Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-27/2026 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icbari sığorta, subroqasiya, mülki hüquq pozuntusu, təqsirsiz məsuliyyət, zərər) X6 Şəmsi oğlunun sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5254/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:
1. xx.xx.2016-cı il tarixli, BA590959 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 mülkiyyətində olan və icarə müqaviləsi əsasında sığortalı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 33 ünvanında yerləşən daşınmaz əmlak (inzibati bina) yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə sığortalanmışdır.
2. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş akta əsasən xx.xx.2016cı il tarixdə, təxminən saat 22:30-23:00 radələrində Bakı şəhəri, Atatürk prospektində yerləşən 33 saylı binanın 50 saylı mənzilindəki istilik xəttində qəflətən baş vermiş texniki nasazlıq nəticəsində istilik avadanlığından qaynar su həmin mənzilə sızmışdır. Həmin mənzildən qaynar su kütləsi aşağı (birinci) mərtəbədə yerləşən sahəyə də xeyli miqdarda axmışdır.
3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 0647/CFİ-029/2016 nömrəli sığorta aktına əsasən xx.xx.2016-cı il tarixdə baş vermiş sığorta hadisəsi üzrə müəyyən olunmuş zərərin məbləği 50 manat məbləğində azadolma məbləği çıxıldıqdan sonra 958,33 manat təşkil edir.
4. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra olunmuş xx.xx.2016-cı il tarixli, 1418 nömrəli ödəniş tapşırığına əsasən sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-nin hesabına 958,33 manat ödəniş olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat:
5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 958,33 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 988,73 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən X1 mülkiyyətində olan və icarə müqaviləsi əsasında sığortalı "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 33 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2016-cı il tarixli, BA590959 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-nin istifadəsində olan daşınmaz əmlak çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh2 məxsus olan 50 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. Bunu iş materiallarına əlavə edilmiş 18 fevral 2016-cı il tarixli akt da təsdiq edir. xx.xx.2016-cı il tarixli dəymiş zərərin hesabatına dair rəyə əsasən daşınmaz əmlaka subasma nəticəsində 1010 manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2016-cı il tarixli, 0647/CFİ029/2016 nömrəli aktla 50 manat azadolma və s. çıxılmaqla 958,33 manat məbləğində iddiaçı tərəfindən sığortalı "xxxx" MMC-yə sığorta ödənişi həyata keçirilmişdir.
7. Cavabdeh1 ASC iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi və Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Belə ki, binadaxili mühəndis kommunikasiyalarının, o cümlədən istilik sistemlərinin saxlanması, təmiri və bərpası yaşayış binasının mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Eyni zamanda, paylanılan istilik xətlərinin yalnız binanın girişinə qədər olan hissəsi Cavabdeh1 ASC-nin balans mənsubiyyətinə daxildir.
8. Cavabdeh2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hadisənin baş verməsində onun heç bir təqsiri yoxdur. 18 fevral 2016-cı il tarixli aktla da müəyyən edillir ki, həmin hadisə istilik xəttinə verilən isti su kütləsinin yüksək təzyiqli olması, istilik xətlərinin nasaz və texniki şərtlərə uyğun olmaması səbəbindən baş vermişdir. Həmin qəza nəticəsində özünə kifayət qədər zərər dəymişdir. Bundan başqa, iddia tələbi ilə bağlı iddia müddəti ötürülmüşdür. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 5254/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 958,33 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus 50 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində sığorta hadisəsinin baş verməsi və zərər vurulması işin mübahisəsiz halıdır. Tələb Cavabdeh1 ASC-yə aid olan hissədə əsaslı deyildir. Belə ki, Nizamnaməsinin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir. Həmin Nizamnamədə yaşayış və qeyri-yaşayış binalarının daxilində (xüsusi mülkiyyətdə olan əmlak) olan istilik sistemlərinə nəzarətlə bağlı Cəmiyyətin üzərinə hər hansı vəzifə qoyulmamışdır. Məhkəmə hesab etmişdir ki, binanın daxilində olan ümumi istilik xətti cavabdehin balansında olmadığından, habelə həmin xətlərin salamatlığına, lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsinə həmin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçiləri məsuliyyət daşıdığından baş vermiş hadisəyə görə dəymiş zərərin Cavabdeh1 ASC-dən tələb edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Sığorta hadisəsi Cavabdeh2 məxsus evdən axan su nəticəsində baş verdiyindən və o dəymiş zərərə görə məsuliyyət daşıdığından ona aid hissədə iddia təmin edilməlidir. Cavabdeh2 tərəfindən verilmiş iddia müddətini təbiqi barədə ərizəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, sığorta hadisəsi xx.xx.2016-cı il tarixdə baş verdiyinə görə və iddiaçı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyinə görə iddia müddətinin axımı kəsilmiş və nəticədə, ümumi 10 illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.
11. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5254/2025 saylı qətnaməsinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti etiraz ərizəsində qeyd edilən dəlillərə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, iddianın əsaslı olduğu öz təsdiqini tapmır. Məhkəmə iddianı qismən təmin etməsini lazımi qaydada əsaslandırmamışdır. Qətnamədə yalnız hüquq normalarının tələbləri göstərilmişdir. Məhkəmənin hansı əsaslarla belə nəticəyə gəlməsi müəyyən edilmir. Bütün bunlar cavabdehə qarşı hüquq pozuntusunun olmasından və davam etməsindən xəbər verir. İddia tələbinə hüquq normalarının müddəaları düzgün tətbiq edilməmişdir. Bundan əlavə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işin faktiki hallarına hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallarla işin materialları arasında ziddiyyətlər olmuş, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri izah edilməmiş, ziddiyyətli məqamlara diqqət yetirilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qanunsuz və əsassız qətnamə çıxarılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
17. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu ... 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Maddə 227. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyəti 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. ... Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. … Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. ... 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. ... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları
1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. ... Maddə 1111. Binanın uçması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi ... 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 29. Yaşayış sahəsi mülkiyyətçisinin hüquq və vəzifələri ... 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.
20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 8. İcbari sığorta müqaviləsi 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. ... Maddə 9. İcbari sığorta şəhadətnaməsi 9.1. İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir. ... Maddə 23. Sığortaçının hüquq və vəzifələri 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: ... 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək; ... Maddə 35. Daşınmaz əmlakın icbari sığortasının məqsədi və təyinatı 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 35.2. Bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. ... Maddə 36. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: ... 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; ...
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş, Cavabdeh2 tərəfindən iddianın ona münasibətdə təmin edildiyi hissədə mübahisələndirilmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə qətnamənin qanuniliyi və əsaslılığını yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Mübahisə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinə görə iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi həcmində cavabdehdən subroqasiya qaydasında pulun tələb edilməsi ilə bağlıdır. Subroqasiya tələbinin əsasını Mülki Məcəllənin 1111.2-ci maddəsində tutulmuş obyektiv məsuliyyət halına aid mənzildən suyun axıdılması nəticəsində zərərin vurulması faktı təşkil edir.
27. Subroqasiya qaydasında tələb hüququnun yaranması üçün əvvəlcə zərərçəkmiş şəxsin zərərvuran şəxsə və ya onun əməllərinə görə məsuliyyət daşıyan digər şəxsə qarşı zərərin ödənilməsini tələb etmək hüququ yaranmalı, bundan sonra sığortaçının zərərçəkmiş şəxsə zərərin kompensasiyası olaraq sığorta ödənişi ödəməsi nəticəsində həmin tələb hüququ sığorta ödənişi həddində sığortaçıya keçməlidir.
28. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən sığorta hadisəsi hesab edilən subasma Cavabdeh2 məxsus mənzildən axan su kütləsi nəticəsində baş vermiş, həmin hadisə nəticəsində aşağı mərtəbədə yerləşən qeyriyaşayış sahəsinə zərər dəymişdir.
29. Subasma hadisəsinin baş verməsi faktı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 18 fevral 2016-cı il tarixli aktla təsdiq olunur. Həmin akta əsasən Bakı şəhəri, Atatürk prospektində yerləşən 33 saylı binanın 50 saylı mənzilində istilik xəttində baş vermiş texniki nasazlıq nəticəsində qaynar su əvvəlcə göstərilən mənzilə, daha sonra isə həmin mənzildən aşağı mərtəbədə yerləşən sahəyə axmışdır. Qeyd olunan hallar cavabdehin mənzilində olan mühəndis-kommunikasiya xətlərində yaranmış nasazlıq nəticəsində zərərin baş verməsini təsdiq edir.
30. Birinci instansiya məhkəməsi iddia tələbini digər Cavabdeh1 ASC-yə münasibətdə təmin etməmiş və qeyd etmişdir ki, binanın daxilində olan ümumi istilik xətti Cavabdeh1 ASC-nin balansında olmadığından, həmin xətlərin salamatlığına, lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsinə həmin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi, yəni Cavabdeh2 məsuliyyət daşıyır.
31. Cavabdeh2 həm birinci instansiya məhkəməsində verdiyi etirazında, həm də apellyasiya şikayətində hadisənin baş verməsində onun hər hansı təqsirinin olmadığını, habelə hadisə nəticəsində onun mənzilinə də ziyan dəydiyini bildirmişdir. Lakin, məhkəmə kollegiyası bu arqumentləri əsassız hesab edir.
32. Mülki hüquq pozuntusu (delikt) bir qayda olaraq, təqsirli və hüquqazidd əməl hesab olunsa da, Mülki Məcəllənin 1097.3-cü maddəsində təqsirsiz məsuliyyətin müəyyən edilməsinin mümkünlüyü də təsbit olunmuşdur. Mülki Məcəllənin 1111.2-ci maddəsində müəyyən edilmiş hal – binadan nəyinsə axıdılması və s. – təqsirsiz (obyektiv) məsuliyyətin müəyyən edildiyi hallardan biridir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, subasma hadisəsi cavabdehə məxsus mənzilin daxilində yerləşən istilik xətlərində baş vermiş texniki nasazlıq nəticəsində yaranmışdır. Həmin istilik xətləri birbaşa cavabdehin mülkiyyətində olan yaşayış sahəsinin tərkib hissəsidir və ümumi paylı mülkiyyətə aid mühəndis-kommunikasiya sistemlərinə daxil deyildir. Bu baxımdan, həmin xətlərin saxlanması, istismarı və texniki cəhətdən yararlı vəziyyətdə olmasının təmin edilməsi yükü Mülki Məcəllənin 152.11-ci və Mənzil Məcəlləsinin 29.4-cü maddələrinə əsasən mülkiyyətçi kimi cavabdehin üzərinə düşür.
34. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə axıdılması nəticəsində vurulmuşdursa, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri nəticəsində baş verməsi halları istisna olmaqla, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır. Hazırkı işdə su kütləsinin cavabdehin istifadə və nəzarətində olan mənzildən axması faktı mübahisəsizdir. Qanunvericilik həmin halda təqsirin ayrıca sübuta yetirilməsini tələb etmədiyindən, məsuliyyət obyektiv xarakter daşıyır və zərərin baş verməsi ilə mənzil sahibinin məsuliyyəti arasında hüquqi bağlılıq yaranır.
35. Cavabdeh zərərin yüksək təzyiq nəticəsində baş verdiyini və hadisədə təqsirinin olmadığını bildirsə də, bu hallar onun məsuliyyətini istisna edən hüquqi əsas kimi qiymətləndirilə bilməz. Birincisi, mənzil daxilində yerləşən istilik xətlərinin saz vəziyyətdə saxlanması mülkiyyətçinin risk sahəsinə daxildir və həmin xətlərin texniki cəhətdən dayanıqlığının təmin edilməsi onun vəzifəsidir. İkincisi, istilik sisteminə suyun verilməsi adi kommunal xidmət fəaliyyəti olub qarşısıalınmaz qüvvə kimi qiymətləndirilə bilməz. Cavabdeh tərəfindən zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən, onun məsuliyyətdən azad edilməsi üçün əsas yoxdur.
36. İddia müddətinin ötürülməsinə dair dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, subroqasiya hüququ qanunvericiliyə əsasən müxtəlif hüquqi əsaslardan yarana bilər. Subroqasiya hüququnun hüquqi təbiəti onun yarandığı əsasdan asılı olaraq müəyyən edilir və bu, iddia müddətinin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
37. Hazırkı iş üzrə iddiaçının subroqasiya qaydasında irəli sürdüyü tələb mülki hüquq pozuntusundan (deliktdən) irəli gəlir. Mülki hüquq pozuntusuna səbəb olmuş hadisə isə 18 fevral 2016-cı il tarixdə baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Mülki hüquq pozuntularından irəli gələn tələblərin irəli sürülməsi üçün xüsusi iddia müddəti müəyyən edilmədiyindən, hazırkı mübahisəyə ümumi iddia müddəti şamil olunur. Bu baxımdan, iddiaçı tərəfindən iddia ərizəsinin 9 aprel 2025-ci il tarixdə məhkəməyə təqdim edilməsi nəzərə alınmaqla, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğundur, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
39. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5254/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5254/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.