Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-39/2026 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı filialının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: sığorta müqaviləsi, sığorta hadisəsi, sığorta ödənişinin ödənilməsindən imtinaya əsas verən hallar) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi (vəkili) Vəkil, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı filialının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-4772/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. M0318/21 saylı avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsi və ona əlavə olunan cədvəl 1-ə əsasən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı filialına məxsus, “Ford Cargo” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövr üzrə sığortalanmışdır.
2. İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı filialı tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, OZY- OG2022/072 nömrəli hesablama aktından görünür ki, “Ford Cargo” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci ümumilikdə 84500 manat təşkil edir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/1879 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1a.2a. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Ford Cargo” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobiln sürücüsü X5 hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cəfərov “Ford Cargo” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobildə istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsi üçün müəyyən etdiyi kəmiyyətdən (22 tondan) artıq, yəni təxminən 55 ton yük daşıdığından onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanunun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 1b.2b. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Ford Cargo” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir.
4. “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı filialı tərəfindən "xxxx" ASC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli, OZY- OG-2025/026 nömrəli pretenziya məktubundan görünür ki, ziyanın ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
5. "xxxx" ASC tərəfindən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 463/23 nömrəli sığorta ödənişindən imtinaya dair bildirişdə qeyd edilmişdir ki, cəmiyyətə M0318/21 saylı, xx.xx.2021-ci il tarixli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış, “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına məxsus “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixdə Şəmkir şəhəri, Kraz massivi, Şuşa küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta ödənişi verilməsi barədə müraciət daxil olmuşdur. Həmin avtomobilin iştirakı ilə baş vermiş hadisə ilə əlaqədar cəmiyyətə təqdim edilən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-151/2023 saylı hökmündə qeyd edilmişdir ki, X2 xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına məxsus, texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobildə “X12” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalı olduğu halda qanunun qeyd edilən tələblərinə riayət etməyərək istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsi üçün müəyyən etdiyi kəmiyyətdən artıq, yəni təxminən 55 ton yük daşıyaraq nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuşdur. "xxxx" ASC-nin “Avtonəqliyyat vasitələrinin kompleks sığortası qaydalar”ında 21.9-cu bənddə qeyd edilmişdir ki, həddən artıq yükləmə və dartma da daxil olmaqla, avtonəqliyyat vasitəsinin onun texniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə edilməsi nəticəsində ortaya çıxan zərərlərin bu sığorta ilə əvəzi ödənilmir. Qaydalarda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməməsi ilə sığorta hadisəsi arasında səbəbli əlaqənin olub-olmamasından asılı olmayaraq sığortalının sığorta müqaviləsində nəzərdə tutulan şərtlərə əməl etməməsi halında sığortaçı sığortalıya sığorta ödənişinin verilməsindən imtina etməkdə haqlıdır. Odur ki, yuxarıda qeyd olunanları və “Avtonəqliyyat vasitələrinin kompleks sığortası qaydaları” nın şərtlərinin pozulmasını nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinin tələbinə əsaslanaraq bildirilir ki, sözügedən yol-nəqliyyat hadisəsi sığorta hadisəsi olmadığından “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına sığorta ödənişinin ödənilməsindən imtina edilir.
6. "xxxx" ASC tərəfindən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış xx.xx.2025-ci il tarixli, 272 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixli təkrar müraciətinizə cavab olaraq bildirilir ki, Cəmiyyətə M0318/21 saylı, xx.xx.2021-ci il tarixli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış, sizə məxsus “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixində Şəmkir şəhəri, Kraz massivi, Şuşa küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta ödənişi verilməsi barədə müraciət daxil olmuşdur. Həmin avtomobilin iştirakı ilə baş vermiş hadisə ilə əlaqədar Cəmiyyətimizə təqdim edilən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)- 151/2023 saylı hökmündə qeyd edilmişdir ki, “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 xx.xx.2022-ci il tarixində, saat 19:00 radələrındə “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına məxsus texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobildə “X12” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar uzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalı olduğu halda, qanunun qeyd edilən tələblərinə riayət etməyərək, istehsalçı müəssisənin həmin nəqliyyat üçün müəyyən etdiyi kəmiyyətdən artıq, yəni təxminən 55 ton yük daşıyaraq nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-151/2023 saylı hökmündə “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 ifadəsində idarə etdiyi maşın normadan artıq yüklü olduğundan təxminən 55 (əlli beş) ton yük olduğu üçün ötmə əməliyyatını edə bilməməsi qeyd olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli. 8/1879 saylı ekspert rəyində də qeyd olunmuşdur ki, “Ford Cargo” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 “Ford Cargo” markalı **- JT-*** dövlət qeydiyyat nişanlı avtomobildə istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsi üçün müəyyən etdiyi kəmiyyətdən artıq, yəni təxminən 55 ton yük daşıdığından onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. "xxxx" ASC-nin “Avtonəqliyyat vasitələrinin kompleks sığortası qaydaları”nın 21.9-cu bəndində qeyd edilmişdir ki, həddən artıq yükləmə və dartma da daxıl olmaqla, avtonəqliyyat vasitəsinin onun texniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə edilməsi nəticəsində ortaya çıxan zərərlərin bu sığorta ilə əvəzi ödənilmir. Qaydalarda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməməsı ilə sığorta hadisəsi arasında səbəblı əlaqənin olub-olmamasından asılı olmayaraq sığortalının sığorta müqaviləsində nəzərdə tutulan şərtlərə əməl etməməsi halında sığortaçı sığortalıya sığorta ödənişinin verilməsindən imtina etməkdə haqlıdır. M0318/21 saylı, xx.xx.2021-ci il tarixli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığorta şəhadətnaməsi də “Avtonəqliyyat vasitələrinin kompleks sığortası qaydaları” ilə tanış olaraq və orda yazılan şərtlərlə razılaşaraq “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin nümayəndəsi tərəfindən imzalanmışdır. Odur ki, qeyd olunanlara əsasən sığorta ödənişinin ödənilməsinin mümkün olmamasının nəzərə alınması Sizdən xahiş edilir.
7. Gəncə Ağır Cinayətlər Məhkəməsi xx.xx.2023-cü il tarixli, 1(100)-151/2023 saylı hökmündən görünür ki, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X5 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında həbs edilməsi, “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, X5 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi tipli cəzaçəkmə müəssisəsində çəkməsi, X5 tutulduğu və ev dustaqlığında saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 08 sentyabr 2022-ci il tarixdən hesablanması, X6 təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların - Şəmkir rayon Polis Şöbəsinin DYPB-nin duracağında saxlanılan və “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republİkasmdakı filialına məxsus olan “Ford Cargo markalı, **-JT-*** qeydiyyat nömrə nişanlı və “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin sahibi “Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialına qaytarılması, iş üzrə məhkəmə məsrəfləri - 328 (üç yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərcinin X3 tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Cavabdeh tərəfindən iş materiallarına "xxxx" ASCnin “Avtonəqliyyat vasitələrinin kompleks sığortası qaydalar” ı əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı filialı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli M0318/21_45 (“Ford Cargo” markalı **-JT-***) saylı avtonəqliyyat vasitələrinin kompleks sığorta şəhadətnaməsi üzrə 65000 (altmış beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 285 (iki yüz səksən beş) manat olmaqla, ümumillikdə 65285 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 may 2022-ci il tarixdə. saat 19 radələrində “X15 ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına məxsus “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili X2 tərəfindən idarə olunarkən Şəmkir şəhəri, Şuşa küçəsi ilə şəhərin mərkəzi hissəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək eyni istiqamətdə ondan öndə hərəkətdə olan “X15 ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına məxsus X4 tərəfindən idarə olunan “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin sol arxa hissəsi ilə toqquşmuş, nəticədə “Ford Cargo” markalı, **- JT-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili yolun sağ hissəsinə yuvarlanmışdır. xx.xx.2023-cü il tarixli Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-151/2023 saylı hökmünə əsasən hadisənin baş verməsində təqsirli olan “Ford Cargo” markalı **-JT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil "xxxx" ASC-də M0318/21 saylı sığorta şəhadətnaməsi əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə avtonəqliyyat vasitələrinin kompleks sığortası sığorta növü üzrə sığorta edilmişdir. Qeyd olunan sığorta hadisəsi baş verdikdən sonra “Ford Cargo” markalı **-JT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərər üzrə sığorta ödənişin ödənilməsi ilə bağlı "xxxx" ASC-yə bir neçə dəfə iddiaçı tərəfindən rəsmi müraciət ünvanlansa da, "xxxx" ASC etinasız yanaşaraq sığorta ödənişini verməkdən əsassız olaraq boyun qaçırmışdır. Belə ki, "xxxx" ASC sonuncu dəfə 16 oktyabr 2024-cü il tarixli 24/540 saylı müraciətə cavab məktubunda bildirmişdir ki, xx.xx.2023-cü il tarixli Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-151/2023 saylı hökmünə əsasən “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X8 “X12” Azərbaycan Respublikası Qanunun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalı olduğu halda qanunun qeyd edilən tələblərinə riayət etməyərək istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsi üçün müəyyən etdiyi kəmiyyətdən artıq, yəni təxminən 55 ton yük daşıyaraq nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuşdur. Qeyd edilən istismar qaydalarının pozulmasının sığorta ödənişindən imtina ediməsinə səbəb isə onunla əsaslandırılmışdır ki, Azərbaycan Sənaye Sığorta ASC-nin “avtonəqliyyat vasitələrinin kompleks sığortası” qaydalarının 21.9-cu bəndində qeyd edilmişdir ki, həddən artıq yüklənmə və dartmada daxil olmaqla avtonəqliyyat vasitəsinin onun texniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə edilməsi nəticəsində ortaya çıxan zərərlərin bu sığorta ilə əvəzi ödənilmir. xx.xx.2023-cü il tarixli Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-151/2023 saylı hökmündə “Ford Cargo” markalı 99-JT341 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hadisə vaxtı 55 ton yük daşıması hər hansı əsaslı sübutla təsdiq edilməmişdir. Belə ki, yalnız cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X8 ifadəsində idarə etdiyi yük avtomobilinə 50-60 ton arası torpaq və daş yükləndiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məsəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Qanunun mənasından da aydın olur ki, məlumatların həqiqiliyinə şübhə olmadıqda onlar sübut kimi qəbul oluna bilər. Qeyd olunan məlumatın, yəni X5 ifadəsində idarə etdiyi yük avtomobilinə 50-60 ton arası yük yığılmasını bildirməsinin həqiqiliyinə əsaslı şübhələr vardır. Çünki qeyd olunan avtomobildə olan yükün miqdarı hadisədən əvvəl ya sonra hər hansı texniki vasitə ilə müəyyən edilməmiş, həmçinin istintaq orqanı və ya məhkəmə tərəfindən yükün miqdarının müəyyən olunması üçün hər hansı ekspertiza keçirilməmiş və ya hər hansı mütəxəssis rəyi alınmamışdır. Həmçinin istintaq orqanı və ya məhkəmə qeyd olunan sübutun əsaslandırılması üçün hər hansı səy göstərməmişdir. Qeyd olunan avtomobilin hadisə vaxtı 55 ton yük ilə yüklənməsi həqiqəti əks etdirmir. Belə ki, həmin avtomobilin tekniki parametrləri dərindən araşdırılarsa, 55 ton yükün qeyd olunan avtomobilə yığılmasının qeyri-mümkün olması tam aydın olacaqdır. Çünki həmin yükün yığılması nəticəsində avtomobilin digər ehtiyyat hissələri (məs. təkərlər və s.) tamamilə sıradan çıxar və avtomobil hərəkət edə bilməz (avtomobil sahəsində mütəxəssisin fikri alınmaqla bu qənaətə gəlinmişdir). Buradan aydın olur ki, qeyd olunan şübhələr aradan qalxmadan həmin məlumat sübut kimi istifadə oluna bilməz. "xxxx" ASC-nin qeyd olunan halı əsas gətirərək, sığorta ödənişini verməkdən imtina etməsi qanunvericiliyin pozulması kimi qiymətləndirilməlidir. Həmçinin “Ford Cargo” markalı 99- JT-341 dövlət qeydiyyat nömrə nişanlı avtomobil də daxil olmaqla, “X15 və Ticaret anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına məxsus bütün yük avtomobillərinə yüklənən yüklər hər gün mütəmadi olaraq nəzarətdə saxlanılır. Həmçinin müvafiq dövlət orqanı tərəfindən mütəmadi olaraq daşınan yüklərin çəkisinə və həcminə nəzarət edilir. Bütün bunları nəzərə aldıqda hadisə zamanı qeyd olunan yük avtomobilinin texniki parametrlərində qeyd olunan yükdən təxminən 2 dəfə artıq yük daşımasının tamamilə həqiqətə uyğun gəlmədiyi bir daha təsdiq olunur. Cinayət Prosessual Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutları məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Göründüyü kimi, istintaq orqanı və məhkəmə tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi hal hansı digər sübütla təsdq edilməsə də, ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Lakin istintaq orqanı və məhkəmə tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması "xxxx" ASC üçün sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. Məsələyə başqa bir prizmadan yanaşdıqda da qanun pozuntusunun olması iddiaçıya aydın olur. Belə ki, "xxxx" ASC öz daxili “avtonəqliyyat vasitələrinin kompleks sığortası qaydalarının 21.9-cu bəndində həddən artıq yüklənmə və dartma da daxil olmaqla, avtonəqliyyat vasitəsinin onun texniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə edilməsi nəticəsində ortaya çıxan zərərlərin bu sığorta ilə əvəzi ödənilməməsinin göstərildiyini əsas gətirməklə sığorta ödənişindən imtina etmişdir. Lakin qeyd olunan qaydaların sığorta qanunvericiliyinin hər hansı müddəasına söykənməsi qeyd edilməmişdir. Həmçinin “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil "xxxx" ASC-də könüllü sığorta olan avtonəqliyyat vasitələrinin kompleks sığortası sığorta növü üzrə sığorta edildiyini nəzərə alsaq, sığorta müqaviləsində sığortaçı və sığortalı arasında olan qarşılıqlı razılaşma ön plana çıxır. Qeyd olunan sığorta müqaviləsində isə sığorta risklərində qeyd edilan hal nəzərdə tutulmamışdır. Məlum sığorta qaydalarının isə sığorta müqaviləsinə əlavə olunmasını məqbul qəbul etmirlər. Çünki həmin sığorta qaydaları sığorta qanunvericiliyi ilə uzlaşmır. Bu abzasda qeyd olunanlar sadəcə iddiaçı tərəfindən qeyd olunan yük normasının pozulmasının qəbul olunması zamanı dərindən diqqətə çatdırıla bilərdi. Burada qeyd olunanları nəzərə çatdırmaqda məqsədi ondan ibarətdir ki, həqiqətən də avtomobil hadisə zamanı qeyd olunun miqdarda yüklü olsaydı belə, yenə də sığorta ödənişinin ödənilməsindən imtinaya səbəb ola bilməzdi. Göründüyü kimi, "xxxx" ASC dəfələrlə yazılı və şifahi müraciətlərə baxmayaraq, hər vasitə ilə sığorta ödənişini ödəməkdən boyun qaçırır.
10. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia ərizəsinə əlavə” barədə ərizə verərək, cavabdeh "xxxx" ASC-dən xx.xx.2021-ci il tarixli M031821-45 (“Ford Carqo” markalı **-JT- *** dövlət qeydiyyat nömrə nişanlı) saylı avtonəqliyyat vasitəsinin kompleks sığorta şəhadətnaməsi üzrə 58500 (əlli səkkiz min beş yüz manat) sığorta ödənişinin gecikdirilməsinə görə 42705 (qırx iki min yeddi yüz beş) manat və ödənilmiş dövlət rüsumuna görə 285 (iki yüz səksən beş) manat olmaqla, ümumilikdə 101490 (bir yüz bir min dörd yüz doxsan) manat pulun iddiaçı “Özgün Yapı Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmirlər. Məhkəmənin hökmündə bütün hallara qiymət verilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd olunub ki, sürücü yüklərin çəkisi ilə bağlı qanunda nəzərdə tutulandan artıq nəqliyyat vasitəsini yükləyib, qanunu, təxmini 55 ton yük daşıyaraq nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuşdur. Eyni zamanda hökmdə X13 da öz ifadəsində qeyd olunan halları bildirmişdir. Nəqliyyat vasitəsi yüklü olduğundan sürücü dönmə əməliyyatını həyata keçirə bilməmişdir. Qarşı tərəf yüklə bağlı tələblərə riayət etməyibdir. Hesab edilir ki, bu hallara hökmlə qiymət verilibdir. Ekspert rəyində də qeyd olunmuşdur ki, müəyyən olunmuş kəmiyyətdən artıq yükləmə olub və müvafiq qanunun maddəsi pozulmuşdur. Həmçinin sığorta qaydalarında da qeyd olunmuşdur ki, tərəf şərtlərə riayət etmədikdə heç bir sığorta ödənişi verilmir və buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
13. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən yol nəqliyyat hadisəsi ilə əlaqədar Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 151/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qəbul edilmiş və sözgedən hökmlə X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin sözgedən hökmdə qeyd edilmişdir ki, təqsirləndirilən şəxs qismində dindirilmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ...qarşıdan əks istiqamətdə gələn avtomobilləri buraxıb Elsevərin idarə etdiyi “Ford kargo” markalı, **-JT-*** qeydiyyat nişanlı yük maşınını ötüb qəzanın qarşısını almaq istəsə də, idarə etdiyi maşın normadan artıq yüklü olduğundan, təxminən 55 ton yük olduğu üçün ötmə əməliyyatı edə bilməmişdir” Bundan başqa, hökmdə qeyd edilmişdir ki, ...məhkəmə araşdırması zamanı tədqiq edilmiş və mötəbərliyi heç bir mübahisə doğurmayan iş üzrə yuxarıda göstərilmiş sübutların məcmusu ilə X5 idarə etdiyi “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobildə “X12" Azərbaycan Respublikası Qanununun 57-cı maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsi üçün müəyyən etdiyi kəmiyyətdən artıq, yəni təxminən 55 ton yük daşıyaraq nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub, “X12" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən öz hərəkəti ilə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda qanunun qeyd edilən tələblərini pozaraq, iki şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Belə ki, “X12” Azərbaycan Respublikası Qanununun 57-cı maddəsinin 1-ci hissəsinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Məhkəmə iş üzrə qeyd edilən digər sübutlarla yanaşı, keçirilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 17 avqust 2022ci il tarixli, 8/1879 nömrəli rəyini mötəbər sübut kimi qiymətləndirərək qeyd edir ki, həmin ekspertiza rəyinə əsasən “Ford Cargo” markalı, **-JT-*** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X2 “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobildə istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsi üçün müəyyən etdiyi kəmiyyətdən artıq, yəni təxminən 55 ton yük daşıdığından onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs X8 “X12” Azərbaycan Respublikası Qanununun 57-cı maddəsinin 1-ci hissəsinə tələblərinə əsasən idarə etdiyi nəqliyyat vasitəsinin növü üçün daşınan yükün istehsalçı müəssisənin müəyyən etdiyi kəmiyyətlərdən artıq yük daşımamalı olduğu halda, X5 idarə etdiyi “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi, həmin avtomobildə icazə verilmiş maksimal kütlənin 32000 kq olmasına baxmayaraq, Tural Cəfərov qanunun həmin tələblərini pozaraq, təxminən 55 ton yük daşımış, bununla da “X12” Azərbaycan Respublikası Qanununun qeyd edilən tələbi ilə yanaşı, həmçinin həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməmiş və qeyd edilən ekspertiza rəylərinə əsasən də hadisənin baş verməsinin səbəbləri qanunun həmin tələblərinə riayət edilməməsi olmuşdur. Göründüyü kimi, hökmlə yol-nəqliyyat hadidəsi baş verən zaman “Ford Cargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü olan X5 “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməməsi və 57-ci maddəsinin 1-ci hissəsininin tələblərini pozması öz təsdiqini tapmışdır. Həmin hökm qanuni qüvvəyə minmişdir. Həmçinin "xxxx" ASC-nin “Avtonəqliyyat vasitələrinin kompleks sığortası qaydalar”ında 21.9-cu bəndində qeyd edilmişdir ki, həddən artıq yükləmə və dartma da daxil olmaqla, avtonəqliyyat vasitəsinin onun texniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə edilməsi nəticəsində ortaya çıxan zərərlərin bu sığorta ilə əvəzi ödənilmir. Göründüyü kimi, cavabdeh tərəfindən sığorta ödənişindən imtina edilməsi “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” Qaydalarına uyğun olaraq əsaslı olmuşdur. Belə ki, baş vermiş hadisə sığorta təminatı verilən risklərin dairəsinə daxil deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin sığorta ödənişinin ödənilməsindən imtinası əsaslı olmuşdur və iddia tələbi göstərilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Həmçinin iddia ərizəsində qeyd olunanlarla bağlı diqqətə çatdırılır ki, MPM-in 82.4cü maddəsinin tələblərinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddia tələbinin digər hissəsini cavabdeh "xxxx" ASC-dən xx.xx.2021-ci il tarixli M031821-45 (“Ford Carqo” markalı **-JT-*** dövlət qeydiyyat nömrə nişanlı) saylı avtonəqliyyat vasitəsinin kompleks sığorta şəhadətnaməsi üzrə 58500 (əlli səkkiz min beş yüz) manat sığorta ödənişinin gecikdirilməsinə görə 42705 (qırx iki min yeddi yüz beş) manat pulun tutulması təşkil edir. Məhkəmə iddia tələbinin göstərilən hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi cavabdehdən 58500 manat sığorta ödənişinin tutulması hissəsində əsassız hesab edilərək təmin edilməyindən, iddia tələbi göstərilən hissədə də təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir
15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 922.1, 922.2, 926.1, 934.1, 934.2, 935.1.8-ci maddələrinə, “X12” Azərbaycan Respublikası Qanununun 570.1-ci maddəsinə istinad etmişdir.
16. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara, o cümlədən təqdim edilmiş rəylərə düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
17. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
18. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
19. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
21. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
22. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
23. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
24. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
25. Madə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
26. Maddə 935.1.8. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
31. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-4772/2025 nömrəli komersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
39. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
40. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
41. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi "xxxx" ASC “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtonəqliyyat vasitələrinin kompleks sığortası sığorta növü üzrə onun tərəfindən sığortalanmış olduğunu və 04 may 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verərək həmin avtomobilə ziyan dəydiyini mübahisələndirmir; mübahisəli olan, hadisə nəticəsində sığorta ödənişinin verilməsindən imtina üçün əsas olub-olmadığıdır. Belə ki, cavabdeh şirkət “avtonəqliyyat vasitələrinin kompleks sığortası” qaydalarının tələblərini pozaraq həddən artıq yüklənmə və dartmada daxil olmaqla avtonəqliyyat vasitəsinin onun texniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə edilməsi nəticəsində zərərin yarandığını irəli sürməklə sığorta ödənişini ödəməkdən imtina etmişdir.
42. Bu baxımdan kollegiya, sığorta hadisəsi və sığorta ödənişinin verilməsindən imtina əsasları üzrə təhlil aparılmasını zəruri hesab edir.
43. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində irəli sürdüyü, sığorta ödənişin edilməsindən imtina üçün qanuni əsasın olmaması və avtomobilin texniki parametrlerinə uyğun istifadə edilməsi arqumenti işin halları ilə öz təsdiqini tapmır.
44. Belə ki, xx.xx.2021-ci il tarixli M0318/21_45 (“Ford Cargo” markalı **-JT-***) saylı avtonəqliyyat vasitələrinin kompleks sığorta şəhadətnaməsindən görünür ki, sığortalı (“Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı filialı) sığorta şəhadətnaməsi və “Avtonəqliyyat vasitlərinin kompleks sığortası üzrə sığorta qaydaları” ilə tanış olduğunu və orada yazılan şərtlərlə razılaşdığını, Sığortaçının nümayəndəsi tərəfindən sığorta şəhadətnaməsinin və bu Qaydaların bir nüsxəsini və yaddaş vərəqinin ona təqdim olunduğunu öz imzası ilə təsdiq etmişdir.
45. Həmçinin "xxxx" ASC-nin “Avtonəqliyyat vasitələrinin kompleks sığortası qaydalar”ının 6.1.15-ci bəndində qeyd edilmişdir ki, həddən artıq yükləmə və dartma da daxil olmaqla, avtonəqliyyat vasitəsinin onun texniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə edilməsi nəticəsində ortaya çıxan zərərlərin bu sığorta ilə əvəzi ödənilmir.
46. Göründüyü kimi tərəflər artıq yüklənmə və dartma da daxil olmaqla avtonəqliyyat vasitəsinin onun texniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə edilməsi nəticəsində ortaya çıxan zərərlərin bu sığorta ilə əvəzi ödənilməməsini razılaşdırmışlar.
47. Qeyd edilən yol nəqliyyat hadisəsi ilə əlaqədar Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-151/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qəbul edilmiş və sözgedən hökmlə X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin sözgedən hökmdə qeyd edilmişdir ki, təqsirləndirilən şəxs qismində dindirilmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ...qarşıdan əks istiqamətdə gələn avtomobilləri buraxıb Elsevərin idarə etdiyi “Ford kargo” markalı, **-JT-*** qeydiyyat nişanlı yük maşınını ötüb qəzanın qarşısını almaq istəsə də, idarə etdiyi maşın normadan artıq yüklü olduğundan, təxminən 55 ton yük olduğu üçün ötmə əməliyyatı edə bilməmişdir”.
48. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-151/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır və həmin hökmdə də birbaşa göstərilmişdir ki, X5 idarə etdiyi “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobildə “X12" Azərbaycan Respublikası Qanununun 57-cı maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsi üçün müəyyən etdiyi kəmiyyətdən artıq, yəni təxminən 55 ton yük daşıyaraq nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub.
49. Kollegiya qeyd edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 151/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü hazırkı iş üzrə preyudisial xarakter daşıyır. Qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsi üçün müəyyən etdiyi kəmiyyətdən artıq, yəni təxminən 55 ton yük daşıdığı öz əksini tapmış və həmin hissədə tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin mənasına görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
50. Apellyatorun qeyd etdiklərinin əksinə olaraq Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş, keçirilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 17 avqust 2022-ci il tarixli, 8/1879 nömrəli rəyinə əsasən “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməməsi, istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsi üçün müəyyən etdiyi kəmiyyətdən artıq, yəni təxminən 55 ton yük daşıdığı müəyyən edilmişdir.
51. Belə olan halda, cavabdeh tərəfindən sığorta ödənişindən imtina edilməsi “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” Qaydalarına uyğun olaraq əsaslı olmuşdur. Belə ki, baş vermiş hadisə sığorta təminatı verilən risklərin dairəsinə daxil deyildir.
52. Birinci instansiya məhkəməsi iddia tələbi cavabdehdən 58500 manat sığorta ödənişinin tutulması hissəsində əsassız hesab edilərək təmin edilməyindən, “sığorta ödənişinin gecikdirilməsinə görə 42705 manat pulun tutulması” və “dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması” hissələrində də iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
53. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
54. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4772/2025 nömrəli komersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.