Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-368/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin maraqlı şəxs X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin maraqlı şəxs X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. “Elektron məhkəmə” informasiya sisteminin vergi ödəyiciləri məlumatlarından məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1805188771) rəhbəri X2r.
2. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi vergi borcunun ödənilməsinə dair ##.##.2025-ci il tarixli 2550022284036500, ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişlərlə müraciət edərək vergi borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
3. Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 109785,83 manat, Işsizlikdən sığorta fonduna olan 2,54 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, X2 barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 17183484) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1805188771) Işsizlikdən sığorta fonduna 2,54 manat, dövlət büdcəsinə109785,83 manat məbləğində (o cümlədən, vergilər üzrə 72020,23 manat, faizlər üzrə 37485,6 manat, maliyyə sanksiyası üzrə 280 manat) olmaqla, ümumilikdə 109788,37 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli 2550022284036500, ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdi.
5. Iş üzrə ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. Ərizəçinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsi və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş Vergi ödəyicisi hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 109785,83 manat, Işsizlikdən sığorta fonduna olan 2,54 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan ## ###### 1982-ci il Ermənistan, Masis r-da anadan olmuş, Baki şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan X2 (Şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi - *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 17183484) ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması, Maraqlı şəxs X2 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1805188771) ##.##.2026-cı il tarixə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən vergi ödəyicilərinə borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmişdir. Bundan sonra Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərmişdir. Borc məbləği ödənilmədiyindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi ərizə ilə məhkəməyə müraciət edərək X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1805188771) borcunun ödənilməsini təmin etmək üçün X2 ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.
10. Məhkəmə hesab etmişdir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır.
11. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.0.2-1, 77.1, 77.3, 78.1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.3, 119.2, 355-5.1, 355-7.4-cü maddələrini, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2, 9.1.14, 9.4-cü maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesi əsnasında vətəndaş məhkəməyə yazılı müraciət edərək bildirmişdir ki, ərizəçinin təqdim etdiyi sənədlər natamamdır. Belə ki, o, hesabladığı vergilərə dair yalnız bildirişlərini təqdim edib. Halbuki, həm Vergi Məcəlləsinə (15.1.6, 15.1.8, 15.1.11, 20.2, 24.1.9, 49-cu və s. maddələr), həm də Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə (3.0.20 və 4.0.31-ci bəndlər) əsasən vergi orqanının vergi ödəyicisinin vergi öhdəliyinə dair çıxardığı akt “qərar” adlanır. Buna görə də ərizəçi müvafiq qərar(lar)ı təqdim etməlidir. Əks halda, iddia edilən vergi borcunun əsası naməlumdur. Lakin ərizəçi qərar(lar)ı təqdim etməmiş, Məhkəmə də bu məsələyə qiymət verməmişdir. Vətəndaşın bu vergi borcu barədə məlumatı yoxdur və o, heç bir bildiriş, xəbərdarlıq almayıb. Ümumiyyətlə, xəbərdarlıq, bildiriş və s. məlumat xarakterli məktublardır. Onlar vergi borcunun mövcudluğunu təsdiqləmir. Yuxarıda qeyd edildiyi kimi, borcu təsdiqləyən sənəd ərizəçinin qərarları olmalıdır ki, hansıları ki, vətəndaş (MMC) razı olmadığı təqdirdə inzibati icraat qaydasında mübahisələndirə bilər. Deməli, ərizəçi Məhkəməyə lazımi sübutları təqdim etməyib. Mülki Prosessual Məcəllənin 14.2ci maddəsinə əsaasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə bu maddələrə riayət etməyib.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı; iştirakçılarının izahatları
15. ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə sorğu verilərək işin hallarının obyektiv araşdırılması üçün X2 qanuni təmsilçisi olduğu "xxxx" MMC-nin (VÖEN: 1805188771) vergi borcunun olub-olmaması barədə məlumat və sənədlərin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.
16. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən şəxsi hesab vərəqəsi təqdim edilmişdir.
17. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının:
18. 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
19. 28-ci maddəsinin III hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər;
20. 71-ci maddəsinin II hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun:
21. Maddə 3.6 “…Konstitusiyanın 28-ci maddəsinin III hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”
Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair * saylı protokolun:
22. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
23. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin:
24. Maddə 1.4. Həmin Məcəllənin vergi tutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
25. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
26. Maddə 23.1.15-3 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.
27. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
28. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 77.3. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə məhkəmə kollegiyası tərəfindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Iş materiallarından görünür ki, X2 qanuni təmsilçisi olduğu "xxxx" MMC-nin (VÖEN: 1805188771) dövlət büdcəsinə vergi borcu vardır. Belə ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən təqdim edilmiş şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: 1805188771) dövlət büdcəsinə cəmi 198.112,85 manat vergi borcu var.
39. Kollegiya apellyasiya şikayətində göstərilən “vergi borcunu təsdiq edən akt (qərar) təqdim edilmədiyindən borcun əsası yoxdur” barədə dəlilə də münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, mübahisə predmeti olan borc kameral yoxlama nəticəsində hesablanmış borc deyildir.
40. Bu baxımdan, həmin borcun yaranması vergi orqanı tərəfindən ayrıca aktın (qərarın) qəbul edilməsini tələb edən hal kimi qiymətləndirilə bilməz. Vergi ödəyicisinin vergi öhdəlikləri qanunvericiliyə uyğun olaraq təqdim etdiyi bəyannamələr və aparılan uçot məlumatları əsasında müəyyən edilir və şəxsi hesab vərəqəsində əks olunur.
41. Odur ki, apellyatorun borcun yalnız vergi orqanının ayrıca inzibati aktı ilə təsdiq edilməli olması barədə dəlili əssassızdır.
42. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, vergi orqanı tərəfindən borcun ödənilməsi barədə müvafiq bildirişlər göndərilmiş, borcun könüllü qaydada ödənilməsi üçün imkan yaradılmışdır.
43. Kollegiya hesab edir ki, vergi orqanı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş prosedur qaydalarına əməl edilmiş, borcluya öhdəliyin icrası üçün kifayət qədər müddət verilmiş, lakin həmin öhdəlik yerinə yetirilməmişdir.
44. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırır və onlardan istifadə edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyator isə öz dəlillərini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.
45. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır.
46. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində (§ 26) təsbit olunan hüququn vergi orqanı tərəfindən reallaşdırılmasına əsas verən hal məhz vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməməsidir ki, hazırkı işin halları baxımından müvafiq halın mövcudluğu müəyyən olunur.
47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
48. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün maraqlı şəxsin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
49. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDI:
Maraqlı şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Maraqlı şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.