Məhkəmə qərarları › İş №2-2(3-6)-336/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-336/2026

10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-336/2026 10.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “borcun tutulması və s.” tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı “faiz borcunun silinməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi üzrə (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) X1 Nəriman qızının sədrliyi və məruzəsi ilə, X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “borcun tutulması və s.” tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı “faiz borcunun silinməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə əsasən Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2692/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat 1.İddiaçı MMC “BMW 5281 minik” markalı ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus texniki pasport və həmin avtomobilə məxsus açar ilkin iddia üzrə Cavabdeh2 Mövsım qızından (bundan sonra – cavabdeh) alınaraq ona qaytarılması, cavabdhedən 8878.63 əsas borc, 2710.48 faiz borcu, 1300.89 manat cərimə, 1590 manat sığorta üzrə borc və 133,44 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 14 613,44 manat pulun onun xeyrinə tutulmsı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Cavabdeh əsassız hesablanmış 6860 manat məbləğində faiz borcunun silinməsi, avtomobilin onun sahibliyinə qaytarılması və qalan 16000 manat məbləğində kredit borcunun yeni qrafik üzrə hissə-hissə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qarşılıqlı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2692/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, “BMW 5281” minik markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus texniki pasport və həmin avtomobilə məxsus açarın ilkin iddia üzrə Cavabdeh2 alınaraq ilkin iddia üzrə İddiaçı MMC-yə qaytarılması, ilkin iddia üzrə Cavabdeh2 8178,89 manat əsas, 1843,07 manat faiz, 410 manat cərimə borcu olmaqla, cəmi 10431,96 manat məbləğində borc və ödənilmiş 133,44 manat dövlət rüsumunun tutularaq ilkin iddia üzrə İddiaçı MMC-nin xeyrinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir.

4. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə məhkəmə tərəfindən geri qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi.

Məhkəmənin mövqeyi

7. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməlidir.

8. İş üzrə ilkin iddianın qiyməti 8878.63 əsas borc, 2710.48 faiz borcu, 1300.89 manat cərimə, 1590 manat sığorta üzrə borc olmaqla ümumilikdə 14.480 (on dörd min dörd yüz səksən) manat təşkil edir. Qarşılıqlı iddia isə “6860 manat məbləğində faiz borcunun silinməsi, avtomobilin onun sahibliyinə qaytarılması və qalan 16000 manat məbləğində kredit borcunun yeni qrafik üzrə hissə-hissə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qiymətləndirilməyən iddia tələbidir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3, 8.2 və 8.6-cı maddələrinin tələblərinə əsasən, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği ilkin iddiaya münasibətdə 66,72 manat, qarşılıqlı iddiaya münasibətdə 50 manat, ümumilikdə 116,72 manat təşkil etdiyi halda apellyasiya şikayəti verilərkən, cavabdeh tərəfindən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənildiyi müəyyən edilməmişdir.

9. “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş apellyasiya şikayətinə əlavə edilmiş №: **********02 nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, 50 manat dövlət rüsumu ödənilmişdir.

10. Göründüyü kimi, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş miqdarda ödənilməmişdir.

11. Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

12. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

13. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARAALDİ:

Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2692/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar