Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-156/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: icraata qəbul qərardadı, şikayət verilə bilən qərardad) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə İddiaçı QSC-nin Cavabdeh MMC-nə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı QSC (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2024-cü il tarixli GTG/013/24 nömrəli müqavilə üzrə Cavabdeh MMC-dən ƏDV daxil olmaqla 14 927 (on dörd min doqquz yüz iyirmi yeddi) manat ödənişin və dövlət rüsumu kimi 135 (yüz otuz beş) manatın, ümumilikdə 15 062 (on beş min altmış iki) manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı iddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuşdur.
3. Həmin qərardaddan cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmış, məhkəmə bu zaman ona əsaslanmışdır ki, Mülki-Prosessual Məcəllədə iddia ərizəsinin icraata qəbul olunması barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci və 267-ci maddələrinə istinadla əsaslandırmışdır.
5. Cavabdeh MMC-nin nümayəndəsinin bu qərardaddan verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən pretenziya məktubu Mülki Prosessual Məcəllənin 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq cavabdehə təqdim edilməmiş, bununla da iddiaçının məhkəməyə müraciəti ilə bağlı prosessual qaydalar pozulmuşdur. İddiaçı pretenziya məktubunu yalnız Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemi üzərindən təqdim etmişdir, halbuki, Mülki Prosessual Məcəllənin 10-1-ci maddəsində nəzərdə tutulan tələblərə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Yəni mülki mübahisələr üzrə pretenziya məktublarının Dövlət Vergi Xidmətinin elektron kargüzarlıq sistemi və ya başqa elektron sistem və ya kabinetlər vasitəsilə göndərilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə qanunvericiliyə uyğun olaraq, iddiaçı tərəfindən pretenziya məktubu cavabdehə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunmalı idi. Pretenziya məktubu qanunvericilikdə nəzərdə tutulan qaydada təqdim olunmadığına görə cavabdeh MMC-nin pretenziya məktubuna cavab vermək və mübahisənin məhkəməyədək həlli üçün tədbirlər görmək imkanı olmamışdır. MPM-in 10-1-ci maddəsində nəzərdə tutulan tələblər pozulduğuna görə iddia ərizəsinin təqdim olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması barədə qərardad çıxarılmalı idi. Lakin məhkəmə tərəfindən prosessual tələblərə riayət olunmadan iddia ərizəsi icraata götürülmüşdür. İddia ərizəsi prosessual pozuntulara yol verilməklə icraata götürüldüyü üçün xx.xx.2025-ci il tarixli qərardad ləğv edilərək verilmiş şikayətə mahiyyəti üzrə baxılıb yeni qərardad çıxarılmalıdır.
Apellyasiya baxışı
7. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən qanunla nəzərdə tutulan hallar aşkar edilməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
8. Maddə 151. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.
9. Maddə 267. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
10. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda.
11. Maddə 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.
12. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
13. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Məhkəmə kollegiyasının mövqeyi
14. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi, məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər.
15. Qanunverici iddia ərizəsinin icraata qəbul olunması barədə qərardaddan şikayət verilməsi imkanını təsbir etməmişdir; həmçinin bu cür qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-9289/2025 saylı iş üzrə 07 yanvar 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov