Məhkəmə qərarları › İş №2-2(3-6)-181/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-181/2026

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-181/2026 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “müqaviləyə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: lizinq müqaviləsi, lizinq müqaviləsi üzrə qalıq borcun tutulması, ilkin ödənişin hüquqi təbiəti) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “müqaviləyə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5689/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" ASC (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında xx.xx.2023-cü il tarixli GL 1093 saylı lizinq müqaviləsi, müqaviləyə 01 saylı Əlavə bağlanmışdır.

2. Müqaviləyə 01 saylı Əlavəyə əsasən lizinq obyektinin Seriyası 20151971, markası: Özdöken Modeli: ACM YBG7 olan 1 ədəd Kultivator-7 sıralı yaylı gübrəli təşkil etmişdir. Lizinq obyektinin qiyməti 16.120 manat olmuş, 5.182,96 manat güzəşt tətbiq edilmiş 3.720 manat ilkin ödəniş edilmiş və 72,17 komissiya məbləği tutulmuşdur.

3. xx.xx.2023-cü il tarixli GL 1093 saylı lizinq müqaviləsinə 3 saylı Əlavə ilə təsdiq edilmiş Təhvil-təslim protokolu ilə Lizinq verən lizinq obyektini lizinq alana təhvil vermişdir.

4. Müqavilə və ona Əlavələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli GL1172 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X3 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd Kultivator 7 sıralı yaylı gübrəli Seriya 20151971 saylı saz və işlək vəziyyətdə geri qaytarılması, 3.312,96 manat gecikdirilmiş əsas borcu, 524,29 manat cərimə borcunun və 58,38 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutularaq, İddiaçı ASC -yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli GL1093 saylı Lizinq müqaviləsinə əsasən ödəniş tapşığına uyğun olaraq 36 ay müddətinə ödəmə şərti ilə 7.217,04 manat lizinq məbləği 1 ədəd Kultivator 7 sıralı yaylı gübrəli Seriya 20151971 saylı avadanlığı lizinqə verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 16.120 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasən cavadeh tərəfindən 7.217,04 manat ilkin ödəniş və 72,17 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Nəticədə, xx.xx.2025-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə borcu yaranmışdır.

7. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə belə qənaətə gəmişdir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

8. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli GL 1093 saylı lizinq müqaviləsinin ləğv edilmiş hesab edilməsi, lizinq obyekti olan 1 ədəd Kultivator-7 sıralı yaylı gübrəli seriya № 20151971 marka: Özdökün Model: ACM-YBG7 Cavabdeh2 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması, dövlət rüsumunun əvəzi olaraq 58 (əlli səkkiz) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 41 (qırx bir) manat 62 (altmış iki) qəpik məbləğində pulun Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.  Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq obyektini qaytarmaq vəzifəsi yaranmışdır.  İş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəf müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradəsini ifadə etmişdir.  İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, cavabdeh tərəf xx.xx.2025-ci il tarixinədək 2.814 manat məbləğində ödəniş etmişdir.  Göründüyü kimi, Lizinq müqaviləsi üzrə öhdəlik cavabdeh tərəfindən icra edilmədiyindən, Məhkəmə hesab etmmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli GL 1093 saylı Lizinqi müqaviləsi əğv edilmiş hesab edilməli və Lizinq obyekti olan Seriyası 20151971, markası: Özdöken Modeli: ACM YBG7 olan 1 ədəd Kultivator-7 sıralı yaylı gübrəli Cavabdeh2 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır.  Məhkəmə həmçinin qeyd edir ki, saz və işlək vəziyyətdə qaytarılması hissəsində iddia təmin edilə bilməz. Belə ki, lizinq obyekti qaytarıldıqdan sonra ona zərərin dəydiyi müəyyən edilərsə, bu zərəri qarşı tərəfdən tələb etmək hüququ vardır.  Bundan başqa, məhkəmə hesab edir ki, iddia müqavilə üzrə əsas və cərimə borcunun tələb edilməsi hissəsində təmin edilməməlidir.  Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən hissəsinə qiymət verilməsi üçün lizinq müqaviləsinin təbiəti və mahiyyəti nəzərdən keçirilməlidir.  Lizinq müqaviləsinin anlayışına nəzər yetirildikdə aydın olur ki, lizinq müqaviləsi icarə və alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən bir müqavilədir.  Lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərar). 28. Lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər...... Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır...... (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar)  Göründüyü kimi, lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafi və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur.  Ancaq hazırkı halda, iddiaçı tərəf həm lizinq müqaviləsi üzrə əsas lizinq məbləğini tam tələb etməklə yanaşı eyni zamanda da, verilmiş 1 ədəd lizinq obyektinin geri qaytarılması tələbi nə qanunun mahiyyəti uyğun deyil, nə də, yuxarıda qeyd edilmiş məqsədlərə nail olmağa yönəlməmişdir.  Əksinə, bu kimi, hallar fiziki və hüquqi şəxslər tərəfindən lizinq müqaviləsinin bağlanmasından ehtiyyatlılıq yaratmış olacaqdır və bu da, öz növbəsində bir növ lizinq müqaviləsinin əsl məqsədlərinə nail olmağı mümkünsüz etmiş olacaqdır.  İş materiallarına lizinq müqaviləsinin ödəniş cədvəlindən görünür ki, son tarix xx.xx.2026-cı il tarixi olmaqla, lizinq məbləği 7217,04 manat təşkil etmişdir.  Qeyd edilmiş ödəniş cədvəlindən də, görünür ki, illkin ödəniş 3720 manat olmuşdur.  Hazırda isə iddiaçı xx.xx.2025-ci il tarixinədək yaranmış borcu tələb edir.  İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, cavabdeh tərəf xx.xx.2025-ci il tarixinədək 2.814 manat məbləğində ödəniş etmişdir.  Hazırda da, gecikdirilmiş borcun 3.312,96 manat, cərimə məbləğinin isə 500 manat tutulmasını xahiş edir.  Məhkəmə hesab edir ki, lizinq obyekti iddiaçıya geri qaytarıldığından, tələb edilən borc edilmiş ilkin ödəniş olan 3.720 manatla əvəzlənməlidir.  Belə ki, əks yanaşma iddiaçı tərəfin əsassız olaraq zənginləşməsi, lizinq alanın isə hüquqlarının pozulması ilə nəticələnə bilər.  Ona görə də, məhkəmə qeyd edir ki, iddia müqavilə üzrə əsas və cərimə borcunun tələb edilməsi hissəsində təmin edilə bilməz.  Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,38 manat məbləğində pul cavdehdən iddiaçının xeyrinə tutulmalıdır.  Eyni zamanda ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 41,62 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

10. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 462.1, 747.1, 748-1.12, 748-1.12.4, 748-2.5-ci maddələrinə, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli Qərarına istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı ASC apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qanunda pul tələblərinin itirilməsi barədə heç bir məhdudiyyət nəzərdə tutulmamışdır. Məhkəmənin “lizinqin iqtisadi mahiyyəti” barədə mülahizələri qanunun imperativ normasını əvəz edə bilməz. Məhkəmə əsas borcun tutulmasını rədd etmişdir ki, bu da maddi hüququn kobud pozuntusudur. Məhkəmə tərəflərin irəli sürdüyü tələblər üzrə qətnamə çıxarmalıdır.

Apellyasiya şikayətinə qarşı etiraz

13. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilmişdir.

Apellyasiya baxışı

14. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

18. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

20. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

21. Maddə 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri.

22. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748- 1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

23. Maddə 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 04 iyun 2021-ci il tarixli Qərardadı

29. Bənd 44. Tərəflər arasında bağlanmış X3i müqavilələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər.

30. Bənd 45. Müqavilənin həmin şərti MM-in 748-1.12-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir.

31. Bənd 48. Beləliklə, Ali Məhkəmənin Kommersiya və Mülki kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mülki qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz.

Apellyasiya baxışının həddi

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qismən yoxlanılması təşkil edir. Belə ki, iddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməyən hissəsini mübahisələndirmişdir. Cavabdeh isə iddianın qismən təmin olunmasına baxmayaraq, məhkəməyə apellyasiya şikayəti ünvanlamamışdır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

35. Kollegiya mübahisələndirilən hissə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

36. Mülki (kommersiya) mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

37. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

38. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, ilkin ödəniş lizinq obyektinin əldə edilməsi üçün istifadə edildiyindən, həmin ödənişin cavabdehin ümumi borcundan silinməsi qanuni sayıla bilməz.

39. Mülki qanunvericilikdə lizinq müqaviləsinə verilən anlayışdan və lizinq münasibətlərinin iştirakçılarının dairəsindən göründüyü kimi, lizinq-lizinq verənin vəsaiti hesabına əldə edilmiş lizinq predmeti olan əmlaka lizinq alanın müvəqqəti istifadə və sahibliyini nəzərdə tutur. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış maliyyə lizinqi müqaviləsinə lizinqalanın təqsiri üzündən-lizinq ödənişləri 2 dəfədən çox həyata keçirilmədiyinə görə vaxtından əvvəl xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, MM-nin 751-ci maddəsinə əsasən tərəflər arasındakı münasibətlərə əmlak kirayəsi müqaviləsinin qaydaları tətbiq edilməli və cavabdehdən lizinqə verilmiş avadanlıqların lizinqalanın istifadəsində olduğu müddət üçün razılaşdırılmış aylıq lizinq ödənişi məbləği tutulmalıdır.

40. Bununla yanaşı kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia müqavilə üzrə əsas və cərimə borcunun tələb edilməsi hissəsində təmin edilə bilməz.

41. Belə ki, işin hallarını və Mülki Məcəllənin 748-10.1, 748-11.1, 748-11.1.2, 750-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə cavabdehdən tutulmalı olan məbləğin müəyyən edilməsi zamanı onun tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilən ilkin ödəniş nəzərə alınmalıdır.

42. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinin tələblərinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

43. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində isə təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.

44. Hazırki işin mübahisəsiz halı da ondan ibarətdir ki, həmin lizinq obyektinin iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərci avans kimi 3720 manat məbləğində ödəniş etməklə cavabdeh çəkmişdir.

45. Mülki Məcəllənin 750-ci maddəsi də tələb edir ki, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildiyi zaman tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

46. Lakin iddiaçı tərəfindən borc hesablanarkən həmin avans ödənişi nəzərə alınmamışdır.

47. Halbuki hazırki işin halları ondan ibarətdir ki, cavabdeh 16.120,00 manat dəyərində olan lizinq obyektinin əldə edilməsi və iddiaçının mülkiyyətinə keçməsi üçün 3720 manat avans ödəmiş və xx.xx.2025-ci il tarixinədək 2.814 manat ödəniş etmiş, gecikdirilmiş borc 3.312,96 manat, cərimə məbləği isə 500 manat tutulmasını təşkil edir.

48. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildiyi və lizinq obyektinin lizinq şirkətinə geri qaytarılması qət edildiyi üçün onun əldə edilməsi ilə bağlı iddiaçının çəkdiyi xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan müddəalarına ziddir, eyni zamanda lizinq şirkətinin əsassız varlanmasına gətirib çıxarır. Çünki lizinq obyekti qaytarıldıqdan sonra lizinq şirkəti onları özgəninkilləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun lizinq şirkətinin mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini iddiaçı çəkmişdir.

49. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdeh X1 qarşı irəli sürülmüş lizinq müqaviləsi üzrə əsas və cərimə borcunun tutulması barədə iddia təmin edilə bilməz.

50. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

51. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

52. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5689/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar