Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-188/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: qərardaddan şikayətin yolverilməzliyi) X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-9110/2025 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehdən 2458,84 manat əsas, 225 manat faiz borcu, 5000 manat mənəvi zərər, 98 manat dövlət rüsumu, cəmi 7871 manat pulun alınaraq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-9110/2025 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.
3. xx.xx.2026-cı il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-9110/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-9110/2025 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır.
5. xx.xx.2026-cı il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək məhkəmənin xx.xx.2026-cı il tarixli, e-2- 2(113)- 9110/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Məhkəmənin hazırki mövqeyi Cavabdeh MMC-nin mülki hüquqlarının, onun məhkəmə müdafiəsi hüquqlarının da pozulmasına gətirib çıxarmışdır. İddiaçı tərəfindən pretenziya məktubu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq cavabdehə təqdim edilməmiş, bununla da iddiaçının məhkəməyə müraciəti ilə bağlı prosessual qaydalar pozulmuşdur. Belə ki, iddiaçı pretenziya məktubunu yalnız Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemi üzərindən təqdimetmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra AR MPM) 10-1-ci maddəsində nəzərdə tutulan tələblərə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Yəni mülki mübahisələr üzrə pretenziya məktublarının Dövlət Vergi Xidmətinin elektron kargüzarlıq sistemi və ya başqa elektron sistem və ya kabinetlər vasitəsilə göndərilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, qanunvericiliyə uyğun olaraq, iddiaçı tərəfindən pretenziya məktubu cavabdehə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunmalı idi. Pretenziya məktubu qanunvericilikdə nəzərdə tutulan qaydada təqdim olunmadığına görə cavabdeh firmanın pretenziya məktubuna cavab vermək və mübahisənin məhkəməyədək həlli üçün tədbirlər görmək imkanı olmamışdır. Hesab edirik ki, hazırda AR MPM 10-1-ci maddəsində nəzərdə tutulan tələblər pozulduğuna görə iddia ərizəsinin təqdim olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması barədə qərardad çıxarılmalı idi.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-9110/2025 nömrəli, xx.xx.2026cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
8. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.
9. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
10. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər:
11. Maddə 395.1.1. bu Məcəllədə göstərilən hallarda;
12. Maddə 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda.
13. Maddə 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.
Məhkəmənin mövqeyi
14. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
15. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)- 9110/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Qeyd olunan prosessual normalardan müəyyən olunur ki, məhkəmənin yalnız ayrıca akt şəklində qəbul etdiyi qərardadlarından şikayət verilə bilər. Həmin qərardadlarından isə iki halda şikayət verilə bilər. Birinci halda şikayət verilmə imkanı Mülki Prosessual Məcəllədə göstərilməli, ikinci halda isə məhkəmə qərardadı işin sonrakı hərəkətinə mane olmalıdır. Digər qərardadlardan şikayət verilə bilməz və işdə iştirak edən şəxslər qərardada dair etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.
17. Lakin kollegiya qeyd edir ki, hazırda mübahisələndirilən qərardaddan şikayət verilə bilməz.
18. Çünki Mülki Prosessual Məcəllədə iddia ərizəsinin icraata qəbul edilməsinə dair qəbul edilmiş qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda bu növ qərardadlar işin sonrakı hərəkətinə mane olmur.
19. Cavabdeh isə iddia ərizəsinin icraata qəbul edilməsinə dair qəbul edilmiş qərardaddan şikayət vermiş və birinci instansiya məhkəməsi düzgün olaraq şikayətin geri qaytarması barədə qərardad qəbul etmişdir. Bundan sonra cavabdeh şikayətin geri qaytarılması barədə qərardaddan da şikayət vermiş, birinci instansiya məhkəməsi isə şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun olaraq baxmış və sonradan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
20. Halbuki həmin qərardaddan verilən şikayətə baxmalı deyil idi.
21. Belə ki, Mülki Prosessual Məcəllənin 363.3-cü maddəsində apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilməsi imkanı nəzərdə tutulsa da, həmin maddə şikayət verilməsi mümkün olan, lakin qanunla müəyyən olunmuş qaydaya və formaya riayət edilmədən verilmiş şikayətlərə aiddir. Şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan verilmiş şikayət geri qaytarıldığı halda isə həmin qərardaddan şikayət verilə bilməz. Əks yanaşma prosessual qanunvericiliyin şərh olunan müddəalarını əhəmiyyətsiz edir. Ona görə də, şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan verilən şikayət geri qaytarıldığı halda, həmin şikayətin geri qaytarılması barədə qərardaddan şikayət verilə bilməz.
22. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir.
23. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
25. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-9110/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.