Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-196/2026 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X8 və X2 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı "X10 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "X10 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7566/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları
1. "X10 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müəyyən məhsulları alıcıya satmağı, alıcı isə satılan məhsulları qəbul edib əvəzində müqavilə ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürür.
3. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin predmetini təşkil edən məhsulların sayı, dəyəri haqqında və digər məlumatlar müqavilənin ayrılmaz hissəsi hesab edilən əlavələrdə (razılaşma protokolları, elektron qaimə, hesab-fakturalar, malların təhvil-təslim aktları) əks olunacaq.
4. Müqvilənin 4.4-cü bəndinə əsasən yanvar ayında 14.770 ton, fevral ayında 20.000 ton, mart ayında 20.000 ton beton zavodlarına daşınacaq.
5. X1 ilə tərəflər satıcının xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə qaimə-faktura verəcəyi, alıcının da bu hesab-fakturalarda göstərilən ödənişləri hesab-faktura tarixindən sonrakı 15 gün ərzində həyata keçirilməli olması barədə razılığa gəlmişlər.
6. Müqavilə və razılaşma protokolları tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. İddiaçı tərəfindən cavabdehə MT2501 seriyalı, 10870012 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 45.028,8 manat, MT2502 seriyalı, 10075036 nömrəli, xx.xx.2025-ci il tarixli dəyəri 118.000 manat, MT2502 seriyalı, 11311641 nömrəli, xx.xx.2025-ci il tarixli dəyəri 118.000 manat, MT2503 seriyalı, 11434026 nömrəli, xx.xx.2025-ci il tarixli dəyəri 236.000 manat məbləğində elektron qaimələr göndərilmişdir.
8. Cavabdeh tərəfindən əsas borc üzrə xx.xx.2025-ci il tarixdə 10.000 manat, xx.xx.2025ci il tarixdə 5.000 manat, xx.xx.2025-ci il tarixdə 10.000 manat, xx.xx.2025-ci il tarixdə 10.000 manat, xx.xx.2025-ci il tarixdə 10.000 manat, ümumilikdə 45.000 manat, ƏDV borcu üzrə xx.xx.2025-ci il tarixdə 1.800 manat, xx.xx.2025-ci il tarixdə 900 manat, xx.xx.2025-ci il tarixdə 1.800 manat, xx.xx.2025-ci il tarixdə 1.800 manat, xx.xx.2025-ci il tarixdə 1.800 manat, ümumilikdə 8.100 manat məbləğində ödəniş edilmişdir
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı"X10 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 517.028,80 manat borc məbləğinin, 25.851,44 manat dəbbə pulunun, 833 manat dövlət rüsumu olmaqla toplamda 543.713,24 manat məbləğin Cavabdeh MMC-dən tutularaq “X10 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə “X10 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh MMC arasında 64/24 saylı Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X10 ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 1. xx.xx.2025 tarixli MT**********12 saylı,
2. xx.xx.2025 tarixli MT**********36 saylı, 3. xx.xx.2025 tarixli MT**********41 saylı, 4. xx.xx.2025 tarixli MT2503 11434026 saylı qaimə-fakturalarla təsdiq olunmuş toplam 517028.80 manat (beş yüz on yeddi min iyirmi səkkiz manat, səksən qəpik) dəyərində mallar təqdim edilmişdir. Həmçinin təhvil-təslimi təsdiq edən qeydlər hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və möhür vurulmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli və 64/24 nömrəli Alqı-Satqı Müqaviləsinin 1 nömrəli Əlavəsində qeyd edildiyi kimi, təqdim edilmiş mallar üzrə ödənişlər hesabhaktura təqdim edildiyindən sonrakı 15 gün ərzində həyata keçirilməli olduğuna baxmayaraq, 517028.80 manat (beş yüz on yeddi min iyirmi səkkiz manat, səksən qəpik) hazırkı günədək ödənilməyib.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7566/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 463.928 (dörd yüz altmış üç min doqquz yüz iyirmi səkkiz) manat 80 (səksən) qəpik məbləğində pul Cavabdehndən tutularaq "X10 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 807 (səkkiz yüz yeddi) manat 03 (sıfır üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq "X10 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilməsi qət edilmişdir.
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7566/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən malların təhvili zaman malların keyfiyyəti göstərilməklə təhvil təslim aktı cavabdeh alıcıya təqdim edilməmişdir, Halbuki, malların daşınma qrafiki müqavilənin 4.4 – cü bəndində göstərilmişdir. Qanunun tələbinə əsasən alıcı tarafindən çıxış edən şəxsə təhvil təslim aktına əsasən təhvil verilməli idi. Hazırki iş üzrə məhkəmənin istinad etdiyi sübutlara diqqət yetirilsə gürünr ki, qarşı tərəfin təqdim etdiyi elektron qaimələrdən başqa hər hansı sübut yoxdur. Bundan əlavə məhkəmə hətta bu sübuta istinad edərkən də nəzərə almamıışdır ki, müqaviləyə əlavə olan X1na əsasən elektron qaimələr də malların verilməsini təsdiq edən sübut qismində çıxış etmir belə ki, müqavilədə qeyd olunur ki, Alıcı tərəfin malları qəbul edib etməməsindən asılı olmayaraq xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixlərdə Satıcı elektron qaimələri vuracaq. Belə olan halda Satıcı necə sübut edə bilər ki bu sənədlər malların verilməsini təsdiq edir və ən əsası məhkəmə bu sənədə istinad etməklə necə 463.928,8 manat kimi böyük bir məbləği ödəməyimizə dair qərar qəbul edə bilər. Onlar həqiqətən də malın dəyərini ödədiyi hissəsini almış və onun dəyərini ödəmişlər. Elektron qaimə var, lakin təhvil təslim aktı yoxdur. Malların təhvil verilməsinə dair kiçik bir sübut (videogörüntü, yüklərin daşınmasına dair hər hansı sənəd, qaimə, təhvil təslim sənədi, yol vərəqi və s.) olmadığı halda müqavilənin özünə əsasən təhvil sənədi olmayan birtərəfli sənəd olan elektron qaiməyə əsasən qətnamə qəbul olunmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclaısnda işitrak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir.
16. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər, cavabdeh ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
20. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
24. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
26. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
27. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
34. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
35. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.
36. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
37. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
38. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
39. Bənd 3.13. Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaimə-fakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaimə-fakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaiməfakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.
44. Həmin maddi hüquq norması satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.
45. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
46. İşin mübahisəsiz halı ondan ibarətdir ki, "X10 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
47. Kollegiya apellyasiya şikayətinin təhvil-təslim aktlarının olmaması dəlilinə münasibətdə qeyd edir ki, tərəflərin səlahiyyətli şəxslərinin imza və möhrü ilə təsdiq edilmiş Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin predmetini təşkil edən məhsulların sayı, dəyəri haqqında və digər məlumatlar müqavilənin ayrılmaz hissəsi hesab edilən əlavələrdə (razılaşma protokolları, elektron qaimə, hesab-fakturalar, malların təhvil-təslim aktları) əks olunması qeyd edilmişdir. Cavabdeh alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların ona təhvil verilmədiyini irəli sürsə də, işin hallarından tərəflər arasında işgüzar münasibətlərin məhz elektron qaimələrin göndərilməsi kontekstində formalaşdığı aydın olur.
48. Tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.
49. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır .
50. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar).
51. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıb-daşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilib-edilməməsinə4 qiymət verilməsi zəruridir.
52. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.
53. Apellyator təhvil təslim aktı olmadığından malların ona təhvil verilmədiyini, e-qaimələrin təhvil sənədi olmadığını bildirmişdir. Lakin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən əsas borc üzrə xx.xx.2025-ci il tarixdə 10.000 manat, xx.xx.2025-ci il tarixdə 5.000 manat, xx.xx.2025-ci il tarixdə 10.000 manat, xx.xx.2025-ci il tarixdə 10.000 manat, xx.xx.2025-ci il tarixdə 10.000 manat, ümumilikdə 45.000 manat, ƏDV borcu üzrə xx.xx.2025-ci il tarixdə 1.800 manat, xx.xx.2025-ci il tarixdə 900 manat, xx.xx.2025-ci il tarixdə 1.800 manat, xx.xx.2025-ci il tarixdə 1.800 manat, xx.xx.2025-ci il tarixdə 1.800 manat, ümumilikdə 8.100 manat məbləğində ödəniş edilməsi təhvil təslim aktı təqdim edilməyən malların cavabdeh tərəfindən faktiki olaraq təhvil aldığını etiraf etməsi kimi qəbul edilməlidir.
54. Tərəflər arasında yaranmış işgüzar münasibətlərdən görünür ki, təhvil verilmiş mallara görə ödənişin edilməsi ilə bağlı cavabdehə elektron-qaimə fakturalar təqdim olunmuş, o da onları təsdiq etmişdir.
1 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17
55. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, məhz cavabdeh, elektronqaimə fakturalar üzrə malların təqdim edilmədiyini sübuta yetirməlidir. O isə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.
56. Bu müstəvidə kollegiya onu da qeyd edir ki, cavabdehin özünün təsdiq etdiyi elektronqaimələri sonradan iddiaçı iddia tələbi ilə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
57. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlosakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
58. Həmçinin nəzərə alınmalıdır ki, mallar təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Lakin cavabdeh malların təhvil verilməsini, elektron qaimələrin təsdiq olunmasını ümumiyyətlə mübahisələndirməmiş, qeyd edilənlərə öz etirazını bildirməmişdir.
59. Kollegiya eyni zamanda qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əlavə olan X1nda müəyyən tarixlərdə elektron qaimələrin tərtib ediləcəyi göstərilməsi həmin sənədlərin hüquqi əhəmiyyətini aradan qaldırmır. Əksinə, bu hal tərəflər arasındakı münasibətlərin məhz elektron qaimələr vasitəsilə rəsmiləşdirilməsi barədə qarşılıqlı razılığa gəldiklərini göstərir.
60. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiası qeyd edir ki, birinci instansiya məhkəməsin haqlı olaraq məhkəmə icraatı zamanı edilən ödənişləri nəzərə alaraq 463.928 (dörd yüz altmış üç min doqquz yüz iyirmi səkkiz) manat 80 (səksən) qəpik məbləğində pulun (517.028,8-(45.000+8.100)) Cavabdehndən tutularaq "X10 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilməsini qət etmişdir.
61. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
62. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
63. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7566/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.