Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-155/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh oğluna qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, zahiri (faktiki) təmsilçilik) Hakim sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:
1. 2022-2023-cü illər üzrə tərtib edilmiş (##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixədək) 12 ədəd aktlarda ümumilikdə dəyəri 2 626,56 manat olan spirtli içki məhsulları vergi ödəyicisi kimi qeydiyyatı Kərimov Zakir Kamil oğlunun adına olan “Bakı market” ticarət obyektinə təhvil verildiyi qeyd edilmişdir.
2. “xxxx” MMC tərəfindən Kərimov Zakir Kamil oğluna 2022-2023-cü illər üzrə (##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixədək) ümumi məbləği 2 626,56 manat olan 12 ədəd elektron qaimə-faktura göndərilmişdir.
3. “xxxx” MMC-nin satış təmsilçiləri və Kərimov Zakir Kamil oğlu adından imzalanmış ##.##.2023-cü il tarixli təhvil-təslim aktına əsasən qalıq borcun məbləği 2 591,56 manat təşkil edir.
4. ##.##.2024-cü il tarixli, *** saylı qarşılıqlı üzləşmə aktına əsasən 2 626,56 manat borcun 35 manatı ##.##.2023-cü il tarixdə ödənilmiş, qalıq borc 2 591,56 manat təşkil edir. Həmin akt iddiaçının möhürü ilə təsdiq edilmiş, Kərimov Zakir Kamil oğlunun adından aktda ona verilən mallar üzrə 1 090 manat nağd şəkildə ödəniş edilməsi, qalan malın şirkət tərəfindən geri çəkilməsinə dair qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən ##.##.2024-cü il tarixli, *** saylı qarşılıqlı üzləşmə aktında olan yazılar və imza Kərimov Zakir Kamil oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Kərimov Zakir Kamil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 591,56 manat əsas borc və 4 493,76 manat dəbbə pulu olmaqla ümumilikdə 7 085,32 manat pulun, həmçinin ödənilmiş 91 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixdə tərəflər arasında S**/** saylı təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı malları cavabdehə təhvil verməyi, cavabdeh isə qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin təqdim olunmuş sifarişlər və elektron qaimə-fakturalara baxmayaraq, cavabdeh ƏDV daxil 2 591,56 manat borc məbləğini ödəməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Kərimov Zakir Kamil oğlundan 2 591,56 manat məbləğində əsas borcun tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında münasibətlər şifahi nisyə alqı-satqı müqaviləsindən irəli gəlmişdir. Şahid ifadələrinə əsasən, iddiaçının nümayəndəsi sifarişlərin Əliyev Elçin adlı şəxs tərəfindən verildiyini, cavabdehin qohumu Əliyev Elçin isə cavabdehin xəstəliyi dövründə mağazaya nəzarət etdiyini və ##.##.2024-cü il tarixli, *** saylı aktdakı imzanın ona məxsus olduğunu təsdiq etmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin qohumuna mağazaya nəzarət etməyə razılıq verməsi və onun cavabdehin adından aktı imzalaması cavabdeh üçün hüquq və vəzifələr yaradır. Həmin aktdan görünür ki, 2 591,56 manat dəyərində malın alındığı qəbul edilmiş, 1 090 manatın ödənildiyi və qalan malların qaytarıldığı iddia olunmuşdur. Lakin cavabdeh bu halları sübut edə bilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaiməfakturaların təsdiqlənməsi də malların verildiyini göstərir və cavabdeh əksini sübut etməmişdir. Buna görə məhkəmə 2 591,56 manat əsas borcun cavabdehdən tutulmasını əsaslı hesab etmişdir. Cərimə tələbinə gəldikdə isə, tərəflər arasında bu barədə yazılı razılaşma olmadığından və qanunla nəzərdə tutulmadığından həmin tələb əsassız sayılaraq təmin edilməmişdir.
10. Cavabdeh Kərimov Zakir Kamil oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təhvil-təslim aktında və digər sənədlərdə əks olunan imzalar cavabdehə məxsus deyildir və bu sənədlər saxtalaşdırılmışdır. İddiaçı tərəfindən əsassız olaraq cavabdehin adına borc rəsmiləşdirilmişdir. Əvvəlki dövrlərdə onun tərəfindən müəyyən mallar qəbul edilərək müqavilə münasibətləri yaranmış ola bilər, habelə onun qohumları tərəfindən də iddiaçıdan malların alınması mümkündür. Bununla yanaşı, məhkəmə iclasında dindirilmiş şahidlər cavabdehi tanımadıqlarını və ona hər hansı mal vermədiklərini bildirmişlər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. İddiaçı “xxxx” MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. ... Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. ... Maddə 637. Göndərilən mallar üçün hesablaşmalar
637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. ...
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə uyğun olaraq qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, tərəflər arasında spirtli içki məhsullarının alqı-satqısı ilə bağlı faktiki münasibətlər mövcud olmuşdur. Tərəflər sahibkarlıq subyektləri olduqlarından və malların şəxsi istifadə üçün deyil, kommersiya məqsədilə əldə edildiyi nəzərə alınaraq həmin münasibətlər alqı-satqı müqaviləsinin xüsusi növü olan göndərmə müqaviləsi kimi qiymətləndirilməlidir. Mülki qanunvericiliyə əsasən belə müqavilə üzrə alıcı aldığı malların dəyərini ödəməyə borcludur və bu öhdəliyin icra edilməməsi satıcıya ödənilməmiş məbləğin məhkəmə qaydasında tələb edilməsi hüququ verir.
22. Cavabdehin iddiaya etirazı və apellyasiya şikayəti tərəflər arasında yazılı müqavilənin olmaması, həmin malların ona təhvil verilməməsi, təhvil-təslim aktlarında və üzləşmə aktındakı imzaların ona məxsus olmaması ilə əsaslandırılmışdır.
23. Alqı-satqı (göndərmə) müqaviləsinin forması ilə bağlı Mülki Məcəllədə xüsusi göstəriş olmadığından Mülki Məcəllənin 329.2-ci və 406.1-ci maddələrinə uyğun olaraq bu müqavilə istənilən formada, o cümlədən şifahi bağlana bilər. Bu baxımdan yazılı müqavilənin olmamasına dair apellyasiya şikayətinin dəlili əsassız hesab edilir. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən təqdim edilmiş təhviltəslim24.aktlarına əsasən cavabdehə məxsus mağazaya ümumi dəyəri 2 626,56 manat olan spirtli içkilər verilmiş və həmin aktlar müxtəlif şəxslər tərəfindən imzalanmışdır. Bundan əlavə, cavabdehin adından X3 tərəfindən imzalanmış üzləşmə aktında malların bir hissəsinin ödənildiyi, qalan hissəsinin isə iddiaçıya qaytarıldığı göstərilmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində bildirmişdir ki, təhviltəslim25.aktlarına imza etmiş Fatimə adlı şəxs mağazada satıcı olmuş, X3 isə cavabdehin xəstəliyi ilə əlaqədar mağazaya ümumi nəzarəti həyata keçirmişdir. Mağazanın açılması və bağlanması, habelə vacib məsələlərin həlli E.Əliyev tərəfindən icra edilmiş, hesablaşma sənədlərinin, o cümlədən üzləşmə aktlarının imzalanması da onun tərəfindən həyata keçirilmişdir.
26. Birinci instansiya məhkəməsində ##.##.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X2 (iddiaçı hüquqi şəxsin işçisi) cavabdehi tanımadığını, sifarişlərin Elçin adlı şəxs tərəfindən verildiyini göstərmişdir.
27. Birinci instansiya məhkəməsində ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin təşəbbüsü ilə şahid qismində dindirilmiş E.Əliyev cavabdehin xəstəliyi səbəbindən mağazaya nəzarət etdiyini, ##.##.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktında olan yazıların və imzanın ona məxsus olduğunu, həmin aktı iddiaçının nümayəndəsinin xahişi ilə imzaladığını bildirmişdir. Əvvəlcə aktı imzalamaq istəməmiş, bununla bağlı bacısı oğlu (cavabdehin nümayəndəsi) ilə telefonla danışmaq istəmiş, o, telefonu açmadığı üçün danışa bilməmiş və rəsmi sənəd olmadığı üçün aktı yazaraq imzalamışdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisədə tərəflər arasında təqdim olunmuş sənədlərin hüquqi mahiyyəti və sübut dəyəri fərqləndirilməklə qiymətləndirilməlidir. Belə ki, malların verilməsi ilə bağlı təhvil-təslim aktları birbaşa təsərrüfat əməliyyatlarını təsdiq edən sənədlər olduğu halda, qarşılıqlı üzləşmə aktı tərəflər arasında mövcud hesablaşma vəziyyətini əks etdirən sənəd kimi çıxış edir. Cavabdeh həmin aktın onu təmsil etmək səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığını əsas gətirərək bu aktın onun üçün hər hansı hüquqi əhəmiyyətinin olmadığını göstərmişdir.
29. Mülki Məcəllənin 359-cu maddəsi əqdlərdə təmsilçiliklə bağlı münasibətləri tənzimləyir. Həmin maddədə təmsilçilik iki formada müəyyən edilmişdir: formal və zahiri təmsilçilik. Zahiri təmsilçilik təmsilçinin fəaliyyət göstərdiyi şəraitə əsasən onun təmsil olunanın adından çıxış etmək səlahiyyətinin olduğunu güman etməyə kifayət qədər əsasların olduğu hallarda yaranır.
30. Kollegiya qeyd edir ki, üzləşmə aktı mülki hüquq və vəzifələrin yaranmasına, dəyişdirilməsinə və xitamına yönəlmədiyindən müstəqil əqd hesab edilə bilməz. Həmin sənəd mövcud münasibətlər çərçivəsində yaranmış hesablaşmanın vəziyyətini əks etdirir və bu baxımdan sübut xarakteri daşıyır. Bu səbəbdən onun hüquqi qiymətləndirilməsi zamanı sənədin məzmunu, tərtib olunma şəraiti və tərəflər arasında formalaşmış faktiki münasibətlər nəzərə alınmalıdır.
31. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, cavabdehə məxsus mağazanın fəaliyyəti mübahisəli dövrdə onun birbaşa iştirakı olmadan digər şəxslər vasitəsilə həyata keçirilmiş, malların qəbulu və hesablaşma prosesində həmin şəxslər, o cümlədən X3 iştirak etmişdir. Cavabdehin nümayəndəsinin izahatına əsasən, mağazada vacib məsələlərin həlli və hesablaşma sənədlərinin imzalanması da həmin şəxs tərəfindən həyata keçirilmişdir.
32. Belə şəraitdə cavabdehin öz təsərrüfat fəaliyyətini təşkil etməsi nəticəsində üçüncü şəxslərlə münasibətlərdə müəyyən davranış modeli formalaşmış və bu model çərçivəsində həmin şəxsin hesablaşma sənədlərini imzalaması adi hal kimi qəbul edilmişdir. Bu isə üçüncü şəxslər üçün onun cavabdehin adından çıxış etməyə səlahiyyətli olması barədə əsaslı etimad yaratmışdır.
33. Mülki Məcəllənin 359-cu maddəsi təmsilçilik institutunu əqdlərə münasibətdə tənzimləsə də, həmin maddədə nəzərdə tutulmuş səlahiyyətin fəaliyyət göstərilən şəraitə görə ehtimal edilməsi müddəası hüquqi əhəmiyyətli digər hərəkətlərə də tətbiq edilə bilər. Hazırkı işdə üzləşmə aktı əqd hesab edilməsə də, onun imzalanması üçüncü şəxslər üçün hüquqi nəticələrə təsir edə bilən hərəkət olduğundan, qeyd olunan müddəaların bu münasibətlərə qanunun analogiyası üzrə tətbiqi mümkündür.
34. İş materiallarından göründüyü kimi, qarşılıqlı üzləşmə aktında göstərilmiş mallar təhvil-təslim aktları ilə iddiaçı tərəfindən cavabdehə məxsus mağazaya təhvil verilmiş, mallar satıcı tərəfindən təhvil alınmışdır. Cavabdeh tərəfindən həmin aktların tərtib edilməsi qaydası və bu əməliyyatların həyata keçirilməsinə dair hər hansı məhdudiyyətin mövcudluğu, o cümlədən səlahiyyətin rəsmi qaydada verilməsi sübuta yetirilməmişdir.
35. Digər tərəfdən, cavabdehin mövqeyi ziddiyyətlidir. Belə ki, cavabdehin nümayəndəsi bir izahatında tərəflər arasında ümumiyyətlə alqı-satqı münasibətinin mövcud olmadığını, iddiaçıdan hər hansı malın alınmadığını iddia etsə də, digər izahatında iddiaçıdan əvvəlki dövrlərdə müəyyən məbləğdə (200 manat, yaxud 35-40 manat həcmində) mal aldığını etiraf edir. Bununla belə, həmin malların alışının cavabdehin şəxsən özü tərəfindən həyata keçirilməsi barədə də hər hansı sübut təqdim etməmişdir. E.Əliyev də üzləşmə aktına yazdığı qeydlərdə həmin malların alınmasını təkzib etməmiş, lakin malların bir qisminin ödənildiyini, qalan hissəsinin isə iddiaçıya qaytarıldığını göstərmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, digər sübutlarla birlikdə qiymətləndirildikdə, təsadüfi şəxsin üzləşmə aktında alınmış, ödənilmiş və qaytarılmış mallara dair detallı məlumatlar yazması barədə izahat inandırıcı hesab edilə bilməz.
37. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı tərəfindən 2 626,56 manat dəyərində malların cavabdehə verilməsi sübuta yetirilmiş, cavabdeh isə həmin malların dəyərinin ödənildiyini və ya qaytarıldığını sübuta yetirə bilməmişdir.
38. Birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə həmin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
40. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Kərimov Zakir Kamil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.