Məhkəmə qərarları › İş №2-2(3-6)-30/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-30/2026

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-30/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: daxili maliyyə lizinqi müqaviləsi, lizinq ödənişləri, müqavilənin ləğv olunması, lizinq obyektinin qalıq dəyəri) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı "xxxx" BOKT MMC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “daxili lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" BOKT MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2025-ci il tarixdə 01/AL/25 nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən lizinq alanın sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən “Mitsubishi Xpander” minik markalı, 2023-cü il buraxılışlı, yürüşü 1200 km olan tünd boz metalik rəngdə olan nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə edərək muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi və lizinq ödənişlərini həyata keçirməyi öhdələrinə götürmüşlər.

2. Müqavilənin 1.2-ci bəndində təsbit olunmuşdur ki, lizinq obyektinin qiyməti 67 015 manat, lizinq məbləği 46 600 manat, ilkin ödəniş məbləği 25 000 manat təşkil edir.

3. Müqaviləyə 2 saylı əlavə olan ödəniş cədvəlinə əsasən, lizinq ödənişləri xx.xx.2025-ci il tarixdən xx.xx.2028-ci il tarixədək aylıq 2134,46 manat (sonuncu ay 2183,37 manat) olaraq razılaşdırılmış, lizinq obyekti lizinq verən ilə X1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli 01/AL-25 nömrəli alqı-satqı müqaviləsi əsasında sonuncudan əldə edilərək xx.xx.2025-ci il tarixdə təhviltəslim aktı əsasında lizinq alan tərəfindən təhvil alınmışdır.

4. Müqavilənin 9.1.3-cü bəndinə əsasən, müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən aşağıdakı hallarda ləğv edilə bilər: lizinq alan lizinq verənin yazılı icazəsi olmadan lizinq obyektini sublizinqə və ya kirayəyə verdikdə.

5. Müqavilənin 10.6-cı və 10.8-ci bəndlərinə əsasən, lizinq verənin arzusu ilə qaytarılmış və ya geri tələb edilmiş lizinq obyektinin vəziyyətinin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb edilə bilər. Bu qiymətləndirici lizinq obyektinin sərbəst bazar qiymətini müəyyən edir. Qiymətləndiricini lizinq verən birtərəfli qaydada sərbəst seçir. Lizinq obyektinin qiyməti qiymətləndirici tərəfindən onun hesablama metodlarına əsasən müəyyən edilir.

6. Müqavilənin 10.8-ci bəndinə görə, 10.6-cı bəndə müvafiq olaraq qiymətləndirici tərəfindən müəyyən edilmiş lizinq obyektinin qiyməti lizinq obyektinin dəyərinə aid olan həyata keçirilmiş lizinq ödənişləri çıxılmaqla lizinq obyektinin dəyərindən az olduqda, lizinq alan lizinq verənin tələbi ilə 3 təqvim günü ərzində yaranmış fərqi lizinq verənə ödəməlidir.

7. Cavabdeh tərəfindən 25 000 manat ilkin ödəniş və 4270 manat aylıq lizinq ödənişi ödənilmişdir.

8. Lizinq obyekti 15 aprel 2025-ci il tarixdə lizinq alan tərəfindən lizinq verənə təhvil verilmişdir (geri qaytarılmışdır).

9. "xxxx" BOKT MMC-nin təqdim etdiyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyinə görə, lizinq obyektinin bazar dəyəri 44 000 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. "xxxx" BOKT MMC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2025-cü il tarixli daxili lizinq müqaviləsi üzrə 17 450,67 manat əsas borcun və ödənilmiş 143 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 06 yanvar 2025-ci il tarixli 01/AL/25 nömrəli daxili lizinq müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 36% olmaqla 46 600 manat lizinq məbləği ayrılmış, qeyd olunan lizinq müqaviləsinə əsasən dəyəri 67 015 manat məbləğində qiymətləndirilmiş, iddiaçıya məxsus 2023cü il buraxılışlı, **-AC-*** dövlət nömrə qeydiyyatı nişanlı “Mitsubishi Xpander” minik universal markalı, tünd boz metalik rəngli nəqilyat vasitəsi 06 yanvar 2025-ci il tarixində cavabdehə təhviltəslim aktı əsasında verilmiş və ona həmin avtomobili idarə etmək üçün bir aylıq etibarnamə verilmişdir. Lizinq müqaviləsinə əsasən kreditin və faizlərin ödənilməsinə dair tərtib olunmuş 2 №-li əlavəyə əsasən ödəniş qrafiki üzrə cavabdeh öz öhdəliyini yerinə yetirməmiş, götürmüş olduğu nəqliyyat vasitəsinə görə krediti vaxtlı-vaxtında və qrafikdə göstərilən qaydada ödəməmişdir. Qeyd olunan avtomobil cavabdeh tərəfindən digər şəxslərə, heç bir etibarnamə olmadan özbaşına olaraq idarə etmək üçün verilmiş, avtomobili qeyri-qanuni halda idarə olunarkən iddiaçıya məlum olmayan 3-cü şəxslər yol polisi tərəfindən dəfələrlə cərimə edilmişlər. 2023-cü il buraxılışlı, **-AC-*** dövlət nömrə qeydiyyatı nişanlı, “Mitsubishi Xpander” minik universal markalı, tünd boz metalik rəngli nəqilyat vasitəsi iddiaçı tərəfindən daxili lizinq müqaviləsinin müvafiq bəndinə əsasən geri alınmış və bu barədə tərəflərin iştirakı ilə razılığın alınmasına dair cavabdehdən notarial sənəd alınmışdır. Cavabdeh ərizəsində bildirmişdir ki, onun qeyd olunan daxili lizinq müqaviləsi üzrə yaranmış öhdəliyini icra etməyə maddi imkanı yoxdur və avtomobilin satılmasına, yeni lizinq müqaviləsi ilə digər şəxslə verilməsinə etiraz etmir. İddiaçı tərəfindən dəfələrlə cavabdehə yaranmış 47 450,67 manat borcun bağlanması məqsədi ilə qeyd olunan avtomobili şəxsən özünün satması, əldə etdiyi məbləğin borcunun bağlanması üçün iddiaçıya ödəniş etməsi təklif olunsa da, sonuncu bunu etməmişdir. İddiaçı tərəfindən 2023-cü il buraxılışlı, **-AC-*** dövlət nömrə qeydiyyatı nişanlı, “Mitsubishi Xpander” minik universal markalı, tünd boz metalik rəngli nəqliyyat vasitəsinin qiymətləndirilməsi məqsədi ilə qeyd olunan avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəqilyat vasitəsinin qiymətləndirilməsi həyata keçirilərək, uyğun metodların tətbiqi, eyni zamanda etibarlı mənbələrdən alınmış məlumatların təhlili nəticəsində mütəxəssislər tərəfindən aparılmış hesablamalara uyğun olaraq 30 may 2025-ci il tarixinə bazar dəyəri 44 000 manat, likvid dəyəri 38 000 manat müəyyən edilmişdir. Nəqliyyat vasitəsi mülkiyyətçi – iddiaçı tərəfindən yeni daxili lizinq müqaviləsinə əsasən digər şəxsə 30 000 manat məbləğində müəyənləşdirilərək tərəflərin razılığı əsasında kreditə verilmiş, 30 000 manat məbləğ cavabdehin borcuna yönəldilmişdir. Beləliklə, 06 yanvar 2025-ci il tarixli 01/AL/25 nömrəli daxili lizinq müqaviləsinə əsasən, 17 iyul 2025-ci il tarixinə borcun qalıq hissəsi əsas borc üzrə 17 450,67 manat təşkil edir.

12. İddiaçının məhkəmə iclaslarında iştirak edən qanuni təmsilçisi iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, nəqliyyat vasitəsini satan şəxslə cavabdeh əlbir olaraq nəqliyyat vasitəsinə dair 6-7 elan yerləşdirmiş, bununla lizinq obyektinin dəyərini yüksək göstərmişdir. Cavabdehin 25 000 manat ilkin ödəniş etməsi iddiaçıda nəqliyyat vasitəsinin dəyəri barədə inam yaratmış, lakin sonradan müəyyən edilmişdir ki, həmin elanlar saxtadır.

13. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərmişdir ki, nəqliyyat vasitəsi 15 aprel 2025-ci il tarixdə təhvil alınmış, bu zaman nəqliyyat vasitəsində hər hansı zərər aşkar olunmamış, nəqliyyat vasitəsi bazar dəyərinə satıla bilinməmiş, bu səbəbdən 30 000 manata yenidən lizinqə verilmişdir.

14. Cavabdeh məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edərək iddiaya etiraz etmiş, bildirmişdir ki, üçüncü ayın ödənişindən 5-6 gün sonra nəqliyyat vasitəsini iddiaçıya təhvil vermiş, nəqliyyat vasitəsinin qiymətinin qaldırılması məqsədi ilə hər hansı addım atmamış, ödənişləri edə bilmədiyindən lizinq obyektini iddiaçıya qaytarmışdır.

15. Birinci instansiya məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 yanvar 2025-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 2813,84 manatın və dövlət rüsumunun əvəzi olaraq 23 manatın Cavabdeh tutulub İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

16. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

16.1. İstər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur. Mülki qanunvericiliyin lizinqlə bağlı müddəalarında lizinq müqaviləsi üzrə əhəmiyyətli pozuntu hesab edilə bilən hallar sadalanmış, həmin hallara o cümlədən lizinq obyektinin sublizinqə verilməsi aid edilmişdir. 16.2. Hazırda cavabdeh lizinq obyektini üçüncü şəxsin istifadəsinə verdiyini etiraf etdiyindən, lakin bu barədə lizinq verənin – iddiaçının razılığını sübut edə bilmədiyindən lizinq müqaviləsinin vaxtından əvvəl ləğvi üçün əsaslar meydana gəlmişdir. 16.3. Lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). 16.4. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Məhkəmə qeyd edir ki, hazırkı işin müəyyən olunan hallarına əsasən cavabdeh nəqliyyat vasitəsini iddiaçıya təhvil vermiş, iddiaçı isə nəqliyyat vasitəsini təhvil almışdır. Ləğv tarixinə münasibətdə göstərilməlidir ki, iddiaçı nəqliyyat vasitəsinin 15 aprel 2025-ci il tarixdə təhvil aldığını bildirmiş, cavabdeh də yekun olaraq üçüncü ayın ödəniş günündən (xx.xx.2025-ci il) 5-6 gün sonra nəqliyyat vasitəsinin təhvil verildiyini qəbul etmişdir. Belə olan halda, məhkəmə xx.xx.2025-ci il tarixli 01/AL/25 nömrəli müqavilənin ləğv tarixinin xx.xx.2025-ci il kimi müəyyən edilməsi qənaətinə gəlir. 16.5. Lizinq ödənişlərinə münasibətdə isə məhkəmə aşağıdakıları göstərir: İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 25 000 manat ilkin ödəniş və 4270 manat aylıq lizinq ödənişi ödənilmişdir. İddiaçının təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, lizinq obyektinin bazar dəyəri 44 000 manat təşkil edir. xx.xx.2025-ci il tarixli 01/AL/25 nömrəli müqavilənin 10.6 və 10.8-ci bəndlərinə əsasən, lizinq verənin arzusu ilə qaytarılmış və ya geri tələb edilmiş lizinq obyektinin vəziyyətinin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb edilə bilər. Bu qiymətləndirici lizinq obyektinin sərbəst bazar qiymətini müəyyən edir. Qiymətləndiricini lizinq verən birtərəfli qaydada sərbəst seçir. Lizinq obyektinin qiyməti qiymətləndirici tərəfindən onun hesablama metodlarına əsasən müəyyən edilir. Bu müqvilənin 10.6-cı bəndinə müvafiq olaraq qiymətləndirici tərəfindən müəyyən edilmiş lizinq obyektinin qiyməti lizinq obyektinin dəyərinə aid olan həyata keçirilmiş lizinq ödənişləri çıxılmaqla lizinq obyektinin dəyərindən az olduqda lizinq alan lizinq verənin tələbi ilə 3 təqvim günü ərzində yaranmış fərqi lizinq verənə ödəməlidir. 16.6. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. 16.7. Göründüyü kimi mülki qanunvericilik müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verənin tələbinin tərkibinin müəyyənləşdirilməsi yönündə tənzimləmə həyata keçirmiş, tərəflər də bağladıqları müqavilədə oxşar iradə ifadə etmişlər. 16.8. Qanunvericiliyin tələbini təhlil etdikdə aydın olur ki, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, korlanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alanın daşıyır. Tərəflər də müqavilədə qeyd olunan məsuliyyəti lizinq alanın daşıdığını razılaşdırmışlar. 16.9. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hesablaşma aparılarkən tərəflərin razılaşmasına uyğun olaraq lizinq obyektinin qalıq bazar dəyəri nəzərə alınmalıdır. Belə olan halda lizinq məbləğinin 46 600 manat təşkil etdiyi, lizinq obyektinin qalıq dəyərinin 44 000 manat müəyyən edildiyi, əsas məbləğdən 1495,01 (736,46+758,55) manat ödənildiyi, 15 aprel 2025-ci il tarixə 1 ay 7 gün üçün mükafat borcunun 1708,85 (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək mükafat məbləği: 1398,25 manat + 7 gün üçün mükafat məbləği: 1286,69 / 29 * 7) manat olması nəzərə alındığında cavabdehin xx.xx.2025-ci il tarixli 01/AL/25 nömrəli müqavilə üzrə yekun borcu 2813,84 (lizinq məbləği: 46 600 – əsas borc üzrə ödənişlərin cəmi: 1495,01 manat – lizinq obyektinin qalıq dəyəri: 44 000 manat + 06 mart 2025-ci il tarixdən 15 aprel 2025-ci il tarixdək mükafat məbləği: 1708,85 manat) manat təşkil edir. 16.10. İddiaçının aldadıldığı barədə bildirdiklərinə münasibətdə isə məhkəmə göstərir ki, mülki qanunvericilikdə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda onun əqdi mübahisələndirmək hüququ təsbit edilmiş, üçüncü şəxs tərəfindən aldadılma halında isə, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin mübahisələndirilmə imkanı əks olunmuşdur. Başqa sözlə, müqavilə tərəfinin üçüncü şəxs tərəfindən aldadıldığına istinad edərək əqdi mübahisələndirə bilməsi üçün aldatma faktı ilə yanaşı kontragentin aldatmadan xəbərdar olması və ya xəbərdar olmalı olması halı da sübut edilməlidir. Lakin aldatma, kontragentin – cavabdehin aldatmadan xəbərdar olması və ya xəbərdar olmalı olması halları iddiaçının təqdim etdiyi sübutlarla təsdiq olunmamışdır. 16.11. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir (B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 dekabr 2019-cu il tarixli qərar). Belə olan halda məhkəmə iddiaçının aldadıldığı ilə bağlı bildirdiklərini əsassız hesab edir.

17. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 339.2-ci, 339.3-cü, 421.2-ci, 425-ci, 442-ci, 448-ci, 747.1-ci, 748-1.12-ci, 748-1.12.2-ci, 748-7.1-ci, 748-10.1ci, 748-11.1-ci, 748-11.1.2-ci və 750-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli, “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarlarına istinad etmişdir.

18. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunmaması ilə bağlı hissədə - ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, əsassız nəticəyə gəldiyini, işin müəyyən olunmuş hallarını, eləcə də avtomobilin qiymətinin likvid dəyər əsas götürülməklə hesablanmalı olduğunu nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

23. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

25. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

26. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

27. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

31. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

33. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

34. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

35. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

38. Maddə 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.

39. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

40. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.

41. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

42. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

43. Maddə 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

51. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə apellyasiya baxışının predmetini qətnamənin qismən – iddia tələbinin təmin olunmayan hissəsi üzrə yoxlanılması təşkil edir. Cavabdeh qətnamədən şikayət vermədiyindən, iddianın qismən təmin olunması ilə bağlı hissə apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

52. Kollegiya mübahisələndirilən hissə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

53. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

54. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

55. Tərəflər arasında bağlanmış müqavilədən və mülki qanunvericiliyin tələblərindən aydın şəkildə görünür ki, lizinq alan öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi müəyyən edilə bilər .

56. Bu xüsusatda kollegiya qeyd edir ki, qanunvericinin bu tənzimləmə ilə güdmək istədiyi məqsəd məhz lizinq alanlar tərəfindən müqavilə üzrə sui-istifadə hallarının qarşısını almaqdan ibarətdir.

57. Hazırki iş üzrə cavabdeh tərəfindən lizinq obyektinin üçüncü şəxslərin istifadəsinə verilməsi və buna dair lizinq verənin yazılı razılığının alınmaması işin mübahisəsiz halıdır; bununla da, lizinq verən tərəfindən lizinq müqaviləsinin vaxtında əvvəl ləğvi üçün əsaslar yaranmışdır.

58. Kollegiya məhkəmənin xx.xx.2025-ci il tarixli 01/AL/25 nömrəli müqavilənin ləğv tarixinin xx.xx.2025-ci il tarixi kimi qəbul edilməsi və lizinq borcunun məbləğini hesablayarkən lizinq obyektinin qalıq dəyərinin nəzərə alınmalı olması ilə bağlı yanaşması ilə də razılaşır.

59. Belə ki, lizinq məbləğinin 46 600 manat təşkil etdiyi, lizinq obyektinin qalıq dəyərinin 44 000 manat müəyyən edildiyi, əsas məbləğdən 1495,01 (736,46+758,55) manat ödənildiyi, 15 aprel 2025-ci il tarixə 1 ay 7 gün üçün mükafat borcunun 1708,85 (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək mükafat məbləği: 1398,25 manat + 7 gün üçün mükafat məbləği: 1286,69 / 29 * 7) manat olması nəzərə alındığında cavabdehin xx.xx.2025-ci il tarixli 01/AL/25 nömrəli müqavilə üzrə yekun borcu 2813,84 manat (lizinq məbləği: 46 600 – əsas borc üzrə ödənişlərin cəmi: 1495,01 manat – lizinq obyektinin qalıq dəyəri: 44 000 manat + 06 mart 2025-ci il tarixdən 15 aprel 2025-ci il tarixdək mükafat məbləği: 1708,85 manat) manat təşkil etməlidir.

60. Kollegiya, cavabdeh tərəfindən aldadılmış olduğu barədə apellyatorun dəlillərinə birinci instansiya məhkəməsinin verdiyi qiymətlə də razılaşır və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.

61. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

62. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6139/2025 saylı iş üzrə 30 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən "xxxx" BOKT MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Ziya Şirinov

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar