Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-294/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: vergi borcu, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, vergi borcunun ödənilməsi) Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi Işin halları
1. Hüquqi şəxs haqqında məlumata əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1703703291) rəhbəri Maraqlı şəxsdur.
2. Iş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqələrinə əsasən “xxxx” MMC-nin ##.##.2025-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 6 735,57 manat borcu, işsizlikdən sığorta haqqı üzrə 203,43 manat borcu və icbari tibbi sığorta haqları üzrə 414,52 manat borcu yaranmışdır.
3. Vergi orqanı tərəfindən göndərilmiş ##.##.2025-ci il tarixli bildirişlərlə “xxxx” MMCdən müvafiq olaraq icbari tibbi sığorta haqları, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə borcun ödənilməsi tələb edilmişdir.
4. ******* nömrəli əmək kitabçasının surətinə əsasən Maraqlı şəxs ##.##.2023-cü il tarixdə “xxxx” MMC-də direktor vəzifəsinə təyin edilmiş, ##.##.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
5. ##.##.2026-cı il tarixli ödəniş tapşırıqlarına əsasən “xxxx” MMC tərəfindən icbari tibbi sığorta haqları, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə müxtəlif məbləğlərdə ödənişlər edilmişdir.
6. Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2026-cı il tarixli cavab məktubuna əsasən “xxxx” MMC-nin həmin tarixə dövlət büdcəsinə vergilər və sosial sosial sığorta haqları üzrə borcu mövcud deyildir.
Birinci instansiya məhkəməsindəki icraat 7.Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fonduna olan 6 735,57 manat, Işsizlikdən Sığorta Fonduna olan 203,43 manat və Icbari Tibbi Sığorta Fonduna olan 414,52 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan "xxxx" MMC-nin ##.##.2026-cı il tarixə ümumilikdə 7 353,52 manat borcu yaranmışdır. Borcun 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə ##.##.2025-ci il tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. 10.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş ******* saylı əmək kitabçasının surətinə və “e-sosial” sistemindən çıxarışa əsasən, Maraqlı şəxs ilə “xxxx” MMC arasında bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilmişdir. Buna görə də həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair tələb əsassızdır. Maraqlı şəxs yalnız dövlət reyestrində formal olaraq hüquqi şəxsin qanuni təmsilçisi kimi qalması onun sərbəst hərəkət azadlığının məhdudlaşdırılması üçün hüquqi əsas yaratmır və bu, onun hüquqların pozulmasına səbəb ola bilər.
11. Ərizəçi Azərbaycan Respublikası Ərizəçi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız əmək kitabçası və “e-sosial” çıxarışa əsaslanmışdır. “xxxx” MMC-də direktor dəyişikliyi dövlət qeydiyyatına alınmadığından Maraqlı şəxs hazırda da icra orqanının rəhbəri kimi qalır və vəzifədən azad edilməsi barədə müvafiq təsisçi qərarı iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən onun rəhbər statusuna xitam verilməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Eyni zamanda, Maraqlı şəxs ##.##.2025-ci il tarixdə cəmiyyət adından vergi orqanına müraciət etməsi onun faktiki olaraq maliyyə məsələlərində iştirak etdiyini və cəmiyyətin maraqlarını təmsil etdiyini göstərir. Həmçinin mütənasiblik prinsipindən irəli gələn meyarların pozulması ilə bağlı qeyd edilmişdir ki, vergi borcu ilə bağlı vergi ödəyicisinə xəbərdarlıq məktubları, bank hesablarına sərəncamlar göndərilsə də, borc ödənilmədiyindən ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Maraqlı şəxs məhkəməyə qəbzlər təqdim edərək ərizədə qeyd edilən bütün borcların ödənildiyini bildirmiş, buna görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 15.Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
17. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi:
Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları borcludur: ... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; ... Maddə 77. Vergi öhdəliyi ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. ... Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. ... Apellyasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 23.Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Işin müəyyən edilən hallarına əsasən, “xxxx” MMC vergi ödəyicisi kimi vergiləri ödəmək öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun müvafiq fondlara borcu yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədilə vergi orqanı rəhbər şəxs kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
25. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin ödənilməsini təmin etmək məqsədilə fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 26.Lakin belə məhdudiyyət şəxsin konstitusion hüququna müdaxilə olmaqla yalnız qanunla nəzərdə tutulmuş hallarda və konkret işin hallarından irəli gələn zərurət mövcud olduqda tətbiq edilə bilər. Buna görə də məhkəmə belə tədbirin tətbiqi üçün hüquqi və faktiki əsasların mövcudluğunu qiymətləndirməlidir.
27. Apellyasiya baxışı zamanı vergi orqanı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, hüquqi şəxsin dövlət büdcəsinə ödənilməmiş vergi borcu mövcud deyildir. 28.Kollegiya hesab edir ki, vergi borcunun tam ödənilməsi və bu halın səlahiyyətli orqan tərəfindən təsdiq edilməsi nəticəsində mübahisənin predmeti aradan qalxmış, tətbiqi tələb olunan məhdudiyyət tədbirinin məqsədi və hüquqi əsası mövcudluğunu itirmişdir və belə şəraitdə həmin məhdudiyyətin tətbiqi nə zəruri, nə də mütənasib hesab oluna bilər. 29.Bu səbəbdən, apellyasiya şikayətində göstərilən şəxsin faktiki olaraq hüquqi şəxsin fəaliyyətində iştirak etməsi, direktor dəyişikliyinin dövlət qeydiyyatına alınmaması kimi hallar mövcud şəraitdə hüquqi nəticəyə təsir etmədiyindən, prosessual qənaət prinsipi nəzərə alınmaqla onların araşdırılması zəruri hesab edilmir, çünki həmin hallar yalnız vergi borcunun mövcud olduğu halda hüquqi əhəmiyyət kəsb edə bilərdi. 30.Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, vergi borcunun olmaması apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsasları istisna edir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar mövcud olmadığından apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.