Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-68/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin icra olunmaması, alınmış əşyanın dəyərinin ödənilməməsi, çəkişmə və dispozitivlik prinsipləri, sübutetmənin predmeti, elektron qaimə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli qətnaməsindən idiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixdə 04/24 saylı müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilənin predmeti satıcının alıcını mallarla/avadanlıqlarla təmin etməsindən ibarətdir, satıcı alıcının fəaliyyətini aşağıdakı meyarlar üzrə dəyərləndirir: a) Ödəniş şərtlərinə riayət etmək; b) Sifarişlərin vaxtında verilməsi; c) Malın vaxtında boşaldılması və s.
2. Müqavilənin 2.1-ci bəndinə görə, satıcı malları və ya avadanlıqları 3 (üç) iş günü ərzində alıcının ünvanına çatdırmalı; malları və ya avadanlıqları tam və saz, yəni yararlı halda çatdırmalıdır .
3. Müqavilənin 2.2-ci bəndinə görə, mallar və ya avadanlıqlar təyinat məntəqəsinə çatdırıldıqda alcı malların tamlığını yoxlamalı, elektron qaimədə göstərilən malları qəbul etməli və müəyyən olunan müddətdə dəyərini ödəməlidir.
4. Müqavilənin 4.1-ci bəndinə görə, malların dəyəri e-qaiməyə müvafiq surətdə müəyyən olunur; 5.1-ci bəndinə əsasən malların çatdırılması 3 (üç) iş günü ərzində həyata keçiriləcəkdir; 5.2-ci bəndinə əsasən, alıcının səlahiyyətli nümayəndəsi məhsulu qəbul etdikdən sonra malların tam siyahısının əks olunduğu qaimələri imzalamalıdır.
5. Satıcı tərəfindən alıcıya xx.xx.2024-cü il tarixdə MT2409 seriyalı, 10787812 nömrəli elektron qaimə-faktura göndərilmiş, qaimə-fakturada ümumi dəyəri (ƏDV ilə birlikdə) 2775,36 manat olan 10 adda, cəmi 70 ədəd avtomobil ehtiyyat hissəsinin satıldığı əks olunmuş, qaiməfaktura xx.xx.2024-cü il tarixdə təsdiqlənmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən əsas borc üzrə 2352 manat, ƏDV üzrə 423,36 manat olmaqla ümumilikdə 2775,36 manatın və 48 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, 2024-cü ilin fevral ayının 12-də tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq satıcının öhdəliyi alıcını mallarla/avadanlıqlarla təmin etməkdən ibarət olmuşdur. İddiaçı tərəfindən xx.xx.2024 tarixli MT2409 seriyalı, 10787812 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-fakturaya əsasən əsas borc üzrə 2352 manat, ƏDV üzrə isə 423.36 manat, olmaqla ümumilikdə 2775,36 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımınca icra etmək öhdəliyini pozmuş, ödəməli olduğu məbləği ödəməmişdir. Hazırda cavabdehin müqavilə öhdəlikləri üzrə əsas borc üzrə 2352 manat, ƏDV üzrə isə 423,36 manat olmaqla ümumilikdə 2775,36 manat məbləğində borcu vardır.
8. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir.
9. Birinci instansiya məhkəməsinin 12 noyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 04/24 saylı müqavilənin 2.1 və 5.2-ci bəndlərinə əsasən, satıcı malları və ya avadanlıqları 3 iş günü ərzində alıcınin ünvanına çatdırmalı, alıcının səlahiyyətli nümayəndəsi məhsulu qəbul etdikdən sonra tərəflər malların tam siyahısının əks olunduğu qaimələri imzalamalıdır. Müqavilənin qeyd edilən bəndlərindən də göründüyü kimi, iddiaçının öhdəliyinin icrası anı fiziki olaraq malları alıcının ünvanına təhvil verməklə, cavabdehin öhdəliyinin icrası anı isə alqı-satqı predmeti olan malları təhvil aldıqdan sonra 3 ay ərzində onun dəyərini ödəməli olması ilə şərtləndirilmişdir.
11. Məhkəmə vurğulamışdır ki, tərəflər malların tam siyahısının əks olunduğu qaimələrin hər iki tərəfdən imzalanması ilə malların cavabdehə təhvil verilməsi barədə razılıq əldə etmişlər (müqavilənin 5.2-ci bəndi), lakin işin faktiki hallarından görünür ki, malların cavabdehə təhvil verilməsini təsdiq edəcək hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə MT2409 seriyalı 10787812 nömrəli elektron qaimə-faktura göndərilmiş, qaimə-fakturada cəmi ödənilməli məbləğ (ƏDV ilə birlikdə) 2775,36 manat olan 10 adda, cəmi 70 ədəd avtomobil ehtiyyat hissəsinin satılması əks olunmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndindən də göründüyü kimi, elektron qaimə faktura malların çatdırılmasını deyil, onun dəyərinin müəyyən edilməsi kimi müəyyən edilmişdir. Elektron-qaimə malların cavabdehə təhvil verilməsini təsdiq edəcək sənəd qismində qiymətləndirilə bilinmədiyindən, iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü malların cavabdehə təhvil verilməsinə dair öhdəliyini lazımınca icra etməmişdir
13. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 6.2-ci, 385.1-ci, 386.1-ci, 389.1-ci, 425-ci, 567-ci, 597.1-ci, 598.1-ci, 601.1-ci maddələrinə istinad etmişdir.
14. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini irəli sürməklə, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır. “Məhkəmə isə 385.1-ci maddənin tələblərinə baxmayaraq, öhdəliyin mövcudluğunu formal şəkildə yalnız malların təhvil-təslim aktı ilə əlaqələndirmiş, tərəflər arasında yaranmış öhdəlik münasibətinin özünü faktiki olaraq nəzərə almamışdır. Halbuki öhdəliyin yaranması və mövcudluğu üçün tərəflər arasında müqavilə münasibətinin mövcud olması kifayətdir və bu hal məhkəmə tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş və cavabdeh tərəfindən qəbul edilmiş elektron qaimə-faktura borclu tərəfin öhdəliyinin həcmini və məzmununu müəyyən edən sənəd kimi çıxış edir. Cavabdeh bu öhdəliyin mövcudluğunu nə təkzib etmiş, nə də ona dair hər hansı etiraz irəli sürmüşdür. B elə olan halda, kreditorun borcludan öhdəliyin icrasını tələb etmək hüququnun mövcudluğu Mülki Məcəllənin 385.1-ci maddəsinə tam uyğun gəlir. Məhkəmə isə qeyd olunan maddənin hüquqi mahiyyətini dar və formal yanaşma ilə şərh edərək, kreditorun öhdəliyin icrasını tələb etmək hüququnu əsassız olaraq məhdudlaşdırmış, bununla da maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə yol vermişdir. 425-ci maddəyə uyğun olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarından görünür ki, iddiaçı üzərinə düşən öhdəlikləri vicdanlılıq prinsipinə uyğun olaraq icra etmiş, malların dəyərini müəyyən edən elektron qaimə-fakturanı qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edərək cavabdehə göndərmiş və həmin qaimə cavabdeh tərəfindən təsdiqlənmişdir. Bu hal kommersiya dövriyyəsində öhdəliyin icrasının qəbul edildiyini göstərən davranış kimi qiymətləndirilməlidir. Cavabdeh isə, öz növbəsində, vicdanlılıq prinsipinə zidd olaraq, təqdim edilmiş malların mövcudluğunu təkzib etməmiş, onlara dair hər hansı irad bildirməmiş, eyni zamanda müqavilə ilə üzərinə götürdüyü ödəniş öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin bu cür passiv və susqun davranışı 425.1-ci maddədə təsbit olunmuş vicdanlılıq və işgüzar davranış tələbləri ilə uzlaşmır. Məhkəmə isə tərəflərin davranışını vicdanlılıq prizmasından qiymətləndirməmiş, cavabdehin öhdəliyin icrasından yayınmasını hüquqi nəticə doğuran hal kimi nəzərə almamışdır. Halbuki kommersiya münasibətlərində vicdanlılıq prinsipi təkcə müqavilə mətninin formal şərhi ilə məhdudlaşmır, tərəflərin faktiki davranışı, öhdəliyin icrası ilə bağlı formalaşmış işgüzar münasibətlər və adətlər də nəzərə alınmalıdır. Bütün bunlarla yanaşı Ali Məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 2-2(102)-502/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 2-2(102)-540/2025 nömrəli qərar əsasında yaranmış təcrübəni də məhkəmənin diqqətinə çatdırıram. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarında açıq şəkildə qeyd edilmişdir ki, malların təhvil verilməsinin sübutu yalnız birbaşa sübutlarla, o cümlədən təhvil-təslim aktı ilə məhdudlaşmır. Məhkəmə təcrübəsinə görə, elektron qaimə-fakturalar, tərəflər arasında bağlanmış müqavilə, formalaşmış işgüzar münasibətlər, tərəflərin sonrakı davranışları və digər dolayı sübutlar məcmu şəkildə qiymətləndirilməli və bu sübutlar sistem halında faktın mövcudluğu barədə birmənalı nəticə çıxarmağa imkan verirsə, öhdəliyin icra edildiyi qənaətinə gəlinə bilər. Buna baxmayaraq 15 iyul 2024-cü il tarixli ******* nömrəli qaimə fakturanın mövcudluğunu da diqqətinizə çatdırıram. Həmin qərarda Ali Məhkəmə xüsusilə vurğulamışdır ki, hüquqi şəxslər mütəşəkkil kommersiya subyekti olduqlarından, onların möhürü və rekvizitləri ilə tərtib edilmiş sənədlər etibarlılıq prezumpsiyasına malikdir və bu cür sənədləri mübahisələndirən tərəf onların etibarsızlığını sübut etməlidir. Əks halda, yalnız təhvil-təslim aktının olmaması faktına əsaslanaraq öhdəliyin icra edilmədiyini iddia etmək yolverilməzdir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarında da ifadə edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, qanunvericilikdə və tərəflər arasında bağlanmış müqavilədə təhvil-təslim aktının mütləq imzalanmasına dair məcburi tələb nəzərdə tutulmadıqda, malların verilməsi faktı elektron qaimə- fakturalar, əvvəlki əməliyyatlar üzrə formalaşmış işgüzar adətlər və tərəflərin qarşılıqlı davranışı əsasında da təsdiq oluna bilər. Bu halda məhkəmə formal yanaşmadan imtina etməli, real kommersiya münasibətlərini və sübutların məcmusunu qiymətləndirməlidir. Azərbaycn Respublikası Ali Məhkəməsinin qərarında xüsusilə vurğulanmışdır ki, mülki prosesdə sübutetmə predmeti işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti ilə müəyyən olunur və yalnız mübahisələndirilən hallar sübutetmə predmetinə daxil edilə bilər. Tərəflərdən biri qarşı tərəfin bildirdiyi faktlara etiraz etmədikdə, həmin hallar mübahisəsiz hallar hesab olunur və bu hallar sübutetmədən azaddır. Kassasiya instansiyası bu mövqeyi ilə məhkəmələrin formal yanaşma ilə sübutetmə predmetini genişləndirməsinin yolverilməz olduğunu açıq şəkildə bəyan etmişdir. Hazırkı işdə cavabdeh “Autodoc.az" MMC iddia ərizəsində göstərilən faktları, o cümlədən elektron qaimə-faktura üzrə malların təqdim edilməsi və borcun yaranması hallarını mübahisələndirməmiş, iddiaya qarşı əsaslandırılmış etiraz təqdim etməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi malların cavabdehə təhvil verilməsi faktını sübutetmə predmetinə daxil etmiş və bu halın sübuta yetirilməməsini iddianın rədd edilməsi üçün əsas kimi qəbul etmişdir. Bu yanaşma Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyi ilə tam ziddiyyət təşkil edir. Ali Məhkəmə açıq şəkildə göstərmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilməyən hallar üzrə sübut tələb olunması çəkişmə və dispozitivlik prinsiplərinə uyğun deyildir. Məhkəmələr tərəfin passiv davranışını nəzərə almalı, qarşı tərəfin irəli sürdüyü və mübahisələndirilməyən faktları sübutetmə predmetinə daxil etməməlidirlər. Hazırkı işdə isə cavabdehin susması və etiraz etməməsi nəzərə alınmadan, sübutetmə yükü əsassız olaraq iddiaçının üzərinə qoyulmuşdur. Bununla yanaşı, Ali Məhkəmə qeyd etmişdir ki, elektron qaimə-fakturalar təkbaşına malların təqdim edilməsini avtomatik sübut etməsə də, cavabdehin həmin qaimələrə etiraz etməməsi, onları mübahisələndirməməsi və borcu inkar etməməsi bu halların mübahisəsiz hesab olunması üçün hüquqi əsas yaradır. Hazırkı işdə də cavabdeh elektron qaimə-fakturaların qanuniliyinə və ya malların təqdim olunmamasına dair hər hansı hüquqi və faktiki etiraz irəli sürməmişdir. Hazırkı işdə isə birinci instansiya məhkəməsi göstərilən hüquqi mövqeləri nəzərə almamış, sübutları məcmu şəkildə deyil, seçici və formal qaydada qiymətləndirmiş, yalnız təhvil-təslim aktının olmamasını əsas götürərək iddiaçının hüquqlarını əsassız olaraq məhdudlaşdırmışdır. Bu isə həm maddi hüquq normalarının, həm də sübutların qiymətləndirilməsi ilə bağlı prosessual tələblərin pozulmasına gətirib çıxarmışdır. Bundan əlavə, məhkəmə Mülki Məcəllənin 567-ci maddəsinin mahiyyətini düzgün tətbiq etməmişdir. Həmin maddəyə əsasən alqı-satqı müqaviləsi tərəflər razılığa gəldiyi andan bağlanmış hesab olunur və öhdəliklər bu andan yaranır. Kommersiya münasibətlərində malların faktiki dövriyyəsi, elektron sənəd dövriyyəsi və tərəflərin davranışı əsas meyar kimi çıxış edir. B irinci instansiya məhkəməsi isə münasibətləri yalnız ikitərəfli imzalanmış fiziki qaimənin mövcudluğu ilə şərtləndirərək, mülki dövriyyənin sabitliyi və vicdanlılıq prinsiplərini nəzərə almamışdır. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin gəldiyi qənaət işin faktiki hallarına və toplanmış sübutlara uyğun deyildir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin icra edildiyi, cavabdehin isə malların dəyərini ödəməkdən yayınaraq müqavilə öhdəliyini pozduğu iş materialları ilə təsdiq olunur”.
Apellyasiya şikayətinə qarşı etiraz
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
16. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
18. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
19. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
24. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
29. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
30. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
31. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
32. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
33. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
34. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.
35. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
36. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
37. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
45. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Apellyasiya baxışının həddi
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
48. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyi düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır.
49. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı ilə bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyini bildirdiyi malların dəyərinin ödənilməsini istəyir.
50. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.
51. İddiaçı, satdığı malları cavabdehə təhvil verdiyini, təqdim olunan qaimənin bu halı təsdiq etdiyini irəli sürmüş, cavabdeh isə nə iddiaçının göndərdiyi pretenziyaya cavab vermiş, nə iddia tələbinə etiraz etmişdir.
52. Mülki prosesdə sübutetmə predmeti - işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti, habelə mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normalarının məzmunu ilə müəyyən olunur.
53. İşin mübahisəsiz halları dedikdə, MPM-in 82-ci maddəsində göstərilən hallar, tərəflərin etiraf etdiyi faktlar və mübahisələndirmədiyi hallar başa düşülür. Formalaşmış məhkəmə təcrübəsinə görə mübahisə tərəfi əks tərəfin bildirdiyi hər hansı hala və ya hallara münasibət bildirmədikdə həmin hallar işin mübahisəsiz hallarına aid edilir.
54. İşin mübahisəli halları dedikdə isə bir tərəfin bildirdiyi hallara əks tərəfin etiraz etməsi, yəni onların həqiqətə uyğun olmaması, təhrif edilməsi və s. əsaslarla həqiqiliyinin şübhə altına alınması başa düşülür.
55. İşin mübahisəsiz halları sübutetmədən azad olduğuna görə həmin hallar sübutetmə predmetinə daxil edilmir. Bununla yanaşı, MPM-in 81-ci maddəsində göstərilən hallar işin mübahisəsiz hallarına aid edilə bilməz və yalnız müəyyən sübutetmə vasitələri ilə təsdiq edilə bilər.
56. Beləliklə, sübutetmə predmetinə yalnız işin mübahisələndirilən halları, habelə MPM-in 81-ci maddəsinin təsiri altına düşən hallar aid edilir.
57. Hazırkı işdən görünür ki, cavabdeh iddia ərizəsində qeyd edilən heç bir faktı mübahisələndirməmiş və iddiaya qarşı etiraz verməmiş, beləliklə də tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi halının sübutetmə predmetinə daxil edilməsinin prosessual əsasları mövcud olmamışdır.
58. İş materiallarını araşdırdıqda aydın olur ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə MT2409 seriyalı,10787812 nömrəli elektron qaimə-faktura göndərilmiş, elektron qaimə xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi Ramilə Babayeva tərəfindən təsdiqlənmişdir.
59. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və tərəflər arasında tərtib olunmuş 15 iyul 2024-cü il tarixli sənəddə də 9 (doqquz) adda məhsulun iddiaçı tərəfindən təqdim olunduğu və cavabdeh tərəfindən təhvil alındığı hər iki tərəfin nümayəndəsinin əl imzası ilə təsdiq edilmişdir.
60. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arsında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədə ümumiyyətlə təhvil-təslim aktlarının tərtib olunması ilə bağlı şərt, hər hansısa tələb nəzərdə tutulmamışdır. Bu isə tərəflər arasında yaranmış işgüzar adətin və praktikanın bu cür formalaşdığını, yəni müqavilə üzrə malların çeşidinin, həcminin, dəyərinin və təhvil verilməsinin elektron qaimələr əsasında tənzimləndiyi təsdiq edir.
61. Həmçinin nəzərə alınmalıdır ki, mallar təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Lakin cavabdeh malların təhvil verilməsini, elektron qaimələrin təsdiq olunmasını ümumiyyətlə mübahisələndirməmiş, qeyd edilənlərə öz etirazını bildirməmişdir.
62. Bu isə deməkdir ki, iddiaçının “müqavilə üzrə tərəfindən təchiz edilmiş malların dəyəri olan 2775,36 manatın (2352 manat əsas borc və 423,36 manat ƏDV borcu olmaqla) cavabdehdən xeyrinə tutulması tələbi təmin edilməlidir.
63. Məhkəmə xərclərinə də münasibət bildirən kollegiya, iddia ərizəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumlarının da cavabdehdən alınıb iddiaçıya ödənilməsini məqsədəuyğun sayır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5632/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12 noyabr 2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbi təmin edilsin. Cavabdeh MMC-dən materialların dəyəri olan 2775,36 manat (2352 manat əsas borc və 423,36 manat ƏDV borcu olmaqla) və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48 (qırx səkkiz) manat tutulub İddiaçı MMC-nin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 24 (iyirmi dörd) manat Cavabdeh MMC-dən alınıb İddiaçı MMC-nə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Tural Qocayev Səməd Cəfərov