Məhkəmə qərarları › İş №2-2(3-6)-250/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-250/2026

18.03.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-250/2026 18.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(4-11)-94/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli **********404200 nömrəli bildirişlə müraciət edərək vergi borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

2. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 12 777,48 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxx 1960-cı il, Doğulduğu yer - Azərbaycan, Bakı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE *******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 12777,48 manat məbləğində (o cümlədən, vergilər üzrə 9353,46 manat, faizlər üzrə 3424,02 manat) olmaqla, ümumilikdə 12777,48 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********404200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

5. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(4-11)-94/2026 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2026-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş Vergi ödəyicisi olan, xx xxxx 1960-cı i tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) dövlət büdcəsinə olan ümumilikdə 12777,48 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması, dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pulun Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs (VÖEN: **********) xx.xx.2025-ci il tarixə borcları yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicilərinə borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmişdir. Bundan sonra, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərmişdir. Borc məbləği ödənilmədiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməli, Maraqlı şəxs (VÖEN: **********) borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.

10. Məhkəmə hesab etmişdir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır.

11. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.0.2-1, 77.1, 77.3, 78.1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.3, 119.2, 355-5.1, 355-7.4-cü maddələrini, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2, 9.1.14, 9.4-cü maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(4-11)-94/2026 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2026-cı il tarixli qətnaməsindən maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, cavabdeh xərçəng xəstəliyindən müalicə alır. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının xx.xx.2024-cü il tarixli ekpikrizindən görünür ki, maraqlı şəxsə xx.xx.2024-cü il tarixdə xərçəng diaqnozu qoyulmuş, xərçəngin mərhələsi İİİ olaraq təsbit edilmişdir. Həmçinin Rusiya Federasiyası N.N.Bloxina adına Milli Onkologiya Tibbi Tədqiqat Mərkəzinin maraqlı şəxsə ünvanladığı 17 mart 2024-cü il tarixli məktubdan maraqlı şəxs üçün xx.xx.2024-cü il tarixdə konsultasiya təyin edildiyi də görünür. Nəzərə alınmalıdır ki, maraqlı şəxsə xərçəng (İİİ mərhələ) diaqnozu qoyulmuş, sonuncu müalicəsini xaricdə davam etdirmək üçün müvafiq səhiyyə müəssisəsi ilə yazışma aparmışdır. Belə olan halda, maraqlı şəxsin ölkədən getmək hüququna müdaxilə həm də onun yaşamaq hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı; iştirakçılarının izahatları

11. 23.02.2026-cı il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu verilərək işin hallarının obyektiv araşdırılması üçün Maraqlı şəxs (VÖEN: **********) hazırda dövlət büdcəsinə olan vergi borcu barədə məlumat və sənədlərin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən şəxsi hesab vərəqəsi təqdim edilmişdir.

13. Maraqlı şəxsin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin işirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının:

14. 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

15. 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər;

16. 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun:

17. Maddə 3.6 “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun:

18. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

19. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin:

20. Maddə 1.4. Həmin Məcəllənin vergi tutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

21. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.

22. Maddə 23.1.15-3 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.

23. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

24. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə məhkəmə kollegiyası tərəfindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2- 2(4-11)-94/2026 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. İş materiallarından görünür ki, Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcu vardır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, xx.xx.2026-cı il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə cəmi 12.777,48 manat vergi borcu var. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********404200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

35. Eyni zamanda apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunu mübahisələndirməmişdir.

36. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır.

37. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində (§ 22) təsbit olunan hüququn vergi orqanı tərəfindən reallaşdırılmasına əsas verən hal məhz vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməməsidir ki, hazırkı işin halları baxımından müvafiq halın mövcudluğu müəyyən olunur.

38. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin apellyasiya şikayətində əsaslandırdığı dəlillər əsassızdır.

39. Belə ki, maraqlı şəxsin təqdim etdiyi tibbi sənədlər onun xaricdə müalicə almasının mütləq və alternativsiz olduğunu, habelə gecikmənin onun həyatı üçün bərpaolunmaz fəsadlar yaradacağını sübut etmir.

40. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Maraqlı şəxs Azərbaycanda əməliyyat olunub və stasionar müalicədən evə buraxılıb. Bu, daxili səhiyyə imkanlarının bu xəstəliklə mübarizədə kifayət etdiyini və hazırkı məqamda xaricə getməyin "mütləq zərurət" (vital necessity) deyil, "seçim" olduğunu göstərir.

41. Eyni zamanda şəxsin təqdim etdiyi sənədlərin iki il əvvələ aid olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, tibbi sənədlər bugünkü fiziki vəziyyəti və müalicə ehtiyacını tam əks etdirmir.

42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

43. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün maraqlı şəxsin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

44. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(4-11)-94/2026 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Maraqlı şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar