Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-185/2026 27.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə (Açar sözlər: vergi borcu, mütənasiblik prinsipi, vergi ödəyicisi barəsində məcburiyyət tədbirinin tətbiq edilməsi, vergi borcunun mübahisələndirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026cı il tarixli, e-2-2(4-11)-180/2026 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. Maraqlı şəxs şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin fiziki şəxsin borcu mövcuddur.
2. Fiziki şəxs haqqında məlumatla təsdiq edilir ki, Maraqlı şəxs xx.xx.1993- cü il tarixdə Bakı şəhərinda doğulmuş (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 0872471) Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli **********711200 nömrəli bildiriş fiziki şəxsə müraciət edərək, vergi borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X3 Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək üçün onun (doğulduğu tarix - xx.xx.1993-cü il, Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 0872471) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə ümumilikdə 27399,34 manat məbləğində (o cümlədən, vergilər üzrə 19240,47 manat, faizlər üzrə 8158,87 manat) borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********711200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu fiziki şəxs Maraqlı şəxs Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Borcun ödənilməsini təmin etmək üçün borclu fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(4-11)-180/2026 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin xx.xx.2025ci il tarixə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən fiziki şəxsə borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərmişdir. Borc məbləği ödənilmədiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlib ki, ərizə təmin edilməli, vergi ödəyicisi olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixə olan borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.1.2-1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5, 355-7-ci maddələrinə istinadla əsaslandırmışdır.
9. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarş“ı Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-619598/2025 № qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Göründüyü kimi, hesablanmış vergi borcu üzrə yekun qərar qəbul edilmədiyindən, Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qanunsuz və əsassızdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Konstitusiyasının: -71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət- ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
14. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. -24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
15. AR MPM-in: -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
16. İnsan hüqüqları üzrə Avropa Məhkəməsinin Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, və Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir.
Apellyasiya baxışının hədləri:
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan fiziki şəxs vergi öhdəliklərini ödəmək öhdəliyini vaxtında icra etməmiş, nəticədə Maraqlı şəxs dövlət büdcəsinə 27399,34 manat məbləğində borcu yaranmışdır. Vergi ödəyicisinə vergi borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Hazırda vergi orqanı tərəfindən vergi öhdəliklərinin icra edilməsinin təmin edilməsi məqsədilə vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması tələb edilir. Maraqlı şəxs həmin borcların hesablnamasına dair inzibati orqanın qərarlarını mübahisləndiridiyini əsas göstərərək ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizənin rədd edilməsini tələb edir.
20. Maraqlı şəxsin apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya müəyyən etmişdir ki, iddiaçı Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “vergilər, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-174745/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-619598/2025 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14065/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mqübahisələndirmə haqqında iddianın verilməsi üçün İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin ötürülməsi əsası ilə mümkün sayılmamışdır. İddiaçı qeyd olunan qərardaddan apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(3-6)-34/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, inzibati məhkəmənin qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardad qanuni qüvvəyə minmişdir.
21. Göründüyü kimi, maraqlı şəxsin hazırki mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasına dair yeganə dəlili vergi borcunun məhkəmə qaydasında mübahisələndirilməsi olmuşdur. İş materiallarına əsasən isə müəyyən edilir ki, “vergilər, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə qərarların mübahisələndirilməsinə dair maraqlı şəxsin iddiası üzrə inzibati iş üzrə icraat yekunlaşmışdır.
22. Həmçinin işə məhkəmədə baxıldığı müddət ərzində vergi ödəyicisi tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Əksinə, vergi borcu barədə məlumatlardan çıxarışa əsasən müəyyən olunur ki, fərdi sahibkar Maraqlı şəxs xx.xx.2026-cı il tarixinə dövlət büdcəsinə olan vergi borcu 27399,34 manat təşkil edir.
23. Beləliklə, iş üçün əhəmiyyət kəsb edən yuxarıda göstərilən halları, eləcə də vergi ödəyici tərəfindən bir iləyaxın müddət ərzində vergi borcları üzrə ümumiyyətlə hər hansı ödəniş edilmədiyini, eləcə də borclu vergi ödəyicisinin fərdi sahibkar olmaqla iri sahibkarlıq subyektlərinə aid edilmədiyini, vergi borcunun isə kifayət qədər yüksək olduğunu, vergi ödəyicisinin mülkiyyətində daşınmaz əmlak və ya reyestrdə qeydiyyata alınmış daşınar əmlakın olmadığını nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırkı halda vergi borcunun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdılması mütənasiblik prinsipinin tələblərinə cavab verir.
24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
25. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu maraqlı şəxsə aid edilməlidir.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(4-11)-180/2026 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum maraqlı şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov