Məhkəmə qərarları › İş №2-2(3-6)-23/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-23/2026

20.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-23/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar söz: lizinq müqaviləsi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, Iddiaçının nümayəndəsi X2, Cavabdeh cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyən etdi: Işin halları

1. “xxxx” BOKT MMC (lizinq verən) ilə cavabdeh1 (lizinq alan) arasında ##.##.2023-cü il tarixli ML/**** saylı maliyyə lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci maddəsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş 1 ədəd 2014-cü il buraxılışı olan BMW M5 minik markalı nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. - 8.2-ci bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 88.839 manat, bu məbləğdən 25.089 manat lizinq verənin mükafatını təşkil edir. Lizinq müqaviləsinin müddəti 36 ay müəyyən edilmişdir.

2. BOKT-la borcalan arasında bağlanmış ##.##.2023-cü il tarixli ML/**** saylı maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq, “xxxx” BOKT MMC, cavabdeh1 (borcalan) və cavabdeh2 (zamin) arasında ##.##.2023-cü il tarixli **** saylı zaminlik müqaviləsi bağlanmışdır.

3. Müqavilələr tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat Istintaq Idarəsinin ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** saylı məktubuna əsasən müəyyən olunur ki, ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi ünvanında “X3” MMC-nin ərazisində “BMW M5” markalı,** UA *** dövlət qeydiyyat nişanlı avtomobildə yanğın baş vermişdir.

5. “xxxx” ASC-nin ## ######## 2024-cü il tarixli ****/C nömrəli məktubuna əsasən bildirmişdir ki, MC-MIC-****/** saylı sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Avtonəqliyyat vasitələrinin tam sığortası” Qaydalarının 7.1.15-ci bəndinə əsasən avtonəqliyyat vasitəsinin təlim məqsədilə, yaxud yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, icarə üçün, davamlılıq sınaqlarında istifadə edilməsi nəticəsində baş verən itki və ziyanlar sığortaçı tərəfindən ödənilmir. Sözügedən Qaydaların 7.1.17-ci bəndinə əsasən avtonəqliyyat vasitəsinin onun texniki təyinatına uyğun gəlməyən məqsədlərdə istifadə edilməsi nəticəsində baş verən itki və ziyanlar da sığortaçı tərəfindən ödənilmir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. Iddiaçı İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh cavabdeh1 arasında bağlanmış ## ######## 2023-cü il tarixli ML/6264nömrəli X6 üzrə əsas borc məbləği üzrə 62.530,87 manat, faiz borcu üzrə 6.860,53 manat, cərimə borcu 343,03 manat olmaqla cəmi borc 69.734,43 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 299,20 manat məbləğdə dövlət rüsumunun cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh1 arasında ## ######## 2023-cü il tarixli ML/**** nömrəli X6 bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh1 1 ədəd 2014-cü il buraxılışı olan “BMW M5” minik markalı, WBSFV*****D******ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 23 % dərəcəsi ilə 36 ay müddətinə lizinqə verilmişdir. Müqavilə üzrə lizinq məbləği 63750 manat təşkil edir. ## ######## 2023-cü il tarixli ML/**** nömrəli X6 üzrə öhdəliyin icrasının təmini üsulu kimi “xxxx BOKT” MMC ilə cavabdeh2 arasında ## ######## 2023-cü il tarixli **** nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh2 ## ######## 2023-cü il tarixli ML/**** nömrəli X6 üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq, lizinq alan ## ####### 2023-cü ildən ## ######## 2026-cı ilədək hər ayın 12-si tarixində lizinq verənin bank hesabına 2.467,74 manat məbləğdə lizinq haqqı ödəməli idi. “xxxx BOKT” MMC tərəfindən tərtib olunan maliyyə arayışına əsasən, cavabdeh1 iddiaçıya əsas borc məbləği üzrə 62.530,87 manat, faiz borcu 6.860,53 manat, cərimə borcu 343,03 manat olmaqla cəmi borc 69.734,43 manat təşkil edir. Lizinq obyekti olan “BMW M5” minik markalı WBSFV*****D******ban nömrəli nəqliyyat vasitəsi lizinq alan tərəfindən idarə olunaraq ## #### 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı ray., Zığ şossesi ünvanında yerləşən “X3” MMC-nin ərazisində sınaq sürüşü keçirilmiş, nəticədə yanğın baş vermiş və avtomobil yanaraq yararsız vəziyyətə düşərək əmlaka ziyan dəymişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat Istintaq Idarəsinin ## #### 2024-cü il tarixli *-**-**/*-****/**** nömrəli qərarına əsasən baş vermiş yanğında cinayət tərkibi olmadığı üçün cinayət təqibinin başlanmasını rədd etmişdir. Həmçinin “xxxx” ASC-nin ## ######## 2024cü il tarixli ****/C nömrəli məktubuna əsasən bildirmişdir ki, MC-MIC-****/** saylı sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Avtonəqliyyat vasitələrinin tam sığortası” Qaydalarının 7.1.15-ci bəndinə əsasən avtonəqliyyat vasitəsinin təlim məqsədilə, yaxud yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, icarə üçün, davamlılıq sınaqlarında istifadə edilməsi nəticəsində baş verən itki və ziyanlar sığortaçı tərəfindən ödənilmir. Sözügedən Qaydaların 7.1.17-ci bəndinə əsasən avtonəqliyyat vasitəsinin onun texniki təyinatına uyğun gəlməyən məqsədlərdə istifadə edilməsi nəticəsində baş verən itki və ziyanlar da sığortaçı tərəfindən ödənilmir.

8. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, əsas borc üzrə 6.623,57 manat, mükafat borcu üzrə 3.182,92 manat, cərimə borcu üzrə 250 manat olmaqla, ümumilikdə 10.056,49 manat məbləğində pulun müştərək qaydada cavabdeh2 və cavabdeh1 tutularaq İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi,dövlət rüsumunun əvəzi olaraq 120,17 manat məbləğində pulun müştərək qaydada cavabdeh2 və cavabdeh1 tutularaq İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəf, məhz lizinq müqaviləsi üzrə tam borcun tutulmasını xahiş edir. Ona görə də, nəqliyyat vasitəsi iddiaçıya qaytarılarkən hansı vəziyyətdə və dəyərdə olması hazırkı işin həlli üçün heç bir əhəmiyyəti yoxdur. Belə ki, tələb, nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı deyil, məhz lizinq müqaviləsi üzrə borcun tutulması ilə bağlıdır. Lizinq müqaviləsi üzrə ödəniş qrafikinə nəzər yetirildikdə, görünür ki, ## ######## 2023-## #### 2024-cü il tarixli dövr üçün əsas borc üzrə ödənilməli məbləğ 7.842,70 manat, mükafat borcu üzrə isə 6.963,79 manat təşkil edir. Iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş maliyyə arayışından görünür ki, lizinq alan tərəfindən indiyədək ödənilmiş məbləğ 5.000 manat (əsas borc üzrə 1.219,13 manat+mükafat borcu üzrə 3.780,87 manat) təşkil edir. Ona görə də, lizinq obyektinin qaytarıldığı tarixədək cavabdehin əsas borc üzrə ödənilməmiş 6.623,57 (7.842,70-1.219,13) manat, mükafat borcu üzrə ödənilməmiş 3.182,92 (6.963,79- 3.780,87) manat borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ## ######## 2023-cü il tarixli lizinq müqaviləsi üzrə əsas borc üzrə 6.623,57 manat, mükafat borcu üzrə 3.182,92 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Iddiaçıya bu hissədə, izah edilməlidir ki, məhz dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi irəli sürmək hüququ vardır.

10. Dəbbə pulunun tələb edilməsi hissəsində məhkəmə hesab etmişdir ki, cavabdehin əsas borcuna münasibətdə 250 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

11. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 467, 747.1, 748-1.12. və 748-1.12.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

12. Iddiaçı İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsini rəhbər tutaraq, bütün faktiki halları yenidən qiymətləndirərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ######## 2023-cü il tarixli ML/**** nömrəli X6 üzrə 1 ədəd 2014-cü il buraxılışı olan “BMW M5” minik markalı, WBSFV*****D******ban nömrəli nəqliyyat vasitəsinin əldə edilməsi üçün 63750 manat lizinq məbləği ayrılmışdır. Yəni tərəflərindən xidmət göstərilmiş və hal-hazırda borcludan vəzifəsinin yəni borc öhdəliyinin yerinə yetirilməsinin icrasını tələb etmək hüquqları vardır. Lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Lizinq alan tərəfindən gecikdirilmə yolverilməzdir ki, bunun nəticəsində lizinq verənə zərər dəyir. Lizinq alan maliyyə lizinq müqaviləsinin şərtlərini pozaraq lizinq obyektinin istifadə edilməsindən asılı olmayaraq lizinq ödənişlərini ödəməli idi. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Qeyd olunan nəqliyyat vasitəsi ## ######## 2023-cü il tarixli ML/**** nömrəli X6 əsasında lizinq alanın istifadəsinə verilmişdir. Qeyd edək ki, 2014-cü il buraxılışı olan “BMW M5” minik markalı, WBSFV*****D******ban nömrəli nəqliyyat vasitəsi ## #### 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi ünvanında yerləşən “X3” MMC-nin ərazisində sınaq sürüşü keçirilmiş, nəticədə yanğın baş vermiş və avtomobil yanaraq yararsız vəziyyətə düşərək əmlaka ziyan dəymiş və lizinq verənə həmin vəziyyətdə qaytarılmışdır. Bu haldan da görünür ki, lizinq alanın hərəkətləri nəticəsində lizinq obyekti məhv edilmişdir. Iş üzrə təqdim olunmuş sübutlar düzgün qiymətləndirməmiş, iş üçün əhəmiyyətli olan bütün hallar ətraflı araşdırmadan qətnamə qəbul edilmişdir. Belə ki, nəqliyyat vasitəsi qaytarılan zaman qəzalı, yararsız vəziyyətdə olmuşdur. Məhkəmə tərəfindən təyin olunaraq keçirilən ekspert rəyləri əsas götürülərək nəqliyyat vasitəsinin qeyd olunan satış dəyərindən ## ######## 2023-cü il tarixli ML/6264 ML müqaviləsi üzrə borc məbləği çıxılaraq qalan borc məbləği təmin olunmalı idi. Ekspert rəyləri arasında nəqliyyat vasitəsinin hazırki vəziyyətinin qiymətləndirilməsi ilə bağlı təqdim edilmiş qiymətlər arasında aşırı ziddiyyətlər olmuşdur. Yararsız vəziyyətdə olan lizinq obyektinin bazarda 26000 AZN dəyərdə satılması isə qeyri-mümkündür. Məhkəmə işin həqiqi halına yəni nəqliyyat vasitəsinin yararsız vəziyyətdə olmasını, cavabdehə iddiaçı tərəfindən ayrılan lizinq məbləğinin 63750 manat məbləğinin ümumi qaydada yəni öhdəliyin digər təminatçısı zamini ilə müştərək qaydada tutularaq ödənilməsini, həmçinin qəzalı nəqliyyat vasitəsinin əgər qiymətləndirmənin rəyi əsasında satılmaq ehtimalı olarsa satışdan gələn vəsaitin ümumi borc məbləğindən çıxılaraq qalan borc məbləğinin məhkəmə qaydasında tutularaq qətnamə çıxarılması və digər halların qarşılıqlı münasibətini əsaslandırmamışdır.

Apellyasiya şikayətinə qarşı etiraz:

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında cavabdeh cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

17. Cavabdehlər cavabdeh2 və cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.

18. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. -748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. -748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. -750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq edilməli olan maddi hüquq normalarını birlikdə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia qismən təmin edilməlidir.

25. Iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında ##.##.2023-cü il tarixli ML/**** nömrəli X6 bağlanmış, həmin müqaviləyə əsasən 2014-cü il buraxılışlı “BMW M5” markalı nəqliyyat vasitəsi lizinq alan cavabdeh1 sahiblik və istifadəsinə verilmişdir. Müqavilə üzrə lizinq məbləği 63.750 manat, lizinq ödənişlərinin ümumi məbləği isə 88.839 manat müəyyən edilmişdir. Lizinq müqaviləsinin icrasının təminatı olaraq cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və zamin əsas borclu ilə birlikdə məsuliyyət daşımağı üzərinə götürmüşdür.

26. Lizinq münasibətlərinin hüquqi mahiyyətinə görə lizinq verən lizinq obyektini əldə edib lizinq alanın istifadəsinə verməklə öz öhdəliyini icra edir, lizinq alan isə lizinq obyektindən istifadə müqabilində müqavilə ilə müəyyən edilmiş ödənişləri həyata keçirməli, lizinq obyektindən təyinatına uyğun və vicdanlı istifadə etməli, habelə onun qorunması ilə bağlı müqavilə və qanundan irəli gələn riskləri daşımalıdır.

27. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alanın üzərinə düşür.

28. Iş materiallarından görünür ki, lizinq obyekti ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi ünvanında yerləşən “X3” MMC-nin ərazisində baş vermiş yanğın nəticəsində yararsız vəziyyətə düşmüşdür. “xxxx” ASC-nin məktubunda da avtomobilin təlim, sınaq, yarış və ya texniki təyinatına uyğun olmayan məqsədlər üçün istifadəsi nəticəsində yaranmış itki və ziyanın sığorta təminatına daxil olmadığı göstərilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, avtomobilin məhz lizinq alanın faktiki istifadəsində olduğu dövrdə və onun nəzarət sferasında baş vermiş hadisə nəticəsində yararsız vəziyyətə düşməsi lizinq alanın risk dairəsinə aiddir. Cavabdeh tərəf yanğının lizinq verənin təqsiri, lizinq obyektinin ona təhvil verilərkən mövcud olmuş gizli qüsuru və ya qarşısıalınmaz qüvvə nəticəsində baş verdiyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Buna görə lizinq obyektinin məhv olması və ya yararsız vəziyyətə düşməsi lizinq alanı müqavilədən irəli gələn pul öhdəliyindən azad etmir.

30. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, lizinq alanın risk dairəsində baş vermiş hal nəticəsində lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə lizinq verənin tələbi mexaniki olaraq müqavilə müddətinin sonunadək hesablanmış bütün ödənişlər, faizlər və cərimələr həcmində müəyyən edilə bilməz. Belə hallarda lizinq verənin müdafiə olunan mənafeyi onun real və xalis icra mənafeyidir. Lizinq verən müqavilənin vaxtından əvvəl dayandırılması nəticəsində artıq icrası onun mənafeyinə aid olmayan, yaxud gələcək dövr üzrə qənaət etdiyi məbləğləri ayrıca tələb etmək hüququna malik deyildir.

31. Bu hüquqi yanaşma öhdəlik hüququnun kompensasiyaedici xarakterindən irəli gəlir. Müqavilə pozulduqda kreditorun pozulmuş hüququ bərpa edilməli, lakin o, müqavilənin pozulması nəticəsində əsassız üstün vəziyyətə düşməməlidir. Buna görə lizinq verənin tələbi müəyyən edilərkən lizinq obyektinin qalıq dəyəri, gələcək dövr üzrə hesablanmış lizinq muzdu/faiz qalığı, habelə müqavilənin vaxtından əvvəl dayandırılması nəticəsində lizinq verənin qənaət etdiyi digər xərclər nəzərə alınmalıdır.

32. Birinci instansiya məhkəməsi iddianın yalnız lizinq müqaviləsi üzrə borcun tutulmasına dair olduğunu əsas gətirərək lizinq obyektinin qaytarılarkən hansı vəziyyətdə və hansı dəyərdə olmasını işin həlli üçün əhəmiyyətsiz hesab etmişdir. Məhkəmə kollegiyası həmin yanaşma ilə razılaşmır. Çünki lizinq obyekti yararsız vəziyyətdə olsa da, lizinq verənin faktiki sahibliyinə qaytarılmış və onun müəyyən qalıq dəyəri mövcud olmuşdur. Həmin qalıq dəyərin nəzərə alınmaması lizinq verənin həm lizinq obyektini özündə saxlamasına, həm də həmin obyektin dəyərini əhatə edən tam əsas borcu tələb etməsinə səbəb olardı ki, bu da tərəflərin əmlak mənafeləri arasında ədalətli balans prinsipinə uyğun deyildir.

33. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş qiymətləndirmə nəticəsində lizinq obyekti olan “BMW M5” markalı nəqliyyat vasitəsinin mövcud vəziyyətdə bazar dəyərinin 16.200 manat olduğu müəyyən edilmişdir. Həmin qiymətləndirmə iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etmir və məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qəbul edilir.

34. Maliyyə arayışından görünür ki, müqavilə üzrə lizinq məbləği 63.750 manat təşkil etmiş, lizinq alan tərəfindən əsas borc hissəsi üzrə 1.219,13 manat ödəniş edilmişdir. Beləliklə, ödənilməmiş əsas borc 62.530,87 manat təşkil edir. Lakin lizinq obyekti lizinq verənə qaytarıldığından və onun qalıq bazar dəyəri 16.200 manat olduğundan həmin məbləğ ödənilməmiş əsas borcdan çıxılmalıdır.

35. Bu halda lizinq verənin təmin edilə bilən xalis əsas borc tələbi aşağıdakı qaydada hesablanmalıdır: 63.750 manat − 1.219,13 manat − 16.200 manat = 46.330,87 manat.

36. Başqa sözlə, 63.750 manat lizinq məbləğindən lizinq alan tərəfindən ödənilmiş 1.219,13 manat əsas borc və lizinq obyektinin 16.200 manat qalıq dəyəri çıxıldıqdan sonra lizinq verənin real icra mənafeyi 46.330,87 manat təşkil edir.

37. Məhkəmə kollegiyası iddiaçının faiz borcu üzrə 6.860,53 manat və cərimə borcu üzrə 343,03 manat tələbləri ilə razılaşmır. Belə ki, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə səbəb olmuş hadisədən sonra lizinq obyekti lizinq alanın istifadəsində olmamış, yararsız vəziyyətdə lizinq verənin sahibliyinə qaytarılmışdır. Bu şəraitdə gələcək dövr üzrə lizinq muzdu/faiz qalığının və cərimənin tam həcmdə tutulması lizinq verənin xalis icra mənafeyinin bərpası həddini aşar.

38. Lizinq verənin əsas mənafeyi lizinq obyektinin əldə edilməsi üçün ayırdığı vəsaitin ödənilməmiş hissəsinin, lizinq obyektinin qalıq dəyəri nəzərə alınmaqla, geri qaytarılmasından ibarətdir. Müqavilə vaxtından əvvəl dayandığından və lizinq obyekti lizinq alanın istifadəsindən çıxaraq lizinq verənə qaytarıldığından, gələcək dövr üçün hesablanmış faizlərin və digər əlavə ödənişlərin tutulması artıq lizinq verənin real zərərinin kompensasiyası deyil, müqavilənin davam etmədiyi dövr üzrə gəlirin tələb edilməsi xarakteri daşıyardı.

39. Bu baxımdan, faiz və cərimə borcu üzrə tələblərin rədd edilməsi lizinq alanın məsuliyyətdən azad edilməsi kimi deyil, lizinq verənin tələbinin onun real və qanunla qorunan icra mənafeyi ilə məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Əsas borcun qalıq dəyər çıxılmaqla tutulması lizinq verənin pozulmuş hüququnu bərpa edir, faiz və cərimənin əlavə tutulması isə konkret işin halları baxımından tənasübsüz nəticəyə səbəb olar.

40. Cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərarın mövcudluğu da lizinq alanın mülki-hüquqi məsuliyyətini aradan qaldırmır. Həmin qərar yalnız baş vermiş hadisədə cinayət tərkibinin müəyyən edilmədiyini göstərir. Mülki-hüquqi məsuliyyətin yaranması üçün isə hadisənin cinayət xarakterli olması tələb olunmur; əsas məsələ lizinq obyektinin lizinq alanın faktiki istifadəsində və risk dairəsində olarkən yararsız vəziyyətə düşməsi, həmçinin onun müqavilədən irəli gələn pul öhdəliyinin icra edilməməsidir.

41. Zaminin məsuliyyəti hissəsində məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2023cü il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh2 lizinq müqaviləsi üzrə öhdəliklərin icrasına görə əsas borclu ilə birlikdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından və zaminlik həmin lizinq müqaviləsindən irəli gələn pul öhdəliyinin təminatına yönəldiyindən müəyyən edilmiş 46.330,87 manat məbləğ əsas borclu və zamindən müştərək qaydada tutulmalıdır.

42. Beləliklə, birinci instansiya məhkəməsi lizinq obyektinin qalıq dəyərinin və lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsinin hüquqi nəticələrini düzgün qiymətləndirməmiş, iddiaçının tələbinin onun real icra mənafeyi ilə məhdudlaşdırılmalı olduğunu nəzərə almamışdır. Bu isə qətnamənin mübahisələndirilən hissədə ləğvini və iş üzrə yeni qətnamə qəbul edilməsini zəruri edir.

43. Göstərilənlərə əsasən, iddia əsas borc üzrə 46.330,87 manat məbləğində təmin edilməli, həmin məbləğ cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC-yə ödənilməli, faiz borcu və cərimə borcu üzrə tələblər isə təmin edilməməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv olunsun. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Əsas borc üzrə 46.330,87 manat (qırx altı min üç yüz otuz manat, səksən yeddi qəpik) məbləğində pul cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. Iddia qalan hissələrdə təmin edilməsin. Iddia ərizəsinin verilməsinə görə 120,17 manat (yüz iyirmi manat, on yeddi qəpik) məbləğində dövlət rüsumunun əvəzi və apellyasiya şikayətinin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar iş üzrə cəlb edilmiş qiymətləndiricinin xidmət haqqı 300 (üç yüz) manat məbləğində pul cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq “xxxx” MMC-nin bank hesabına (Bank adı: “xxxx” Məhdud Məsuiyyətli Cəmiyyəti, Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, NC, H/H: № AZ**AIIB********************, VÖEN: 1301943361, “xxxx” ASC Yasamal filialı, Kod: 200037, VÖEN: 9900003611, Müxbir hesab: AZ37NABZ01350100000000001944, S.W.İ.F.T BIK: AIIBAZ2X) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar