Məhkəmə qərarları › İş №2-2(3-6)-206/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-206/2026

18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-206/2026 18.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı texnikanın yenisi ilə dəyişdirilərək verilməsi və pul tələbinə dair iş üzrə (Açar sözlər: lizinq müqaviləsi, lizinq obyektinin dəyişdirilməsi, lizinq ödənişinin qaytarılması, iddia ərizəsinin qaytarılması, çəkişmə prinsipi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı texnikanın yenisi ilə dəyişdirilərək verilməsi və pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 194/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Agroecotech Leasing" MMC (Lizinq verən) ilə İddiaçı (Lizinq alan) arasında 07 sentyabr 2023-cü il tarixli, DL/ML/0147 saylı X3 imzalanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən müqaviləyə lizinq verən lizinq alan tərəfindən seçilmiş 01 ədəd 1 ədəd Traktor Armatrac 1254 Lux Cabin CRD və 1 ədəd Kotan 5 gövdəli UM-KT-14-5 markalı texnikaları öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən lizinq obyektinin satıcısı: Agroecotech Leasing MMC - 1 ədəd Traktor Armatrac 1254 Lux Cabin CRD 4; Agri Space MMC - 1 ədəd Kotan 5 gövdəli UM-KT- 14-5. 1.3-cü bəndə əsasən lizinq obyektinin alış qiyməti: 113 500 manat təşkil edir. 2.2.1-ci bəndə əsasən avans məbləği 22700 manat təşkil edir. 7.5-ci bəndinə əsasən satıcının lizinq alan tərəfindən müəyyən edildiyi üçün alqı-satqı müqaviləsinin lizinq verən tərəfindən imzalandığı andan, satıcı tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə və ya lazımınca icra edilməməsi ilə əlaqədar bütün riskləri, habelə lizinq obyektinin keyfiyyəti, komplektliliyi və vaxtında olan tədarükə, lizinq obyektinin qüsurlarına görə satıcıya irəli sürülən hüquqları lizinq alan öz üzərinə götürür və bütün mümkün olan xərcləri və zərərləri lizinq verənə ödəyir. Lizinq verən lizinq obyektinin keyfiyyəti, komplektliliyi və vaxtında olan tədarükə, lizinq obyektinin qüsurlarına görə heç bir iddiaları lizinq alandan qəbul etmir.

2. 07 sentyabr 2023-cü il tarixli, DL/ML/0147 saylı X1 01 saylı əlavə ilə maliyyələşmə məbləği 47 678,48 manat, lizinq müddəti 60 ay, xx.xx.2023- xx.xx.2028 dövr üzrə hər ay 795 manat, sonuncu ay 773,48 manat ödənilməsi razılaşdırılmışdır.

3. 07 sentyabr 2023-cü il tarixli, DL/ML/0147 saylı X1 əsasən 207-23/AGS saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə təhvil-təslim aktına əsasən 1 ədəd Kotan 5 gövdəli UM-KT-14-5 markalı texnika İddiaçı tərəfindən akt imzalanmaqla təhvil alınmışdır.

4. 18.01.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 794,72 manat, xx.xx.2023-cü il tarixli sənədə əsasən 795 manat, xx.xx.2023-cü il tarixli sənədə əsasən 795 manat, xx.xx.2024-cü il tarixli sənədə əsasən 795,56 manat, xx.xx.2024-cü il tarixli sənədə əsasən 794,72 manat, xx.xx.2023-cü il tarixli sənədə əsasən 795 manat məbləğində pul, həmçinin xx.xx.2023-cü il tarixdə 22700 manat avans məbləği İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənmişdir.

5. "xxxx" MMC (icraçı) və İddiaçı (sifarişçi) arasında imzalanmış xx.xx.2023-cü il tarixli, AET/32/23 saylı texniki xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən onun tərəfindən təqdim edilmiş texnikaya (1 ədəd Traktor Armatrac 1254 Lux Cabin CRD) zəmanət müddətində texniki xidmətlərin göstərilməsini öhdəsinə götürür. 1.2ci bəndə əsasən sifarişçi isə müqaviləyə əsasən müəyyən edilmiş texniki-təmir xidmətlərinin və ehtiyat hissələrinin dəyərinin ödənilməsini öz öhdəsinə götürür.

6. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubunda qeyd olunmuşdur ki, şirkətin əməkdaşları Quba rayonuna ezam edilərək traktorunuz tam şəkildə diaqnostika olunmuş, diaqnostika əsasında traktorun çətin işə düşməsinin səbəbinin yanacaq sistemi ilə bağlı olduğu və bunun da yanacaq sisteminə düzgün qulluq edilməməsinin nəticəsində yarandığı məlum olmuşdur. Servis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə nasazlıq aşkar edilmiş injektorlar, yanacaq nasosu və RAİL borusu traktordan çıxardılaraq diaqnostika və təmir olunmaq üçün Bakı şəhərində yerləşən İnjektor və Yanacaq nasoslarının təmir mərkəzinə gətirilmişdir. Yoxlama zamanı yanacaq nasosunda çirkin olması, injektorların geri dönüşə normadan artıq yanacaq verməsi və bu səbəblərdən traktorun gec işə düşməsi müəyyən edilmişdir. İnjektorlar təmir olunmuş, yanacaq nasosu təmizlənmiş və RAİL borusu yoxlanılmışdır. Ümumilikdə, bütün təmir xidmətinə 780 manat vəsait xərclənmişdir. xx.xx.2023-cü il tarixdə təmir edilmiş və yoxlanmış bütün hissələr traktorun üzərinə montaj edildikdən sonra traktor diaqnostika olunaraq bütün parametrlərin normal olduğu təsbit edilmiş və lizinq alana təhvil verilmişdir. Lakin xx.xx.2023cü il tarixində lizinq alan tərəfindən yenidən traktorun qara tüstü verməsi ilə bağlı şikayət ünvanlanmış, servis əməkdaşları tərəfindən traktor yerində təkrar olaraq diaqnostika edilmiş və məlum olmuşdur ki, traktorun idarə edilməsində, yəni tarlada işləyərkən tənzimləmələrin aparılmasında problem var. Sizə və operatora tarktordan istifadə və tənzimləmələrin düzgün aparılma qaydaları barədə bütün lazımi məlumatlar verilmişdir. Hazırda traktorda heç bir problem yoxdur və normal qaydada işləyir.

7. "xxxx" MMC tərəfindən tərtib olunmuş, İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli sənəddə “göstərilən xidmətin adı” hissəsində qeyd olunmuşdur ki, texnikanın irəli-geri vitesin trosu qırılmışdı. Texnikanın arxa və qabaq vakum qoşulması müştəriyə izah olundu. İşlətmə knopkaları başa salındı. Müştəriyə təhvil verildi.

8. "xxxx" MMC tərəfindən tərtib olunmuş, İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli sənəddə “göstərilən xidmətin adı” hissəsində qeyd olunmuşdur ki, mühərrik yağı, yağ filteri, yanacaq filteri, su ayrıcı filter yeniləndi. Yanacaq nasosu və forsunkalar yerinə bağlandı. Forsunkanın geri qayıtma borusundan yanacaq axdığı üçün boru və salnik yeniləndi.

9. "xxxx" MMC tərəfindən tərtib olunmuş, İddiaçı tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli sənəddə “göstərilən xidmətin adı” hissəsində qeyd olunmuşdur ki, diaqnostika vasitəsi ilə aşkar olundu ki, DPF nasosuna gedən naqildə qopuq var. Bərpa olundu. Nasazlıq aradan qaldırıldı.

10. "xxxx" MMC tərəfindən tərtib olunmuş, İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli sənəddə “göstərilən xidmətin adı” hissəsində qeyd olunmuşdur ki, elektron diaqnostika olundu. Yanacaq sistemində və digər parametrlərdə nasazlıq aşkaranmadı. Sahibinə kompyuterlə işlədilməsi haqda beyinə qeyd olunan göstərilərək başa salındı. Operatora “Power Shift” düyməsi sahədə başa salındı. Sahədə sürülərək aşağı mühərrik dövrülüklə işlədilməsi başa salındı.

11. "xxxx" MMC tərəfindən tərtib olunmuş, İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli sənəddə “göstərilən xidmətin adı” hissəsində qeyd olunmuşdur ki, texnika yoxlanıldı. Xoda getmirdi. Diaqnostika olundu. “Cut out” test olundu. Enjektorlar sökülüb stend olunmalıdır. Texnika spreylə çalışdırıldı.

12. "xxxx" MMC tərəfindən tərtib olunmuş, İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli sənəddə “göstərilən xidmətin adı” hissəsində qeyd olunmuşdur ki, yanacaq nasosu, reyka və injektorlar söküldü. Stend olunması üçün Bakıya aparılır.

13. "xxxx" MMC-nin 07 oktyabr 2025-ci il tarixli, QCM/O 04-077/25 nömrəli mütəxəssis rəyinin nəticə hissəində qeyd olunmuşdur ki, 1 ədəd Traktor Armatrac 1254 Lux Kabin CRD markalı traktora baxış keçirilməsi mümkün olmadığından "K&S" X4" MMC-nin audit hesabatı təhlil edilmişdir. Hesabata əsasən traktorda nasazlıq və qüsurlar aşkar edildiyi, traktora baxış zamanı mühərrikdə tüstülənmə və dövrlər sayının 1200 RPM-dən yuxarı qalxmadığı qeyd edilmişdir. "K&S" X4" MMC-nin hesabatına əsasən müşahidə edilmiş nasazlıqlar və qüsurların yaranmasında hər iki tərəfin - istehsalçı şirkətin texniki servis nümayəndələrinin və istismarçının səbəbkar olduğu qeyd edilmişdir. Texniki Servis tərəfinin çatışmazlıqları Avro 4 tələbli yanacaqdan istifadə təlimatının, aparılmış təmir haqqında texniki rəylərin istismarçıya təqdim edilməməsi, regenerasiyanın hansı səbəbdən yaranması barədə yazılı məlumat verilməməsi, təmirə gedən forsunkaların seriya nömrələrinin izlənilməməsi olmuşdur. İstismarçının çatışmazlıqlarına gəldikdə isə, bunlar texnikanı idarə edən operatorun müvafiq sertifikasiyadan keçməməsi, ari 4 standartlı yanacağın idarə olunması ilə bağlı EN590 standartlarının tələblərinin riayət edilməməsi və istismarçıdan ümumi və spesifik istismar qaydalarının tələb edilməməsi olmuşdur. Hesabatda qeyd edildiyi kimi yanacaq nasosunda yaranmış yonqarın səbəbinin istehsalçı qüsurunun olub-olmamasının təyin edilməsi üçün, həmin anda aşkar edilmiş qırıntılar laboratoriya şəraitində analiz edilməklə, nasosun içindəki hansı sub hissələrin sıradan çıxarılmasını təyin etməklə istehsalçı tərəfindən həmin hissənin aşınmasının hansı səbəblərdən yaranmasını təyin edə bilərdi. Bu haqda heç bir məlumat olmadığı bildirilir. Hesabata əsasən AdBull sisteminin, regenerasiya probleminin, mühərrikin tüstüləməsi və dövrlər sayının normal vəziyyətə gətirilə bilməməsi kimi qüsurlar texniki istismar zamanı yaranmış və yuxarıda qeyd edilən səbəb və məsuliyyət çatışmamazlıqlarından əmələ gəldiyi və aradan qaldırıması mümkün olan qüsurlar hesab edilir. İstehsalçı, texniki servis və istismarçının birgə razılaşması əsasında bu çatışmazlıqlar aradan qaldırıla bilər.

14. 29.04.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 177 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

15. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7 sentyabr 2023-cü il tarixli, DL/ML/0147 saylı X3 üzrə cavabdeh Lizinq Verən Cavabdeh MMC tərəfindən lizinq predmeti olan 1 ədəd Traktor Armatrac 1254 Lux Kabin CRD və 1 ədəd Kotan 5 gövdəli UM-KT-14-5 markalı texnikaların yenisi ilə dəyişdirilərək ona verilməsi və ya onun tərəfindən cavabdehin hesabına ödənilmiş 27980 manat (bütün lizinq ödənişləri: avans, qiymətləndirmə və aylıq ödənişlər) pulun, eləcə də ödənilmiş 177 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq alan İddiaçı ilə lizinq verən Cavabdeh arasında 07 sentyabr 2023-cü il tarixdə lizinq obyekti olan 1 ədəd Traktor Armatrac 1254 Lux Cabin CRD və 1 ədəd Kotan 5 gövdəli UM-KT-14-5 markalı texnikanın müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etmək qarşılığında müvəqqəti istifadəyə verilməsinə dair DL/ML/0147 saylı X3 bağlanılmışdır. Lizinq alan Müqavilə üzrə ödəliklərini icra edərək tam yeni və heç bir qüsuru olmayan lizinq predimetini ona verməli olduğu halda Müqavilə üzrə öhdəliklərini icra etməyərək ona zavod qüsurlu lizinq predimeti vermişdir ki, bundan cavabdeh tam məlumatlıdır. Hər dəfə texniki xidmət göstərən nümayəndəsini göndərən cavabdeh artıq 6 aydır ki, ondan əsassız və qanunsuz olaraq lizinq predimeti kimi istifadəyə yararsız olan daşınar əmlaka görə aylıq istifadə haqqı alır. Lizinq verən lizinq Müqaviləsi adı altında ona verdiyi lizinq predimetinin zavod qüsurlu olmasından tam məlumatlıdır. Sadəcə Müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınır. İlk dəfə 2023-cü ilin dekabr ayında Lizinq verənə bildiriş göndərərək öhdəliklərini icra etməsini xahiş etmişdir. Sonuncu dəfə isə 2024-cü ilin mart ayında cavabdehə bildiriş-pretenziya göndərərək müqavilə üzrə öhdəliklərini icra etməsini tələb etmişdir. Təəssüfər olsun ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək ona lizinqə verdiyi zavod qüsurlu lizinq predmetini yenisi ilə əvəz etmir, nə də ki, müqavilə adı altında cavabdehə ödədiyi məbləğləri geri qaytarmır. Bu isə cavabdehin yol verdiyi hüquq pozuntusudur.

17. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

18. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı texnikada zavod qüsurunun olmasını, cavabdehin servisinin sistemdə problem olmasını qeyd etməklə təsdiq etdiyini, özü tərəfindən yanacağa əlavə qatqı qatılmadığını, lakin dəfələrlə zavoda müraciət olunduqdan sonra onların əməkdaşları tərəfindən gəlib texnikaya baxış keçirildiyini, qatqı sistemi bir neçə dəfə dəyişdirildikdən sonra texnikanın bir müddət işlədiyini, daha sonra yenidən texnikanın nasaz vəziyyətdə olduğunu bildirmişdir.

19. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etmədiklərini, texnikadakı problemin keyfiyyətsiz yanacağın tökülməsi ilə əlaqəli olduğunu, əməkdaşlarının texnikaya uyğun yanacaq tökdükdən sonra texnikanın fəaliyyətə düşdüyünü, problemin yanacağın əlavə qatqısından qaynaqlandığını, texnikadan düzgün istifadə olunmadığı üçün onda nasazlıq yarandığını, burada zavodun heç bir qüsurunun olmadığını və texnikanın dəyişdirilməsinə zərurət olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.

20. Sonradan iddiaçı elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etsə də, cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin rədd edilməsini təkid etdiyindən iddiaçının ərizəsi təmin olunmamış, işə mahiyyəti üzrə baxılmışdır.

21. Birinci instansiya məhkəməsinin xx.xx.2026-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

22. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında daxili X3ndən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, satıcı və lizinq verən cavabdeh lizinq alan iddiaçı tərəfindən seçilmiş, lizinq predmeti olan 1 ədəd Traktor Armatrac 1254 Lux Cabin CRD və 1 ədəd Kotan 5 gövdəli UM-KT-14-5 markalı texnikaları öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alan iddiaçıya müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan iddiaçı isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Cavabdeh həm də Armatrac 1254 Lux Cabin CRD 4 markalı traktorun satıcısı olmuşdur.  İddiaçı lizinq predmeti olan texnikalarda istehsalçı qüsurunun olduğunu əsas gətirərək texnikaların yenisi ilə dəyişdirilib ona verilməsini və ya tərəfindən müqavilə üzrə cavabdehə ödənilmiş 27980 manat pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir.  İddiaçı ən son model olduğu üçün Traktor Armatrac 1254 Lux Cabin CRD və Kotan 5 gövdəli UM-KT-14-5 markalı texnikaları seçdiyini, ancaq istifadəsi üçün “Evro 5” standardına uyğun dizel yanacağından istifadə edilməli olduğunu, onun yaşadığı ərazidə bu standarta uyğun dizel yanacağı olmadığını, buna görə də lizinq obyektinin tez-tez xarab olduğunu bildirmişdir.  Cavabdehin nümayəndəsi iddiaçının texnikadan düzgün istifadə etmədiyini, keyfiyyətli əlavə yanacaq qatqısı istifadə etmədiyini, nasazlıq yarandıqda əməkdaşlarının texnikanı təmir edərək işlək vəziyyətə gətirdiyini, texnikada zavod qüsuru olmadığını bildirmişdir.  Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir.  Çünki iddiaçı lizinq alan olaraq satıcını və lizinq obyekini özü seçmiş, lizinq obyektinin texniki xüsusiyyətlərini, yəni hansı növ yanacaqdan və hansı əlavə qatqılardan istifadə edilməli olduğunu əvvəlcədən bilərək lizinq müqaviləsini bağlamışdır. İddiaçı lazımı diqqət göstərərək seçdiyi texnikanın xüsusiyyətlərini və texniki göstəricilərini, istifadə məqsədlərinə uyğunluğunu müəyyənləşdirməli olduğu halda buna əməl etməmişdir. Belə olan halda isə Mülki Məcəllənin 748-7.3-cü maddəsinə əsasən məsuliyyəti lizinq obyektini seçən iddiaçı tərəf daşıyır.  Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış 07 sentyabr 2023-cü il tarixli, DL/ML/0147 saylı müqavilənin 7.5-ci bəndinə əsasən iddiaçı satıcını özü seçdiyi üçün lizinq obyektinin qüsurlarına görə məsuliyyəti öz üzərinə götürmüşdür.  Bundan başqa "xxxx" MMC-nin 07 oktyabr 2025- ci il tarixli, QCM/O 04-077/25 nömrəli rəyində qeyd edilmişdir ki, hesabata əsasən “AdBull” sisteminin, regenerasiya probleminin, mühərrikin tüstüləməsi və dövrlər sayının normal vəziyyətə gətirilə bilməməsi kimi qüsurlar texniki istismar zamanı yaranmış və aradan qaldırıması mümkün olan qüsurlar hesab edilir. İstehsalçı, texniki servis və istismarçının birgə razılaşması əsasında bu çatışmazlıqlar aradan qaldırıla bilər.  Mütəxəssis rəyindən də tam aydın olur ki, iddiaçının yenisi ilə əvəzləşdirilməsini və ya ödədiyi pulun geri qaytarılmasını tələb etdiyi lizinq obyekti olan texnikalarda onun iddia etdiyi kimi istehsalat qüsuru yoxdur, texnikalardakı nasazlıq məhz texniki istismar zamanı yaranmış və aradan qaldırılması mümkün olan qüsurlardır.  Lizinq verən cavabdeh Mülki Məcəllənin 749.1-ci maddəsinə əsasən qüsurlu əmlak göndərdiyi halda lizinq alan iddiaçı qarşısında məsuliyyət daşıyır. Hazırda isə işin faktiki hallarından cavabdehin iddiaçıya qüsurlu əmlak verməsi öz təsdiqini tapmamışdır.  Beləliklə də, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd olunmalı, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.

23. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 442, 747.1, 747-5.1, 748-1.1, 748-1.2, 748-1.3, 748-7.1, 748-7.3, 749.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat

a) Apellyasiya şikayətinin dəlilləri

24. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə keçirilən iclas zamanı prosessual şəxs olan iddiaçının iştirakı təmin edilməmiş, iddiaçının məhkəmə baxış iclası keçirilmədən öncə məhkəməyə ünvanladığı iddianın geri qaytarılması ərizəsi qətiyyən nəzərə alınmamış, iş üzrə keçirilmiş ekspertiza üzrə verilən mütəxəssis rəylərinin iddianın rədd edilməsinin mümkünsüzlüyünə əsas verməsinə rəğmən hakim bunu nəzərə almamış, nəticədə proses iştirakçısı olaraq iddiaçı tərəfin konstitusion məhkəmə müdafiəsi hüququ kobudcasına pozulmuşdur. Lizinq alan ondan asılı olmayan səbəblərə görə lizinq obyektindən istifadə edə bilməmişdirsə, istifadənin mümkün olmadığı bütün dövr üçün lizinqalandan lizinq ödənişlərinin tələb olunması ədalətli və qanuni hesab edilə bilməz. Bundan başqa, ümumi qaydaya görə, lizinq predmetinin qüsurlarına görə lizinq verən lizinq alan qarşısında məsuliyyət daşıyır. Bu prezumpsiya bilavasitə qanunun özündən irəli gəlməkdədir. Belə ki, MM-in 749.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. O da qeyd olunmalıdır ki, MM-in 751-ci maddəsi müvafiq hallarda lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin qaydalarının tətbiqinə yol verir. Bu baxımdan, MM-in 676.0, 676.0.1 və 676.0.2-ci maddələrinin tələblərinə görə, bütün kirayə müddəti ərzində kirayəyə verən kirayəyə verilən əşyanın kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmasına, eləcə də əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olması üçün məsuliyyət daşıyır. Göründüyü kimi, mövcud qanunvericilik lizinq predmetinin keyfiyyətli, istifadə üçün yaralı vəziyyətdə olmasını tələb edir və bu tələblərə əməl edilməsinə görə məsuliyyəti bilavasitə lizinq verənin üzərinə qoyur. Əgər lizinq alan lizinq predmetinin keyfiyyətsiz, istifadə üçün yararsız olması səbəblərindən həmin əmlakdan yararlana (istifadə edə) bilməmişdirsə, yararsızlığın davam etdiyi bütün dövr ərzində lizinq alandan lizinq ödənişləri tələb edilə bilməz. AR Ali Məhkəməsi Mülki Məcəllənin 448.1, 448.4 və 748.7.1-ci maddələrinin birgə təhlilinə əsasən qeyd edib ki, lizinq alan yalnız onun nəzarət və iradəsi daxilində olan risklərə görə məsuliyyət daşıyır. Riskin idarə edilməsi üçün real imkanın olmadığı hallarda məsuliyyətin birmənalı şəkildə lizinq alana yüklənməsi hüquqa və ədalət prinsiplərinə ziddir.

Apellyasiya şikayətinə qarşı etiraz

26. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilmişdir.

Apellyasiya baxışı

27. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

29. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

30. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

31. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

33. Maddə 747-5.1. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqısatqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747- 5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir.

34. Maddə 748-1.3. Lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və satıcı ilə lizinq verənin arasında alğı-satqı müqaviləsi ilə nəzərdə tutulan digər tələbləri irəli sürə bilər.

35. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

36. Maddə 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir.

37. Maddə 748-1.7. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır.

38. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

39. Maddə 748-7.3. Lizinq obyektinin lizinq müqaviləsinə əsasən istifadə məqsədlərinə uyğunsuzluğu ilə bağlı riskin məsuliyyətini, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektini seçən tərəf daşıyır.

40. Maddə 749.1. Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 152.1.9. İddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

45. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 259.0.11. İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə Məhkəmə ərizəni baxılmamış saxlayır.

48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

51. Kollegiya mübahisələndirilən hissə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

52. Mülki (kommersiya) mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

53. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

54. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, lizinq predmeti olan texnikada istehsalçı qüsuru mövcuddur. Bu səbəbdən iddiaçı lizinq obyektinin yenisi ilə əvəz edilməsini, bu mümkün olmadığı təqdirdə isə cavabdehə ödənilmiş 27 980 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb edir.

55. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.3-cü maddəsinə əsasən lizinq predmeti lizinqalan tərəfindən seçildiyi halda, lizinqverən malın keyfiyyətinə və onun lizinqalanın məqsədlərinə uyğunluğuna görə məsuliyyət daşımır. İş materiallarından görünür ki, iddiaçı lizinq obyektini (traktoru) və satıcını sərbəst şəkildə özü seçmiş, texnikanın spesifikasiyaları ilə tanış olmuşdur. Eyni zamanda Müqavilənin 7.5-ci bəndi də bu məsuliyyəti birbaşa iddiaçının üzərinə qoyur.

56. Digər tərəfdən kollegiya qeyd edir ki, lizinq verən cavabdeh Mülki Məcəllənin 749.1-ci maddəsinə əsasən qüsurlu əmlak göndərdiyi halda lizinq alan iddiaçı qarşısında məsuliyyət daşıyır. Hazırda isə işin faktiki hallarından cavabdehin iddiaçıya qüsurlu əmlak verməsi öz təsdiqini tapmamışdır.

57. İş üzrə təqdim edilmiş 07 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyi təsdiq edir ki, texnikada yaranmış nasazlıqlar lizinqverənin və ya istehsalçının xətası deyil, iddiaçının qeyridüzgün istismarının nəticəsidir.

58. Mütəxəssis rəyindən də tam aydın olur ki, iddiaçının yenisi ilə əvəzləşdirilməsini və ya ödədiyi pulun geri qaytarılmasını tələb etdiyi lizinq obyekti olan texnikalardakı qsurlar aradan qaldırıla bilər. Buna baxmayaraq iddiaçının birbaşa müqavilənin ləğvini və vəsaitin qaytarılmasını tələb etməsi hüquqi mütənasiblik prinsipinə ziddir.

59. Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21 yanvar 2016-cı il tarixli Qərarı).

60. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).

61. Qanunverici iddiaçının iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 41).

62. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər iddiaçının elektron kabinetinə yerləşdirilmiş, eləcə də SMS xəbərdarlıq vasitəsi ilə prosesslər barədə onlara məlumat verilmiş; iddiaçı məhkəmə hazırlıq iclasında iştirak etsə də, baxış iclaslarında iştirak etməmiş, məhkəmə iclasının gəlməməsinin səbəblərini məhkəməyə bildirməmiş, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir.

63. Kollegya qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur.

64. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsinin qaytarılması Mülki Prosessual Məcəllənin müvafiq maddələri ilə tənzimlənir.

65. İddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (§ 44).

66. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırlıq iclası yekunlaşdıqdan sonra iddia ərizəsinin qaytarılması barədə ərizə təqdim etmiş; xx.xx.2026-cı il tarixli məhkəmə iclas protokoluna əsasən cavabdeh əizənin təmin olunmasına etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir.

67. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən cavabdeh işin mahiyyəti üzrə həllini tələb etdiyi halda, məhkəmə iddiaçının birtərəfli qaydada iddianı geri götürməsi barədə vəsatətini təmin edə bilməz. Belə olan halda, işə mahiyyəti üzrə baxılmalı və tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verilməlidir (§ 47).

68. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

69. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-194/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar