı müqavilələrin hamısı simulyasiya edilir və uydurma əqd kimi qiymətləndirilir. İddia ərizəsinin məzmununa diqqət etsək, tərəflər arasında mövcud olan münasibətlər tam şəkildə aydınlaşdırılmamışdır. Belə ki, iş materiallarında mövcud olan xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsində qeyd edilmişdir ki, ayda əlli üç tam iyirmi beş metrlik ton (25 ton) olan miqdarı hər ay çatdırılmalıdır. Həmin müqavilə imzalandıqdan sonra tərəflər arasında hər hansı malların çatdırılması və ixracı ilə bağlı akt imzalanmamışdır. Lakin iddiaçı daha sonra 2 yeni müqavilə hazırlayaraq eyni məzmunla müqavilələri təsdiq etmişdir. Qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, əslində iddiaçının niyyəti və məqsədi malların alınması ilə bağlı deyildir və bu halları bilirdi. İddiaçı malların ixrac olunmadığını bildiyi halda eyni predmetlə bağlı yeni müqavilə imzalayır. Qanunvericiliyə diqqət etsək, həmin müqavilələr yalnız görünüş üçün bağlanılan uydurma əqd olaraq qiymətləndirə bilərik. Həmçinin iş materiallarındakı xərclərə diqqət etsək, kəmiyyət və keyfiyyətlə bağlı əlavələrdə qeydlərin olması və mövcud xərclərin 50/50 olaraq qiymətləndirilməsi əks olunmuşdur. Lakin iş üzrə proseslərdə və iddia ərizəsində həmin hallar lazımi qədər aydınlaşdırılmayıb, mötəbər subutlar məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq iddia ərizəsində əsassız varlanmaya görə 10 min avro məbləğində və məhkəmə xərcləri ilə bağlı 10 min avro pul tələbi edilsə də, iddia ərizəsinə həmin halların əsaslanacağı faltiki sübutlar əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Qeyd etdiyimiz halları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirik”.
22. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddiaya etirazın məzmununa uyğun izahatlar verərək iddianın əsassız olduğunu bildirmişdir.
23. Birinci instansiya məhkəməsinin 05 dekabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndən 70 000 avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), 428,72 manat dövlət rüsumunun və 619 manat digər məhkəmə xərcinun tutularaq “İddiaçı”-ə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 117,28 manat dövlət rüsumunun və digər məhkəmə xərclərinin “İddiaçı”-nin özünə aid edilməsi qət olunmuşdur.
24. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə qeydiyyata alınmış xarici ölkənin hüquqi şəxsidir) məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikası məhkəmələrinin hazırkı mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 443.0.1-ci maddəsinə əsasən iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmin işlərə baxmağa haqlıdır. Hazırkı mübahisə tərəflər arasında bağlanmış alqı- satqı müqavilələrindən irəli gəlir, cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən qeydiyyatdan keçmiş, hüquqi ünvanı Azərbaycan Respublikasında olan hüquqi şəxsdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmaqda haqlıdırlar. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilələrin 10-cu bəndinə əsasən müqavilələr yalnız Birləşmiş Krallığın qanunlarına uyğun olaraq şərh edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı kommersiya mübahisəsinə Böyük Britaniya və X2 Krallığının mülki qanunvericiliyi tətbiq edilməlidir. İddia iki hissədən ibarətdir: 1. Ödənilmiş avansın geri qaytarılması; 2. Zərərin ödənilməsi. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir. Belə ki, “Malların satışı haqqında” 1979-cu il tarixli X3 birinci hissəsinin qanunun tətbiq olunduğu müqavilələr müddəasından görünür ki, bu qanun 1 yanvar 1894-cü ildə və ya bu tarixdə sonra bağlanmış malların alqı-satqısı müqavilələrinə aiddir, lakin ondan əvvəl bağlanmış müqavilələrə şamil edilmir. Həmin qanunun alqı-satqı müqaviləsinə dair 2-ci maddəsinin 1-ci bəndindən görünür ki, malların alqı-satqısı haqqında müqavilə satıcının malın əmlakını qiymət adlanan pul mükafatı qarşılığında alıcıya təhvil verdiyi və ya verməyə razı olduğu müqavilədir. Həmin qanunun 4-cü maddəsinin 1-ci bəndindən görünür ki, bu və digər hansı bir qanuna əsasən, alqı-satqı müqaviləsi yazılı şəkildə (möhürlə və ya olmadan), şifahi və ya qismən yazılı və qismən şifahi şəkildə bağlana bilər və ya tərəflərin davranışında nəzərdə tutula bilər. Həmin qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən alqı-satqı müqaviləsinin predmeti olan mallar ya satıcıya məxsus mövcud mallar, ya da bu qanunda gələcək mallar adlanan alqı-satqı müqaviləsi bağlandıqdan sonra istehsal ediləcək və ya alınacaq mallar ola bilər. Həmin qanunun 5ci maddəsinin 3-cü bəndinə əsasən alqı-satqı müqaviləsinə əsasən satıcı gələcək malların cari satışını həyata keçirmək niyyətindədirsə, belə bir müqavilə malların satışına dair müqavilə kimi çıxış edir. Həmin qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən alqı-satqı müqaviləsindəki qiymət müqavilədə qeyd edilə bilər və ya müqavilədə razılaşdırılmış qaydada dəyişməz qala bilər və ya tərəflər arasındakı işgüzar münasibətlər zamanı müəyyən edilə bilər. Həmin qanunun 27-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq malı təhvil vermək satıcının, alıcının isə onları qəbul edib haqqını ödəmək vəzifəsidir. Həmin qanunun 29-cu maddısinin 3-cü bəndinə əsasən əgər alqı-satqı müqaviləsinə əsasən satıcı malı alıcıya göndərməklə bağlı öhdəlik daşıyırsa, lakin onların göndərilməsi üçün vaxt müəyyən edilməmişdirsə, satıcı onları ağlabatan müddət ərzində göndərməklə bağlı öhdəlik daşıyır. Həmin qanunun 51-ci maddəsinin 1-ci bəndinə əsasən satıcı malı alıcıya çatdırmaqla bağlı əsassız olaraq səhlənkar davranarsa və ya ondan imtina edərsə, alıcı təhvil verilməməsinə görə zərərin ödənilməsi üçün satıcıya qarşı iddia qaldıra bilər. Həmin qanunun 51-ci maddəsinin 2-ci bəndinə əsasən zərərin ölçüsü, satıcının müqaviləni pozması nəticəsində hadisələrin adi gedişində birbaşa və təbii olaraq nəticələnən təxmin edilən itkidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə alıcı olan iddiaçı tərəfindən satıcıya (cavabdeh) ümumilikdə 70 000 Avro vəsait ödənilmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək müqavilə üzrə razılaşdırılmış malları alıcıya təhvil verməmişdir. Avans digər tərəfin qarşılıqlı öhdəliyinin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli AZF/0324 nömrəli, xx.xx.2025-ci il tarixli AZF/0125 nömrəli və xx.xx.2025-ci il tarixli AZF/0225 nömrəli müqavilələr üzrə qabaqcadan ödənilmiş olan 70 000 Avro vəsaiti geri tələb etməklə haqlıdır, iddia tələbi birinci hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Cavabdeh tərəf qeyd edilən müqavilələrin etibarsız olduğunu bildirsə də, məhkəmə hesab edir ki, əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir. Belə ki, Böyük Britaniya mülki hüququnda etibarsız əqdlər iki qrupa: tam etibarsız (void) və ləğv edilə bilən, yəni mübahisələndirilən (voidable) müqavilələrə bölünür. Tam etibarsız (void) müqavilələrə - qanunsuzluq (illegality - yəni müqavilənin predmeti cinayət xarakterlidirsə, qanuna ziddirsə, qanunsuz fəaliyyəti maliyyələşdirirsə), əsaslı səhv (common mistake, məsələn mövcud olmayan əşyanın satışı və sairə), qeyrimüəyyənlik (uncertainty, yəni müqavilə şərtləri kifayət qədər aydın deyilsə, müqavilə icra edilə bilən deyildirsə), zəruri elementlərin olmaması (təklif, qəbul, məzmun) aiddir. Ləğv edilə bilən (voidable) müqavilələr etibarlı, lakin zərərçəkən tərəfindən ləğv edilə bilən əqdlərdir. Onlara aldatma və yanlış təqdimat (misrepresentation), məcbur etmə (duress), həddindən artıq təsir (undue influence), tərəfin hüquq qabiliyyətinin olmaması (lack of capacity) aiddir. Bu səbəbdən məhkəmə cavabdehin göstərilən müqavilələrin etibarsız olması barədə dəlilini əsassız hesab edir. Məhkəmə iddianı ikinci hissədə əsassız hesab edir. Belə ki, iddiaçı iddia ərizəsində 70 000 Avro məbləği cavabdehin əsassız mülkiyyətində saxlamaq və beləliklə əsassız varlanmaya görə 10 000 Avro məbləğində cərimənin ödənilməsi tələbini irəli sürmüşdür. “Malların satışı haqqında” 1979-cu il tarixli X5 51-ci maddəsinin birinci hissəsinə əsasən, satıcı malı alıcıya çatdırmaqla bağlı əsassız olaraq səhlənkar davranarsa və ya ondan imtina edərsə, alıcı təhvil verilməməsinə görə zərərin ödənilməsi üçün satıcıya qarşı iddia qaldıra bilər. Həmin qanunun 51-ci maddəsinin 2-ci bəndinə əsasən zərərin ölçüsü, satıcının müqaviləni pozması nəticəsində hadisələrin adi gedişində birbaşa və təbii olaraq nəticələnən təxmin edilən itkidir. Həmin qanunun 51-ci maddəsinin 3-cü bəndinə əsasən sözügedən mallar üçün mövcud bazar qiyməti mövcud olduqda, zərərin ölçüsü ilkin olaraq malların qiyməti ilə malın çatdırıldığı və ya çatdırılmalı olduğu andakı bazar qiyməti və ya cari qiymət arasındakı fərqlə və ya qəbuldan imtina zamanı (əgər çatdırılma üçün vaxt müəyyən edilməmişdirsə) müəyyən edilməlidir. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, iddia ərizəsində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 428,72 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu, iddiaçı tərəfin tərcüməçiyə ödədiyi, habelə notariat xidmətləri ilə bağlı çəkdiyi 619 manat məhkəmə xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 117,28 manat dövlət rüsumu və digər məhkəmə xərcləri isə iddiaçının özünə aid edilməlidir.
25. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “İddia tələbi ilə razı olmadığımızı məhkəmə iclaslarında iştirak edən zamanı şifahi şəkildə və işin materiallarına əlavə olunmuş etiraz və izahatlarımızda təfsilatı ilə qeyd etmişik. Həmçinin qeyd etmişik ki, iddiaçının iddia tələbinin təmin olunması üçün iddia ərizəsində istinad etdiyi müqavilələr, həmin müqavilələri imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər hesab olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Lakin işə baxan məhkəmə qeyd etdiyimiz halları nəzərə almadan əsassız olaraq iddianın qismən təmin olunması barədə qətnamə qəbul etmişdir. MPM-nin 28-ci maddəsinin tələblərinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Bundan başqa, həmin Məcəllənin 450-ci maddəsinin ("Müqavilə aidiyyəti") tələblərinə əsasən, Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Həmçinin, həmin Məcəllənin 450.2-ci maddəsinə əsasən, Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Hazırkı iddia predmetinin əsasını təşkil edən və tərəflər arasında bağlanmış müqavilələrdə (əqdlərdə), qeyd şərtsiz tətbiq olunacaq qanun kimi Böyük Britaniyanın qanunvericiliyinə istinad olunmasına baxmayaraq, "tətbiq olunan qanunvericiliklə" bağlı həmin normanın, yəni tərəflər rasında bağlanmış müqavilə ilə əlaqədar tətbiq olunacaq hüququn dəyişilməsi barədə tərəflər heç bir yeni razılığa gəlməmişlər. Bu isə öz növbəsində maddi hüquq normasının kobudcasının pozulmasıdır. “Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanunun 24.1-ci maddəsinə əsasən, müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Böyük Britaniyanın "Şırkət Qanunvericiliyi"nə (UK Company Law) görə, Şirkətlər tərəfindən sənədlərin icrası 2006-cı il Şirkətlər Qanununun (UK Company Law) 44 və 46-cı maddələri ilə tənzimlənir. Böyük Britaniyanın "Şırkət Qanunvericiliyi"nə (UK Company Law) görə, Şirkətlər tərəfindən sənədlərin icrası 2006-cı il Şirkətlər Qanununun (UK Company Law) 44 və 46-cı maddələri ilə tənzimlənir. Sənəd yalnız şirkətin tərəfindən müəyyən edilmiş prosedurlara əməl etdikdə "lazımi qaydada icra edilmiş” sayılır və bu hal, şirkət adından hərəkət etmək üçün müvafiq səlahiyyəti olmayan bir şəxs tərəfindən imzalanan müqavilənin etibarsız sayılması üçün əsas ola bilər. Ona görə də, şirkət adından hərəkət etmək üçün müvafiq səlahiyyəti olmayan bir şəxs tərəfindən imzalanan müqavilə, ümumiyyətlə, şirkət üçün məcburi deyil və belə müqavilə etibarsız sayıla bilər (yəni şirkət (onun təsisçiləri) onu ləğv etməyi seçə bilər) və ya bəzi hallarda, belə müqavilə heç vaxt mövcud olmamış (etibarsız) kimi qəbul edilə bilər. Lakin belə vəziyyət şəxsin müqaviləni imzalamaq üçün aşağıda qedy olunan "görünən səlahiyyəti" ("apparent authority") olub-olmamasından çox asılıdır. Müqavilənin etibarlılığı onu imzalayan şəxsin malik olduğu səlahiyyət növündən asılıdır: Faktiki Səlahiyyət (Açıq və ya Dolayı): Bu, fərdin (şəxsin) müqavilə bağlamağa xüsusi icazə aldığı haldır. Açıq səlahiyyət adətən yazılı şəkildə verilir (məsələn, əmək müqaviləsi və ya idarə heyətinin qərarı ilə); Dolayı səlahiyyət isə, şirkət adından hərəkət etmək səlahiyyəti olan şəxsin vəzifəsinə və ya keçmiş davranışına xasdır (məsələn, İdarəedici Direktor vəzifələrini yerinə yetirmək üçün dolayı səlahiyyətə malikdir). Lakin istənilən halda, bu, şirkətin təsisçilərinin qərarına bağlıdır, - yəni, şirkətin təsisçiləri (səhmdarları) şirkət adından hərəkət etmək üçün müvafiq səlahiyyəti olmayan bir şəxs tərəfindən imzalanan müqaviləni etibarsız hesab edə bilər. Məsələn: Smith v. Standard Bank of X7 (1992) 2 SA 302 (Smith v. Standard Bank of X7 (1992) 2 SA 302 Case) İşinə istinadən, üçüncü (maraqlı tərəf) bank direktorunun səlahiyyətli olmadığını bildiyi üçün Bank, məhkəmə tərəfindən, onun direktorunun vəzifə səlahiyyətinin aşması ilə əlaqədar hərəkətləri ilə bağlı məsul hesab edilmədi. Eyni predmetlə bağlı cavabdeh Brioil MMC-yə qarşı qaldırılmış analoji iş üzrə Bakı Kommersiya Məhkəməsində qəbul edilmiş qətnamə (hakim: Nərmin Əhmədova; İş № e-2-2(113)- 5110/2025) ilə hazırki qətnamə arasında fərqli yanaşmaların olduğunu, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin pozulduğunu və nəticədə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasını qeyd edirik. Belə ki, iddiaçı "xxxx" Şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə qəbul edilmiş e-2-2(113)- 5110/2025 nömrəli qətnaməyə diqqət etsək, məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyini tətbiq edərək, fərqli mövqedən çıxış etmişdir. Hazırki mübahisəli qətnamədə isə məhkəmə xarici ölkə ilə Azərbaycan Respublikasının qanunvericliyini birgə şərh etmişdir. Bu hal öz növbəsində eyni predmet üzrə qəbul olunan qətnamələrdə fərqli yanaşmanın olmasına və məhkəmələrdə fərqli təcrübənin yaranmasına səbəb olmuşdur. Şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsi üçün əsasdır. Tərəflər müqavilə ilə əlaqədar tətbiq olunacaq hüququn dəyişilməsi barədə heç yeni razılığa gəlməmişlər. Mübahisəli qətnamənin 14, 20 və 32, 36-cı bəndlərinə əsasən məhkəmənin tətbiq etdiyi hüquq Böyük Britaniya qanunverciliyinin normalarıdır. Lakin məhkəmə qətnamə qəbul edərkən, Böyük Britaniyanın qanunvericiliyini rəhbər tutmamış, prosessual baxımdan hüquqları pozaraq şahidin iştirakını təmin etməmişdir. Həmçinin mübahisəli qətnamədə şərh olunan qanunlara və müvafiq hüquqi yanaşmalara diqqət etsək, hər iki ölkənin qanunvericiliyə aid qeydlərin olduğunu görmək mümkündür”.
Apellyasiya şikayətinə qarşı etiraz
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
27. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər nümayəndələrini məhkəməyə göndərməmiş, şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə onların iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
29. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
32. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
33. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
37. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
39. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
41. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
42. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
43. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
44. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
45. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
46. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə .... ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
47. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
48. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
49. Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasım tələb edə bilər.
50. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu
51. Maddə 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
52. Maddə 1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.
53. Maddə 2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.
54. Maddə 2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.
55. Maddə 19.1. Müvafiq münasibətin tənzimlənməsi üçün hansı ölkənin hüququ tətbiq olunursa, iddia müddəti də həmin ölkənin hüququ ilə müəyyən edilir.
56. Maddə 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.
57. Maddə 24.2. Müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm da onun ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər.
58. Maddə 24.3. Tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər.
59. Maddə 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində satıcının..
“Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023cü il tarixli qərarı
60. Bənd 5.9. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.
61. Bənd 5.10. Bu baxımdan, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.
62. Bənd 5.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olduğundan, tərəflərin bildirməsindən asılı olmayaraq “jura novit curia” - “məhkəmə hüququ bilir” prinsipi əsas götürülərək xarici elementli mübahisəni tənzimləyən, xarici maddi qanunun tətbiqinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin olub-olmaması araşdırılmalıdır.
63. Bənd 5.18. Beləliklə, xarici elementli mübahisəyə hansı dövlətin maddi hüququnun tətbiq edilməli olduğu müəyyənləşdirilərkən aşağıdakı ardıcıllığa əməl edilməlidir: - mübahisəyə hansı ölkənin maddi hüququnun tətbiqi ilə bağlı tərəflər arasında bağlanmış ayrıca yazılı razılaşmanın (müqavilə, saziş və s.) və ya razılaşma şərtinin, yaxud Azərbaycan Respublikası qanununun tətbiqi barədə məhkəməyə ünvanlanan aydın iradə ifadəsinin mövcudluğu; - Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilənin, yaxud uzun illər ərzində formalaşmış beynəlxalq adətlərin mövcudluğu; - Azərbaycan Respublikasının mübahisəli münasibətləri tənzimləyən və hansı ölkənin qanununun tətbiq edilməli olmasını müəyyən edən sahəvi qanunlarının mövcudluğu; - “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş kolliziya hüquq normalarının mövcudluğu.
64. Bənd 5.19. Tətbiq edilməli olan xarici hüququn məzmununun müəyyən edilməsi xidməti vəzifəsinə görə (ex officio) məhkəməyə aiddir. Xarici elementli mübahisələrdə tətbiq edilməli xarici hüququn məzmunu məhz müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən edilməlidir. Xarici hüququn məzmununun müəyyən edilə bilmədiyi aşağıdakı hallarda məhkəmə dövlətdaxili hüququ (lex fori) tətbiq edir: a) xarici qanunun məzmununun müəyyən edilməsi ilə bağlı görülmüş tədbirlər nəticə verməsin; b) yaxud bu tədbirlər həddən çox xərc tələb etsin; c) mübahisə tərəflərindən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquq normalarını təsdiqləyən sənədləri təqdim edə bilməsin.
65. Bənd 5.20. Müvafiq ölkədə rəsmi təfsir və tətbiq praktikası müəyyənləşdirilərkən, həmin ölkədə aidiyyəti dövlət və peşəkar qurumların, o cümlədən elmi tədris müəssisələrinin və ya peşəkar hüquqşünas alimlərin rəylərinin alınmasına üstünlük verilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
70. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
71. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
72. Maddə 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra - xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.
73. Maddə 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
74. Maddə 443.0.1. İş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmin işlərə baxmağa haqlıdır.
75. Maddə 450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.
76. Maddə 450.2. Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.
Apellyasiya baxışının həddi
77. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
79. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
Məhkəmə kollegiyasının mövqeyi
80. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının seçimində səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış və gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
81. Belə ki, ümumi norma kimi çıxış edən Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsi (§ 73) ilə qanunverici kommersiya mübahisələri üzrə məhkəmənin beynəlxalq səlahiyyətini ərazi prinsipi əsasında müəyyən etmiş, yalnız xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olduğu halda məhkəmənin işə baxmaq səlahiyyətini tanımışdır.
82. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun l4 dekabr 2023-cü il tarixli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə.
83. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrində ödənişlərin cavabdehin Azərbaycan Respublikasında olan bank hesablarına edilməsi, malların cavabdehin Bakı şəhərində olan zavodundan çatdırılması şərtləşdirilmişdir.
84. Bu xüsusat müqavilələrin icrasının bir hissəsinin Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olmasına dəlalət edir və bu mənada Azərbaycan Respublikası məhkəməsi hazırkı işə baxmaqda haqlıdır.
85. Mübahisənin həllinə tətbiq ediləcək hüquq normalarının seçilməsi ilə bağlı qeyd olunmalıdır ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanuna əsasən, xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir (§ 51), tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir (§ 52).
86. Həmin Qanun həmçinin təsbit edir ki, müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir (§ 56).
87. Göründüyü kimi qanunverici, müqavilə tərəflərinin (1) hüquq və vəzifələrinin müəyyən edilməsi; (2) müqavilənin təfsiri; (3) icrası; (4) icra edilməməsi; (5) xitamı; (6) lazımi qaydada icra edilməməsinin və (7) etibarsızlığının nəticələri, habelə (7) müqavilə ilə əlaqədar tələbin güzəşti və (8) borcun köçürülməsi ilə bağlı tətbiq edilən maddi hüquq normaları barədə razılığa gələ biləcəklərinə imkan tanıyır və məhz bu halın məntiqi nəticəsidir ki, Qanunun 24.2-ci maddəsinə əsasən müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm də onun ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər (§ 57).
88. Belə olan halda kollegiyanın qənaətinə görə, tərəflər arasında bağlanmış müqavilələrin 10-cu bəndləri, bütövlüklə müqavilə üçün tətbiq edilən hüquqla bağlı razılaşma kimi deyil, yalnız müqavilələrin təfsiri üçün olan razılaşma kimi qiymətləndirilməlidir. Hazırkı mübahisə isə təfsirlə bağlı olmayıb, iddiaçının müqavilələrdən imtina edərək qabaqcadan ödənilmiş ödənişi tələb etməsi, cavabdehin isə müqavilələrin etibarsız olduğunu irəli sürməsi ilə bağlıdır.
89. Digər tərəfdən, iddiaçı Azərbaycan hüququna istinad edərək iddia qaldırmış, cavabdeh isə Birləşmiş Krallıq hüququnun tətbiqi ilə bağlı hər hansı etiraz irəli sürməməklə yanaşı, iddia tələbinə etirazını da Azərbaycan qanunvericiliyinə istinadla əsaslandırmışdır.
90. Belə olan halda kollegiya hesab edir ki, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
91. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
92. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
93. İşin müəyyən olunan halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə AZF/0324 nömrəli, xx.xx.2025-ci il tarixdə AZF/0125 nömrəli, xx.xx.2025-ci il tarixdə AZF/0225 nömrəli müqavilələr bağlanmış, müqavilələrə əsasən cavabdeh, şin proliz yağını iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə məhsulları qəbul edərək dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Hər üç müqavilənin ödəniş şərtlərinə əsasən iddiaçı ümumilikdə 70 000 avronun avans qaydasında ödənilməsinə razılıq vermiş, iddiaçı tərəfindən köçürmə qaydasında xx.xx.2024cü il tarixdə 40 000 avro, xx.xx.2025-ci il tarixdə 10 000 Avro, xx.xx.2025-ci il tarixdə 20 000 Avro olmaqla ümumilikdə 70 000 avro cavabdehin bank hesabına köçürülmüşdür.
94. İddiaçı məhz alqı-satqı müqavilələri üzrə qabaqcadan ödədiyi 70 000 avro məbləğində pulun geri qaytarılmasını tələb edir, cavabdeh isə həmin müqavilələrin uydurma əqdlər olmaqla görünüş üçün bağlandıqlarını irəli sürməklə müqavilələrin etibarsız olduğunu bildirir.
95. Bu səbəblə kollegiya, ilk növbədə müvafiq müqavilələrin etibarlılığı məsələsinə qiymət verməyi zəruri hesab edir:
96. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 29) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.
97. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
98. Hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (MM-nin 341-ci maddəsi). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir (§ 32, 33). Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər.
99. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
100. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur”.
101. Şərh olunanları, müqavilə tərəflərinin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyətlərinin müəyyən olunmadığını, müqavilələrin onun bağlanması qaydalarını tənzimləyən normalara uyğun şəkildə rəsmiləşdirildiyini nəzərə almaqla kollegiya hesab edir ki, həmin müqavilələri yalan və ya uydurma əqdlər hesab etmək də mümkün deyildir.
102. Digər tərəfdən qeyd olunmalıdır ki, əqdlərin iddiaçı tərəfindən 70 000 avro məbləğində pulun köçürülməsi hissəsində icra olunduğu, lakin cavabdeh tərəfindən icra olunmadığı nəzərə alındığında, müqavilələrin etibarsızlığı restitusiya ilə nəticələnər, yəni göstərilən məbləğin digər hüquqi əsasla qaytarılması təmin edilər. Başqa sözlə, hazırkı işin halları baxımından müqavilənin etibarsızlığı işin nəticəsinə təsir edən hal deyildir.
103. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
104. Kollegiya kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr alqı-satqı müqaviləsi olub, iddiaçının qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir (§ 49).
105. İddiaçı qeyd edilən hüquq normasından irəli gələn, əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququnu realizə edir – çünkü cavabdeh alqı-satqı müqavilələri üzrə öhdəliyini icra etdiyini - razılaşdırılan malları verdiyini sübut edə bilməmişdir.
106. Buna görə də kollegiya hesab edir ki, alqı-satqı müqaviləsi üzrə dəyəri ödənilmiş əşyanın verilməsi ilə bağlı öhdəliyini pozaraq müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (satıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
107. İddiaçının “70 000 EURO-nu (yetmiş min avro) əsassız mülkiyyətində saxlamaqla əsassız varlanmasına görə 10 000 EURO (on min avro) məbləğində cərimənin cavabdehdən tutulması” tələbini kollegiya əsaslı hesab etmir:
108. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).
109. Kollegiya hesab edir ki, iddiaçı cavabdehin alqı-satqı müqavilələri üzrə ödənilməmiş 70 000 avro məbləğində puldan faydalandığını, yəni Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir.
110. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, iddia ərizəsini verərkən ödədiyi dövlət rüsumu məbləğinin 428,72 manat hissəsi, habelə tərcüməçi və notariat xidmətləri ilə bağlı çəkdiyi xərcin əvəzi qismində 619 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayəti verərkən cavabdehin ödədiyi rüsum məbləği isə cavabdehin özünə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
111. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5180/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 dekabr 2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. “İddiaçı”-in Cavabdehnə qarşı “pulun ödənilməsi” tələbi qismən təmin olunsun. Cavabdehndən 70 000 Avro (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), dövlət rüsumunun əvəzi qismində 428,72 (dörd yüz iyirmi səkkiz manat 72 qəpik) manat, digər məhkəmə xərcləri qismində 619 (altı yüz on doqquz) manat tutularaq iddiaçı “İddiaçı”-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov