Məhkəmə qərarları › İş №2-2(3-6)-37/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-37/2026

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-37/2026 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 2(113)-6106/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdehnə arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır.

2. xx.xx.2025-ci il tarixli kreditor üzləşmə aktına əsasən xx.xx.2025-ci il tarixə cavabdehin iddiaçıya 21023,32 manat borcu mövcuddur.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 21000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli C2391 saylı müqaviləyə və xx.xx.2024-ci il tarixli 1 saylı əlavəyə (qiymətin razılaşdırılması protokoluna) əsasən iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşiddə qida məhsulları təhvil verilmişdir. Tərəflər arasında olan müqavilə gözlənilən nəticəni verməmişdir. Bu səbəbdən də cavabdehə təhvil verilmiş məhsulların 21000 manat dəyərində qalıqlarının geri qaytarılması barədə xx.xx.2025-ci il tarixli məktubla müraciət olunsa da, müraciət təmin olunmamışdır. Müqavilənin 10.3-cü maddəsi rəhbər tutularaq ona xx.xx.2025-ci il tarixdən xitam verilmişdir və bu barədə cavabdehə xx.xx.2025-ci il tarixdə rəsmi məktubla məlumat verilmişdir. Belə ki, müqavilənin predmeti olan məhsulların istifadə müddəti nəzərdə tutulan mallara aid olması, həmin məhsulların ya satılaraq məbləğinin ödənilməsi və ya da istifadə müddətinin bitməsinə ən azı bir ay qalmış geri qaytarılması tələb olunurmuşdur. Bununla bağlı cavabdehə dəfələrlə müraciət edilsə də, nə məhsul, nə də həmin məhsulların dəyəri qaytarılmışdır. Bununla bağlı cavabdehə ilk olaraq xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərilərək satılmış və dəyəri ödənilməmiş vəsaitin və satılmamış məhsulların geri qaytarlması xahiş olunmuşdur. Pretenziya məktubuna müsbət cavab alınmadıqdan sonra xx.xx.2025 və xx.xx.2025-cü il tarixlərdə 21000 manat vəsaitin qaytarılması barədə müraciət olunmuşdur.

5. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442-ci və s. maddələri göstərilmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

7. İddiaçının nümayəndəsi və vəkil Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın məzmununa uyğun izahat vermiş və eyni zamanda bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə dəfələrlə məktubla müraciət edilərək məhsulların istehsal müddətinə 1 ay qalmış qaytarılması və ya dəyərinin ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh tərəfindən hər hansı addım atılmadığından hazırda malların dəyəri tələb edilir.

8. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclaslarında iştirak edərək iddiaya qismən etiraz etmiş və eyni zamanda göstərmişdir ki, təqdim edilən sübutlara əsasən 16000 manat məbləğində borc görünür. Çünki 5000 manat civarında məhsulun geri götürülməsi ilə bağlı iddiaçıya dəfələrlə xəbərdarlıq edilmiş, sonuncu həmin məhsulları geri qaytarmamışdır. Belə olan halda həmin məhsulların dəyəri ödənilə bilməz.

9. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi göstərmişdir ki, xx.xx.2025-ci il tarixli üzləşmə aktının mövcudluğu ilə bağlı araşdırma aparılmış, cavabdehin əməkdaşı Aytac Məmmədli həmin aktı xatırlamamışdır. 5000 manat civarında məhsul hal-hazırda istifadəyə yararlı deyil. Yararlılıq müddətinin nə vaxt başa çatması barədə dəqiq məlumatı yoxdur.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-6106/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 21000 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 153 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-6106/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, üzləşmə aktının əsli məhkəməyə təqdim edilməmişdir. Bu da ümumiyyətlə həmin aktın mövcudluğunu şübhə altına alan əsas məqamlardan biridir . 5000 manat civarında məhsulun geri götürülməsi ilə bağlı, müqavilə şərtlərində göstərilən qaydada iddiaçıya dəfələrlə xəbərdarlıq edilmiş, lakin iddiaçı həmin məhsulları geri götürməmişdir. Belə olan halda həmin məhsulların dəyəri iddiaçıya ödənilə bilməz. Birincisi iddiaçının müraciətində malların qaytarılması deyil, borcun qaytarılması bildirilmişdir. İkincisi isə malların geri qaytarılması ilə bağlı cavabdeh hərəkətsiz qalmamışdır. Əksinə cavabdeh tərəfindən İddiaçı MMC-yə yazılı və şifahi müraciətlər əsasında malların geri götürülməsi xahiş olunsa da, lakin iddiaçı tərəf malları geri götürməmişdir. xx.xx.2024-cü il tarixli C2391 saylı Alqı-satqı müqaviləsinin 4.5-ci bəndində göstərilmişdir ki, Satıcı geri qaytarma üzrə səmərəli daxili sistem (o cümlədən geri qaytarmanın cədvəlini və hərəkət istiqamətini) yaratmalı və tətbiq etməlidir. Alıcı geri qaytarma malları barədə satıcıya məlumat verə bilər və əgər bu cür məlumat verildikdən 7 (yeddi) gün ərzində Satıcı geri qaytarmanı həyata keçirməzsə, Alıcı müvafiq tələb olunan sənədlər tərtib etməklə geri qaytarma mallarının məhv edilməsi və ya digər formada utilizasiyası üçün zəruri tədbirlər görə bilər və bu zaman Alıcı Satıcı qarşısında bu cür geri qaytarmalara görə məsuliyyət daşımayacağı qeyd edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi vəkili tərəfindən etiraz daxil olmuşdır.

14. Etiraz onunla əsaslandırılmışdır ki, tərəfimizdən cavabdehə xx.xx.2025 – ci il tarixdə müqavilə üzrə öhdəliklərinin icra olunması və cavabdehdə qalmış qənnadı məhsulların geri qaytarılması xahiş olunmuşdur. Lakin müraciətimiz təmin olunmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçı tərəfindən onlara belə müraciətin olmadığını bildirmişdir. Bu səbəbdən də tərəfimizdən cavabdehə ünvanlanmış xx.xx.2025ci il, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktubların elektron poçt vasitəsi ilə göndərilməsinə dair sübutlar məhkəməyə təqdim olunaraq elektron məhkəmə sisteminə əlavə olunmuşdur. Apelyyasiya şikayətində belə xx.xx.2025-ci il tarixli məktubu danırlar. Baxmayaraq ki, həmin məktibda malların geri qaytarılması xahiş olunmuşdur. Beləliklə iddiaçı Azroşen MMC tərəfindən cavabdeh OBA MARKET" MMC-yə qarşı irəli sürülmüş iddia tələbinin əsası -Tərəflər arasında bağlanmış müqavilə, - Tərərflər arsında bağlanmış müqaviləyə əsasən aparılan əməliyatları və yaranmış borcun təsdiqinə dair sənədlər elektron məhkəmə sisteminə yüklənmişdir. Ümumilikdə tərəflər arasında olan əməliyyatlar: 118342.97 mal alınıb, vergi orqanına qaimə göndərmişik, "xxxx"Market MMC tərəfindən təsdiq verilib. 16592 manat dəyərində mal geri qaytarılıb, "xxxx" Market MMC vergidə bunun 8177.03 ƏDV daxil bizə qaytarma edib və biz təsdiq etmişik. Cavabdeh MMC bankla 80043 manat ƏDV daxil ödəniş edib. 1183xx.xx-16592-80043 = 21 707.97 manat borc yaranır. Qiymət fərqi aramızda çıxdığından 21023.32 manat ƏDV daxil borcu hər iki tərəf razılaşıb təsdiq etmişdir. - Tərəflər arasında tərtib olunmuş Üzləşmə Aktı ilə cavabdeh 21023.32 manat borcu olmasını qəbul etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, iddiaçı gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, cavabdehin nümayəndəsi ərizə ünvanlayaraq məhkmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

21. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

23. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

24. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli C-2391 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh ona təhvil verməyi, cavabdeh malların dəyərini iddiaçıya müqavilədə (müqavilənin müvafiq Əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə cavabdehin işçisi Aytac Məmmədliyə məxsus “Elektron ünvan 1” elektron poçtundan iddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli kreditor üzləşmə aktına əsasən xx.xx.2025-ci il tarixə cavabdehin iddiaçıya 21023,32 manat borcu mövcuddur. Üzləşmə aktı Cavabdeh nümayəndəsi Aytac Məmmədli tərəfindən imza ilə təsdiq edilmiş, cavabdehin nümayəndəsi Kamran Dadaşovun imza və möhrü ilə təsdiq edilmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin 5000 manat məbləğində malın geri götürülmədiyi dəlillinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən 04 aprel 2025-ci il tarixdə, 05 may 2025-ci il tarixdə, 15 may 2025-ci il tarixdə elektron poçt (“Elektron ünvan 2”) vasitəsilə cavabdehə məktublar ünvanlanaraq malların qaytarılması üçün şərait yaradılması xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən hər hansı hərəkətlilik nümayiş etdirilməmiş, yalnız 21000 manat məbləğində pulun ödənilməsi ilə bağlı tərtib edilmiş iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə cavabdehə göndərildikdən sonra cavabdeh iddiaçıya müraciət edərək malların götürülməsini xahiş etmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instasniya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi X4 məhkəmə iclaslarında iştirak edərək iddiaya qismən etiraz etmiş və eyni zamanda göstərmişdir ki, təqdim edilən sübutlara əsasən 16000 manat məbləğində borc göründüyünü etiraf etmişdir.

33. Apellyator apellyasiya şikayətinin dəlillərində, alqı-satqı müqaviləsinin 4.5-ci bəndində istinad edərək, Alıcı geri qaytarma malları barədə satıcıya məlumat verə bilər və əgər bu cür məlumat verildikdən 7 (yeddi) gün ərzində Satıcı geri qaytarmanı həyata keçirməzsə alıcının məsuliyyət daşımamasını bildirsədə, müqavilənin 5.2-ci (c) bəndinə əsasən, Satıcının əməkdaşları tərəfindən Malların daşınması, çatdırılması, təhvili, geri qaytarmaların geri götürülməsi və sair kimi hallarda Malların və Alıcının Mağazasında olan digər malların Satıcının əməkdaşları tərərfindən oğurlanmaması təmin etməlidir və bunun üçün Satıcı məsuliyyət daşıyır. İşin hallarından görünür ki, iddiaçı tərəfindən 04 aprel 2025-ci il tarixdə, 05 may 2025-ci il tarixdə, 15 may 2025-ci il tarixdə elektron poçt (“Elektron ünvan 2”) vasitəsilə cavabdehə məktublar ünvanlanaraq malların qaytarılması üçün şərait yaradılması xahiş edilmiş lakin cavabdeh qayatarılmanı təmin etməmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-6106/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar