Məhkəmə qərarları › İş №2-2(3-6)-187/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-187/2026

21.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-187/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh ASC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbi üzrə (Açar sözlər: kasko sığortası, sığorta ödənişinin ödənilməsindən imtina üçün əsaslar, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə1, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (sığortalı) və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (sığortaçı) arasında 2013-cü il buraxılışlı, ** YK *** dövlət qeydiyyat nişanlı “Lexus IS 250 minik” markalı, qara rəngli (Ban: JTHBF1D21E5004348, mühərrik: 0914002) nəqliyyat vasitəsinin (avtomobil) sığortalanması üçün ##.##.2024-cü il tarixdə “Avtonəqliyyat vasitələrinin kasko sığortası” üzrə MC-MIC-****/** saylı müqavilə bağlanmış, müqaviləyə görə avtomobil, sığortalı və faydalanan şəxs İddiaçı MMC, sığorta olunan Behbudov Ruslan Rafiq oğlu olmaqla ## ##### 2027-ci il tarixədək 1539 manat sığorta haqqı, 1000 manat şərtsiz azadolma məbləği və tam sığorta şərti ilə oğurlanma, yanğın, partlayış, yol nəqliyyat hadisəsi, hər hansı predmetlə toqquşma, üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan risklərindən 27 000 manat məbləğində sığortalanmışdır.

2. Sığorta şəhadətnaməsinə əsasən tərəflər razılaşmışlar ki, “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları daxil nəqliyyat vasitəsi sahiblik və istifadə hüququ olmayan şəxslər (rəsmi ayıq sürücü xidməti göstərən şəxslər istisna olmaqla) tərəfindən idarə edildikdə yaranmış zərərlərə təminat verilmir. Yəni, nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanuni sahibi tərəfindən verilmiş yazılı etibarnaməsi olmayan şəxslər sığortaolunan hesab olunmur”.

3. ## #### 2024-cü il tarixdə sığorta müqaviləsinə * saylı Əlavə razılaşdırılmış, sığortalının (İddiaçı MMC-nin) müraciəti əsas götürülərək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sığorta şəhadətnaməsinə sürücü qismində əlavə olunmuşdur.

4. “Lexus IS 250 minik” markalı ** YK *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən verilmiş və ## ######## 2024-cü il – ## ####### 2024-cü il tarixlərini əhatə edən yol vərəqəsi əsasında Şükürlü Nihad Nahid oğlunun idarəetməsində olarkən həmin nəqliyyat vasitəsinin iştirakı ilə ##.##.2024-cü il tarixdə, saat 08:00-da yol-nəqliyyat hadisəsi baş vermiş, “Lexus IS 250 minik” markalı ** YK *** dövlət qeydiyyat nişanlı avtomobillə X2 mülkiyyətində və idarəetməsində olan “Hyundai Avante minik” markalı ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, Şükürlü Nihad Nahid oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci (əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması) və 469.3-cü (avtonəqliyyat vasitəsinin sahibi tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddələri ilə ##.##.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş, Şükürlü Nihad Nahid oğlu 100 manat məbləğində cərimə olunmuşdur.

5. İddiaçı MMC tərəfindən “Lexus IS 250 minik” markalı ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Şükürlü Nihad Nahid oğluna verilmiş və ## ######## 2024-cü il – ## ####### 2024-cü il tarixlərini əhatə edən yol vərəqəsi “Portal.com.az” elektron saytında qeydiyyata alınmışdır.

6. Cavabdeh ASC-nin və İddiaçı MMC-nin nümayəndələri tərəfindən ##.##.2024-cü il tarixdə tərtib olunmuş “Sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vasitəsinin qalıq hissə dəyərinin məbləğinin qarşılıqlı razılaşdırılmasına dair” aktda göstərilmişdir ki, “...MC- MİC-0775/24 sığorta şəhadətnaməsi ilə sığortalanmış və ##.##.2024-cü il tarixində qəzaya məruz qalmış ** YK *** dövlət qeydiyyat nişanlı “Lexus IS 250 minik” markalı avtomobil tam itkiyə məruz qalmış və avtomobilin hadisədən sonrakı qalıq hissə dəyəri 7200 manat, bazar dəyəri isə 27 000 manat məbləğində müəyyənləşdirilmişdir. Müvafiq sığorta qaydalarına uyğun olaraq avtomobilin qalıq hissəsi sığortalının öhdəliyində qalır. Tərəflər, bir-birinə qarşı bundan sonra heç bir iddiasının olmadığını öz imzaları ilə təsdiq edirlər.”.

7. Sığorta ödənişinin ödənilməsi ilə bağlı Şükürlü Nihad Nahid oğlunun ##.##.2024-cü il tarixli müraciətinə Cavabdeh ASC tərəfindən verilən ##.##.2024-cü il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “Yazaraq bildiririk ki, “xxxx" BOKT MMC ilə “xxxx" ASC arasında ** YK *** dövlət qeydiyyat nişanlı “Lexus İS 250” markalı avtomobilin sığortalanması üçün "Avtonəqliyyat vasitələrinin kasko sığortası" üzrə MC-MIC-****/**** saylı sığorta müqaviləsi bağlanmışdır. ## ####### 2024-cü il tarixində Siz şirkətimizə müraciət edərək həmin avtomobilə zərər dəyməsi barəsində məlumat vermişsiniz. Müraciətiniz tərəfimizdən qeydiyyata alınmış və qanunvericiliyə uyğun olaraq təfərrüatların araşdırılması üçün tərəfimizdən Suraxanı rayonu DYPİ-yə sorğu məktubu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq BPİ DYPİ-nin təqdim etdiyi sənədlərdən aydın olmuşdur ki, ## ####### 2024-cü il tarixində baş vermiş hadisə zamanı ** YK *** dövlət qeydiyyat nişanlı “Lexus İS 250” markalı avtomobili Siz idarə etmişsiniz. Qeyd elmək istərdik ki, MC-MIC-****/** saylı sığorta müqaviləsi “xxxx" ASC-nin "Avtonəqliyyat vasitələrinin tam sığortası" Qaydalarının şərtləri əsasında bağlanmışdır və baş verə biləcək bütün hadisələr həmin Qaydalar əsasında tənzimlənir. Bildiririk ki, “Avtonəqliyyat vasitələrinin tam sığortası" Qaydalarının 28.1-ci bəndinə əsasən bu sığorta ilə yalnız sığorta şəhadətnaməsində adı qeyd olunan səlahiyyətli sürücü avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verilir. Əlavə olaraq həmin Qaydaların 7.1.16-cı bəndinə əsasən avtonəqliyyat vasitəsi sığorta şəhadətnaməsi üzrə səlahiyyəti olmayan sürücü tərəfindən idarə edildikdə baş verən itki və ziyanlar sığortaçı tərəfindən ödəniImir. Hadisə anında MC-MIC-****/** saylı sığorta müqaviləsinin “Sığorta olunan” xanasında Sizin adınız qeyd olunmadığına görə sığorta şəhadətnaməsi üzrə səlahiyyətli sürücü hesab olunmursunuz və bu səbəbdən avtomobilə dəymiş zərər sığorta təminatı ilə əhatə olunmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən (baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi) Cavabdeh ASC-nin ## ####### 2024-cü il tarixli müraciət ilə əlaqədar məsuliyyəti yaranmır. Mövzu ilə bağlı hər hansı bir sual yarandıqda şirkətimizin Assislans Mərkəzi ilə (*7000) əlaqə saxlaya bilərsiniz”.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (iddiaçı) Cavabdeh ASC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 18 800 manat məbləğində sığorta ödənişinin, həmçinin 146,40 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli MC-MIC-****/** nömrəli sığorta şəhadətnaməsinə əsasən, mülkiyyətində olan ** YK *** dövlət qeydiyyat nişanlı “Lexus IS 250 minik” markalı avtomobil sığorta olunmuş, nəqliyyat vasitəsi ## ####### 2024-cü il tarixində yol-nəqliyyat hadisəsinə məruz qalmış və bu barədə cavabdehə müvafiq məlumat verilmiş, onun tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli “Sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vasitəsinin qalıq hissə dəyərinin məbləğinin qarşılıqlı razılaşdırılmasına dair” Akta əsasən, avtomobilin hadisədən sonrakı qalıq hissə dəyəri 7200 manat, bazar dəyəri ilə 27 000 manat müəyyən edilmişdir. Həmin Aktda göstərilmişdir ki, avtomobilin qalıq hissəsi sığortalının öhdəliyində qaldığı və 1000 manat azadolma məbləği olduğu üçün cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan sığorta ödənişi 18 800 manat təşkil edir. Cavabdeh tərəfindən göndərilmiş ##.##.2024-cü il tarixli *****/C nömrəli cavab məktubu ilə “Avtonəqliyyat vasitələrinin tam sığortası” Qaydalarının 28.1-ci bəndinə istinadla, avtomobili idarə edən sürücünün səlahiyyətli hesab edilməməsi səbəbindən sözügedən nəqliyyat vasitəsi üzrə sığorta ödənişinin həyata keçirilməsindən imtina edilmişdir. Sözügedən nəqliyyat vasitəsi ## ######## 2024-cü il tarixində tərtib edilmiş və ## ####### 2024-cü il tarixinədək etibarlı olan yol vərəqəsinə əsasən sürücü tərəfindən idarə edilmişdir. Həmçinin, bu etibarnaməyə dair məlumatlar Daxili İşlər Nazirliyinin müvafiq portalına daxil edilmişdir ki, bu da hadisə zamanı nəqliyyat vasitəsinin idarə edilməsinə dair hüquqi əsasın qüvvədə olduğunu təsdiq edir. Eyni zamanda, sözügedən sığorta şəhadətnaməsinin şərtlərinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları daxil, nəqliyyat vasitəsini sahiblik və istifadə hüququ olmayan şəxslər (rəsmi ayıq sürücü xidməti göstərən şəxslər istisna olmaqla) tərəfindən idarə edildiyi hallarda yaranmış zərərlərə təminat verilmir. Yuxarıda göstərilən şərtdən aydın olduğu kimi, hadisə zamanı nəqliyyat vasitəsini idarə edən Şükürlü Nihad Nahid oğlu qüvvədə olan yol vərəqəsinə əsasən nəqliyyat vasitəsini idarə etmiş və bu səbəbdən sığorta şəhadətnaməsində nəzərdə tutulan “sahiblik və istifadə hüququ olmayan şəxslər" kateqoriyasına daxil edilməmişdir.

10. Cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı yazılı mülahizə təqdim etmiş, etirazında aşağıdakıları göstərmişdir: “##.##.2024- cü il tarixində tərəflər arasında MC-MIC- ****/** nömrəli sığorta müqaviləsi bağlanmışdır. Sözügedən müqaviləyə əsasən avtomobil “Avtonəqliyyat vasitələrinin tam sığortası” üzrə sığortalanmışdır. Bu müqavilə çərçivəsində “Behbudov Ruslan Rafiq oğlu” sığorta olunan (səlahiyyətli sürücü) kimi qeydiyyata alınmışdır. Sığortalı idiaçının müraciətinə əsasən ##.##.2024-cü il tarixində sığorta müqaviləsinə (sığorta şəhadətnaməsinə) əlavə buraxılmış, “Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs” da sığorta müqaviləsi (sığorta şəhadətnaməsi) üzrə sığorta olunan (səlahiyyətli sürücü) kimi qeydiyyata alınmışdır. ##.##.2024-cü il tarixində Şükürlü Nihad Nahid oğlu Cəmiyyətə müraciət edərək yol-nəqliyyat hadisəsinin baş verdiyini, sığortalanmış avtonəqliyyat vasitəsinə zərər dəydiyini bildirmişdir. Müraciət dərhal qeydiyyata alınmış və müraciət üzrə sığorta araşdırmasına başlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 924.2-ci maddəsinin tələbi nəzərə alınaraq səlahiyyətli dövlət orqanına - Suraxanı rayon DYPŞ-yə sorğu ünvanlanmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 925.1-ci maddəsinin tələbi nəzərə alınaraq sığortalanmış avtonəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi təşkil edilmiş, bu barədə sığortalıya ətraflı məlumat verilmişdir. Səlahiyyətli dövlət orqanına ünvanlanmış sorğuya cavab olaraq Suraxanı rayon DYPŞ-nin təqdim etdiyi sənədlərdən tam aydın olmuşdur ki, ##.##.2024-cü il tarixində 08:00 radələrində ** KN *** “Hyundai Avante” markalı və ** YK *** “Lexus IS 250” markalı avtonəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. ** YK *** “Lexus IS 250” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Şükürlü Nihad Nahid oğlu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs kimi tanınmışdır. MC-MIC-****/** nömrəli sığorta müqaviləsi onun adından və məzmunundan aydın olduğu kimi Cəmiyyətin “Avtonəqliyyat vasitələrinin tam sığortası” Qaydalarına əsaslanır. Sığorta Qaydaları cavabdehin rəsmi internet səhifəsində mövcuddur: https://pasha-insurance.az/az/about-us/insurance-wordings. Əlavə olaraq bilavasitə sığorta müqaviləsində də “Avtonəqliyyat vasitələrinin tam sığortası” Qaydalarına dair qeydlər mövcuddur və sığortalı iddiaçı sözügedən Qaydalarla tanış olmuş, bütün şərtləri ilə razılığını bildirmişdir. Qaydaların “Ümumi anlayışlar” bölməsində “səlahiyyətli sürücü”yə aşağıdakı məzmunda anlayış verilmişdir: “Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun qaydada avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan və məhkəmə qərarı ilə və ya digər səlahiyyətli orqanın qərarına əsasən avtonəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməyən və adı sığorta şəhadətnaməsində qeyd olunan şəxs”. Qaydaların 28.1-ci bəndinə əsasən bu sığorta ilə yalnız sığorta şəhadətnaməsində adı qeyd olunan səlahiyyətli sürücü avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verilir. Qaydaların 7.1.16-cı bəndinə əsasən isə avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi üzrə səlahiyyəti olmayan sürücü tərəfindən idarə edilməsi halında baş verən ikti və ziyanlar sığortaçı tərəfindən ödənilmir. Əlavə olaraq bilavasitə sığorta müqaviləsinin özündə də nəqliyyat vasitəsini məhz dəqiq adları göstərilən sürücülərin idarə edə biləcəyinə dair şərt mövcuddur. Sığorta olunanların siyahısında nəqliyyat vasitəsini istismar edən sürücülərin dəqiq adları göstərilməlidir. Göründüyü kimi yol-nəqliyyat hadisəsi zamanı ** YK *** dövlət qeydiyyat nişanlı Avtonəqliyyat vasitəsinin sürücüsü Şükürlü Nihad Nahid oğlunun adı sığorta müqaviləsində göstərilmədiyinə görə, sığorta müqaviləsi üzrə səlahiyyəti olmayan sürücü olduğuna görə ##.##.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər sığorta təminatı ilə əhatə olunmur və baş vermiş hadisə sığorta hadisəsi hesab olunmur”.

11. Məhkəmənin ##.##.2025-ci il tarixli protokol-qərardadı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşdur.

12. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi (vəkili) iddia tələbi ilə razı olduğunu bildirmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmişdir.

13. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh ASC-dən 18 800 manat məbləğində sığorta ödənişinin və 146,40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

14.1. Tərəflər arasında sığorta müqaviləsinin bağlanması və iddiaçıya MC-MIC-****/** saylı sığorta şəhadətnaməsinin verilməsi ilə öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisə üzrə sığorta müqaviləsinin bağlanması, sığorta hadisəsinin baş verməsi, sığorta hadisəsi nəticəsində avtomobilə zərər dəyməsi işin mübahisəsiz hallarıdır. Tərəflər arasındakı mübahisə sığorta ödənişinin verilməsi ilə bağlıdır. Cavabdeh sığorta ödənişini verməkdən imtina edir, imtinasını isə onunla əsaslandırır ki, sığorta hadisəsi baş verən vaxt avtomobili idarə etmiş Şükürlü Nihad Nahid oğlunun adı MC-MIC-****/** saylı sığorta müqaviləsinin “sığorta olunan” xanasında qeyd olunmadığına görə o, sığorta şəhadətnaməsi üzrə səlahiyyətli sürücü hesab edilmir. Tərəflər arasında bağlanmış sığorta müqaviləsində də (sığorta şəhadətnaməsində) qeyd edilmişdir ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları daxil nəqliyyat vasitəsini sahiblik və istifadə hüququ olmayan şəxslər (rəsmi ayıq sürücü xidməti göstərən şəxslər istisna olmaqla) tərəfindən idarə edildikdə yaranmış zərərlərə təminat verilmir. Yəni, nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanuni sahibi tərəfindən verilmiş yazılı etibarnaməsi olmayan şəxslər sığortaolunan hesab olunmur. 14.2. Mübahisəyə düzgün hüquqi qiymət verilməsi baxımından sığorta şəhadətnaməsində qeyd edilən “sahiblik və istifadə hüququ olmayan şəxslər” ifadəsinin yalnız etibarnamə əsasında səlahiyyət verilməyən şəxlər olub-olmamasının sığorta məqsədləri üçün təhlil edilməsinə zərurət vardır. Bunun üçün eibarnamənin mahiyyətinə, onun verilməsi və tətbiqi məqsədinə diqqət yetirilməlidir. 14.3. Məhkəmə avtomobilə dair etibarnamənin olmamasına dair cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, mülki hüquq münasibətləri baxımından etibarnamə əmlakı idarə etmək hüququ ilə bərabər, həm də təmsilçiliyi nəzərdə tutur. “Təmsilçilik” sözünün mənası isə birinin müvəkkili olmaq, bir işdə onu əvəz etmək, onun adından danışmaq, yaxud birinin mənafeyini, fikrini, görüşünü və s. ifadə etmək deməkdir. Həmçinin, Mülki Məcəllənin 152.8-ci maddəsində də etibarnamənin mahiyyətinə daha dəqiq aydınlıq gətirilərək qeyd edilir ki, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 14.4. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəqliyyat vasitəsinə dair əvəzsiz istifadəyə verilməsi və sərəncam verilməsi barədə etibarnamələr fəqrləndirilmişdir. Nəqliyyat vasitələrinə dair sərəncam verilməsi barədə etibarnamələr nəqliyyat vasitələrindən istifadə və saiblikdən başqa, həm də mülkiyyətçinin mənafeyinə uyğun olaraq ona dair sərəncamlar (satmaq, bağışlamaq və s.) verilməsini nəzərdə tutduğu halda, nəqliyyat vasitəsinin əvəzsiz istifadəyə verilməsi barədə etibarnamələr yalnız onların idarə edilməsi məqsədilə sahibliyi və istifadəni nəzərdə tutur. 14.5. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinin müqayisəli təhlilindən görünür ki, cavabdehin qeyd etdiyi etibarnamə anlayışı sığorta məqsədi üçün nəqliyyat vasitəsinin yalnız idarə edilməsini ehtiva edən sahiblik və istifadə ilə bağlı səlahiyyətləri əks etdirir. “Səlahiyyət” sözünün mənası isə hüquq sahibi tərəfindən digər şəxslərə verilən hüquq, ixtiyar, idarə etmə deməkdir. Mülki qanunvericilikdə də səlahiyyətin hüquq sahibi tərəfindən yalnız etibarnamə ilə deyil, həm də qanunla müəyyən edilmiş digər formada verilən rəsmi sənədlər əsasında verilməsini də nəzərdə tutur. 14.6. İş materiallarına əlavə edilmiş “portal.com.az” elektron saytından əldə edilmiş çıxarışdan görünür ki, avtomobilin idarə edilməsi üçün ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək Şükürlü Nihad Nahid oğluna yol vərəqəsi verilmiş və həmin yol vərəqəsi dövlət yol polisi orqanı tərəfindən qeydiyyata alınmışdır. Məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, Şükürlü Nihad Nahid oğluna verilmiş yol vərəqəsi avtomobili idarə etmək səlahiyyətini özündə əks etdirdiyindən sığorta məqsədləri üçün bu, eyni zamanda sahiblik və istifadə hüququnu da ehtiva edir. 14.7. Məhkəmə cavabdehin Şükürlü Nihad Nahid oğlunun adının “Sığorta olunan” xanasında qeyd edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin bu dəlilinə hüquqi qiymət verilməsi üçün sığorta qanunvericiliyində “sığorta olunan”, “sığorta ödənişi” və “faydalanan şəxs” ifadələrinin mənasına diqqət yetirmək lazımdır. 14.8. “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 1.1.5-ci bəndinə görə sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs, 1.1.6-cı bəndinə görə faydalanan şəxs - icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs, 1.1.21-ci bəndinə görə, sığorta ödənişi isə – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmçinin, Mülki Məcəllənin 884.6-cı maddəsinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Qeyd edilən müddəaların mənasından da görünür ki, sığorta ödənişi sığorta olunana deyil, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq faydalanan şəxsə verilməli olan maliyyə kompensasiyasıdır. Tərəflər arasında bağlanmnış sığorta müqaviləsinə əsasən faydalanan şəxs kimi iddiaçı müəyyən edilmişdir. Bu halda da, cavabdehin Şükürlü Nihad Nahid oğlunun adının “Sığorta olunan” xanasında qeyd edilməməsi əsası ilə sığorta ödənişini verməkdən imtina etməsi qanunsuz olmuşdur.

15. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 362.1-ci, 386.1-ci, 389.1-ci, 883.1-ci, 898.1-ci, 898.2-ci, 898.4-cü, 922.1-ci, 926.1-ci, 926.3-cü, 934.1-ci maddələrinə istinad etmişdir.

16. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyni, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını irəli sürmüşdür. Şikayətdə vurğulanmışdır ki, “Bakı Kommersiya Məhkəməsi iddianı təmin edərkən mübahisəyə sürücünün sırf “etibarnamə”yə görə səlahiyyətli olub-olmaması aspektindən yanaşmış, sığorta münasibətlərinin mahiyyətinə və spesifikliyinə varmamış, tərəflərin qarşılıqlı razılaşmasına, sığorta qaydalarının və sığorta müqaviləsinin məzmununa əhəmiyyət verməmişdir. Bildirmək istəyirik ki, MC-MIC- ****/** nömrəli sığorta müqaviləsi Cəmiyyətin “Avtonəqliyyat vasitələrinin tam sığortası” Qaydalarına əsaslanır. Qaydaların “Ümumi anlayışlar” bölməsində “səlahiyyətli sürücü”yə “Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun qaydada avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan və məhkəmə qərarı ilə və ya digər səlahiyyətli orqanın qərarına əsasən avtonəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməyən və adı sığorta şəhadətnaməsində qeyd olunan şəxs” məzmununda anlayış verilmişdir. Sözügedən Qaydaların 28.1-ci bəndinə əsasən bu sığorta ilə yalnız sığorta şəhadətnaməsində adı qeyd olunan səlahiyyətli sürücü avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verilir. Qaydaların 7.1.16-cı bəndinə əsasən avtonəqliyyat vasitəsi sığorta şəhadətnaməsi üzrə səlahiyyəti olmayan sürücü tərəfindən idarə edildikdə baş verən itki və ziyanlar sığortaçı tərəfindən ödənilmir. Bilavasitə MC-MIC-****/** nömrəli sığorta müqaviləsinin şərtlərinə əsasən də sığorta olunanların siyahısında nəqliyyat vasitəsini istismar edən sürücülərin dəqiq adları göstərilməlidir. Ümumiləşdirsək, sığortaçının “Avtonəqliyyat vasitələrinin tam sığortası” sığorta məhsulu üzrə “yol-nəqliyyat hadisəsi” riskinə təminat verə bilməsi üçün ilkin olaraq aşağıdakı şərtlərin hər biri ödənilməlidir: • Sürücünün adı sığorta şəhadətnaməsində qeyd olunmalıdır; • Sürücünün qüvvədə olan müvafiq kateqoriyalı sürücülük vəsiqəsi mövcud olmalıdır; • Sürücü avtonəqliyyat vasitəsinin mülkiyyətçisi deyilsə, etibarnaməsi mövcud olmalıdır. Vurğulamaq istəyirik ki, “xxxx BOKT” MMC “Avtonəqliyyat vasitəsinin tam sığortası” üzrə ərizə forması ilə Cəmiyyətə müraciət edərək avtomobili yalnız Behbudov Ruslan Rafiq oğlunun idarə edəcəyini bildirmiş, bunun davamı olaraq tərəflər arasında bağlanmış MC-MIC- ****/** saylı sığorta müqaviləsi ilə məhz Behbudov Ruslan Rafiq oğlu sığorta olunan (səlahiyyətli sürücü) kimi tanınmışdır. Bir neçə ay sonra “xxxx BOKT” MMC Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da sığorta müqaviləsi üzrə səlahiyyətli sürücü kimi tanınması üçün Cəmiyyətə müraciət etmiş, tərəflərin qarşılıqlı razılığı ilə sığorta müqaviləsinə * nömrəli Əlavə buraxılmışdır. Hadisə baş verənədək Şükürlü Nihad Nahid oğlunun adının sığorta olunanlar (səlahiyyətli sürücülər) siyahısına əlavə olunması və sığorta müqaviləsinə müvafiq əlavənin buraxılması ilə bağlı isə “xxxx BOKT” MMC-dən hər hansı müraciət daxil olmamışdır. Nəticə etibarilə yol-nəqliyyat hadisəsi baş verən anda ** YK *** dövlət qeydiyyat nişanlı “Lexus IS 250” markalı avtomobili idarə etmiş Şükürlü Nihad Nahid oğlunun adı MC-MIC- ****/** nömrəli sığorta müqaviləsində (şəhadətnaməsində) mövcud olmadığına görə, yəni sığorta müqaviləsinə əsasən o, sığorta olunan (səlahiyyətli sürücü) hesab olunmadığına görə bu hadisə sığorta hadisəsi hesab olunmur və sığorta təminatı ilə əhatə oluna bilməz”.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı, izahatlar

18. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

23. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

24. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

28. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.

29. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.

30. Maddə 915. Sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir.

31. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

32. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

33. Maddə 923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.

34. Maddə 923.3. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir.

35. Maddə 923.4. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.

36. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

37. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.

38. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

39. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

40. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

41. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.

42. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

43. Maddə 935.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.

“xxxx" ASC-nin “Avtonəqliyyat vasitələrinin tam sığortası Qaydaları”

44. Ümumi anlayışlar: Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi; Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs; Faydalanan şəxs(lər) - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs; Səlahiyyətli sürücü - Azərbaycan Respublikası mövcud qanunvericiliyinə uyğun qaydada avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan və məhkəmə qərarı ilə və ya digər səlahiyyətli oqanın qərarına əsasən avtonəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməyən və adı sığorta şəhadətnaməsində qeyd olunan şəxs.

45. Bənd 7.1. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı hallar nəticəsində baş verən itki və ziyanlar Sığortaçı tərəfindən ödənilmir: ... 7.1.16. Avtonəqliyyat vasitəsi sığorta şəhadətnaməsi üzrə səlahiyyəti olmayan sürücü tərəfindən idarə edildikdə.

46. Bənd 28.1. Bu sığorta ilə yalnız sığorta şəhadətnaməsində adı qeyd olunan səlahiyyətli sürücü avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verilir.

47. Bənd 28.2. Sığorta şəhadətnaməsi ilə qanunvericiliyə müvafiq qaydada avtonəqliyyat vasitəsini idarəetmə səlahiyyəti verilmiş şəxs sığorta hadisəsi zamanı Sığortalının şəhadətnamə üzrə hüquq və vəzifələrini yerinə yetirə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

54. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

55. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

56. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

57. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

58. İddiaçı MMC və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında “Lexus IS 250 minik” markalı nəqliyyat vasitəsinin (avtomobil) sığortalanması üçün ##.##.2024-cü il tarixdə müqavilə bağlandığı, avtomobilin, sığortalı və faydalanan şəxs İddiaçı MMC, sığorta olunan Behbudov Ruslan Rafiq oğlu olmaqla ## ##### 2027-ci il tarixədək yol nəqliyyat hadisəsi nəticəsində dəyən ziyan risklərindən 27 000 manat məbləğində sığortalandığı, avtomobil İddiaçı MMC tərəfindən verilmiş yol vərəqəsi əsasında Şükürlü Nihad Nahid oğlunun idarəetməsində olarkən həmin nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi və avtomobilə ziyan dəydiyi işin mübahisə olunmayan hallarıdır.

59. Tərəflər arasında mübahisənin yaranmasına səbəb, yol-nəqliyyat hadisəsindən sonra Şükürlü Nihad Nahid oğlunun sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı Cavabdeh ASC-nə etdiyi müraciətə cavabdehin imtina cavabı verməsi olmuşdur. Cavabdeh ASC sığorta ödənişinin verilməsindən imtinasını onunla əsaslandırmışdır ki, sığortalanmış avtomobili idarə etmiş şəxsin adı MC-MIC-****/** saylı sığorta müqaviləsinin (şəhadətnaməsinin) “Sığorta olunan” xanasında göstərilmədiyindən o, şəhadətnamə üzrə səlahiyyətli sürücü hesab olunmur və bu səbəbdən avtomobilə dəymiş zərər sığorta təminatı ilə əhatə edilmir.

60. Kollegiya ilk növbədə qeyd edir ki, sığorta müqaviləsi riskin ötürülməsi barədə mülki-hüquqi razılaşmadır və bu müqavilədə sığortaçının məsuliyyət dairəsi, yəni hansı halların sığorta hadisəsi hesab olunması və hansı halların təminat xaricində qalması tərəflərin razılaşması ilə müəyyən edilir.

61. Cavabdehin istinad etdiyi “Avtonəqliyyat vasitələrinin tam sığortası Qaydaları”nda (cavabdehin təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan Qaydalar) təsbit olunmuşdur ki, “bu sığorta ilə yalnız sığorta şəhadətnaməsində adı qeyd olunan səlahiyyətli sürücü avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verilir” (§ 46) və “avtonəqliyyat vasitəsi sığorta şəhadətnaməsi üzrə səlahiyyəti olmayan sürücü tərəfindən idarə edildiyi zaman baş verən itki və ziyanlar sığortaçı tərəfindən ödənilmir” (§ 45).

62. Mülki qanunvericilik sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qaydaların (şərtlərin) məcmusu olan sığorta qaydalarının sığortaçının özü tərəfindən müəyyən olunmasına imkan verir (§ 30) və hazırkı işin müəyyən olunan halı odur ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsi məhz “Avtonəqliyyat vasitələrinin tam sığortası Qaydaları”na əsaslanmaqla həmin Qaydalar müqavilənin ayrılmaz tərkib hissəsi olmuşdur.

63. Başqa sözlə, tərəflər Qaydaların şəhadətnamənin ayrılmaz tərkib hissəsi olması ilə bağlı razılığa gəlmiş, Qaydalarla tanış olduqlarını və bütün şərtlərini qəbul etdiklərini təsdiqləmişlər.

64. Belə olan halda, tərəflərin bağladıqları müqavilə üzrə səlahiyyətli sürücünün mövcudluğu üçün aşağıdakı şərtlərin hər biri ödənilməlidir: - Sürücünün adı sığorta şəhadətnaməsində qeyd olunmalıdır; - Sürücünün qüvvədə olan müvafiq kateqoriyalı sürücülük vəsiqəsi mövcud olmalıdır; - Sürücü avtonəqliyyat vasitəsinin mülkiyyətçisi deyilsə, etibarnaməsi mövcud olmalıdır.

65. İşin hallarından görünür ki, iddiaçı sığorta müqaviləsi bağlamaq üçün cavabdehə müraciət edərkən avtomobili yalnız Behbudov Ruslan Rafiq oğlunun idarə edəcəyini bildirmiş, bu səbəblə müqavilə ilə məhz Behbudov Ruslan Rafiq oğlu sığorta olunan (səlahiyyətli sürücü) kimi tanınmış, sonradan iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da sığorta müqaviləsi üzrə səlahiyyətli sürücü kimi tanınması üçün cavabdehə müraciət etmiş və bu müraciət əsas götürülərək adı çəkilən şəxs də sığorta şəhadətnaməsinə sürücü qismində əlavə olunmuş, hadisə baş verənədək Şükürlü Nihad Nahid oğlunun adının sığorta olunanlar (səlahiyyətli sürücülər) siyahısına əlavə olunması ilə bağlı isə iddiaçının hər hansı müraciəti olmamışdır.

66. Beləliklə, hadisə baş verdiyi anda nəqliyyat vasitəsi səlahiyyətli sürücü tərəfindən idarə edilməmişdir - bu isə müqavilədə müəyyən edilmiş risk çərçivəsindən kənara çıxma deməkdir.

67. Kollegiya onu da qeyd edir ki, sığorta ödənişinin ödənilməsindən müvafiq imtina əsası (Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi üzrə səlahiyyəti olmayan sürücü tərəfindən idarə edilməsi), “sığorta şəhadətnaməsində başqa halın nəzərdə tutulmamış olması” ilə şərtləndirilmişdir; tərəflər arasında bağlanmış müqavilədə (sığorta şəhadətnaməsində) isə “başqa hal” nəzərdə tutulmamışdır.

68. Müqavilədə (sığorta şəhadətnaməsində) tərəflər razılaşmışlar ki, "nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanuni sahibi tərəfindən verilmiş yazılı etibarnaməsi olmayan şəxslər sığortaolunan hesab olunmur” (§ 2) - sözügedən razılaşmanın əks olunduğu cümlənin özündən əvvəlki cümləyə izah mahiyyətində olan “yəni” kəliməsi ilə başlaması, həmçinin “Nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanuni sahibi tərəfindən verilmiş yazılı etibarnaməsi olmayan şəxslərin sığortaolunan hesab olunmadığı” cümləsinin əks mənası isə o qənaətə gəlməyə əsas verir ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanuni sahibi tərəfindən məhz sığorta şəhadətnaməsində adı göstərilən şəxslərə (səlahiyyətli sürücülərə) verilmiş yazılı etibarnaməsi olan şəxslər sığortaolunan hesab edilirlər.

69. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə yanlış nəticəyə gəlmiş, hüququn tətbiq edilməsində səhv buraxmışdır.

70. İddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalı, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 73,20 (yetmiş üç manat iyirmi qəpik) manat İddiaçı MMC-dən alınıb Cavabdeh ASCyə ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

71. Şərh olunanları əsas götürərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh ASC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 73,20 (yetmiş üç manat iyirmi qəpik) manat İddiaçı MMC-dən alınıb Cavabdeh ASC-yə ödənilsin.

Qətnamədən İddiaçı MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar