Məhkəmə qərarları › İş №2-2(3-6)-312/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-312/2026

15.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-312/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: alqı-satqı müqaviləsi, sübutetmə, estoppel prinsipi) hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə Fahir oğlunun iştirakı ilə Iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2- *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. Iddiaçı və cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli, SM******* nömrəli satış müqaviləsinə əsasən, Satıcı GE Voluson E cihazını satır, Alıcı isə bu cihazı alır. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilənin ümumi dəyəri CIP Bakı, (Azərbaycan) şərtləri ilə 20400 AZN (Iyirmi min dörd yüz manat) təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən Müqavilənin ümumi dəyəri qəti və dəyişməzdir. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə və onun əlavəsinin şərtlərinə uyğun olaraq vaxtında ödəniş etmək alıcının öhdəliyidir. Müqavilənin 5.4-cü bəndinə əsasən müqavilənin 2.1-ci bəndində göstərilən məbləğə 18 faiz ədv əlavə edilir. Müqavilənin 5.7-ci bəndinə əsasən ödəniş valyutası manatdır.

2. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş ##.##.2025-ci il tarixli, **/* nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən tərəflər 14 May 2025-ci il tarixli № SM******** saylı Müqavilədə nəzərdə tutulmuş GE Voluson E cihazının satış qiymətinin ədv daxil olmaqla 24072 manat dəyərində olmasını razılaşdırmışlar.

3. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 24072 manat məbləğində borcu vardır.

4. Iddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixli, MT2505 ******** nömrəli 24072 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. . Iddiaçı “xxxx” MMC (bundan sonra – iddiaçı) cavabdeh “xxxx” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli, SM******** nömrəli Satış müqaviləsinə əsasən yaranmış 24072 manat borcun və 163 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2025-ci il tarixli, SM******** nömrəli Satış Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1 bəndinə əsasən Satıcı (iddiaçı) mal adlanan müvafiq cihazları satır, Alıcı (cavavdeh) isə həmin cihazları alaraq ödənişi edir. Eyni tarixdə də Qiymətlərin razılaşdırılması Protokolu da imzalanmışdır. Müqavilənin 2.1. bəndinə əsasən GE Voluson E cihazının dəyəri 20.400 AZN və 18% ƏDV olmaqla müqavilənin yekun dəyəri 24.072 AZN razılaşdırılmışdır. Müqavilənin 5.1. bəndinə əsasən cavabdeh ödənişi tam şəkildə bir dəfəyə etməli idi. Müvafiq tibbi cihaz və avadanlıqları ##.##.2025 tarixində təhvil təslim aktı ilə təhvil verilmişdir. Müqavilə əsasında cavabdehə ##.##.2025 tarixində elektron qaimə faktura da göndərilmişdir (surəti əlavə edilir). Həmin müqavilə üzrə ödənişlər icra edilmədiyi üçün cavabdeh möhlət istəmiş və Tərəflər arasında icraya möhlət verilməsi məqsədilə ##.##.2025 tarixində Razılaşdırılma Protokolu imzalanmışdır (surəti əlavə edilir). Bu barədə aramızda aparılan danışıqlar və görüşlər də nəticə verməmişdir. Məsələ ilə bağlı ##.##.2025 tarixində əlavə olaraq Üzləşmə Aktı da bağlanmışdır. Həmin borcun tutulması ilə bağlı şifahi danışıqlar aparılsa da nəticə verməmiş, ##.##.2025 tarixində pretenziya da göndərilmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

8. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 24072 manat məbləğində pul, 163 manat dövlət rüsumu, ümumilikdə 24235 (iyirmi dörd min iki yüz otuz beş) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli, SM******* saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2025-ci il tarixli, SM******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmiş, nəticədə müqavilə üzrə satın alınmış avadanlığın dəyəri olan ədv daxil 24072 manat vəsait iddiaçıya ödənilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 24072 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 163 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

10. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 567, 598.1, 598.2, 600.1, 600.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1, 217.1, 218.3-cü maddələrinə istinad etmişdir.

11. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətində qeyd etmişdir ki, hüquqi məsələ qiymətləndirilməmiş, müqavilənin faktiki icra olunub-olunmaması yalnız təhvil-təslim aktı ilə müəyyən edilmişdir ki, bu da hüquqi baxımdan yetərli sübut sayıla bilməz, təqdim edilmiş tibbi cihaz müqavilədə razılaşdırılmış keyfiyyət və texniki göstəricilərə uyğun olmamışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

13. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

20. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

22. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

23. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

32. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

33. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı ilə bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.

34. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

35. Kollegiya qeyd edir ki, sübutetmə yükünün bölüşdürülməsinə əsasən, malların təhvil verilməsi halını satıcı (hazırki halda iddiaçı), həmin mallarının dəyərinin ödənilməsini isə alıcı (hazırki halda cavabdeh) sübut etməlidir.

36. Işin faktiki hallarından müəyyən olunur ki, ##.##.2025-ci il tarixli satış müqaviləsi bağlanmış, müqavilə üzrə malların ümumi dəyəri 24.072 manat təşkil etmişdir. Müqavilə üzrə mallar ##.##.2025-ci il tarixdə təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş, həmçinin ##.##.2025-ci il tarixdə elektron qaimə-faktura təqdim olunmuşdur.

37. Cavabdehin təqdim olunmuş tibbi cihazın qüsurlu olması ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirdiyi halda, həmin qüsurlara görə satıcı məsuliyyət daşıyır (§ 21).

38. Hazırkı işdə isə cavabdeh tərəfindən əşyanın qüsurlu olmasını, həmin qüsurun mal təhvil verilənədək mövcud olmasını, yaxud qüsurun həmin vaxta qədər yaranmış səbəblərlə bağlı olduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

39. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli qərarı)

40. Məhkəmə kollegiyası qeyd edir ki, mülki mübahisələrə baxılarkən sübutların qiymətləndirilməsi zamanı onların mötəbərliyi, yol verilənliyi və əlaqəliliyi əsas meyar kimi çıxış edir. Bu baxımdan, yalnız qanunvericiliyin tələblərinə uyğun qaydada əldə edilmiş, tərəflərin hüquq və vəzifələri ilə birbaşa əlaqəli olan və həqiqəti obyektiv şəkildə əks etdirən sübutlar mötəbər sübut kimi qəbul edilə bilər. Lakin cavabdeh tərəfindən qüsurlu malların təhvil verilməsi mötəbər sübutlarla təsdiq edilməmişdir.

41. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, təhvil-təslim aktı cavabdeh tərəfin imzası və möhürləri ilə təsdiq edilmiş, eyni zamanda elektron qaimə təsdiq edilmiş, həmin qaiməyə cavabdeh tərəfindən hər hansı etiraz verilməmiş və ya düzəliş edilməsi üçün müraciət edilməmişdir.

42. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

43. Eyni zamanda iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli Üzləşmə Aktına əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 24072 manat borcu qaldığını qəbul etmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

44. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, təsdiq etdiyi və mübahisələndirmədiyi aktların, elektron qaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır, həmçinin cavabdehin özünün təsdiq etdiyi borcu sonradan iddiaçı məhkəməyə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.

45. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

46. Apellyasiya şikayətinin dəlilləri isə formal xarakter daşıyaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassızlığını təsdiq etmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır və onun dəyişdirilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

47. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar