Məhkəmə qərarları › İş №2-2(3-6)-197/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-197/2026

06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-197/2026 06.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi, cərimə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-7751/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 21 fevral 2024-cü il tarixli, 11723 saylı “Yanacağın pərakəndə satışı müqaviləsi”nin 1-ci bəndinə əsasən müqaviləyə görə Satıcı müvafiq dövlət standartlarına cavab verən dizel yanacağın "Smart" kartlar vasitəsilə alıcıya satışını, alıcı isə, yanacağın dəyərinin ödənilməsini və kartın qəbul edilməsini öz öhdələrinə götürürlər. 2.1-ci bəndə əsasən yanacağın satışı hər ayın 5-nə qədər təqdim edilmiş yanacağın ödənilməsi şərti və ən çoxu 45000 manat məbləğədək olan yanacağın təqdim edilməsi şərti ilə aparılır. Alıcı kartı qəbul etdiyi tarixdən etibarən Müqavilənin qüvvədə olduğu müddət ərzində karta yüklənmiş məbləğə uyğun yanacağı almaq hüququ əldə edir. 2.3-cü bəndə əsasən karta yüklənmiş yanacağa mülkiyyət hüququ yanacaq Satıcının yanacaqdoldurma məntəqələrində faktiki götürülən andan alıcıya keçir. Yanacağın dəyəri alıcının yanacağı faktiki qəbul etdiyi vaxtda mövcud olan qiymətlər əsasında hesablanır. 2.4-cü bəndə əsasən hər bir kartın nominal dəyəri (ƏDV daxil olmaqla) müvafiq hesab-fakturada müəyyən edilir və alıcı tərəfindən ayrıca olaraq ödənilir. 2.10-cu bəndə əsasən kart YDM-də istifadə olunarkən, Alıcıya buraxılmış yanacağın növünü və miqdarını əks edən qəbz verilir. Alıcı ümumi hesab haqqında məlumatı Satıcının Mərkəzi ofisindən və ya onlayn şəkildə vasitəsi ilə öz şəxsi kabinetindən əldə edə bilər. 3.1.1-ci bəndə əsasən alıcının sifarişində göstərilmiş sayda kartı ona təqdim edir. 3.1.2-ci bəndə əsasən alıcıya təqdim edilmiş kartla Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən Satıcıya məxsus bütün YDM-lərdə yanacağın xidmət rejimində buraxılmasına təminat verir. 3.2.2-ci bəndə əsasən yanacağın dəyərini Satıcı tərəfindən verilən hesab-faktura əsasında sonradan ödəyir.

2. MT2407 seriyalı, 11934443 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 94472.80 manat, MT2408 seriyalı, 10237757 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 28.9999 manat, MT2408 seriyalı, 11730900 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 48 manat, MT2501 seriyalı, 12010381 nömrəli, xx.xx.2025-cü il tarixli, dəyəri 9257.70 manat, MT2502 seriyalı, 10180398 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 10220.90 manat, MT2502 seriyalı, 11984205 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 30187.59 manat, MT2503 seriyalı, 11413352 seriyalı, xx.xx.2025-ci il tarixli, dəyəri 666.00 manat, MT2504 seriyalı, 10331367 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 4430.29 manat, MT2504 seriyalı, 12309336 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 242.5 manat olan elektron qaimə-fakturalar ödəniş edilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir.

3. "xxxx" MMC (VÖEN **********) ilə "xxxx" MMC-də (VÖEN: **********) arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aparılmış qarşılıqlı əməliyyatlara dair Şirkətin bank hesabına köçürülmüş məbləğlərinin siyahısına əsasən Cavabdeh MMC tərəfindən əsas borc üzrə 247579,05 manat pul ödənmişdir.

4. İşdə olan ƏDV sub-uçot hesabından köçürmələrin siyahısından görünür ki, Cavabdeh MMC tərəfindn ƏDV borcu üzrə cəmi 43688,11 manat pul ödənmişdir.

5. Göndərilən qaimələrin siyahısından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 19 sayda cəmi dəyəri 358561,70 manat olan elektron qaimə-fakturalar göndərilmiş, həmin qaimələr üzrə Cavabdeh MMC tərəfindən ƏDV daxil 291267,16 manat məbləğində pul ödənmiş, Cavabdeh MMC-nin müqavilə üzrə cəmi 67295,64 manat borcu qalmışdır.

6. 21.10.2025-ci il tarixli, 10-1785 nömrəli maliyyə arayışda qeyd olunmuşdur ki, 21 fevral 2024-cü il tarixli, 11723 saylı “Yanacağın pərakəndə satışı müqaviləsi”nə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə borcu 67295,64 manat təşkil edir.

7. 01.09.2022-xx.xx.2025 dövrü əhatə edən kartlar üzrə hesabatdan görünür ki, ümumi 358651,70 manat dəyərində yanacaq verilmiş, Cavabdeh MMC tərəfindən 291267,16 manat ödənilmiş, 67294,54 manat qalıq borc qalmışdır.

8. İddiaçı MMC tərəfindən birtərəfli qaydada imzalanmış xx.xx.2025-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixə borcu 67294,54 manat təşkil edir.

9. 22.09.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 292 manat dövlət rüsumu ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

10. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 21 fevral 2024-cü il tarixli, 11723 saylı “Yanacağın pərakəndə satışı müqaviləsi” üzrə yaranmış 67 295.64 manat məbləğində pulun və 292.00 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 67587.64 manat pulun cavabdehdən tutularaq ona barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında 21 fevral 2024-cü il tarixli, 11723 saylı “Yanacağın pərakəndə satışı” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində əsasən, Satıcı müvafiq dövlət standartlarına cavab verən dizel yanacağın “SMART” kartlar vasitəsilə Alıcıya satışını, Alıcı isə, yanacağın dəyərinin ödənilməsini və kartın qəbul edilməsini öz öhdələrinə götürürlər. Sözügedən müqavilənin 3.2.2-ci bəndinə əsasən, Alıcı (Cavabdeh MMC) Yanacağın dəyərini Satıcı tərəfindən verilən hesab – faktura əsasında sonradan ödəyir. Lakin, Cavabdeh MMC tərəfindən müqavilənin 3.2.2-ci bəndi kobud şəkildə pozulmuş, müqavilə üzrə ödənilməli olan ümumi məbləğdən cavabdehin 67295.64 manat məbləğində borcu qalmış və bu günə kimi sözügedən məbləğ ödənilməmişdir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 21 fevral 2024-cü il tarixli, 11723 saylı “Yanacağın pərakəndə satışı müqaviləsi”nə əsasən tərəfimizdən Cavabdeh MMC-yə 358561.70 manat məbləğində yanacaq satılmış, həmin məbləğ üzrə cavabdeh tərəfindən Şirkətlərinə müxtəlif vaxtlarda hissə-hissə, son ödəniş 30 yanvar 2025-ci il tarixində həyata keçirilməklə 291 267.16 manat ödəniş edilmiş və bununla da Şirkətimizə 67295.64 manat məbləğində borcu yaranmışdır.

12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə istinad olunmuşdur.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7751/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdеh Cavabdeh MMC-dən qaydada 67295 manat 64 qəpik borcun və ödənilmiş 292 dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq 358651,70 manat məbləğində yanacaq satmış, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı yanacağın dəyərini müəyyən olunmuş müddətdə tam, 67295,64 manatı ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimələr, ödəniş cədvəlləri, hesabat) öz təsdiqini tapmışdır. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Cavabdehin nümayəndəsi ödəniş etdikləri həcmdə yanacaq aldıqlarını, qalan yanacağın verilmədiyini bildirsə də, iddiaçının sistemlərindən çıxartdığı hesabatdan qalan 67295,64 manat həcmində də yanacaq verdiyi məlum olur. Eyni zamanda cavabdehin nümayəndəsi ödəniş etdiyi hissədə yanacağın verilməsi ilə bağlı tərəflər arasında hər hansı təhvil-təslim aparılmasını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Bu da onu göstərib ki, iddiaçı tərəfindən yanacağın verilməsi sistemdəki hesabatla təsdiq olunur. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, iddiaçının öhdəliyin icrasını, satdığı yanacağın dəyərini tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab edib ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 67295,64 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edib ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 292 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 567, 600.1, 600.4, 627, 630.1, 631.1, 637.2-ci maddələrinə istinad etmişdir.

16. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından göründüyü kimi tərəflər arasında 11723 nömrəli, xx.xx.2024-cü il tarixli “yanacağın pərakəndə satışı müqaviləsi” bağlanmışdır. Müqavilənin birinci bəndində qeyd olunduğu kimi Tərəflər dizel yanacağın pərakəndə satışı ilə bağlı razılığa gəliblər. Müqavilə münasibətləri dövründə iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 291.267.16 manat dəyərində yanacaq satılmış və cavabdeh həmin yanacağın dəyərin iddiaçının hesabına ödəmişdir. İddia ərizəsinə etirazlarında bildirdiyimiz kimi iddiaçı yalnız almış olduğu yanacağın dəyərini ödəyib. İddia tələbində tələb olunan dəyərdə yanacağın cavabdehə təhvil verilməsi və ya cavabdeh tərəfindən təhvil alınması hər hansı mötəbər sübutla yerinə yetirilmir. Məhkəmə qətnaməsində yanacağın təhvil verilməsi İddiaçı MMC-nin satış sistemdən çıxarılmış hesabatla əsaslandırılsa da həmin hesabatda qeyd olunan kartların cavabdehə təhvil verilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim olunmayıb. Bundan başqa müqavilənin 1-ci bəndində qeyd edildiyi kimi tərəflər dizel yanacağının pərakəndə satışı ilə bağlı razılığa gəlsələr də, iddiaçı tərəfindən məhəkəməyə təqdim olunmuş e-qaimələrdən (7-ci sənəd) görünür ki, iddiaçıya təqdim olunmuş e-qaimələrdə benzin (92 oktan və premium benzin) məhsulları da əks olunub. Göründüyü iddiaçının təqdim etmiş olduğu e-qaimədə göstərilən məhsullar müqavilə şərtlərində göstərilən məhsulla eynilik təşkil etmir. Açıqlaması olan eqaimələrdə göstərilən benzin məhsullarının dəyəri təxmini ƏDV daxil 2200 manat təşkil edir (digər e-qaimələr sistemdən çıxarış kimi təqdim olunub). Məhkəməyə təqdim olunan digər e-qaimələr baxış keçirilən zaman (10-cu sənəd) bir çox e-qaimənin cavabdeh tərəfindən təsdiq olunmadığı aydın olur. Məhkəmənin həmin e-qaimələrə mötəbər sübut kimi yanaşması Konstitusiya Məhkəməsinin öz qərarlarında əks etdirdiyi mövqelərə ziddir (prosesual hüquq normalarının pozulması hissəsində müvafiq qərara istinad olunacaqdır).

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

19. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda apellyasiya şikayətinə etiraz etmiş, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsa da, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə isə məlumat verməmişdir.

21. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır

Tətbiq edilən hüquq:

22. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Mülki Prosessual Məcəllənin 372.6cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvinə yönəldilmişdir, odur ki, qətnamənin əsaslığı bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 21 fevral 2024-cü il tarixli, 11723 saylı “Yanacağın pərakəndə satışı müqaviləsi”nə görə dövlət standartlarına cavab verən dizel yanacağın "Smart" kartlar vasitəsilə alıcıya satışını, alıcı isə, yanacağın dəyərinin ödənilməsini və kartın qəbul edilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 19 sayda cəmi dəyəri ƏDV daxil 358561,70 manat olan elektron qaimə-fakturalar göndərilmiş, həmin qaimələr üzrə Cavabdeh MMC tərəfindən ƏDV daxil 291267,16 manat məbləğində pul ödənmişdir.

29. Hazırda iddiaçı müqavilə üzrə təqdim edilmiş mallara görə ƏDV daxil 67295,64 manat borcun cavabdehdən tutulmasını tələb edir.

30. Göründüyü kimi alqı-satqı müqaviləsi üzrə borcun tutulması hissədə iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.

31. Kollegiya qeyd edir ki, iddiaçının cavabdehə ƏDV daxil (358561,70 manat) məbləğində malların təqdim etməsi faktı həmin mallara dair iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrlə, kartlar üzrə hesabatlarla və elektron qaimələr üzrə cavabdeh tərəfindən edilmiş qismən ödənişlərlə (ƏDV daxil cəmi 291267,16 manat məbləğində) öz təsdiqini tapır.

32. İddiaçı tərəfindən yalnız ƏDV daxil 291267,16 manat məbləğində malların təqdim edilməsi və həmin malların dəyərinin ödənilməsi, iddiaçının ödənilməsini təqdim etdiyi 67295,64 manat malların təqdim edilməsinə dair sübutların (məs., təhvil-təslim aktlarının və s.) olmaması, elektron qaimələrin isə özü-özlüyündə malların təqdim edilməsini birbaşa təsdiq etməməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd etməyi zərui sayır ki, cavabdeh təqdim edilməsini mübahisələndirmədiyi mallarla bağlı tərəflər arasında təhvil-təslim aktların mövcudluğu iş materiallarına əsasən müəyyən edilmir. Belə olan halda isə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, tərəflər arasında işgüzar münasibətlər məhz malların təqdim edilməsinin elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsi istiqamətində formalaşmışdır.

33. Mübahisəli müqavilənin dizel yanacağının alqı-satqısı ilə bağlı bağlanması, təqdim edilmiş elektron-qaimələrin “malın adı” bölməsində dizel ilə yanaşı benzin məhsullarının da qeyd edilməsi barədə cavabdehin dəlillərinə münasibətdə isə qeyd edilir ki, tərəflər arasında mübahisəli müqavilə çərçivəsində dizel alqı-satqısı ilə yanaşı benzin alqı-satqısının da həyata keçirilməsi faktı cavabdehi alınmış dəyərini ödəmək öhdəliyini aradan qaldırmır və hazırkı iddianın rədd edilməsi üçün əsas vermir.

34. Təqdim edilən elektron qaimələrin bir qisminin təsdiq edilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının tələbini əsaslandırmaq üçün iş materiallarına əlavə etdiyi 9 ədəd elektron qaimənin hər birinin üzərində şrtix-kod mövcuddur, yəni həmin elektron qaimələr təsdiqlənmiş statusa malikdirlər. Digər tərəfdən iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrin siyahısından görünür ki, düzəliş üçün qaytarılmış ƏDV daxil 3,3 manat dəyərində xx.xx.2025-ci il tarixli elektron qaimə istisna olmaqla digər elektron qaimələr cavabdehin özü və ya sistem tərəfindən təsdiqlənmişdir. Həmçinin o da vurğulanmalıdır ki, düzəliş üçün qaytarılmış 3,3 manat dəyərində MT2504 seriyalı 10282529 saylı elektron qaimədə göstərilmiş 3 litr A-92 markalı benzinin satışı kartlar üzrə hesabatda(xx.xx.2025-ci il tarixdə Horadizdə kartdan satış) da əks edilmişdir(bax, iş.səh.71, 19-cu sıra).

35. Belə olan halda məhkəmə kollegiyası alqı-satqı münasibətlərində satıcı olan iddiaçı tərəfindən alıcı olan cavabdehə ƏDV daxil 358561,70 manat mal verildiyini, eləcə də cavabdehin adına olan yanacaq kartlarında istifadə edilməmiş 1,1 manat pulun qaldığını, cavabdehin isə təqdim edilmiş malların müqabilində yalnız ƏDV daxil 291267,16 manat məbləğində pul ödədiyini nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 67295,64 manat (358.561,7+1,1-291267,16) məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.

37. Qətnamə iddia tələbi hissəsində dəyişdirilmədən saxlandığından məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7751/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar