Məhkəmə qərarları › İş №2-2(3-7)-24/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-24/2026

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(3-7)-24/2026 03.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsi; öhdəliklərin lazımi qaydada icra olunmaması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli 2-2(115)-2581/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 03 mart 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli № SHB/046/2023 alqı-satqı müqaviləsinə əsasən, satıcı müqavilənin əlavəsi hesab edilən və alıcı tərəfindən rəsmiləşdirilən ayrı-ayrı sifariş tapşırıqlarında göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öz öhdəliyinə götürmüşdür.

2. Tərəflərin imza və möhürləri ilə təsdiq olunmuş xx.xx.2024- cü il tarixli, SHB/ST/154/2024 nömrəli sifariş tapşırığına əsasən 3512,86 manat, xx.xx.2024-cü il tarixli, SHB/ST/178/2024 nömrəli sifariş tapşırığına əsasən 2920,50 manat, xx.xx.2024-cü il tarixli, SHB/ST/606/2024 nömrəli sifariş tapşırığına əsasən 218,65 manat, xx.xx.2024-cü il tarixli, SHB/ST/184/2024 nömrəli sifariş tapşırığına əsasən 636,37 manat, xx.xx.2024-cü il tarixli, SHB/ST/618/2024 nömrəli sifariş tapşırığına əsasən 826 manat, xx.xx.2024-cü il tarixli, SHB/ST/620/2024 nömrəli sifariş tapşırığına əsasən 2632,58 manat, xx.xx.2024-cü il tarixli, SHB/ST/621/2024 nömrəli sifariş tapşırığına əsasən 298,30 manat, xx.xx.2024-cü il tarixli, SHB/ST/637/2024 nömrəli sifariş tapşırığına əsasən 1010,08 manat olmaqla, ümumilikdə 12055,34 məbləğində mal satıcı tərəfindən təhvil verilmiş, alıcı tərəfindən təhvil alınmışdır.

3. Cavabdeh MMC-yə elektron qaydada ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunması barədə xəbərdarlıq edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli SHB/046/2023 № alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-dən 11963 manat 42 qəpik məbləğində borcun və gecikmə üçün 9000 manat dəbbə pulunun, ümumilikdə 20963,42 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 154 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli SHB/046/2023 №li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqısatqı müqaviləsinə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən və alıcı tərəfindən rəsmiləşdirilən ayrı-ayrı sifariş tapşırıqlarında göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öz öhdəliyinə götürmüşdür. Belə ki, İddiaçı MMC öz öhdəliyini yerinə yetirərək Cavabdeh MMC-nin sifarişinə əsasən xx.xx.2024-cü il tarixdə yekun məbləği 3512 manat 86 qəpik təşkil edən, xx.xx.2024-cü il tarixdə yekun məbləği 636 manat 37 qəpik təşkil edən, xx.xx.2024-cü il tarixli yekun məbləği 826 manat təşkil edən, xx.xx.2024-cü il tarixli 2659 manat 72 qəpik təşkil edən, xx.xx.2024-cü il tarixində yekun məbləği 208 manat 03 qəpik, xx.xx.2024-cü il tarixində yekun məbləği 298 manat 30 qəpik təşkil edən, xx.xx.2024-cü il tarixində yekun məbləği 10 manat 62 qəpik təşkil edən, xx.xx.2024-cü il tarixində yekun məbləği 2632 manat 58 qəpik təşkil edən, xx.xx.2025-ci il tarixində yekun məbləği 915 manat 68 qəpik təşkil edən, xx.xx.2025-ci il tarixində yekun məbləği 97 manat 35 qəpik təşkil edən, xx.xx.2025-ci il tarixində yekun məbləği 165 manat 90 qəpik təşkil edən malları Cavabdeh MMC-yə təhvil vermişdir. Bununla bağlı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli 10828210 nörməli, xx.xx.2024-cü il tarixli 10156732 nömrəli, xx.xx.2024-cü il tarixli 10817574 nömrəli, xx.xx.2024-cü il tarixli 11103198 nömrəli, xx.xx.2024-cü il tarixli 11102490 nömrəli, xx.xx.2024-cü il tarixli 11505243 nömrəli, xx.xx.2024-cü il tarixli 11499703 nömrəli, xx.xx.2024-cü il tarixli 10571651 nömrəli xx.xx.2025-ci il tarixli 11262506 nömrəli, xx.xx.2025-ci il tarixli 10583826 nömrəli, xx.xx.2025-ci il tarixli 10648966 nömrəli elektron qaimələr təqdim etsə də, Cavabdeh MMC öz öhdəliyini yerinə yetirməyərək ödənişi etməmişdir. Həmçinin ödəniş günlərinin gecikdirilməsi ilə bağlı olaraq qeyd etmək istəyir ki, 10828210 № elektron qaimə üçün 387 gün, 10156732 № elektron qaimə üçün 339 gün gecikmə, 10817574 № elektron qaimə üçün isə gün gecikmə, 11103198 № elektron qaimə üçün isə 345 gün gecikmə, 11102490 № elektron qaimə üçün isə 355 gün gecikmə, 11505243 № elektron qaimə üçün isə 317 gün gecikmə, 11499703 № elektron qaimə üçün isə 313 gün gecikmə, 10571651 № elektron qaimə üçün isə 327 gün gecikmə, 11262506 № elektron qaimə üçün isə 263 gün gecikmə, 10583826 № elektron qaimə üçün isə 206 gün gecikmə, 10648966 № elektron qaimə üçün isə 203 gün gecikmə mövcuddur. Gecikmələr üçün ümumi məbləğ isə 9000 manat hesab edirlər. Lakin Cavabdeh MMC tərəfindən onun da ödənişi həyata keçirilməmişdir. Beləliklə ümumilikdə Cavabdeh MMC tərəfindən ödənilməli olan borcun məbləği cəmi 20963,42 manat təşkil edir. Göründüyü kimi Cavabdeh MMC müqavilə şərtlərini pozmuş və vaxtı-vaxtında ödənişi həyata keçirməmişdir. Məhkəməyə müraciət etməmişdən öncə cavabdehə pretenziya göndərərək, borcun tam şəkildə ödənilməsini xahiş etmişlər. Lakin cavabdeh borc məbləğini ödəməmişdir.

6. Gəncə Kommersiya Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli 2-2(115)-2581/2025 nömrəli qətnaməsi ilə (hakim Ramiq Qələndərzadə) iddia qismən təmin edilərək, Cavabdehndən xx.xx.2023-cü il tarixli, SHB/046/2023 №li alqı-satqı müqaviləsi üzrə 11963 manat 42 qəpik məbləğində borc və 600 manat dəbbə pulu olmaqla, ümumilikdə 12563,42 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 154 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməsi; İddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445.1, 448.1, 460.1, 462.1, 467, 567.1, 600.1 və 600.4-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3 və 217.5-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

9. Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəyə nümayəndələrinin iştirakı olmadan baxılmışdır. Cavabdeh etiraz və vəsatətlər vermək, sübutlar təqdim etmək, məhkəməyə izahatlar vermək, digər iştirakçılara suallar vermək izahatlar vermək və etirazlarını bildirmək hüququndan məhrum qalmışdır. Həmçinin, iddiaçının iddia ərizəsi ilə birgə təqdim etdiyi sənədlərdə pretenziya məktubu öz əksini tapmışdır. Lakin bildirir ki, göstərilən məktub cavabdehə hər hansı formada təqdim edilməmişdir. Müvafiq halı göstərilən sənədlərdə pretenziya məktubunun çatdırılmasını təsdiq edən poçt qəbzi və təqdim edilməsini təsdiq edən hər hansı sənəd öz əksini tapmamışdır. Pretenziya məktubunun göndərildiyinə dair də hər hansı formada şifahi məlumat verilməmişdir. Cavabdehin müvafiq məktubla tanışlığı yalnız məktubun elektron-məhkəmə informasiya sistemi üzərindən iddia ərizəsi və əlavə sənədlərin yüklənilməsi zamanı baxılması mümkün olmuşdur. İşin tam, hərtərəfli və obyektiv araşdırılması üçün sübutlara yenidən hüquqi qiymət verilməsi, cavabdehin işdə iştirak etmək hüququnun təmin edilərək mahiyyəti üzrə yenidən baxılması zərurəti mövcuddur. Məhkəmə baxışında iddiaçı tərəfindən tələb olunan tənasübsüz cərimə məbləği məhkəmə tərəfindən azaldılsa da, 600 manat məbləğ saxlanılmışdır. Bildirir ki, iddiaçı cavabdehin hərəkətlərinin faktiki zərərini, öhdəlik pozuntusunu əsaslandırmamış, habelə bu pozuntudan irəli gələn hər hansı maddi nəticəni göstərməmişdir. Nəzərdə tutulan məbləğ cavabdehin əmlak və maliyyə vəziyyəti üçün ağır nəticə doğura bildiyindən onun əmlak mənafelərinin pozulmasına gətirib çıxartmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər:

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. İddiaçı təşkilat “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh təşkilat isə nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi, mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

17. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər

18. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

19. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Maddə 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

21. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

22. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

32. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

33. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin iddianın qismən təmin edildiyi və iddiaçının tələbin təmin edilməyən hissəsini mübahisələndirmədiyi nəzərə alınaraq, hazırkı apellyasiya baxışı çərçivəsində iddianın təmin edilmiş hissəsində qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılmalıdır.

34. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.

35. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli SHB/046/2023 №li alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən və alıcı tərəfindən rəsmiləşdirilən ayrı-ayrı sifariş tapşırıqlarında göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öz öhdəliyinə götürmüşdür. Müqavilə üzrə mallar satıcı tərəfindən alıcıya təqdim edilmiş, mallar qəbul edilmiş, lakin onların dəyəri satıcıya ödənilməmişdir. Borcun ödənilməsi barədə alıcıya xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də satıcı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

38. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

39. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. Qanunun mənasına görə, alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqısatqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir (§ 19).

41. Tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

42. Bununla belə, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sənədlərdən (malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar, invoyslar və sifariş tapşırıqları) onun müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etdiyi müəyyən edilir. Cavabdeh də apellyasiya şikayətində dəyəri tələb olunan malların ona təqdim edildiyini inkar etməyərək, sadəcə olaraq hesablanmış cərimə borcunun tənasübsüz olması barədə arqument irəli sürmüşdür.

43. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış mallar cavabdehə verilmiş, cavabdeh isə həmin malların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.

44. Odur ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış mallara görə ödənilməyən 11963 manat vəsaitin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

45. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

46. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

47. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, cərimə barədə şərt mövcuddur. Belə ki, müqavilənin 10.5-ci bəndində alıcının satıcı tərəfindən malların müqavilə şərtlərinə uyğun olaraq alıcıya təhvil verməsi və müvafiq sənədləşdirmələri aparmasına baxmayaraq, malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikməyə gününə görə müqavilənin ümumi dəyərinin 0,01 faizi məbləğində cərimə ödəməsi barədə şərt nəzərdə tutulmuşdur.

48. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

49. Birinci instansiya məhkəməsi düzgün olaraq müqavilə üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərimə məbləğini azaldaraq, 600 manat məbləğdə müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.

50. Pretenziya məktubunun ona çatdırılmaması barədə apellyatorun arqumentini kollegiya əsassız saymışdır; ona görə ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sənədlərdən həmin məktubun cavabdehə göndərildiyi müəyyən edilir.

51. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulması barədə apellyatorun dəlili də kollegiya tərəfindən əsassız sayılmışdır; belə ki, cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə MPM-nin 11-ci fəslində müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin onun səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, nə də ki, iddiaya dair hər hansı vəsatət və ya etiraz dəlilləri irəli sürməmişdir.

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 10-1, 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli 2-2(115)-2581/2025 nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar