Məhkəmə qərarları › İş №2-2(3-7)-15/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-15/2026

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(3-7)-15/2026 09.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5rşı işə üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1873/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-06301 reyestr nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsi, 58 saylı yaşayış binasının şərqində yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli, KY252305897 №-li çıxarışdan görünür ki, müqavilə şərtlərinə əməl olunması ilə bağlı yoxlama qeydiyyatdan keçirilmiş, yoxlamanın müddəti xx.xx.2025xx.xx.2025-ci il, yoxlanılan sahibkarın adı X2, yoxlanılan sahibkarın VÖEN-i **********, fəaliyyət növü aptek qeyd edilmişdir.

3. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş 603394 №-li aktdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsi, ev 41 ünvanında yerləşən istehlakçı X4 (Cavid Süleymanov) işlətdiyi avtoyuma çayxanada yoxlama zamanı məlum olmuşdur ki, qeyd olunan ünvan sudan sayğacdan kənar d=25 mm boru vasitəsilə qeyri-qanuni olaraq istifadə edir. Borunun diametri d=20 mm.

4. xx.xx.2025-ci il tarixli qanunsuz istifadə fakturasından görünür ki, borunun daxili diametri 20 mm, su buraxma qabiliyyəti 1.14 m3 /saat, günlük istifadə müddəti 5 saat, qanunsuz istifadə müddəti 360 gün, sərf 2052 m3 olmaqla, sudan istifadə və çirkab sularına görə ayrı-ayrılıqda 1738,98 manat+313,02 manat ƏDV olmaqla, cəmi 2052 manat, ümumilikdə 4104 manat borc hesablanmışdır.

5. Pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun silinməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

6. Abonent haqqında məlumatdan görünür ki, müqavilə nömrəsi 41113213, abonent kodu 801884 olan obyektin (müəssisə adı “aptek” X15) sudan qanunsuz istifadəyə görə 2052 manat, çirkab sularından qanunsuz istifadəyə görə 2052 manat borcu vardır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "İrişəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik hüquqi şəxsi tərəfindən qeyri-qanuni hesablanmış 4.104 (dörd min bir yüz dörd) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, X13 küçəsi, 58 saylı yaşayış binasının şərq hissəsində yerləşən, sahəsi 108.50 kv.m olan qeyriyaşayış binası mülkiyyət hüququ üzrə ona məxsusdur. Bu barədə ona 15 mart 2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış təqdim olunmuşdur. Hal-hazırda həmin qeyri-yaşayış sahəsi avtoyuma və çayxana kimi fəaliyyət göstərməkdədir. 02 may 2025-ci il tarixdə bir neçə nəfər özlərini Gəncə Su İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər, obyektlərdə su təchizatına dair monitorinq keçirmələrini bildirdilər. Su təminatının necə olması barədə sorğularına cavab olaraq, günaşırı səhərlər saat 7-dən 9-dək su ilə təmin olunmağı bildirdi. Sonra sayğacdan kənar xəttin olub-olmadığını soruşdular. Heç bir boru xəttinin olmadığını, sayğac göstəriciləri əsasında istifadə etdiyi suya görə haqq ödədiyini bildirdi. Sonra müəyyən yerlərə baxış keçirdikdən sonra obyekti tərk etdilər. Sonra sayğac göstəricilərinə əsasən ödəniş etmək istədikdə, ödəniş terminalında 4087 (dörd min səksən yeddi) manat borcun olduğunu, minimum ödəniş məbləğinin 34 (otuz dörd) manat olması göstərildi. Məsələyə aydınlıq gətirmək üçün Gəncə şəhər Su-Kanal İdarəsinə 10 iy un 2025-ci il tarixdə getdi. 02 may 2025-ci il tarixdə obyektlə əlaqədar 603394 saylı Akt tərtib edildiyini bildirdilər və guya su təchizatı və kanalizasiya xidmətindən qanunsuz istifadəyə görə 4104 (dörd min bir yüz dörd) manat məbləğində borcu yarandığını bildirdilər. Akta əlavə olaraq “Qanunsuz istifadə fakturası” da təqdim olunmuşdur ki, həmin fakturada şişirdilmiş rəqəmlərlə hesablama aparılmışdır. Obyektə su verilməsi qrafiki günaşırı olmaqla, istifadə müddəti maksimum 1,5-2 saatdır. Həmin fakturada isə günlük istifadə müddəti guya hər gün 5 saat kimi göstərilir. Belə olan halda, yəni qrafiklə su verildiyi təqdirdə 360 gün istifadə müddətinə iddia etmək qeyri-qanuni və əsassızdır. Qeyd edir ki, monitorinq zamanı cavabdehin nümayəndələrinin aktda yazdıqları guya sayğacdan kənar “aşkar” olunmuş diametri 25 mm olan su borusundan xəbəri olmamışdır və ondan istifadə etməmişdir. Yuxarıda göstərilən xüsusatlardan belə qənaətə gəlmək olur ki, cavabdeh tərəfindən tərtib edilmiş Aktda sayğacdan kənar 25 mm olan boru xəttinin məhz ona məxsus ünvanda qanunsuz istifadə edilib edilmədiyini müəyyən etmək mümkün olmadığından mötəbər sübut kimi qiymətləndirilməməlidir.

9. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, su idarəsinin işçiləri gəlib əlavə xətt müəyyən ediblər. Obyekti təzə aldığı üçün kənar xətdən məlumatı olmayıb. Gün ərzidə 2 saat su veriblər, cərimə hesablayanda 5 saatdan hesablayıblar. 180 gün su verilsə də 360 günlük su pulu hesablayıblar. Hesablama reallığa uyğun aparılmayıb. O, dəfələrlə müraciət etmişdir ki, su gəlmir. O, su maşını gətirib suyunu doldurmuşdur. Su maşınlarının gəlməsi ilə bağlı şəkilləri də vardır. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

10. Cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, yoxlama ilə bağlı reysterdən də çıxarış var. Sudan istifadə qaydalarının 8.4-cü bəndinə əsasən yeni mülkiyyətçi 10 gün ərzində gəlib yeni müqavilə bağlanmalıdır. Ancaq mülkiyyətçi qaydalara uyğun hərəkət etməyib. Yoxlama ediləndən sonra mülkiyyətçinin dəyişdiyini bilmişlər. Sudan istifadə qaydalarına 4 saylı əlavəyə əsasən hesabat günlük 5 saatdan 360 günlük hesablanmalıdır. Yoxlama ilə bağlı video çəkiliş də vardır. Yoxlama aprel ayında olub. Akt tərtib edəndə tərəfin nümayəndəsi orda iştirak edib, ancaq qol çəkməkdən imtina edibdir. Sayğaca pul yüklənməyəndə klapan bağlanır, amma yer altı çənə su dolur. Bunu siz araşdırmalı idiniz. Nazirlər Kabinetinin qərarına 4 saylı əlavə əsasında hesablanır. Sorğuya verilmiş cavabdan da görünür ki, hesablanma qrafikə görə yox, qərara 4 nömrəli əlavəyə görə hesablanıb. Buna görə də qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

11. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1873/2025 nömrəli qətnaməsi (hakim Əbülfəz Məmmədli) ilə, iddianın təmin edilməməsi, iddianın rədd edilməsi, iddia rədd edildiyi üçün ödənilmiş 61,10 (altmış bir manat on qəpik) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.

12. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

13. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə isə iddiaçının borcun silinməsini xahiş etdiyi obyektin ona məxsus olduğu müəyyən edilmir. Belə ki, iş materiallarındakı sənədlərdən görünür ki, borcun yazıldığı obyekt X4 (Cavid Süleymanov) işlətdiyi obyekt olmuş, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində də yoxlanılan sahibkarın adı X2, yoxlanılan sahibkarın VÖEN-i **********, fəaliyyət növü aptek qeyd edilmişdir.

14. Məhkəmə tərəfindən “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş çıxarışdan məlum olmuşdur ki, yoxlanılan sahibkara məxsus ********** №-li VÖEN X1 adınadır.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iş materiallarına “Çıxarış” əlavə edilsə də, İddiaçı xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ünvanı Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsi, 58 saylı yaşayış binasının şərqi qeyd olunmuşdur. Halbuki, yoxlama keçirilən və borc yazılan obyektin ünvanı Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsi, ev 41 olmuşdur.

16. Məhkəmə tərəfindən qeyd olunan faktı dəqiqləşdirmək məqsədilə tərəflərə sual verilsə də, iddiaçı hazırda obyektin onun istifadəsində olduğunu, cavabdehin nümayəndəsi isə mülkiyyətçi dəyişdikdə yeni mülkiyyətinin sudan istifadə ilə bağlı müqavilə bağlamaq vəzifəsinin olduğunu bildirmişdir.

17. Beləliklə, məhkəmə qeyd etmişdir ki, bütün sənədlərdə istehlakçı obyektin faktiki sahibi kimi X10, sahibkar X3, obyektin fəaliyyətinin isə aptek olduğu qeyd olunduğundan, iddiaçı isə qeyd edilən qeyri-yaşayış sahəsinin onun faktiki istifadəsində və ya mülkiyyətində olduğunu təsdiq edən hər hansı sənəd təqdim etmədiyindən iddiaçının həmin qeyri-yaşayış sahəsinə yazılmış borcun silinməsi ilə bağlı hər hansı subyektiv hüququ yoxdur.

18. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1873/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə subyektiv hüquqla bağlı qənaətə gələrkən kifayət qədər araşdırma aparmamış və sonda onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş çıxarışda ona məxsus xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ünvanı Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsi, 58 saylı yaşayış binasının şərqi qeyd olunmuşdur və yoxlama keçirilən obyektə elə həmin obyektdir. Məhkəmə isə anlaşılmayan səbəbdən yoxlama keçirilən və borc yazılan obyektin ünvanı Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsi, ev 41 olması səbəbi ilə iddianı rədd etmişdir. Cavabdeh orqan tərəfindən ünvan səhv qeyd edilərək yoxlama keçirilən və borc yazılan obyektin ünvanı Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsi, ev 41 kimi yazılmasında onun günahı nədən ibarətdir. Məhkəmə tərəfindən yerli baxışa gediləcəyi təqdirdə hər şey aydın olacaqdı. Həmçinin qeyd edir ki, iş materiallarına əlavə etdiyi mülkiyyət sənədində ünvan Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsi, 58 saylı yaşayış binasının şərqi qeyd edilsə də, həmin sənəddə ünvan köhnə şəkildə qeyd edilmiş, lakin bu barədə qeyd aparılmamışdır. Həmin mülkiyyət sənədinə QR kod vasitəsi ilə baxıldıqda həmin ünvanın köhnə ünvan olduğu yazılmaqdadır və nümunə üçün əlavə edir. Məhkəmə isə sorğu verib bu halı dəqiqləşdirmək əvəzinə, heç telefon vasitəsi ilə də yoxlanış aparmamışdır. Hazırda tərəfindən Reyestr Xidmətinə müraciət edilmişdir və sorğunun cavabını alan kimi apellyasiya instansiyasına təqdim edəcəkdir. Bununla bərabər qeyd edilməlidir ki, məhkəmənin yanıldığı digər bir məsələ ondan ibarətdir ki, məhkəmə aktda və vöendə onun adının olmadığını qeyd edərək subyektiv hüququnun olmadığını bildirməkdədir. Qeyd edir ki, aktda adı olan və vöen adına olan şəxsin artıq həmin obyekt ilə bağlılığı qalmayıb və borcun olub-olmaması onların deyil onun maraqlarına toxunur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu təqdirdə yalnız mülahizələrə əsalanaraq qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı isə qeyd edilən qeyri-yaşayış sahəsinin onun faktiki istifadəsində və ya mülkiyyətində olduğunu təsdiq edən hər hansısənəd təqdim etmədiyindən iddiaçının həmin qeyri-yaşayış sahəsinə yazılmış borcun silinməsi ilə bağlı hər hansı subyektiv hüququ yoxdur. Tərəflərindən mülkiyyət hüququna dair sənəd təqdim edilsə də, məhkəmə kifayət qədər araşdırma aparmadan ünvan dəyişikliyi ilə əlaqədar olan məsələni araşdırmamışdır. Həmçinin qeyd edir ki, cavabdeh orqan ünvanı səhv yazmışdır və burada onun günahı yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, bildirmişdir ki, obyekt hazırda onun istifadəsindədir. Lakin, su idarəsi tərəfindən borclar Ramil Zalovun adına yazılmışdır. Hazırda isə obyektə yazılmış borcun silinməsini istəyir. Odur ki, apellyasiya şikayəti təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsini xahiş etmişdir.

22. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır.

24. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

25. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”

28. Bənd 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir; 1.2.2. istehlakçı – STKM-in xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir; 1.2.3. məişət (təsərrüfat)-içməli su – yaşayış məntəqəsində yaşayan əhalinin və sənaye müəssisələri işçilərinin məişət (təsərrüfat) və içmək məqsədləri üçün istifadə etdikləri sudur; 1.2.4. istehsalat məqsədli su – istehsalat, sənaye, texnoloji və digər texniki məqsədlər üçün istifadə olunan sudur; 1.2.5. tullantı suları – istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır.

29. Bənd 3. STKM-in hüquqları 3.1. STKM-in hüquqları aşağıdakılardır: 3.1.1. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək.

30. Bənd 4. İstehlakçıların vəzifələri 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək.

31. Bənd 5. İstehlakçıların hüquqları 5.1. İstehlakçıların hüquqları aşağıdakılardır:

32. 5.1.1. qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək;

33. Bənd 6. Suölçən cihazların quraşdırılması və istismarı 6.18. STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

34. Bənd 8. İstehlakçıya suyun verilməsinin dayandırılmasının əsasları və müqavilənin ləğv edilməsi 8.6. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. 8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.

35. Bənd 9. Kanalizasiya şəbəkə və qurğularından istifadəyə dair xüsusi tələblər 9.11. STKM aşağıdakı hallarda yazılı xəbərdarlıq etdikdən sonra və akt tərtib edərək onun bir nüsxəsini istehlakçıya vermək şərtilə istehlakçını təsərrüfat-məişət kanalizasiya şəbəkəsindən ayırmaq hüququna malikdir: 9.11.3. təsərrüfat-məişət kanalizasiya sisteminə qanunsuz qoşulmalar aşkar edildikdə.

“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarı

36. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”30 iyul 2008-ci il tarixli Qərarı

37. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

38. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

39. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

46. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

49. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

53. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilməsini xahiş edərək tam şəkildə mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

55. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1873/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Beləliklə, işin halları ondan ibarətdir ki, Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsi, ev 41 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2024-cü il tarixdən iddiaçının mülkiyyətində olsa da sudan istifadəyə dair münasibətlər X10 ilə yaranmış və hazırda da abonent olaraq məhz həmin şəxs qeydiyyatdadır ki, mübahisə predmeti olan borc da X6 hesablanmışdır. Qeyri-yaşayış sahəsində (avtoyuma çayxana) yoxlama zamanı məlum olmuşdur ki, qeyd olunan ünvan sudan sayğacdan kənar d=25 mm boru vasitəsilə qeyriqanuni olaraq istifadə edir. Borunun diametri d=20 mm. xx.xx.2025-ci il tarixli qanunsuz istifadə fakturasına əsasən borunun daxili diametri 20 mm, su buraxma qabiliyyəti 1.14 m3 /saat, günlük istifadə müddəti 5 saat, qanunsuz istifadə müddəti 360 gün, sərf 2052 m3 olmaqla, sudan istifadə və çirkab sularına görə ayrı-ayrılıqda 1738,98 manat+313,02 manat ƏDV olmaqla, cəmi 2052 manat, ümumilikdə 4104 manat borc hesablanmışdır. Abonent haqqında məlumatdan görünür ki, müqavilə nömrəsi 41113213, abonent kodu 801884 olan obyektin (müəssisə adı “aptek” X15) sudan qanunsuz istifadəyə görə 2052 manat, çirkab sularından qanunsuz istifadəyə görə 2052 manat borcu vardır.

58. Hazırda iddiaçı cavabdeh tərəfindən qeyri-qanuni hesablanmış 4.104 manat məbləğində borcun silinməsi xahiş edir və obyektin onun faktiki istifadəsində olduğunu bildirir.

59. Məhkəmə ilk öncə qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

60. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

61. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

62. Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq məhkəmə ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüququn mövcudluğu müəyyən edilmədən müdafiə hüququnun həyata keçirilməsi mümkün deyildir. Başqa sözlə, iddiaçı yalnız özünə məxsus olan və ya onunla birbaşa bağlı olan hüquqi münasibətlər üzrə tələb irəli sürə bilər.

64. Hazırkı iş üzrə iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli 603394 nömrəli akt Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsi, ev 41 ünvanında yerləşən obyektlə bağlı tərtib edilmişdir. Həmin aktda və digər əlaqəli sənədlərdə istehlakçı kimi X10 göstərilmiş, yoxlamaların vahid məlumat reyestrində isə yoxlanılan sahibkarın X3 olduğu, VÖEN-in ********** nömrəsi ilə onun adına qeydiyyatda olduğu müəyyən edilmişdir. Abonent məlumatları və müqavilə üzrə göstəricilər də həmin obyektin başqa sahibkarlıq subyektinə aid olduğunu təsdiq edir.

65. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda isə ona məxsus qeyri-yaşayış sahəsinin ünvanı Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsi, 58 saylı yaşayış binasının şərq hissəsi kimi göstərilmişdir. Beləliklə, yoxlama aparılmış və borc hesablanmış obyektin ünvanı ilə iddiaçının mülkiyyətində olan obyektin ünvanı arasında fərq mövcuddur.

66. Apellyasiya instansiyası hesab edir ki, ünvan fərqliliyi formal xarakter daşımır, əksinə, mübahisənin predmeti olan hüquqi münasibətin subyektinin müəyyən edilməsi baxımından həlledici əhəmiyyət kəsb edir. Çünki borc konkret abonent kodu, konkret müqavilə nömrəsi və konkret sahibkarlıq subyekti üzrə hesablanmışdır. İddiaçı həmin hüquqi münasibətin tərəfi kimi sənədlərlə təsdiq olunmamışdır.

67. Məhkəmə tərəfindən qeyd olunan ziddiyyətin aradan qaldırılması məqsədilə tərəflərə müvafiq suallar verilmiş, lakin iddiaçı obyektin onun faktiki istifadəsində olduğunu bildirməklə kifayətlənmiş, bu halı təsdiq edən hər hansı rəsmi sənəd təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Faktiki istifadə barədə bəyanat hüquqi nəticə doğurması üçün mötəbər və yol verilən sübutlarla təsdiq edilməlidir.

68. Apellyasiya instansiyası qeyd edir ki, iş üzrə təqdim olunmuş sənədlərin məcmusu ilə müəyyən olunan hal ondan ibarətdir ki, mübahisə predmeti olan borc abonent olaraq X6 hesablanmış və abonent hesabına işlənmişdir. Belə olan halda X6 hesablanmış borc məbləğini də mübahisələndirmək hüququ məhz həmin şəxsə məxsusdur.

69. Hətta iddiaçının mübahisə predmeti olan borcun hesablandığı abonent kimi qeydə alınmış şəxsin fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olması belə iddiaçıya başqa şəxsə hesablanmış borcu mübahisələndirmək hüququ tanımır və mülkiyyətçı olan iddiaçı hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir.

70. Belə ki, borcun X6 hesablanması nəticəsində iddiaçının deyil X4 hüquqularına müdaxilə edilmişdir. Subyektiv hüquq olmadan isə müdafiə hüququnun həyata keçirilməsi və iddianın təmin olunması mümkün deyildir.

71. Bu baxımdan, birinci instansiya məhkəməsinin iddiaçının mübahisələndirilən borcun silinməsi ilə bağlı subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə işin faktiki hallarına və tətbiq edilmiş hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır.

72. İddiaçı apellyasiya şikayətində ünvanın köhnə qaydada göstərildiyini, QR kod vasitəsilə bunun müəyyən edilə biləcəyini və Reyestr Xidmətinə sorğu göndərdiyini bildirmişdir. Lakin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırır və (ex officio) sübut toplamaq öhdəliyi daşımır. Məhkəmə tərəflərin təqdim etmədiyi və ya sübut etmədiyi halları öz təşəbbüsü ilə araşdırmaq məcburiyyətində deyildir. İddiaçı tərəfindən ünvan dəyişkənliyini və yoxlama aparılmış obyektlə mülkiyyətində olan obyektin eyniliyini təsdiq edən rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir.

73. Qeyd edildiyi kimi bu hal həqiqi olsa belə iddiaçıya başqa şəxsə hesablanmış borcun mübahisələndirməsi hüququ vermir.

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərildiyi kimi, məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementdən ibarətdir: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Həmin elementlərin mövcudluğu hüquqi əsasın sübut olunmasından asılıdır.

75. Hazırkı iş üzrə borc konkret abonentə və konkret sahibkarlıq subyektinə hesablanmışdır. İddiaçı həmin hüquqi münasibətin tərəfi olmadığından və borcun onun adına rəsmiləşdirilmədiyi müəyyən olunduğundan, onun başqa şəxsin adına olan borcun silinməsini tələb etmək hüququ mövcud deyildir. Subyektiv hüququn mövcudluğu sübut edilmədən müdafiə hüququndan istifadə mümkün deyil.

76. İddiaçı həmçinin bildirmişdir ki, aktda və VÖEN-də onun adının olmaması əksinə, onun hüquqlarının pozulduğunu göstərir, çünki obyekt faktiki olaraq ona məxsusdur. Lakin məhkəmə qeyd edir ki, faktiki istifadə barədə iddia hüquqi nəticə doğurması üçün sübut olunmalıdır. Mülki hüquqda və kommersiya münasibətlərində hüquq və vəzifələr hüquqi faktlara əsasən yaranır. Mülkiyyət hüququnun və ya faktiki istifadənin mövcudluğu, eləcə də konkret borc münasibətində tərəf statusu sübutlarla təsdiq edilməlidir.

77. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

78. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

79. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 402.1-ci maddəsinin tələbinə görə iddia tələbinin qiyməti 10.000 (on min) manatdan az olduğundan (4.104 manat) kassasiya şikayəti verilə bilməz.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1873/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar