Məhkəmə qərarları › İş №2-2(3-7)-5/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-7)-5/2026

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(3-7)-5/2026 04.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-680/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-680/2025 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Gəncə Kommeresiya Məhkəməsinin e-2-2(115)- 680/2025 saylı 19 noyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5005,20 manat borcun və 100 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11 saylı alğı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Qərvənd kəndi ərazisində 7 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 10138,30 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında: 64 manat məbləğində çöp doğrama, 304 manat məbləğində 1-ci şum, 36 manat məbləğində 2-ci şum, 50 manat məbləğində tandem diski mala, 195 manat məbləğində mala çəkmə, 90 manat məbləğində sahədaxili kanal çəkilişi, 105 manat məbləğində çiyid səpini, 720 manat məbləğində kultivasiya, 422,50 manat məbləğində dərman səpini, 1050.00 manat məbləğində maşınla 1-ci üz pambıq yığımı, 2039,44 manat məbləğində dərman/gübrə, 9313,84 manat məbləğində çiyid, 4130 manat avans olaraq becərmə, arat pulu, cəmi: 10138,30 manat məbləğində avans verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 5133,08 manat məbləğində 7590.40 kq xam-pambıq təhvil vermiş, bununla iddiaçıya 5005,20 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdislənən xx.xx.2022-ci il üzrə üzləşmə aktı, qaimə, iş və xidmətlərin yerinə yetirilməsi aktı, ödəniş tapşırıqları olan bank sənədləri ilə təsdiq edilir. İddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək cavabdehin hüquqazidd hərəkətləri ilə mənimsədiyi 4130 manat vəsaitin qaytarılması və həmin vəsaitdən faydalanmağa görə məbləğin 15% həcmində (619,50 manat) faizin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehə qarşı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi motivi ilə cavabdehdən 5005,20 manat borcun və 100 manat mediasiya xərcinin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında iddiaçı ilə müqavilə bağlamadığını, iş üzrə sənədlərdə onun adının qarşısında olan imzanın ona məxsus olmadığını bildirmişdir. Bununla da heç bir qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçı tərəfindən cəmi 4130 manat vəsait səhvən avans ödəniş altında ödənildiyi bəlli olmuş, cavabdeh tərəfindən isə həmin məbləğ alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Аpellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən xətşünaslıq ekspertizasının təyin olunmasına baxmayaraq ekspertizanın aparilması və rəy verilməsi məqsədi ilə “Cavabdeh” Cavabdeh 3-5 sənəddə sərbəst xətt və imza nümunələrinin istənilməsi barədə xx.xx.2025-ci il tarixli ekspert vəsatəti məhkəmə tərəfindən təmin edilmədiyi üçün “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərtbaycan Respublikası Qanunun 12 maddəsinə əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Göründüyü kimi cavabdeh ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etməsinə baxmayaraq, məhkəmə ekspertiza təyin olunan faktın təsdiq olunması barədə qərar qəbul etməli olduğu halda, cavabdehin heç bir sübutla təsdiq olunmayan subyektiv ifadəsi əsasında əsassız və qanuna zidd qərar qəbul etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir. Məhkəmə tərəfindən qanunun bu tələbləri kobud surətdə pozularaq işdə olan 5 ədəd avans vəsaitin verilməsini təsdiq edən ödəniş tapşırıqlarına, 37 ədəd görülmüş aqrotexniki iş aktlarına,11 ədəd dərman və gübrənin verilməsi barədə qaimələrə və 5 ədəd pambıq qəbulu qəbzlərinə hüquqi qiymət verərkən birtərəfli mövqe tutmuş, nə üçün işdə olan sübutların bir qisminin (avans vəsaitin verilməsini və pambıq qəbulu qəbzlərini) nəzərə aldığını, aqrotexniki xidmətlərin göstərilməsi barədə 37 ədəd aktın və 11 ədəd dərman və gübrə sənədlərini nəzərə almadığını əsaslandırmamışdır. Cavabdeh tərəfindən aqrotexniki işlərin görüldüyünü və dərman gübrələrin onun tərəfindən alındığını sübüt edən hüquq müəyyənedeici sənədlər təqdim olunmadığı halda məhkəmə xam-pambığın necə yetişdirildiyini, cavabdehin adına 5133.087 manat məbləğində pambığın haradan verildiyini araşdırmamışdır. Qətnmamədən də göründüyü kimi iddiaçı ilk öncə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını xahiq etmişdir. Sonradan cavabdehin onunla iddiaçının Ağdam Filialı arasında heç bir müqavilə bağlanmadığını və sənədlərdə onun adının qarşısındakı imzanın ona məxsus olmadığını bildirdikdən sonra iddiaçı cavabdehin hesabına köçürülmüş 4130.00 manat vəsaitin (2520.0 manat avansın, 980.0 manat ketmənləmə və seyrətməyə, 490.0 manat suvarmaya, 140.0 manatarat pulu) tutulmasını xahiş etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh izahatında həmçinin göstərdi ki, 10 hektara yaxın ərazidə xam pambığın əkilib beçərilməsi ilə bağlı onunla müqavilə bağlanılmış, ona çiyid verilmiş, lakin iddiaçı tərəfindən təqdim olunan sənədlərdə bəzi işlər, o cümlədən kultivasiya işləri artıq yazılmış, təxminən 3,5 ha torpaq sahəsindən pambıq onun xəbəri olmadan yığılmış və yığılmış pambıqın çəkisi az göstərilmişdir. Həmçinin izah etdi ki, xam pambığın yetişdirilməsi üçün iddiaçı tərfindən onun bank kartı hesabına pullar köçürülmüşdür, lakin hazırda köçürlümüş pulun məbləğini xatırlamır. Hüququ məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı cavabdehin kart hesabına köçürülmüş 4130 manat vəsaitin geri qaytarılmasını və həmin məbləğin cavabdehin kart hesabına əsassız olaraq köçürüldüyünü, cavabdeh isə iddiaçı ilə xam pambıq əkib yetişdirilməsinə dair müqavilə bağladığını inkar etməsə də, lakin həmin müqavilə üzrə iddiaçıya pambıq təhvil vermədiyini bildirdiyindən kollegiya hesab edir ki, mübahisənin həll edilməsi üçün mərkəzi norma mülki Məcəllənin əsassız varlanmanı tənzimləyən normaları çıxış edir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC-nin Ağdam filialı tərəfindən Cavabdeh məxsus olan Ağdam rayonu, Qərvənd kəndi ərazisində 7 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 28 yanvar 2021-ci tarixdə 1750 manat, 07 aprel 2021-ci il tarixdə 140 manat, 27 aprel 2021-ci il tarixdə 700 manat, 31 may 2021-ci il tarixdə 490 manat, 09 iyul 2021-ci il tarixdə 1050 manat olmaqla 4130 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan aktlardan görünür ki, xx.xx.2021-ci il tarixdə 2,60 sot sahədə birinci şum, xx.xx.2021-ci il tarixdə 4 ha sahədə çöp doğrama, xx.xx.2021-ci il tarixdə 1,50 sot sahədə şumlama, xx.xx.2021-ci il tarixdə 1 ha sahədə şumlama, xx.xx.2021-ci il tarixdə 1,50 sot sahədə şumlama, xx.xx.2021-ci il tarixdə 2,50 ha sahədə şumlama, xx.xx.2021-ci il tarixdə 5 ha sahədə arx çəkmə, xx.xx.2021-ci il tarixdə 2 ha sahədə arx çəkmə, xx.xx.2021-ci il tarixdə 4,50 ha sahədə səpin, xx.xx.2021-ci il tarixdə 9 ha sahədə mala, xx.xx.2021-ci il tarixdə 2,50 ha sahədə mala, xx.xx.2021-ci il tarixdə 2,50 ha sahədə səpin, xx.xx.2021-ci il tarixdə 2,50 sot sahədə diskli mala, xx.xx.2021-ci il tarixdə 3,50 ha sahədə kultivasiya,xx.xx.2021-ci il tarixdə 3,50 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 7 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixdə 7 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixdə 7 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 9 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 5 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 4,50 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixdə 2 ha sahədə arx çəkmə, xx.xx.2021-ci il tarixdə 5 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 3,50 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixdə 3,50 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixdə 4,50 ha sahədə gübrəli kultivasiya, xx.xx.2021-ci il tarixdə 7 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 4,50 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 8 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 8 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 7 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 2 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixdə 2.50 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixdə 2,50 ha sahədə dərmanlama, xx.xx.2021ci il tarixdə 3,50 ha sahədə pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 2,50 ha sahədə pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 1 ha sahədə pambıq yığımı işləri görülməsi qeyd edilmişdir. İş materiallarında olan malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərindən görünür, xx.xx.2021-ci il tarixdə 110 kq çiyid R-1, 450 kq amafos, xx.xx.2021-ci il tarixdə 72 kq çiyid R1, 250 kq amafos, xx.xx.2021-ci il tarixdə 8 kq sondarli, xx.xx.2021-ci il tarixdə 7 kq torpedo, xx.xx.2021-ci il tarixdə 4,500 kq surender, xx.xx.2021-ci il tarixdə 3 kq goldplan, xx.xx.2021-ci il tarixdə 800 kq gübrə azot, xx.xx.2021-ci il tarixdə 3 kq surender, 1.200 kq goldplan, xx.xx.2021-ci il tarixdə 5 lt dfok-ultra, xx.xx.2021-ci il tarixdə 2,5 lt dfok-ultra mallarının verilməsi qeyd edilmişdir. İş materiallarında olan pambıq qəbulu qəbzlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə 1264,60manat, 1270,86 manat, xx.xx.2021-ci il tarixdə 265,62 manat, xx.xx.2021-ci il tarixdə 1250,43 manat, xx.xx.2021-ci il tarxidə 1081,57 manat dəyərində pambıq təhvil verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2025-ci il tarixli 3- 16-xx/xx/1451/2025 saylı məlumatdan görünür ki, ekspertizanın aparılmasından imtina edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC-nin Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11 saylı alğı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Qərvənd kəndi ərazisində 7 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüş, iddiaçı həmin məqsədlə cavabdehin kart hesabına 4130 manat vəsait köçürmüş, cavabdeh iddiaçı tərəfindən onun kart hesabına pulun köçürüldüyünü inkar etməsə də, köçürülmüş pulun əvəzində iddiaçıya xam pambıq verilmədiyini, iş materiallarında olan xam pambıq qəbuluna dair qəbzlərdəki imzaların ona məxsus olmadığını bildirmiş, iddiaçı həmin pul vəsaitinin geri qaytarılmasını xahiş etmiş olsa da, həmin məbləğ cavabdeh tərəfindən geri qaytarılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qeyd edir ki, iddiaçı ilk öncə iddia tələbi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış müqavilə üzrə borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Belə ki, iddiaçı qeyd etmişdir ki, cavabdehə müqavilənin icrası ilə bağlı 10138,30 manat məbləğində avans verilmiş, yəni pul vəsaiti köçürülmüş, mal verilmiş və xidmət göstərilmişdir. Cavabdeh isə 5133,08 manat məbləğində 7590.40 kq xam-pambıq təhvil vermiş, bununla iddiaçıya 5005,20 manat məbləğində borcu qalmışdır. Ona görə də həmin məbləğdə borcun cavabdehdən iddiaçının xeyirinə tutulmasını xahiş etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək qeyd etmişdir. İddiaçı təşkilatla müqavilə bağlasa da ondan mal almamış, ona hər hansı ximət göstərilməmişdir. Pul vəsaiti isə müqavilənin icrası ilə bağlı onu hesabına köçürülmüşdür. İddiaçı cavabdehin izahatından sonra iddianın əsasını dəyişdirərək cavabdehə hər hansı müqavilə və qanuni əsas olmadan pul vəsaiti köçürüldüyünü, cavabdehin həmin pul vəsaitindən istifadə edərək əsassız varlandığını bildirmişdir. Ona görə də iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüş 4130 manat vəsaitin, həmin vəsaitdən faydalanmağa görə məbləğin 15% həcmində 619,50 manat faizin məbləğinin tutulmasını məhkəmədən xahiş etmişdir. Hazırkı işin hallarından görünür ki, tərəflər arasında müqavilə münasibətləri olmuşdur. Tələb edilən pul məbləği isə müqavilənin icrası ilə bağlı fermerə köçürülən pul məbləğidir. Pulun köçürülməsi isə işin mübahisəsiz halıdır. Lakin köçürülən pulu tələb edərkən iddiaçı cavabdeh tərəfindən ona təhvil verilən pambıq məhsulunun dəyərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya təhvil aktlarına əsasən (həmin aktlar iddiaçı təşkilatın səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmişdir) 5133,08 manat məbləğində pambıq təhvil verilmişdir. Cavabdehin təhvil verdiyi pambığın məbləği köçürülmüş pul vəsaitindən çoxdur. Belə olan halda iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında xam pambıq əki, yetişdirilməsi ilə bağlı müqavilənin bağlandığı təsdiq olunsa da, lakin cavabdeh həmin müqavilə üzrə iş görmədiyini, iddiaçıya pambıq təhvil vermədiyini, lakin bununla belə kart hesabına iddiaçı tərəfindən pul köçürüldüyünü inkar etmir. Belə ki, iş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 28 yanvar 2021-ci tarixdə 1750 manat, 07 aprel 2021-ci il tarixdə 140 manat, 27 aprel 2021-ci il tarixdə 700 manat, 31 may 2021-ci il tarixdə 490 manat, 09 iyul 2021-ci il tarixdə 1050 manat olmaqla 4130 manat məbləğində vəsait köçürülmüşdür. Göründüyü kimi tərəflər arasında hər hansı müqavilə münasibətləri olmadığından cavabdeh ona köçürülmüş 4130 manat hesabına əsassız varlanmışdır. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası həmin vəsaitdən faydalanmağa görə məbləğin 15% həcmində (619,50 manat) faizin tutulmasını xahiş etsə də, həmin xüsusat sübuta yetmədiyindən iddia tələbi həmin hissədə təmin eidlməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.2, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-680/2025 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 4130 (dörd min yüz otuz) manat pul tutularaq iddiaçı P-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar