Məhkəmə qərarları › İş №2-2(3-6)-269/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-269/2026

08.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-269/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh cavabdeh1 qarşı “lizinq okyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: lizinq müqaviləsi üzrə öhdəliyin icra edilməsi, sübutetmə) Bakı Apellasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh cavabdeh1 qarşı “lizinq okyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. “xxxx” ASC (lizinq verən) ilə cavabdeh1 (lizinq alan) arasında ##.##.2021-ci il tarixli GL *** saylı lizinq müqaviləsi, müqaviləyə ** saylı Əlavə bağlanmışdır.

2. GL*** nömrəli, ## ######## 2021-ci il tarixli Lizinq müqaviləsinə * saylı Əlavə ilə tərəflər Lizinq obyektinin adı, markası, modeli qiyməti, ilkin ödənişi, güzəşti və komissiya məblıği barədə razılığa gəlmişlər. Əlavənin D bəndinə əsasən kreditin məbləği 93.617,67 manat, ilkin ödəniş məbləği 46.782 manat təşkil edir.

3. GL *** nömrəli ##.##.2021-ci il tarixli Lizinq müqaviləsinin ödəniş cədvəli ilə lizinq müddəti 36 ay ##.##.2024-cü il tarixinə kimi müəyyən olunmuşdur.

4. ##.##.2021-ci il tarixli GL *** saylı lizinq müqaviləsinə ** saylı Əlavəyə əsasən lizinq obyekti cavabdehə təhvil verilmişdir.

5. Iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən ##.##.2025-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 3.371,98 manat gecikdirilmiş əsas borcu yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2 ədəd Traktor Başak 2080BB Seriya B2080BT001085, B****BT****** saylı traktor, 1 ədəd Traktor Başak 2110S Seriya B2110SLT001243, 2 ədəd turbo Çiləyici Seriya I10816, I10819, 1 ədəd dərmansəpən 600 LT Seriya1305, 2 ədəd Rotovator 210 SM Seriya 3000, 3001, 1 ədəd Sap parçalama 200 SM Seriya 3018, 1 ədəd Kotan 5/12 Seriya **********, 1 ədəd diskli dırmıx Seriya ******-****, 1 ədəd Herbisit dərmansəpən 5 MT qollu Seriya **** saylı avadanlığları saz və işlək vəziyyətdə geri qaytarılması və 3.371, manat gecikdirilmiş əsas borcunun və 53,72 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh1 tutularaq, “xxxx” ASC -yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə cavabdeh1 arasında bağlanmış ## ######## 2021-ci il tarixli GL*** saylı Lizinq müqaviləsi əsasən ödəniş tapşığına uyğun olaraq 36 ay müddətinə ödəmə şərti ilə 93.617,67 manat lizinq məbləği 2 ədəd Traktor Başak 2080BB Seriya B2080BT001085, B****BT****** saylı traktor, 1 ədəd Traktor Başak 2110S Seriya B2110SLT001243, 2 ədəd turbo Çiləyici Seriya I10816, I10819, 1 ədəd dərmansəpən 600 LT Seriya1305, 2 ədəd Rotovator 210 SM Seriya 3000, 3001, 1 ədəd Sap parçalama 200 SM Seriya 3018, 1 ədəd Kotan 5/12 Seriya **********, 1 ədəd diskli dırmıx Seriya ******-****, 1 ədəd Herbisit dərmansəpən 5 MT qollu Seriya **** saylı avadanlığları lizinqə verilmişdir. Qeyd olunan lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 2.095.020 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən 46.782 manat ilkin ödəniş və 936,18 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Nəticədə, ##.##.2025-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 3.371,98 manat gecikdirilmiş əsas borcu yaranmışdır.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

11. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ##.##.2021-ci il tarixli lizinq müqaviləsinə əsasən 3.371 (üç min üç yüz yetmiş bir) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul cavabdeh1 tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 53 (əlli üç) manat 72 (yetmiş iki) qəpik məbləğində pul cavabdeh1 tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir. Hazırda iddiaçı tərəf cavabdehin ödənilməmiş 3.371,98 manat borcunun qaldığını bildirir və lizinq obyektinin geri qaytarılmasını tələb edir. Iş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli şəkildə təhlilindən aydın olur ki, cavabdeh1nın ##.##.2025-ci il tarixə ##.##.2021-ci il tarixli lizinq müqaviləsi üzrə 3.371,98 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, elektron məhkəmə informasiya sisteminə ##.##.2026-cı il tarixdə ərizə göndərərək iddiaçıya borcunun olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh borcunun olmadığını bildirsə də, bunu təsdiq edə biləcək sübutları 4 məhkəmə iclası keçirilməsinə baxmayaraq məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ##.##.2021-ci il tarixli GL *** nömrəli lizinq müqaviləsinə əsasən 3.371,98 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia 2 ədəd Traktor Başak 2080BB Seriya B2080BT001085, B****BT****** saylı traktor, 1 ədəd Traktor Başak 2110S Seriya B2110SLT001243, 2 ədəd turbo Çiləyici Seriya I10816, I10819, 1 ədəd dərmansəpən 600 LT Seriya1305, 2 ədəd Rotovator 210 SM Seriya 3000, 3001, 1 ədəd Sap parçalama 200 SM Seriya 3018, 1 ədəd Kotan 5/12 Seriya **********, 1 ədəd diskli dırmıx Seriya ******-****, 1 ədəd Herbisit dərmansəpən 5 MT qollu Seriya **** saylı avadanlığları saz və işlək vəziyyətdə geri qaytarılması hissəsində təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən hissəsinə qiymət verilməsi üçün lizinq müqaviləsinin təbiəti və mahiyyəti nəzərdən keçirilməlidir. Lizinq müqaviləsinin anlayışına nəzər yetirildikdə aydın olur ki, lizinq müqaviləsi icarə və alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən bir müqavilədir. Lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il ## ###### tarixli Qərar). Lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sondalizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır...... (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2020-ci il tarixli qərar) Göründüyü kimi, lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafi və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur. Ancaq hazırkı halda, iddiaçı tərəfin həm lizinq müqaviləsi üzrə lizinq məbləğini tam tələb etməklə yanaşı eyni zamanda da, verilmiş lizinq obyektinin geri qaytarılması tələbi nə qanunun mahiyyəti uyğun deyil, nə də, yuxarıda qeyd edilmiş məqsədlərə nail olmağa yönəlməmişdir. Əksinə, bu kimi, hallar fiziki və hüquqi şəxslər tərəfindən lizinq müqaviləsinin bağlanmasından ehtiyyatlılıq yaratmış olacaqdır və bu da, öz növbəsində bir növ lizinq müqaviləsinin əsl məqsədlərinə nail olmağı mümkünsüz etmiş olacaqdır. Ona görə də, məhkəmə qeyd edir ki, iddia lizinq obyektinin geri tələb edilməsi hissəsində təmin edilə bilməz. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53,72 manat məbləğində pul da, cavdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

13. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4, 748-2.5-ci maddələrinə, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il ## ###### tarixli Qərarına istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi əsassızdır və iddia rədd edilməlidir. Iddiaçıya borcu yoxdur. Borcu tamamilə bağlanmışdır. Borc məbləği əsassız yazılmış və şişirdilmişdir. Bu qədər məbləğdən yalnız 3300 manat ödənməmiş qalmışdır. 15 gün gecikmə halı olmuş, lakin sonradan bu gecikməyə görə cərimə silinmişdir. Yəni cavabdehin iddiaçıya borcu yoxdur və öhdəliklərini tam şəkildə icra etmişdir. Borcun mövcudluğu barədə iddia əsassızdır və borcun düzgün müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası təyin edilməlidir. Məhkəmə iş üzrə cavabdeh tərəfindən təqdim edilən sənədlərlə kifayətlənmiş və qətnamə qəbul etmişdir. Məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etməli və borcun həqiqətən də şişirdilmiş və əsassız yazıldığını müəyyən edə bilərdi. Bu səbəbdən mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş edirəm. Məhkəmə çəkişmə prinsipini pozmuş və qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilmişdir.

Apellyasiya baxışı

17. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

20. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

21. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

23. Maddə 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

24. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissəsini mübahisələndirmiş, iddiaçı isə iddianın qismən təmin olunmasına baxmayaraq, məhkəməyə apellyasiya şikayəti ünvanlamamışdır.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

34. Kollegiya mübahisələndirilən hissə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

35. Mülki (kommersiya) mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

36. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

37. Iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə borc mövcud deyil, öhdəliklər tam icra edilmiş, hətta gecikmə halları üzrə cərimələr də sonradan razılaşma əsasında silinmişdir. Həmçinin qeyd olunur ki, 3300 manat məbləğində ödəniş gecikmiş olsa da, bu hal tərəflər arasında sonradan tənzimlənmiş və borc öhdəliyi qalmamışdır.

38. Məhkəmə kollegiyası həmin dəlili qiymətləndirərək qeyd edir ki, iş materiallarında mövcud olan müqavilə, maliyyə arayışları və digər yazılı sübutlardan müəyyən olunur ki, tərəflər arasında pul öhdəliyi yaranmış və bu öhdəliyin müəyyən hissəsi icra edilməmiş qalmışdır. Xüsusilə, iş üzrə təqdim edilmiş hesablaşma sənədlərində cavabdehin 3.371,52 manat məbləğində borcunun mövcudluğu göstərilmişdir.

39. Apellyatorun “borcun olmaması” ilə bağlı iddiası isə hər hansı mötəbər və kifayət edən sübutlarla təsdiq olunmur. Belə ki,borcun tam ödənilməsini təsdiq edən bank çıxarışları və ya digər maliyyə sənədləri təqdim edilməmiş, cərimələrin silinməsi barədə iddia tərəflər arasında bağlanmış yazılı razılaşma ilə sübuta yetirilməmişdir, cavabdehin arqumenti isə yalnız şifahi bəyanat xarakteri daşıyır və hüquqi nəticə doğuran sübut kimi qəbul edilə bilməz.

40. Eyni zamanda, apellyatorun ekspertiza keçirilməsi ilə bağlı mövqeyi də əsaslı hesab edilmir. Çünki iş üzrə mövcud sənədlər borcun məbləğini müəyyən etməyə kifayət edir və əlavə ekspertiza təyin edilməsinə zərurət yaranmır.

41. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyi araşdırılmalıdır.

42. Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2016-cı il tarixli Qərarı).

43. Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos Ispaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).

44. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 28).

45. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin elektron kabinetinə yerləşdirilmişdir.

46. Işdən göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən 2 hazırlıq iclası, 2 baxış iclası keçirilmiş keçirilmiş, icraat ümumilikdə təxmini 4 ay davam etmişdir, cavabdeh tərəfindən borcun mövcudluğu faktını təkzib edən sübut təqdim edilməmişdir.

47. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

48. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

49. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar