Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-195/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli qərardadından ərizəçinin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (ərizəçi) ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövət büdcəsinə olan ümumilikdə 14 549,94 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1309,14 manat, İşsizlikdən sığorta fonduna olan 52,98 manat, İcbari Tibbi Sığorta Fonduna olan 211,64 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (maraqlı şəxs) (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 13 yanvar 2026-cı il tarixli qərardadı ilə maraqlı şəxsin qeydiyyat ünvanının Şuşa şəhəri, X5 ev 15 olduğu, həmin ünvanın isə Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasında aid olmadığı əsas göstərilməklə, ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. X2 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, maraqlı şəxsin yaşadığı yer üzrə qeydiyyata düşdüyü halda məcburi köçkün statusunu və ondan irəli gələn təminatların itirilməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Bu isə o deməkdir ki, şəxsin şəxsiyyət vəsiqəsində göstərilən, yəni rəsmi qeydə alındığı (qeydiyyatda olduğu) ünvan onun yaşayış yeri sayılır. Lakin şəxsin rəsmi qeydə alındığı ünvanla yaşayış yeri fərqli də ola bilər. Belə uyğunsuzluq xüsusən də Azərbaycan Respublikasının məcburi köçkün vətəndaşlarına şamil olunan haldır. Məcburi köçkün olan vətəndaşların rəsmi qeydə alındığı yerlə yaşadığı (olduğu) yer arasındakı uyğunsuzluq aradan qalxanadək (onların öz doğma yerlərinə qayıtma imkanları təmin olunanadək) həmin vətəndaşların məskunlaşdıqları və məcburi köçkün kimi müvəqqəti qeydə alındıqları ünvanlar onların yaşayış yeri (olduğu yer) hesab olunmalıdır. Beləliklə, müstəsna olaraq məcburi köçkün vətəndaşların yaşadığı (olduğu) yer dedikdə onların məcburi köçkün kimi qeydə alındığı ünvan nəzərdə tutulur. Analoji iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(105)-96/2024 nömrəli qərardadı ilə vergi orqanının hazırkı mövqeyi təsdiq edilmişdir. Hazırkı iş üzrə də Maraqlı şəxs rəsmi qeydə alındığı ünvanı Şuşa şəhəri olsa da, onun yaşadığı (olduğu) ünvan kimi “Bakı şəhəri, Xəzər rayonu” müəyyən olunmuşdur. Belə vəziyyətdə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə MPM-in 355-5.2-ci maddəsinin tələbinə əsasən onun yaşadığı (olduğu) yerə görə, yəni məcburi köçkün kimi qeydə alındığı Bakı şəhəri, Xəzər rayonu ünvanının aid olduğu yurisdiksiya üzrə müvafiq məhkəməyə (Bakı Kommersiya Məhkəməsinə) verilməlidir. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Qanunun 3-cü maddəsinə görə isə, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan aydın olur ki, Maraqlı şəxs Şuşa rayonu, Şuşa şəhəri, X5 ev 15 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 saylı qərarının 21-ci bəndinə əsasən Şuşa rayonu Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə kollegiya hesab edir ki, ərizə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Gəncə Kommersiya Məhkəməsinə verilməli və həmin məhkəmədə müvafiq kommersiya icraatı başlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(4-11)-213/2026 saylı iş üzrə 13 yanvar 2026-cı il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Tural Qocayev Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2-2(3-6)-195/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-195/2026
24.02.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver