Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-178/2026 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X2 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-4146/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 47227 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 231,68 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müarciət edərək, cavadeh Cavabdeh 44577 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 231,68 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4146/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh 44.393 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 223 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Lerik rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixində Cavabdeh ərizə verərək maddi vəziyyətinin indiki çətin dövründə 44 min manatdan artıq vəsait onun və ailəsi üçün böyük məbləğ olduğundan və bu məbləğin 47017 manatını müxtəlif vaxtlarda iddiaçının işçilərinə ödədiyindən iddia müddətinin bərpa edilməsini və apellyasiya şikayəti vermək üçün prosessual imkan yaradılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-4146/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4146/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş “apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası” barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan Cavabdeh şikayət verərək iddiaçının haqsız varlanmasına səbəb olan qətnamədən apellyasiya şikayəti vermək hüququmun təmin olunması məqsədilə birinci instansiya məhkəməsinin qərardadını tam ləğv edib qərardadla həll edilməli olan məsələni həll edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə 12 noyabr 2025-ci ildə qüvvəyə minmişdir. Qətnamədən apellyasiya şikayəti vermək üçün müəyyən edilmş 1 aylıq müddət müəyyən edilsə də, maddi baxımından baş vermiş texniki problemlərə görə ərizəçi vaxtında həmin qətnamədən apellyasiya şikayəti verə bilməmiş və nəticədə qətnamə qüvvəyə minmişdir. Lakin eyni zamanda nəzərə almaq lazımdır ki, ərizəçi Lerikdə olduğundan həmin qətnamənin surəti heç olmazsa, kağız daşıyıcıda ərizəçinin yaşadığı ünvana göndərilsəydi, maddi sıxıntı nəticəsində yol verilmiş texniki problemlərin yaratdığı informasiyasızlıq mühiti ərizəçini mat vəziyyətinə sala bilməzdi və ərizəçi öz hüquqlarını qorumaq üçün apellyasiya şikayətini verərdi. İddiaçıya ondan aldığı bütün malların pullarını ödədiyi halda, onun xeyrinə qəbul edilmiş qətnamə məhkəmənin də təqsiri olmadan iddiaçının haqsız varlanmasına gətirib çıxaracaqdır. Heç olmasa bu faktın baş verməsinin qarşısının alınması üçün apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpası olduqca ağlabatan bir hərəkət olardı. ərizəçi vergidə götürdüyü VÖEN-lə fiziki şəxs kimi sahibkarlıqla məşğul olsa da, 2024-cü ilin sonu 2025-ci ilin əvvəllərində müflisliklə üzləşdi və məşğulluq alt sistemindən əldə etdiyi arayışdan da görünür ki, heç yerdə işləmir və heç bir şirkətlə əmək müqaviləsi yoxdur. Odur ki, pulsuzluq ucbatından hətta asan imzanın (**********) aylıq abunə pulunu ödəyə bilmədiyindən asan imza bağlı olmuş və vaxtında elektron məhkəmə sisteminə daxil ola bilmədi və nəticədə məhkəmədəki proseslərdən xəbəri olmayıb. Digər tərəfdən məhkəmə iclasları aparıldığı ərəfədə Lerikdə yaşadığından pulsuzluğa görə Bakıya gəlib-gedə bilmirdi və iclaslardan da xəbəri olmayıb. Sadəcə bir dəfə iddiaya qarşı etiraz yazıb və bütün maddi sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə isə iddiaçıya ödədiyi pulların qaytarılma tarixi və məbləği barədə ikitərəfli formada əl yazısı ilə yazılmış və tərtib etdiyi maddi sübutlara hüquqi qiymət verməmiş, yalnız milliön aparatı vasitəsilə onlara ödədiyi pulların rəsmi çeklərini əsas götürmüş və belə bir qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Bu qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən birtərəflidir, yalnız iddiaçının arqumentlərinə əsaslandığından əsassızdır və ədalət naminə ləğv edilməlidir. Məhz buna görə də o müddətin bərpası ilə bağlı məhkəməyə ərizə versə də, məhkəmə prosessual müddəti bərpa edləmədi və qərardadla ərizəsini rədd etdi. Həqiqətən də, müddətin bərpası üçün verdiyi ərizə ilə bağlı qəbul edilmiş qərardad maddi hüquq norması düzgün tətbiq edilmədiyindən ləğv edilməlidir. Yəni məhkəmə işsiz olduğunu, pulsuzluqdan asan imzasının bağlı olması faktını nəzərə almadan, müasir elektron məhkəmə sisteminə əsaslanaraq, qərardadla ərizəni rədd etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-4146/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-4146/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Faktiki hallar və hüquqi dəyərləndirmə: - EMİS-dən çıxarışa əsasən müəyyən edilir ki, e-2-2(113)-4146/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnamə xx.xx.2025-ci il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş və həmin sistem vasitəsilə bu barədə məlumat onun “Elektron ünvan ” elektron poçt ünvanına göndərilməklə rəsmi qaydada təqdim edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən həmin qətnamədən bu günədək apellyasiya şikayəti verilməmiş, yalnız xx.xx.2025-ci il tarixdə prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Beləliklə, sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət buraxılmışdır. Həmin müddət xx.xx.2025-ci il tarixdən başlamış və müddətin son günü qeyri-iş gününə təsadüf etdiyindən apellyasiya şikayətinin verilməsi üçün son tarix xx.xx.2025-ci il olmuşdur. Şikayətin arqumentləri: -Kollegiya həmçinin qeyd etməyi zəruri sayır ki, müddətin bərpası barədə ərizədə və apellyasiya şikayətində istinad olunan hallar prosessual müddətin buraxılmasının üzürlü səbəbləri kimi qiymətləndirilə bilməz. Belə ki, prosessual qanunvericilik üzürlü halların dairəsini dəqiq müəyyən etməsə də, ərizəçidən obyektiv və sübuta yetirilə bilən hallara istinad edilməsi tələb olunur. Hazırkı halda isə, cavabdehin maddi çətinliklərinin olması və ASAN imzasının bağlı olması obyektiv və qarşısıalınmaz səbəb deyildir. Digər tərəfdən həmin hallar hər hansı sübutla təsdiqlənmir. Qeyd edilir ki, cavabdeh ən azı prosessual müddətin bitməsinə qədər elektron imzada nasazlığın mövcudluğu barədə məhkəməyə yazılı şəkildə məlumat verə bilərdi. Odur ki, öz hüquqlarının müdafiəsində passiv mövqe nümayiş etdirmiş cavabdehin ərizəsində istinad etdiyi hallar formal mülahizə xarakteri daşıyır və məhkəmə tərəfindən qəbul edilmir. Belə olan halda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-4146/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(3-6)-178/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-178/2026
19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver