Məhkəmə qərarları › İş №2-2(3-6)-372/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-372/2026

22.04.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-372/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin maraqlı şəxs Əliyev Təbriz Dadaş oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin maraqlı şəxs Əliyev Təbriz Dadaş oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. Fiziki şəxs haqqında məlumata əsasən maraqlı şəxs ##.##.2006-cı ildə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır.

2. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi Əliyev Təbriz Dadaş oğluna borcun ödənilməsinə dair bildirişlərlə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs Əliyev Təbriz Dadaş oğlunun dövlət büdcəsinə olan ümumilikdə 9138,5 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 90,26 manat, Icbari Tibbi Sığorta Fonduna olan 16,86 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan Əliyev Təbriz Dadaş oğlunun (VÖEN: 1301095432) Icbari Tibbi Sığorta Fonduna 16,86 manat, Dövlət Sosial Müdafiə Fonduna 90,26 manat, dövlət büdcəsinə 9138,5 manat məbləğində (o cümlədən, vergilər üzrə 7787,93 manat, faizlər üzrə 1350,57 manat) olmaqla, ümumilikdə 9245,62 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli 2550021927977400, ##.##.2025-ci il tarixli 2550021912154100, ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarından görünür ki, Əliyev Təbriz Dadaş oğlu ünvan 1 ünvanında qeydiyyatdadır.

5. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

6. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş ##.##.1982-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan vergi ödəyicisi Əliyev Təbriz Dadaş oğlunun (şəxsiyyətini təsdiq edən sənədin FIN nömrəsi – *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 17251345) dövlət büdcəsinə olan ümumilikdə 9138,5 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 90,26 manat, Icbari Tibbi Sığorta Fonduna olan 16,86 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması, 100 (bir yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxs Əliyev Təbriz Dadaş oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, maraqlı şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, onun ##.##.2026-cı il tarixə dövlət büdcəsinə 10761,32 manat borcu vardır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi Əliyev Təbriz Dadaş oğluna borcun ödənilməsinə dair bildirişlərlə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

9. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməli, Əliyev Təbriz Dadaş oğlunun dövlət büdcəsinə olan ümumilikdə 9138,5 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 90,26 manat, Icbari Tibbi Sığorta Fonduna olan 16,86 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.

10. Məhkəmə hesab etmişdir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır.

11. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.0.2-1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.2, 119.1, 119.2, 355-5.1, 355-7.4-cü maddələrini, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmayaraq maraqlı şəxsin vergi borcunun yaranmasının əsaslarını araşdırmamışdır, eyni zamanda ərizəçi orqandan vergi borcuna dair sənəndləri və tədbir görülməsinə dair müvafiq qərarların və onun nəticələrinə dair görülmüş tədbirlərin nəticələrə barədə qərarları araşdırmadan əsassız və qanunsuz olaraq ərizəni təmin etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakını hazırki baxılan işdə təmin etməmişdir, təmin etməkdə də maraqlı olmamışdır. Iş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar düzgün aydınlaşdırılmamışdır və məhkəmənin gəlmiş olduğu nəticə işin hallarına uyğun gəlmir.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı; iştirakçılarının izahatları

15. ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə sorğu verilərək işin hallarının obyektiv araşdırılması üçün Əliyev Təbriz Dadaş oğlunun (VÖEN: 1301095432) vergi borcunun olub-olmaması barədə məlumat və sənədlərin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.

16. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən şəxsi hesab vərəqəsi təqdim edilmişdir.

17. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının:

18. 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

19. 28-ci maddəsinin III hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər;

20. 71-ci maddəsinin II hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun:

21. Maddə 3.6 “…Konstitusiyanın 28-ci maddəsinin III hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”

Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair * saylı protokolun:

22. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

23. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin:

24. Maddə 1.4. Həmin Məcəllənin vergi tutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

25. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.

26. Maddə 23.1.15-3 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.

27. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

28. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 77.3. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə məhkəmə kollegiyası tərəfindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı i l tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Iş materiallarından görünür ki, Əliyev Təbriz Dadaş oğlunun dövlət büdcəsinə vergi borcu vardır. Belə ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən təqdim edilmiş şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan Əliyev Təbriz Dadaş oğlunun (VÖEN: 1301095432) dövlət büdcəsinə cəmi 7289,99 manat vergi borcu var. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

39. Eyni zamanda maraqlı şəxs apellyasiya şikayətinə bu faktı təkzib edən sübut təqdim etməmişdir.

40. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır.

41. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində (§ 26) təsbit olunan hüququn vergi orqanı tərəfindən reallaşdırılmasına əsas verən hal məhz vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməməsidir ki, hazırkı işin halları baxımından müvafiq halın mövcudluğu müəyyən olunur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin apellyasiya şikayətində əsaslandırdığı dəlillər əsassızdır.

43. Belə ki, Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2016-cı il tarixli Qərarı).

44. Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos Ispaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).

45. Qanunverici iddiaçının iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir.

46. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər maraqlı şəxsin ünvanına göndərilmişdir.

47. Göründüyü kimi birinci instansiya məhkəməsi maraqlı şəxsin iştirakının təmin edilməsi üçün bütün zəruri prosessual səyləri göstərmiş, lakin maraqlı şəxs lazımı fəallıq və sayıqlıq göstərməyərək məhkəmə iclaslarının gedişatı barədə maraqlanmamışdır.

48. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

49. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün maraqlı şəxsin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

50. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDI:

Maraqlı şəxs Əliyev Təbriz Dadaş oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Maraqlı şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar