Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-48/2026 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, işgüzar adətlər, öhdəliyin icra olunmaması, sübutetmə vəzifəsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı QSC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2021-ci il tarixdə 10/21 saylı alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya mal satmağı, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifıkasiya(lar)da göstərilən tərkibdə, həcmdə, miqdarda və çeşiddə olan malları (mal) satıcıdan alıb malın müqabilində satıcıya müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə üzrə malın qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da və ya elektron qaimə ilə müəyyən edilir.
3. Müqavilənin 2.2-ci bəndinə əsasən, qiymətin ödənişin forması və qaydası müqaviləyə spesifikasiya(lar)da və ya elektron qaimə ilə müəyyən edilir.
4. Müqavilənin 4.1-ci bəndinə əsasən, malın sifariş edilməsi tərəflərin qarşılıqlı razılaşmasına əsasən alıcı tərəfindən yazılı və/və ya şifahi qaydada həyata keçirilir. Mallar sifariş edildikdən sonra onların çatdırılma müddəti spesifikasiyalarda göstərilir.
5. Müqavilənin 4.3-cü bəndinə əsasən, malların təhvil verilməsinin şərtləri, müddətləri və qaydası spesifikasiyalarda göstərilir; 4.5-ci bəndinə görə isə, mal təhvil verilərkən tərəflər təhviltəslim aktı imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar.
6. 17.12.2021-ci il tarixli ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən EBBG seriyalı, 427167 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 1372,68 manat ƏDV, EBBF seriyalı, 807352 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 271,32 manat, 1000 manat və 1300 manat, EBBH seriyalı, 007871 nömrəli xx.xx.2021-ci il tarixli e-qaimə, EBBG seriyalı, 864814 nömrəli, xx.xx.2021-ci il tarixli e-qaimə, EBBH seriyalı, 007929 nömrəli xx.xx.2021ci il tarixli elektron qaimələrə əsasən 1726,16 manat ƏDV məbləği İddiaçı QSC-nin hesabına köçürülmüşdür.
7. EBBH seriyalı, 007929 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 4938,3 manat dəyərində, EBBH seriyalı, 007871 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 4938,3 manat dəyərində, EBBG seriyalı, 427167 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 8998,68 manat dəyərində, EBBG seriyalı, 864814 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 7319,66 manat dəyərində, EBBF seriyalı, 807352 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 10 974 manat məbləğində malların dəyəri İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
8. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda 31 499,1 manat borcun 5 iş gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. "xxxx" QSC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 31 499,1 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 40/21 saylı “Malların alğı-satqı müqaviləsi”nə əsasən, cavabdehə razılaşdırılmış qaydada və həcmdə müxtəlif növ spesifikasiyalara məxsus məhsullar (Polietilen və qofranlanmış borular) satılmış, cavabdeh xx.xx.2021 tarixli EBBF 807352 saylı (Boru Qofranlanmış 100 SN4, 6000 metr) elektron qaimə üzrə 9300 manat əsas ödənişdən, 1674 manat ƏDV (Vergi tutulan əməliyyatlardan) məbləğindən ümumi 10 974 manat, xx.xx.2021 tarixli EBBG 864814 saylı elektron qaimə (Boru Qofranlanmış 100 SN4, 4002 metr) üzrə 6203,10 manat əsas ödənişdən, 1116,56 manat ƏDV (Vergi tutulan əməliyyatlardan) məbləğindən ümumi 7319,66 manat, xx.xx.2021 tarixli EBBG 427167 saylı elektron qaimə (Boru Qofranlanmış 100 SN4, 4920 metr) üzrə 7626 manat əsas ödənişdən, 1372,68 manat ƏDV (Vergi tutulan əməliyyatlardan) məbləğindən ümumi 8998,68 manat, xx.xx.2021 tarixli EBBH 007929 saylı elektron qaimə (Boru Qofranlanmış 100 SN4, 2700 metr) üzrə 4185 manat əsas ödənişdən, 753,3 manat ƏDV (Vergi tutulan əməliyyatlardan) məbləğindən ümumi 4938,3 manat, xx.xx.2021 tarixli EBBH 007871 saylı elektron qaimə (Boru Qofranlanmış 100 SN 4, 2700 metr) üzrə 4185 manat əsas ödənişdən, 753,3 manat ƏDV (Vergi tutulan əməliyyatlardan) məbləğindən ümumi 4938,3 manat elektron qaimələr əsasında ümumi əsas məbləğ 31 499,1 manat, ƏDV (Vergi tutulan əməliyyatlardan) ümumi 5669,84 manat, ümumi 37 168,94 manat məbləğində məhsulları dəyərini iddiaçıya ödəmək şərti ilə birbaşa iddiaçının istehsal sahəsindən götürmüşdür. Cavabdeh borclarının az bir ƏDV (Vergi tutulan əməliyyatlardan) ümumi 5669,84 manat hissəsini qaytarsa da əsas məbləğin tam 31 499,1 manat hissəsini bu günə kimi qaytarmamışdır. Bütün edilmiş hüquqi səylərə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir və 31 499,1 manat məbləğində borc cavabdeh tərəfindən hələ də ödənilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq dəfələrlə görüşüb danışıq yolu ilə məsələnin həlli təklif olunsa da bundan imtina edilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq, pretenziya məktubu göndərilsədə cavabdeh tərəf bu məsələyə müsbət yanaşmayaraq müraciətləri cavabsız qoymuşdur.
11. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz verilmiş, etirazda aşağıdakılar göstərilmişdir: “İddiaçı tərəfindən müqavilə və qaimələr təqdim edilsə də, maların təhvil-təslim aktı təqdim edilməyib. İddiaçı belə bir malları heç vaxt görməyib və təhvil almayıb. Xüsusilə vurğulamaq lazımdır ki, təqdim edilmiş qaimələr də vaxtın keçməsi səbəbindən sistem tərəfindən avtomatik olaraq qəbul edilmişdir. İddia tələbi heç bir mötəbər sənədlə təsdiqini tapmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş müqavilənin 4.1-ci maddəsinə əsasən, mallar sifariş edildikdən sonra onların çatdırılma müddəti spesifikasiyalarda göstərilməlidir. Həmin müqavilənin 4.3-cü maddəsinə görə isə, malların təhvil verilməsinin şərtləri, müddətləri və qaydası da spesifikasiyalarda əks olunmalıdır. Lakin bildiririk ki, iddiaçı tərəfindən müqaviləyə dair hər hansı əlavə sənəd təqdim edilməmişdir. Nəticə etibarilə, müqavilədən konkret olaraq hansı maların satışının nəzərdə tutulduğu aydın olmur. Eyni zamanda bildiririk ki, müqavilənin bağlanma tarixi xx.xx.2021 göstərilmişdir. Müqavilənin qüvvədə olma müddəti isə 1 il, uzanma şərtilə isə əlavə 1 il də hesablanır. Bu baxımdan, müqavilənin son qüvvədə olma tarixi xx.xx.2023 təsadüf edir. Bu müddət ərzində iddiaçı tərəfindən heç bir mal təqdim edilməmişdir. MPM-in müvafiq maddəsinə əsasən sübutetmə vəzifəsi birbaşa iddiaçının üzərinə düşdüyündən, malların cavabdehə təqdim olunması barədə mötəbər sübutlar təqdim edilməlidir”.
12. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddianın əsassız olduğunu bildirmişdir.
13. Birinci instansiya məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, 31 498 (otuz bir min dörd yüz doxsan səkkiz) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 185 (yüz səksən beş) manat hissəsinin tutularaq "xxxx" QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
14. Məhkəmə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların qalıq dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (ödəniş tapşırıqları, elektron qaimlər) öz təsdiqini tapmışdır.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müxtəlif tarixlərdə elektron qaimələri verdikdən sonra cavabdeh tərəfindən həmin qaimələr üzrə ƏDV ödənişləri olunmuşdur. Bu isə tərəflər arasında yaranmış işgüzar adətin və praktikanın bu cür formalaşdığını, yəni müqavilə üzrə malların çeşidinin, həcminin, dəyərinin və təhvil verilməsinin elektron qaimələr əsasında tənzimləndiyini təsdiq edir. Həmçinin tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli 10/21 saylı müqaviləyə əsasən, ödənişin forması və qaydası müqaviləyə spesifikasiya(lar) və ya elektron qaimə ilə müəyyən edilir. Hazırda isə müqavilə üzrə spesifikasiya olmadığından elektron qaimə əsas götürülməlidir.
16. Məhkəmə vurğulamışdır ki, cavabdehin nümayəndəsi malların verilmədiyini, elektron qaimələrin cavabdehin direktoru həbsdə olduğu üçün sistem tərəfindən avtomatik təsdiqləndiyini bildirsə də, cavabdehin direktorunun həbsdə olması barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Bundan başqa direktorun 2023-cü ildə həbsdə olduğu bildirilmiş, elektron qaimələr isə 2021-ci ildə göndərilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, mallar təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Lakin cavabdeh göndərilən elektron qaimələr üzrə ƏDV hesabına ödənişlər etmişdir. Bu bir daha təsdiq edir ki, iddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmişdir, ona görə ki, mübahisə yaranan dövr və ondan sonrakı müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır.
18. Məhkəmə hesab etmişdir ki, malların ümumi dəyərindən, yəni 37 168,94 manatdan cavabdeh tərəfindən e-qaimələr üzrə ödənilmiş 5670,16 manat məbləği çıxdıqda geridə qalan məbləğ 31 498,78 manat təşkil edir, ancaq iddiaçı 31 499,1 manat tələb etmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 31 498,78 manat tutularaq iddiaçıya ödənilməlidir.
19. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, dövlət rüsumunun əvəzi qismində 185 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
20. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 567-ci, 600.1-ci, 600.4-cü, 627.1-ci, 630.1-ci, 631.1-ci, 637.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarına istinad etmişdir.
21. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, iş üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmayaraq qanunsuz nəticəyə gəldiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
23. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflərin nümayəndələri məhkəməyə gəlməmiş, məhkəmə iclasının təxirə salınması xahişini etiva edən ərizələrini məhkəməyə ünvanlamışlar.
24. İşin halları və şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
26. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
27. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
32. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
34. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
36. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
37. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
38. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
39. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
40. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
47. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
48. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.
49. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
50. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
51. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Apellyasiya baxışının həddi
52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
54. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
Məhkəmə kollegiyasının mövqeyi
55. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
56. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı il bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.
57. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.
58. İddiaçı, satdığı malları cavabdehə təhvil verdiyini, təqdim olunan qaimələrin bu halı təsdiq etdiyini bildirmişdir (§ 10).
59. Cavabdeh buna etiraz edərək bildirir ki, qaimələr təqdim edilsə də, maların təhvil-təslim aktı təqdim olunmayıb – hansı ki, müqavilənin 4.3-cü bəndinə görə, malların təhvil verilməsinin şərtləri, müddətləri və qaydası spesifikasiyalarda əks olunmalıdır.
60. Bu kontekstdə kollegiya, tərəflər arasında bağlanmış müqavilənin və onun formalaşdırdığı işgüzar münasibətərin rolunu izah etməyi zəruri hesab edir.
61. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar).
62. Göründüyü kimi Konstitusiya Məhkəməsinin mövqeyinə görə, tərəflərin münasibətlərinə qiymət verərkən, o cümlədən malların verilməsi məsələsini araşdırarkən məhkəmələr, müqavilənin şərtinə və işgüzar adətlərə ayrı-ayrılıqda deyil, birgə qiymət verməlidirlər.
63. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir (Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarı).
64. Müqavilə iştirakçıları arasında işgüzar adətlər isə (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.
65. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır (§ 31, 32).
66. Ali Məhkəmənin bir sıra qərarlarında sərgilənən mövqeyə görə də, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıb-daşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilib-edilməməsinə4 qiymət verilməsi zəruridir.
67. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.
68. Hazırkı mübahisənin tərəfləri müqavilədə malların təhvil verilməsi ilə bağlı konkret prosedur müəyyən etmişlər; belə ki, mal təhvil verilərkən tərəflər təhvil-təslim aktı imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar (§ 5).
69. Bununla bağlı kollegiya qeyd edir ki, tərəflər arasında azad şəkildə razılaşdırılmış müqavilənin və onun şərtlərinin icrası həmçinin “tərəflərin muxtariyyəti” prinsipi baxımından da önəmlidir. Belə ki, mülki qanunvericilikdə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır.
70. Belə olan halda tərəflər arasında təşəkkül tapan işgüzar adət həmin şərtə tamamlayıcı ünsürdür və tərəflərin həqiqi niyyətinin göstəricisidir.
71. İddiaçı tərəfindən iddianın faktiki əsası kimi təqdim edilən elektron qaimələr üzrə təhviltəslim aktlarının tərtib olunduğu müəyyən edilməsə də, işin materiallarından görünür ki, cavabdeh həmin qaimələr üzrə ƏDV ödənişlərini həyata keçirmişdir.
72. Başqa sözlə, birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, cavabdehin iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina etməməsi və ya ən azından ötən müddət ərzində öz etirazını bildirməməsi, əksinə, məhz göndərilən elektron qaimələr üzrə ƏDV hesabına ödənişlər etməsi təsdiq edir ki, iddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmiş, bununla da mübahisə yaranan dövr və ondan sonrakı müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır.
73. Cavabdehin ona göndərilən elektron qaimələr üzrə ƏDV ödənişlərini həyata keçirməsi onun elektron sisteminə aktiv nəzarət etdiyi, tərəflər arasında işgüzar münasibətin məhz elektron qaimə əsasında formalaşdığı, elektron qaimələrin təhvil-qəbul aktı kimi çıxış etdiyinin göstəricisidir. Eyni zamanda elektron qaimələrə nəzər saldıqda da təqdim edilən mallar barədə təfərrüatı ilə məlumatın qeyd olunduğu, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə istinad edildiyi görünür. Elektron qaimələri qəbul edən cavabdehin iddiaçıya hər hansı etiraz bildirməməsi isə adıçəkilən elektron qaimələri təsdiq edən cavabdehin onlara təhvil-qəbul aktı kimi yanaşdığını deməyə əsas verir.
74. Cavabdeh tərəfindən həyata keçirilən ƏDV ödənişlərində məhz iddiaçının ona göndərdiyi elektron qaimələrə istinadən edilməsi də onun elektron qaimələrə təhvil-qəbul aktı kimi yanaşmasına dair gəlinən nəticəni bir daha təsdiqləyir.
75. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
76. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
1 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 QƏT ETDİ:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3607/2025 saylı iş üzrə 15 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov