Məhkəmə qərarları › İş №2-2(3-6)-173/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-173/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-173/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, sübutların kifayətliliyi, prosessual vicdanlılıq) hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-5001/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 26 oktyabr 2023-cü il tarixində bağlanmış, 69/23 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin: 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya “Hovuz materialların satışı” (bundan sonra mal adlandırılacaq) satır. 2.2-ci bəndinə əsasən “Alıcı” isə “Satıcı”dan təklif olunan həmin malları alır. 2.3-cü bəndinə əsasən malların çeşidi, qiyməti və sayı “Alıcı”ya təqdim olunmuş elektron qaimə fakturaya əsasən müəyyən olunur. 3.1-ci bəndinə əsasən "Satıcı” satılmış malları “Alıcı”ya elektron qaimə faktura və hesab faktura əsasında təhvil verəcək. “Alıcı” isə elektron qaimə faktura əsasında təhvil alır. 3.2-ci bəndinə əsasən “Satıcı” malların təhvil verilməsi ilə birlikdə hesab-faktura və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir. 3.3-cü bəndinə əsasən “Alıcı” malları qəbul etdikdən sonra elekton qaimə faktura ilə bu malların qəbulunu öz imzası ilə təsdiq edir. 4.1-ci bəndinə əsasən “Satıcı” satdığı malları “Alıcı”ya təhvil verdikdən sonra “Alıcı” elektron qaimə fakturada göstərilmiş malların dəyərini tam olaraq ödəyir. 4.2-ci bəndinə əsasən “Alıcı” sifariş etdiyi malların tam dəyərini “Satıcı”nın təqdim etdiyi və müqavilədə qeyd olunan bank hesabına köçürməklə həyata keçirir. 4.3-cü bəndinə əsasən malların “Alıcı”ya təhvil verilməsi ilə bağlı öhdəlik “Satıcı” tərəfindən lazımınca yerinə yetirilmədikdə “Alıcı” həmin öhdəliyi lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir. 5.1-ci bəndinə əsasən “Satıcı”nın aşağıdakı hüquq və vəzifələri vardır: 5.1.1-ci bəndinə əsasən “Satıcı” sifariş edilən malların, xidmət və işlərin keyfiyyətinə görə məsuliyyət daşıyır. 5.1.2-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı” dan tələb etmək; 5.1.3-cü bəndinə əsasən “Alıcı”ya tərəflərin razılaşdıqları çeşiddə mallar vermək; 5.1.4-cü bəndinə əsasən “Alıcı”ya malları onların daşınması və saxlanılması üçün zəruri olan şəkildə qablaşdırmaqla vermək. 5.2-ci bəndinə əsasən “Alıcı”nın aşağıdakı hüquq və vəzifələri vardır: 5.2.1-ci bəndinə əsasən əgər “Satıcı” satılmış malları “Alıcı”ya verməkdən imtina edirsə, müqavilənin icrasından imtina etmək; 5.2.2-ci bəndinə əsasən “Satıcı” müqaviləni pozaraq “Alıcı”ya sifarişdən az miqdarda mallar verdikdə, çatışmayan miqdarda malların verilməsini tələb etmək və ya verilmiş mallardan və onun dəyərini ödəməkdən imtina etmək, mallar dəyəri ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək; 5.2.3-cü bəndinə əsasən bu müqavilədən, yaranan münasibətlər tərəflər arasında razılıq yolu ilə öz həllini tapmazsa, bu fakt Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunur. 5.2.4-cü bəndinə əsasən “Alıcı” aldığı malları 14 (on dörd) gün ərzində qaytara və ya dəyişdirə biləcəkdir.

2. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli 01 nömrəli təhvil-təslim aktına əsasən 1493,88 manat məbləğində, xx.xx.2024-cü il tarixli 02 nömrəli təhvil-təslim aktına əsasən 1547,45 manat məbləğində, xx.xx.2024-cü il tarixli 03 nömrəli təhvil-təslim aktına əsasən 9371,56 manat məbləğində, xx.xx.2024-cü il tarixli 04 nömrəli təhvil-təslim aktına əsasən 2174,03 manat məbləğində mallar təhvil verilmişdir.

3. İddiaçı tərəfindən malların satışına dair cavabdehə xx.xx.2024-cü il tarixli MT**********12 saylı 1493,88 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********68 saylı 1547,45 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********09 saylı 9371,56 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********40 saylı 2174,03 manat məbləğində eqaimələr göndərilmişdir.

4. xx.xx.2025-ci il tarixli Üzləşmə Aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixinə qədər 7319,80+1317,56 (ƏDV 18%) borcu qalmışdır. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 oktyabr 2023-cü il tarixində bağlanmış, 69/23 nömrəli Müqavilə və xx.xx.2025-ci il tarixli, 01/25 nömrəli Üzləşmə Aktına uyğun olaraq əsas 7319.80 AZN və ona əlavə edilmiş 1317.56 AZN ƏDV ilə birgə 8637.36 AZN dəyərində malların dəyərinin və dövlət rüsumu qismində ödənilmiş 106.37 AZN olmaqla, ümumilikdə 8743.73 AZN dəyərində vəsaitin cavabdehdən tutularaq xeyrimizə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (Müqavilə üzrə “Alıcı”) ilə İddiaçı MMC (Müqavilə üzrə “Satıcı”) arasında 26 oktyabr 2023-cü il tarixində bağlanmış, 69/23 nömrəli Müqaviləyə əsasən, Satıcı öz öhdəliklərini tam və lazımi qaydada yerinə yetirmişdir. Belə ki, Müqavilə şərtlərinə uyğun olaraq, Satıcı tərəfindən çeşidi, qiyməti və sayı Alıcıya təqdim olunmuş elektron qaimə fakturaya əsasən müəyyən edilən hovuz materialları tam həcmdə və keyfiyyətdə təhvil verilmişdir. Malların dəyəri 03 sentyabr 2024-cü il tarixli, 01/24 nömrəli X2 əsasən 1266.00 AZN və ona əlavə edilən 227.88 AZN ƏDV məbləği ilə birgə 1493.88 AZN (min dörd yüz doxsan üç manat səksən səkkiz qəpik), 05 sentyabr 2024cü il tarixli, 02/24 nömrəli X2 əsasən 1311.40 AZN və ona əlavə edilən 236.05 AZN ƏDV məbləği ilə birgə 1547.45 AZN (min beş yüz qırx yeddi manat qırx beş qəpik), 06 sentyabr 2024-cü il tarixli, 03/24 nömrəli X2 əsasən 7942.00 AZN və ona əlavə edilən 1429.56 AZN ƏDV ilə birgə 9371.56 AZN (doqquz min üç yüz yetmiş bir manat əlli altı qəpik), 10 sentyabr 2024-cü il tarixli 04/24 nömrəli X2 əsasən 1842.40 AZN və ona əlavə edilən 331.63 AZN ƏDV məbləği ilə birgə 2174.03 AZN (iki min yüz yetmiş dörd manat üç qəpik) olmaqla ümumilikdə 12 362.80 AZN və ona əlavə edilən 2225.12 AZN ƏDV məbləği ilə birgə 14 586.92 AZN (on dörd min beş yüz səksən altı manat doxsan iki qəpik) müəyyən edilmişdir. Satıcı həmin məbləğin yalnız 5042.00 AZN və ona əlavə edilən 907.56 AZN ƏDV ilə birlikdə 5949.56 AZN (beş min doqquz qırx doqquz manat əlli altı qəpik) olan hissəsini ödəmiş, geri qalan 7319.80 AZN və ona əlavə edilən 1317.56 AZN ƏDV ilə birlikdə 8637.36 AZN (səkkiz min altı yüz otuz yeddi manat otuz altı qəpik) məbləği ödəməkdən imtina etmişdir. Buna uyğun olaraq hesab edirik ki, Məhkəmə tərəfindən 8637.36AZN (səkkiz min altı yüz otuz yeddi manat otuz altı qəpik) məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməlidir. İşin faktiki halları İddiaçı MMC xx.xx.2019-cu il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınaraq təsis edilmişdir. Cavabdeh MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2004cü il tarixində qeydiyyata alınaraq təsis edilmişdir. İddiaçı ilə cavabdeh arasında 26 oktyabr 2023-cü il tarixində 69/23 saylı Müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən Satıcı hovuz materiallarının satmağı öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq Satıcı Alıcıdan təklif olunan malları alır. Müqavilənin 2.3-cü bəndinə uyğun olaraq malların çeşidi, qiyməti və sayı Alıcıya təqdim olunmuş elektron qaimə fakturaya əsasən müəyyən olunur. Müqavilənin 3.1-ci bəndinə uyğun olaraq Satıcı satılmış malları Alıcıya elektron-qaimə faktura və hesab faktura əsasında təhvil verəcək, Alıcı isə elektron qaimə faktura əsasında təhvil alacaq. Müqavilənin 3.3-cü bəndinə əsasən Alıcı malları qəbul etdikdən sonra elektron qaimə faktura ilə bu malların qəbulunu öz imzası ilə təsdiq edir. Müqavilənin 4.1-ci bəndinə əsasən Satıcı satdığı malları Alıcıya təhvil verdikdən sonra Alıcı elektron qaimə fakturada göstərilmiş malların dəyərini tam olaraq ödəyir. Müqavilənin 5.1.2-ci bəndinə əsasən Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini Alıcıdan tələb etmək hüququndadır. Müqavilənin 6.2-ci bəndinə əsasən Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq məhkəmələrdə həll edilir. xx.xx.2024-cü il tarixli, 1№-li Təhvil təslim aktına uyğun olaraq 10 ədəd kley, 60 ədəd dirsək, 20 ədəd mufta, 30 ədəd dirsək, xx.xx.2024-cü il tarixli, 2№-li Təhvil təslim aktına uyğun olaraq 50 ədəd dirsək, 20 ədəd Tee, 102 ədəd boru, xx.xx.2024-cü il tarixli 3№-li Təhvil təslim aktına uyğun olaraq 10 ədəd Tee, 10 ədəd kley, 30 ədəd dirsək, 10 ədəd keçid, 15 ədəd dirsək, 40 ədəd dirsək, 600 ədəd boru və xx.xx.2024-cü il tarixli 4№-li təhvil təslim aktına uyğun olaraq 10 ədəd dirsək, 5 ədəd kley pimtaş, 15 ədəd dirsək və 132 ədəd boru Satıcı tərəfindən Alıcıya təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli üzləşmə aktına əsasən 12361.80 AZN + 2225.12 AZN (ƏDV18%)mallar, Cavabdeh MMC-yə təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixində İddiaçı MMC-yə 5042.00 AZN + 907.56 AZN (ƏDV18%) ödənilmişdir. xx.xx.2025-ci il tarixə qədər 7319.80 AZN + 1317.56 AZN (ƏDV18%) ödənilməmiş qalmışdır. Cavabdehə xx.xx.2025-ci il tarixində Müqavilə üzrə öhdəliyin icra edilməsinə dair pretenziya məktubu göndərilmiş, müsbət geri dönüş əldə edilməmişdir. Qarşılıqlı əməkdaşlıq münasibətlərimizin əsasını təşkil edən Müqavilənin icrası zamanı tərəfimizdən bütün öhdəliklər tam, vicdanla və peşəkarlıqla yerinə yetirilmişdir. Müqavilənin icrası çərçivəsində bütün fəaliyyətlər qanunvericiliyin tələblərinə uyğun şəkildə, razılaşdırılmış şərtlər əsasında həyata keçirilmişdir. Cavabdehə təqdim edilən mallar müqavilədə nəzərdə tutulan, növ, miqdar, çeşid və keyfiyyətdə olmuşdur. Bununla belə təqdim edilən məhsulların qüsurları barədə cavabdeh tərəfindən bildiriş təqdim olunmamışdır. Lakin təəssüflə bildirməliyik ki, bütün bunlara baxmayaraq, əməkdaşlığın davamı zamanı qarşı tərəfin fəaliyyəti nəticəsində hüquqlarımız ciddi şəkildə pozulmuşdur. Bu cür davranışlar, bir tərəfin bütün şərtlərə riayət etdiyi halda, qarşı tərəfin hüquqi və etik öhdəliklərdən yayınması kimi qiymətləndirilməli və hüquqi məsuliyyət doğuran hal kimi dəyərləndirilməlidir. Tərəfimizdən yalnız Müqavilənin şərtlərinə deyil, eyni zamanda əməkdaşlıqda şəffaflıq, qarşılıqlı etimad və hüquqi sabitlik prinsiplərinə də tam əməl edilmişdir. Buna baxmayaraq, qarşı tərəfin bu prinsipləri pozması nəticəsində yaranmış vəziyyət bizə maddi zərər yetirmişdir. Bununla yanaşı, diqqətinizə çatdırmaq istəyirik ki, təhvil verilən ümumi dəyəri 12361.80 AZN + 2225.12 AZN (ƏDV18%) təşkil etmişdir. xx.xx.2025-ci il tarixli, 01/25 №-li Üzləşmə Aktından da görünür ki, cavabdeh xx.xx.2024-cü ildə məhsulların ümumi dəyərinin yalnız bir hissəsini – 5042.00AZN + 907.56AZN (ƏDV18%)ödəmişdir. Geri qalan məbləğ - 7319.80 AZN + 1317.56 AZN (ƏDV 18%) bu günədək ödənilməmiş qalıb. Ümumilikdə borcun ödənilməsi gecikdirilir və bu müddət ərzində ödənilməni təmin etmək məqsədilə cavabdeh tərəflə müxtəlif kommunikasiya vasitələri vasitəsilə əlaqə saxlanılmış, problemi hüquqi müstəviyə keçirmədən, qarşılıqlı anlaşma və xoşniyyət əsasında mübahisənin həllini təmin etməyə çalışılmışdır. Göndərilən müraciətlərdə yaranmış borcun məbləği, ödənişin gecikmə müddəti və Müqavilə şərtləri aydın şəkildə izah edilmiş, cavabdehə öhdəliyin könüllü şəkildə yerinə yetirilməsi üçün dəfələrlə əlavə vaxt və imkan təqdim olunmuşdur. Lakin bütün bu cəhdlərə, tərəfimizdən göstərilən xoşniyyətli münasibətə və peşəkar yanaşmaya baxmayaraq, cavabdeh tərəfindən borcun tam ödənilməsi istiqamətində qənaətbəxş addımlar atılmamışdır. Beləliklə, Alıcının müqavilə öhdəliklərinə məsuliyyətsiz yanaşması nəticəsində yaranmış bu vəziyyət, müvafiq olaraq, müqavilə hüququnun əsas prinsipləri çərçivəsində dəyərləndirilməli və hüquqlarımızın bərpası üçün zəruri tədbirlər görülməlidir.

7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışının iştirakı olmadan keçirilməsini, həmçinin iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Birinci instansiya məhkəməsinin 2-2(113)-50001/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, cavabdеh Cavabdeh MMC-dən 26 oktyabr 2023-cü il tarixli 69/23 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 8637,36 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 106,37 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Göründüyü kimi tərəflər arasında 26 oktyabr 2023-cü il tarixində bağlanmış, 69/23 nömrəli Müqavilənin 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya “Hovuz materialların satışı” satır. Müqavilənin 2.2-ci bəndinə əsasən “Alıcı” isə “Satıcı”dan təklif olunan həmin malları alır. Müqavilənin 4.1-ci bəndinə əsasən “Satıcı” satdığı malları “Alıcı”ya təhvil verdikdən sonra “Alıcı” elektron qaimə fakturada göstərilmiş malların dəyərini tam olaraq ödəyir. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə ƏDV daxil 8637,36 manat ödənilməmiş borcu qalmışdır. Qarşılıqlı üzləşmə aktı ilə borc təsdiqini tapmışdır.  Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, təhvil-təslim aktları, üzləşmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 8637,36 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.  Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 8637,36 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 8637,36 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.  Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 106,37 manat dövlət rüsumu ödənilmişdir.  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün, dövlət rüsumunun əvəzi qismində 106,37 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki 443.1, 567, 568.1, 579.1, 600.1 və 600.4-cü maddələrinə istinad etmişdir.

12. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, elektron qaimədən əvvəl görülmüş işlərlə bağlı təhvil təslim aktları mövcud olmalıdır, təhvil-təslim aktındakı malların təhvil verilməsi araşdırılmayıb, ekspertiza keçirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

14. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

21. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

23. Maddə 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

24. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

34. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

35. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı ilə bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.

36. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

37. İş materiallarında olan tərəflər arasında 26 oktyabr 2023-cü il tarixində bağlanmış, 69/23 nömrəli Müqavilənin 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya “Hovuz materialların satışı” satır. Müqavilənin 2.2-ci bəndinə əsasən “Alıcı” isə “Satıcı”dan təklif olunan həmin malları alır. Müqavilənin 4.1-ci bəndinə əsasən “Satıcı” satdığı malları “Alıcı”ya təhvil verdikdən sonra “Alıcı” elektron qaimə fakturada göstərilmiş malların dəyərini tam olaraq ödəyir.

38. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında 4 ədəd təhvil-təslim aktı tərtib edilmiş, həmin xidmətin göstərilməsinin ödənişi ilə bağlı elektron qaimə-fakturalar göndərilmişdir.

39. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, təhvil-təslim aktı cavabdeh tərəfin imzası və möhürləri ilə təsdiq edilmiş, eyni zamanda elektron qaimələr təsdiq edilmiş, həmin qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz verilməmiş və ya qaimələrə düzəliş edilməsi üçün müraciət edilməmişdir.

40. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması.

41. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

42. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Üzləşmə Aktına əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixinə qədər 7319,80+1317,56 (ƏDV 18%) borcu qaldığını qəbul etmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

43. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, təsdiq etdiyi və mübahisələndirmədiyi aktların, elektron qaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır, həmçinin cavabdehin özünün təsdiq etdiyi borcu sonradan iddiaçı məhkəməyə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.

44. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

45. Eyni zamanda kollegiya apellyatorun mühasibatlıq ekspertizası keçirilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh həmin vəsatəti birinci instansiya məhkəməsində məhkəmə icraatı yekunlaşdıqdan sonra təqdim etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfdən hər hansı bir prosessual pozuntu müəyyən edilmir. Belə ki, prosessual qanunvericliyin tələblərinə əsasən tərəflər öz prosessual hüquqlarından vaxtında və vicdanla yerinə yetirməlidirlər.

46. Həmçinin iş materiallarında tərəflər arasında mal dövriyyəsini təsdiq edən elektron qaimə-fakturalar, malların təhvil verilməsini təsdiq edən imzalı təhvil-təslim aktları və ən əsası, tərəflərin qarşılıqlı borcun məbləğini rəsmən təsdiq etdikləri üzləşmə aktı mövcuddur. Həmin sənədlər tərəflərin iradəsini və faktiki borcun miqdarını birbaşa əks etdirən mötəbər sübutlardır. İşdə olan bu sənədlər arasındakı rəqəmlər bir-birini tamamladığı və ziddiyyət təşkil etmədiyi üçün, iş üzrə əlavə xüsusi biliklərin tətbiqinə (ekspertizaya) zərurət yoxdur.

47. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

48. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

49. Həmçinin mübahisələndirilən iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5001/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamə dərhal qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar