Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-74/2026 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) X2 Nəriman qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7464/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 156.070,51 manat əsas borc, ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 16.092,93 manat və məhkəmə xərcləri üçün ödənilmiş 465,00 manat, cəmi 17.2628,44 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7464/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 156070,51 manat əsas borc, 7500 manat dəbbə pulu, 453,57 manat dövlət rüsumu, ümumilikdə 164024,08 (bir yüz altmış dörd min iyirmi dörd manat səkkiz qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 11,43 (on bir manat qırx üç qəpik) manat dövlət rüsumunun İddiaçı MMC-nin özünə aid edilməsi qət edilmişdir.
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Məhkəmənin mövqeyi
6. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.
7. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (01 oktyabr 2021ci ildən qüvvəyə minmiş redaksiyası) 361.1-ci maddəsində apellyasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 2 saylı Əlavədə göstərilmişdir.
8. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
9. Lakin prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayət həmin formaya uyğun tərtib edilməmiş, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər qrafasında normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqe aydın və əsaslandırıcı şəkildə ifadə edilməmişdir. Halbuki, apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
10. Beləliklə məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7464/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.
11. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq,
QƏRARAALDİ:
Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7464/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.