Məhkəmə qərarları › İş №2-2(3-6)-346/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-346/2026

08.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-346/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” ASC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı “subroqasiya qaydasında pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: sığorta, subroqasiya hüququ) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı “subroqasiya qaydasında pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:

1. ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2024-cü il tarixli subasma hadisəsinə dair arayışında qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən binanın şaquli olan kanalizasiya dayaq borusundan çirkab suyunun davamlı axıdılması nəticəsində X5 istifadəsində olan qeyri-yaşayış obyektinə ziyan dəymişdir. Binanın su və kanalizasiya xətləri Nərimanov Rayon Su Kanal İdarəsinin balansındadır.

2. ##.##.2024-cü il tarixli dəymiş zərərin hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (Xəlifə çay evi) subasma nəticəsində 1082 (bir min səksən iki) manat məbləğində zərər vurulmuşdur.

3. ##.##.2025-ci il tarixli, CFI-****/****-AKT***/** nömrəli sığorta aktının “sığorta hadisəsinə və ödənişinə aid məlumatlar” hissəsində müəyyən edilmiş zərərin məbləği 1082 manat, azadolma məbləği 500 manat, hesablanmış sığorta ödənişi 582 manat, faktiki ödənilən məbləğ 582 manat qeyd olunmuşdur.

4. ##.##.2025-ci il tarixli, ***XOH********** nömrəli qəbzə əsasən “xxxx” ASC tərəfindən X5 hesabına ##.##.2025-ci il tarixli, CFI****/****-AKT***/** nömrəli akt üzrə 582 manat məbləğində pul köçürülmüşdür.

5. ##.##.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, “xxxx” ASC 30 manat dövlət rüsumu ödəmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 582 manat məbləğində əsas və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 612 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC tərəfindən sığortalı X5 istifadəsində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Xəlifə çay evi) əmlak yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə ##.##.2024-cü il tarixində “daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. ##.##.2024-cü il tarixində X5 istifadəsində olan qeyri-yaşayış sahəsi (Xəlifə çay evi) binanın kanalizasiya xəttində yaranan nasazlıq səbəbilə subasma hadisəsi nəticəsində zərər görmüşdür. İş materiallarında olan ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2024-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən binanın şaquli olan kanalizasiya dayaq borusundan çirkab suyunun davamlı axıdılması X5 istifadəsində olan qeyri-yaşayış obyektinə maddi ziyan yetirmişdir. Arayışa əsasən, binanın su və kanalizasiya xətləri Nərimanov Rayon Su Kanal İdarəsinin balansındadır. İş materiallarında olan ##.##.2024-cü il tarixli dəymiş zərərin hesabatı ilə bağlı **** nömrəli rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (Xəlifə çay evi) subasma nəticəsində 1.082 manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı ##.##.2025-ci il tarixli, CFI-****/****-AKT***/** nömrəli aktla 500 manat azadolma məbləği çıxılmaqla, 582 manat məbləğində pul vəsaiti “xxxx” ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür.

8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.2, 54.4, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1111.2-ci maddələrinə istinad olunmuşdur.

9. Cavabdeh ##.##.2025-ci il tarixdə məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, qeyd edilən tarixdə qəza baş verməsi ilə bağlı cavabdehə hər hansı bir rəsmi müraciət daxil olmamışdır. Digər tərəfdən binanın daxili su və kanalizasiya xəttlərinə cavabdeh tərəfindən xidmət göstərilmir. Cavabdeh tərəfindən kanalizasiya xəttinə yalnız binanın girişinədək olan xətlərə xidmət göstərilir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsinin əsaslandırılmasında “xxxx” ASC tərəfindən sığortalı X5 istifadəsində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Xəlifə çay evi) əmlak yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə ##.##.2024-cü il tarixində “daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalandığını qeyd etsə də, “xxxx” ASC ilə X5 arasında bağlanmış sığorta müqaviləsini (sığorta şəhadətnaməsini) iş materiallarına əlavə etməmişdir. Belə ki, sığorta müqaviləsi olmadığı halda iddiaçı ilə sığortalı E.Dəmirov arasında hansı şərtlərlə müqavilə bağlandığını müəyyənləşdirmək mümkün deyildir. Bundan başqa, iddiaçı ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (Xəlifə çay evi) sığortalı X5 mülkiyyətində olması və ya icarə müqaviləsi əsasında istifadəsinə verilməsi barədə heç bir sübut təqdim etməmişdir. Belə olan halda isə E.Dəmirovun cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etmək üçün subyektiv hüququ yaranmamışdır. Odur ki, iddiaçı iddia tələbinin əsasın təşkil edən halları sübut edə bilməmiş, iddia tələbinin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.1, 936.2, 936.4, 936.5, 1096.1, 1096.2, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.8, 2.1, 2.1.1, 2.1.3, 9.9-cu bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

13. Həmin qətnamədən iddiaçı “xxxx” ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baş vermiş subasma hadisəsi ilə bağlı ünvan 3 Kommunal Təsərrüfat Birliyinin ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2024-cü il tarixli arayışı təqdim edilmişdir və arayışdan hadisənin həmin binanın şaquli olan kanalizasiya dayaq borusundan su axması nəticəsində baş verməsi və binanın su kanalizasiya xətlərinin Nərimanov su kanal İdarəsinin balansında olması faktı müəyyən edilir. Əlavə olaraq, ünvan 3 Kommunal Təsərrüfatı Birliyi tərəfindən “xxxx” ASC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-**-*/*-****/**** nömrəli məktubda yaşayış binalarının xarici su təchizatı, kanalizasiya şəbəkə və qurğuları, mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 balansında olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən subasma hadisəsinə dair arayışda və qeyd edilən məktubda müəyyən edilmiş faktların mövcudluğunu təkzib edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Nizamnaməsinin 2.1.5-ci bəndinə əsasən X2 balansında olan hidrotexniki qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək onun fəaliyyət istiqamətlərinə daxildir. Qeyd olunan bəndin tələbinə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 binada yerləşən kanalizasiya xətlərinin texniki cəhətdən yararlı vəziyyətdə olmasına müntəzəm olaraq nəzarət etməli və bu öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi təqdirdə dəymiş zərərə görə müvafiq məsuliyyəti daşımalıdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.1-ci bəndinin tələbinə əsasən balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanılması və mühafizəsini təmin etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Sözügedən Qaydaların 9.9-cu bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.2 və 54.4-cü maddələrinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir, idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Məhkəmə sübutlara qiymət verən zaman RAZ********** nömrəli sığorta şəhadətnaməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sığortalıX5 mülkiyyətində və ya istifadəsində olmasını təsdiq edən sənədin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyini qətnamədə qeyd etmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə məhkəməyə müraciət etmədən öncə baş vermiş subasma hadisəsi barədə heç bir rəsmi müraciətin daxil olmadığı qeyd edilmişdir. Lakin sözügedən sənədlər (RAZ********** nömrəli sığorta şəhadətnaməsi, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 pretenziya məktubunun və iddia ərizəsinin elektron imzalanmış formada göndərilməsini təsdiq edən çıxarışlar) iddiaçı tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə təqdim edilmişdir. Subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddialar üzrə məhkəmə təcrübəsinə nəzər yetirsək, subasma hadisələrinə dair Mənzil Kommunal İstismar Sahələri tərəfindən tərtib olunan arayışlar məhkəmə tərəfindən sığorta hadisəsinin baş vermə səbəbini özündə əks etdirən və baş verməsi faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilir və belə mübahisələrin nəticəsində həlledici rola malikdir. Belə ki, “xxxx” ASC-nin məhkəmə təcrübəsində analoji işlərlə bağlı iddia tələbinin təmin olunması ilə nəticələnən qətnamələr mövcuddur.

Apellyasiya şikayətinə etiraz:

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər.

17. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.4-cü maddəsinə əsasən faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: - 1.2.8-ci bəndinə əsasən balans mənsubiyyəti sərhədi – STKM tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir. - 2.1-ci bəndinə görə STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək... - 9.9-cu bəndinə görə STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, işin faktiki hallarından görünür ki, ##.##.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən binanın şaquli olan kanalizasiya dayaq borusundan çirkab suyunun davamlı axıdılması nəticəsində X5 istifadəsində olan qeyri-yaşayış obyektinə ziyan dəymiş, “xxxx” ASC tərəfindən X5 hesabına 582 manat məbləğində sığorta ödənişi köçürülmüşdür.

26. Hazırda iddiaçı 582 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 tutulmasını tələb edir.

27. Bu halda iddianın qanuni əsasını Mülki Məcəllənin 936, 1096.1 və 1097.1-ci maddələri təşkil edir.

28. Mülki Məcəllənin 936-cı maddəsinin məzmunundan da göründüyü kimi, sığorta münasibətlərində subroqasiya dedikdə, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun subroqasiya qaydasında sığorta ödənişini vermiş sığortaçıya keçməsi başa düşülür.

29. Beləliklə, subroqasiya qaydasında tələb hüququnun yaranması üçün zərərçəkmiş şəxs zərərvuran şəxsə və ya onun əməllərinə görə məsuliyyət daşıyan digər şəxsə qarşı zərərin ödənilməsini tələb etmək hüququna malik olmalı və həmin tələb hüququ sığortaçının zərərçəkmiş şəxsə zərərin kompensasiyası olaraq sığorta ödənişini ödəməsi nəticəsində sığorta ödənişi həddində sığortaçıya keçməlidir.

30. Odur ki, subroqasiya qaydasında pul tələblərinə baxılarkən məhkəmə tərəfindən ilk növbədə sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məhz cavabdehin mülki məsuliyyət daşıması, yəni zərərçəkmiş şəxsin cavabdehə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olması müəyyən edilməlidir.

31. Hazırkı halda isə subasma hadisəsinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 tərəfindən törədilmiş təqsirli, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində baş verməsi iş materialları ilə öz təsdiqini tapmır.

32. Belə ki, iddiaçı sığorta şirkəti subroqasiya qaydasında iddia qaldırarkən, özünün sığortalı ilə münasibətlərini tənzimləyən sığorta şəhadətnaməsini məhkəməyə təqdim etməyə borcludur. Hazırki işdə iddiaçı “xxxx” ASC tərəfindən sığortalı X5 istifadəsində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Xəlifə çay evi) əmlak yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə ##.##.2024-cü il tarixində “daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalandığını iddia etsə də, X5 arasında bağlanmış sığorta müqaviləsini (sığorta şəhadətnaməsini) məhkəməyə təqdim etməmişdir. Sığorta müqaviləsi olmadığı halda iddiaçı ilə sığortalı X5 arasında hansı şərtlərlə müqavilə bağlandığını müəyyənləşdirmək mümkün deyildir.

33. Həmçinin iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin (Xəlifə çay evi) sığortalı X5 mülkiyyətində olması və ya icarə müqaviləsi əsasında istifadəsinə verilməsi barədə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, Elsevər Dəmirovun həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət, icarə və ya digər qanuni istifadə hüququnu təsdiq edən sənəd (çıxarış, müqavilə və s.) olmadığından, onun cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etmək üçün subyektiv hüququ yaranmamışdır.

34. İddiaçı tərəfindən baş vermiş subasma hadisəsinə görə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 məsuliyyət daşımasını sübuta yetirmək üçün ünvan 3 Kommunal Təsərrüfat Birliyinin ** saylı Mənzil Kommunal İstismar Sahəsinin baş vermiş subasma hadisəsi ilə bağlı ##.##.2024-cü il tarixli arayışı təqdim edilmişdir və arayışda hadisənin həmin binanın şaquli olan kanalizasiya dayaq borusundan su axması nəticəsində baş verməsi və binanın su kanalizasiya xətlərinin Nərimanov su kanal İdarəsinin balansında olması göstərilmişdir. Lakin həmin arayış cavabdehin nümayəndələrinin iştirakı olmadan birtərəfli qaydada tərtib edilmiş sənəd olmaqla hadisənin cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli hesab edilmir.

35. Bundan başqa, iddiaçının istinad etdiyi digər hal - ünvan 3 Kommunal Təsərrüfatı Birliyi tərəfindən “xxxx” ASC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-**-*/*-****/**** nömrəli məktubda yaşayış binalarının xarici su təchizatı, kanalizasiya şəbəkə və qurğuları, mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemlərinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 balansında olduğunun qeyd edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin məktubda kommunikasiya xətlərinin ümumi balans mənsubiyyəti qeyd olunsa da, bu, konkret ##.##.2024-cü il tarixində baş vermiş hadisənin məhz cavabdehin xidmət zonasında baş verdiyini sübut etmir. Zərərin kimin balansındakı xətdən dəyməsindən asılı olmayaraq, sığorta şirkəti əvvəlcə özünün ödəniş etmək öhdəliyinin qanuniliyini (sığorta müqaviləsini) və sığortalının əmlak sahibi və ya icarəçisi olduğunu sübut etməlidir. Bu hallar sübut olunmadığı təqdirdə, ünvan 3 Kommunal Təsərrüfatı Birliyinin məktubu iddianın təmini üçün yetərli deyildir.

36. Bununla da, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Mübahisəli subasma hadisəsi nəticəsində dəymiş zərərə görə cavabdehin məsuliyyət daşımalı olması iş materialları ilə öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

39. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar