Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-56/2026 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh və Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələblərinə dair iş üzrə Işin halları
1. Iddiaçı ilə cavabdeh arasında ## ###### 2023-ci il tarixdə şəkər çuğunduru məhsulu üzrə xidmət və alğı-satqı müqaviləsi bağlanmış, alıcı fermer tərəfindən ona təhvil veriləcək şəkər çuğundurunun dəyərini fermer üçün aqrotexniki xidmətlər göstərməklə və toxum, pestisidlər, gübrə təhvil veməklə həyata keçirməyi, fermer isə ona görülmüş işləri və malları qəbul edib müqavilə əsasında razılaşdırılmış miqdarda şəkər çuğundurunu istehsal edərək mülkiyyət hüququ əsasında alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür.
2. Tərəflər razılaşmışlar ki, müqavilə üzrə şəkər çuğunduru fermerin mülkiyyətində və ya qanuni istifadəsində olan Tərtər rayonu Çaylı kəndində yerləşən 40 hektar torpaq sahəsində əkiləcək, suvarılacaq, yetişdiriləcək, istehsal olunacaq və şəkərlilik dərəcəsinə uyğun olaraq hesablanmış qiymət əsasında alıcıya təhvil veriləcəkdir.
3. Müavilənin 3.2-ci bəndinə əsasən alıcı tərəfindən təhvil verilən mallar və görülən xidmətlər nəticəsində ona müvafiq olaraq şəkər çuğunduru bitkisinin suvarılmasını və yetişdirilməsini, həmin məhsulun yalnız alıcıya satılmasını təmin etməli, suvarma ilə bağlı yarana biləcək bütün problemləri həll etməlidir. Əkinin xəstəliyi və ya hər hansı bir riski ilə əlaqədar zamanında müdaxilə etməli, lazımi diqqət və qayğı göstərməli və riskin aradan qaldırılması üçün alıcıya müraciət etməlidir.
4. Müavilənin 3.6-cı bəndinə əsasən təhvil verilən şəkər çuğundurunun çəkisinin və şəkərlilik dərəcəsinin müəyyənləşdirilməsi alıcıya məxsus tərəzidə və laboratoriyada fermerin iştirakı ilə həyata keçiriləcəkdir. Fermer və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi istehsal etdiyi məhsulun alıcıya təhvil verildiyi zaman çəkinin müəyyən olunması məqsədilə tərəzidə və keyfiyyətin yoxlanılması məqsədilə laboratoriya analizi proseslərində iştirak etməlidir. Fermer üzürsüz səbəbdən alıcını əvvəlcədən xəbərdar etmədən bu iki proseslərdən hər hansı birində və ya hər ikisində iştirak etmədikdə, alıcının hüququ vardır ki, o təhvil-təslim prosesini fermerin iştirakı olmadan həyata keçirsin. Bu zaman fermer təhvil-təslim nəticələri ilə razılaşmış hesab olunur.
5. Cavabdeh hesabına "xxxx" MMC tərəfindən 3912,20 manat məbləğində vəsait köçürülmüşdür (“xxxx” ASC-nin qəbzi).
6. Işlərin, xidmətlərin təhvil-təslim aktlarına əsasən, iddiaçı tərəfindən ## ###### 2024-cü il tarixdə 1296 manat dəyərində şum, ## ###### 2024-cü il tarixdə 1296 manat dəyərində şumun kip qatının partladılması, ##.##.2024-cü il tarixdə 244,80 manat dəyərində toxum səpini kirə haqqı və 3422,60 manat dəyərində ziqzaq mala, rotasion mala, toxun səpini, ##.##.2024cü il tarixdə 244,80 manat dəyərində kultivasiya kirə haqqı, ## ### 2024-cü il tarixdə 489,60 manat dəyərində dərman səpini, 204 manat dəyərində dərmən səpini kirə haqqı, ##.##.2024-cü il tarixdə 7130 manat dəyərində kombayn yığımı ilə bağlı cavabdehə xidmətlər göstərilmişdir.
7. Fiziki şəxslərə təhvil-qəbulu qəbzlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə ## ##### 2024-cü il tarixdə 22550 manat dəyərində toxum və gübrə, ## ### 2024-cü il tarixdə 4549,92 manat dəyərində dərman, ## ### 2024-cü ildə 3743,17 manat dəyərində dərman, ## ### 2024-cü il tarixdə 4000 manat dəyərində gübrə verilmişdir.
8. ##.##.2024-cü il tarixli ******** nömrəli elektron qaimədən görünür ki, Cavabdeh tərəfindən iddiaçıya 23939,17 manat dəyərində məhsul təhvil verilmişdir.
9. Cavabdehə məxsus məhsulun qəbulu hesabatına əsasən, ümumikdə 20 maşın 439,030 brut çəki, 108.118 (24.63%) tullantı çəkisi, 330,912 net çəki,12.67% şəkərlilik, qiyməti 72,34 qeyd edilmişdir.
10. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş 003118, 003119, 003120 və ****** nömrəli şəhadətnamələrlə Pestisid (herbisid): Betaşans Dabl, EK, Pestisid (herbisid): Qaloşans EK, Pestisid (herbisid): Şanstrel 300, SM, Pestisid (insektisid): Karatoşans EK adlı preparatlar qeydiyyata alınaraq dövriyyəyə buraxılmış, ilkin rəsmləşdirmə tarixi 2020-ci ildə 5 il müdddətinə, təkrar rəsmləşdirmə tarixi isə ##.##.2023-cü il, qeydiyyatın bitmə tarixi isə ##.##.2025-ci il tarixi müəyyən edilmişdir.
11. şahid2 tərəfindən 520 AŞIB Aqro MMC-nin rəhbərinə göndərilən raportlarda baş vermiş hadisəni belə təsvir etmişdir ki; ##.##.2024, Tərtər bölgəsi üzrə hesab kodu 211.17.59.455 Cavabdeh məxsus toplam olaraq 40.80 ha sahənin 25.00 hektarında şəkər çuğunduru bitkisinin inkişafını əngəlləyən kütləvi alaq otları müşahidə edilmişdir. Alaq otlarının məhv edilməsi istiqamətində həyata keçirilmiş kimyəvi mübarizə tədbiri tam yetərli olmamışdır. Alaq otlarının tam məhv edilməsi, eyni zamanda bitki inkişafının bərpası üçün əlavə tədbirlərin alınması gərəkməkdədir. Hadisənin həlli ilə bağlı mütəxəssis rəhbərliyə sahədə mövcud durumu yaxşılaşdırmaq üçün cərgələrarası kultivasiya tətbiqinə, təkrar dərmanlamaya, eyni zamanda mexaniki mübarizənin aparılmasına zərurət vardır. Həmin raport üzrə müəssisə rəhbərinin rəyində qeyd edilmişdir ki, 25 hektarda dərmanlama və kultivator işləri bu həftə edilib uyğunsuzluq aradan qalxacaqdır. ##.##.2024, hazırda alaq otlarının məhv edilməsi istiqamətində mümkün tədbirləri (kimyəvi mübarizə və kultivasiya işləri) həyata keçirilməkdədir. ##.##.2024, tətbiq edilən kultivasiya və kimyəvi mübarizə tədbirlərindən sonra ərazinin bu hissəsində inkişafı qismən təmin edilmişdir. ##.##.2024, ərzidə qismən bitki inkişafı təmin edilmişdir. ##.##.2024, mövcud durum dəyişməz olaraq qalmaqdadır. ##.##.2024, sahədəki ağır durumun aradan qaldırılması istiqamətində ciddi tədbirlər alınmamışdır. ##.##.2024, mövcud uyğunsuzluq səbəbilə 40.80 ha sahənin 17.8 ha bitki məhvi baş vermişdir. Geri qalan 23.00 ha sahədən əldə edilən hektar başına verimlilik 14.39 ton/ha təşkil etmişdir. Hadisənin həlli ilə bağlı mütəxəssis rəhbərliyə sahədə mövcud durumu yaxşılaşdırmaq üçün cərgələrarası kultivasiya tətbiqinə, təkrar dərmanlamaya, eyni zamanda mexaniki mübarizənin aparılmasına zərurət vardır. Həmin raport üzrə müəssisə rəhbərinin rəyində qeyd edilmişdir ki, 25 hektarda dərmanlama və kultivator işləri bu həftə edilib uyğunsuzluq aradan qalxacaqdır.
12. AŞIB AQRO MMC-nin ofis aqronomu şahid1, sahə aqronomu Zaur Qaraşov və Mütalib Müzəffərlinin tərtib etdikləri aktdan görünür ki, sahə aqronomlarının öhdələrində olan çuğundur sahələri üzrə fermerlərə vermək üçün karbomid tərkibli 15 IT(15000) kq gübrənin müddəti köhnədir, yəni daşdaşmış un halına düşmüş, kisələri dəyişdirilmişdir, gübrə anbara geri qaytarılmışdır.
13. Iddiaçı ## ##### 2025-ci il tarixli pretenziya ilə cavabdehə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
14. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26433 manat 84 qəpik borcun və 170 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-ci tarixli 211.17.59.*** saylı şəkər çuğunduru üzrə qarışıq müqaviləsinə əsasən cavabdeh 40.80 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu “xxxx” MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cəmiyyət tərəfindən cavabdehə 14630 manat dəyərində şəkər çuğunduru toxumu, 8293 manat dəyərində dərman, 11920 manat dəyərində gübrə, 11617,64 manat dəyərində aqrotexniki xidmət satılmış və 3912,20 manat avans pul ödənilmişdir. Nəticədə cavabdehin cəmiyyətə 50372,84 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən isə cəmiyyətə 23939 manat dəyərində məhsul təhvil verilmişdir. Təhvil verilmiş məhsulun dəyəri hissəsində cavabdehin borcu azaldılmışdır. Son olaraq cavabdehin cəmiyyətə 26433,84 manat borcu qalmışdır. Cavabdehin borclu olması təhviltəslim aktlarında və ödəniş tapşırıqlarında öz əksini tapmışdır.
16. Cavabdeh qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, onunla cavabdeh “xxxx” MMC arasında bağlanmış ##.##.2023-ci tarixli 211.17.59.*** saylı şəkər çuğunduru üzrə qarışıq müqaviləyə əsasən cavabdeh “xxxx” MMC-nin onun qarşısında götürdüyü öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi səbəbindən ona vurulmuş maddi zərərin əvəzi olaraq 150000 manat, işgüzar nüfuzuma dəymiş zərərin əvəzi olaraq 30000 manat və mənəvi zərərin əvəzi olaraq 20000 manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödədiyi 490 manat pul vəsaitinin cavabdeh “xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırlmışdır ki, onunla cavabdeh “xxxx” MMC arasında bağlanmış ##.##.2023-ci tarixli 211.17.59.*** saylı şəkər çuğunduru üzrə qarışıq müqaviləsinə əsasən 40.80 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu “xxxx“ MMC-yə satmağı öhdəsinə götürmüşdür. Onun müqaviləni icra etməyi üçün cavabdeh ona müvafiq köməklik göstərməli və o da həmin kömək sayəsində öz öhdəliyini yerinə yetirməli idi. Lakin müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur və bu səbəbdən də ona zərər (maddi zərər və işgüzar nüfuza dəymiş ziyan) dəymişdir. Belə ki, müqavilənin 3.3-cü bəndinə əsasən o istehsal etdiyi şəkər çugunduru məhsulunu cavabdeh tərəfindən müəyyənləşdirilmiş qrafikə uygun olaraq öz vəsaiti hesabına alıcının zavoduna daşımaqla təhvil verməlidir. Müqavilə üzrə əkin sahəsi 70 ha-dan az olan fermer yıgım kombaynın əkin sahəsinə aparılmasını və geri qaytarılmasını öz vəsaiti hesabına təmin etməlidir. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurdugu zərərə (maddi zərər və işgüzar nüfuza dəymiş ziyana) görə məsuliyyət daşıyır və vurdugu zərərin əvəzini tam həcmdə ödəməlidir. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi), eləcə də qüsurlu və keyfiyyətsiz xidmət (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki xidmət) göstərməsi nəticəsində onun özünün çəkdiyi şəxsi xərc və “xxxx” MMC tərəfindən göstərilən xərc nəticəsiz qalmışdır və ona təxminən 200000 manat məbləgində zərər (maddi zərər və işgüzar nüfuza dəymiş ziyan) dəymişdir. Belə ki, əkilən 40 ha çugundur sahəsinin hər hektarından orta hesabla 50 ton məhsul, bu əsasla da cəmi 2000 ton çugundur məhsulu götürməli oldugu halda cəmi 330 ton çugundur məhsulu əldə edilmişdir. Bu ziyanın əsas səbəbi alaq otlarına qarşı mübarizədə “xxxx” MMC tərəfindən verilmiş dərmanların və çugundur məhsulunun inkişafına müsbət təsir göstərəcək gübrələrin keyfiyyətsiz olması olmuşdur. Digər səbəblərdən biri isə müqavilə şərtinə əsasən göndərilən məhsulun çəkilməsində və şəkərliliyin müəyyən edilməsində laboratoriya analizlərində mülkiyyətçinin özünün yaxud, səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməməsi olmuşdur. Çugundur məhsulu “xxxx” MMC-nin öz kombaynı ilə yıgıldıgı üçün göstərilən zibillikdə məhsulu yıgmazdı və yaxud həmin zibillikdə məhsulu qəbul etməzdi.
18. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 2024-cü ildə əkin edilmişdir. Qarşı tərəfə 50372,84 manatlıq xərc çəkilmişdir. Təqdim edilən sənədlər bütün məbləğləri əhatə edir. Təqdim edilmiş qeydiyyat şəhadətnaməsi verilməyən heç bir dərmanın satışına icazə yoxdur. Bitkiyə aqro-texniki qulluq etmək vəzifəsi fermerin üzərinə düşür. Alağa qarşı dərmanın gec verilməsi fermerin işidir. Məhsulun yaxşı olmamasının səbəbi düzgün aqro-texniki qulluq edilməməsidir. Qarşı tərəfin doğma qardaşı əməkdaş kimi həmin ərazinin ərazi aqronomu idi. Əraziyə nəzarəti şahid1 həyata keçirmişdir. Müəssisənin inspektoru 29 mayda əraziyə baxış keçirmişdir, 25 hektar ərazidə məhsulun inkişafını əngəlləyən alaq otlarının olduğunu qeyd etmişdir. Ərəstun müəllimin verdiyi raportlar əsasında işləri fermerin özü görməli idi, müəssisənin fermerin əvəzinə hər hansı işləri gördürmək öhdəliyi yoxdur. Ərəstun müəllimin raportlarından sonra müəssisə tərəfindən dəqiq olaraq hansı işlərin görüldüyünü bilmir. Müəssisə tərəfindən görülən bütün işlərlə bağlı sənədləri məhkəməyə təqdim etmişlər. Təqdim edilən sənədlərə uyğun olaraq deyə bilər ki, dərmanlamanı müəssisə bir dəfə etmişdir. 05 mayda verilən dərmanı ola bilsin ki, qarşı tərəf özü səpdirmişdir. Ola bilər ki, dərmanı müəssisədən iki dəfə alıblar, ancaq bir dəfə müəssisənin aparatdan istifadə olunmasını qeyd etmişlər. Alaq dərmanlarının nə vaxt vurulduğunu dəqiq bilmir, ancaq bu dərmanlar vaxtında vurulmalı idi ki, təsir etsin. Dərmanla mübarizə alağı tam məhv etmir, mütləq fiziki olaraq da mübarizə aparılmalıdır. Əvvəllər zavod özü daşımanı həyata keçirirdi, son 3-4 ildir ki, vətəndaşlar özü həyata keçirir. Məhsul yığımını müəssisənin kombaynı həyata keçirir. Kombayn məhsulu yığanda qarşı tərəfin özü orada olmuşdur. Anbara təhvil verilərkən özü və ya səlahiyətli nümayəndəsi iştirak etməli idi, o isə gəlməmişdir, sürücü gətirib malı təhvil vermişdir. Zavoda gələndə tərəzidən çəkilməsinin, həm də laboratoriya keçməsinin qeydiyyatı elektron qaydada aparılır. Tərəzi qəbzlərində malın çəkisi, maşınla birlikdə çəki, net çəki və s. göstərilir. Bunların hamısını elektron olduğu üçün yazılı sənəd tərtib edilmir. Sahə alaqlı olduğu üçün cavabdehin məhsulu zibilli olmuşdur. Məhsulun tərəzidə çəkilməsi və laboratoriya yoxlanışı zamanı müsəssisə müqavilədə qeyd etmişdir ki, fermerin özü və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi bu proseslərdə iştirak etməlidir. Ancaq tərəf özü gəlmədiyi halda müəssisə məcbur deyil ki, onun iştirakını təmin etsin. Belə olan halda müəssisə müqavilədə qeyd etmişdir ki, tərəf tərəzinin və laboratoriya yoxlanışının nəticəsi ilə avtomatik razılaşır. Həmçinin sürücü səlahiyyətli nümayəndə kimi məhsul qəbulu zamanı iştirak edə bilməzdi, çünki onun etibarnaməsi yox idi. Mal təhvil verilərkən cavabdehin qardaşı aqronom olduğu üçün o gəlmişdir. Hətta yazışmalarda görmüşdür ki, müəssisənin rəhbərliyi məhsulun çox faizinin zibilli olduğuna görə qəbulundan imtina etmək istəyəndə cavabdehin qardaşı razılaşmayıb, məhsulun qəbul edilməsini xahiş edib. O özü də göndərilən məhsulun şəkilləri ilə tanış olmuşdur. Həmin şəkillərdən görünür ki, çuğundurun içində böyük qurumuş torpaq qırıqları vardır. Kombayn məhsulu elə torpaqlı yığa bilməz. Ola bilər ki, məhsulda 5-6 faiz kirlilik olur, elə də olur ki 50 faiz məhsul kirli olur, məhsulun kirliliyi göndərilən məhsuldan asılıdır. Odur ki, cavabdeh analiz nəticəslərinə etiraz edə bilməz çünki o bu proseslərdə iştirak etməmişdir. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi şəkillər ona məxsus deyildir, həmin şəkilləri müəssisənin “whatsapp” tətbiqində olan qruplarındakı yazışmalara Bəhmən müəllim atmışdır. Qarşı tərəf də onları götürüb məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş şəkillər qarşı tərəfin sahəsinə məxsus deyildir. Qarşı tərəfin təqdim etdiyi aktın da qəbul edilməməsini xahiş edir, çünki həmin aktı öz aralarında tərtib edib imza etmişlər. Qarşı tərəfin təqdim etdiyi rəy sübut qismində nəzərə alınması üçün təqdim edilmişdir, lakin bu sənədi baxış iclası zamanı təqdim etmişdir, ona görə sübut qismində nəzərə alınmamasını xahiş edir. Ona görə də ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş edir.
19. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərmişdir ki, gübrələrin şəkillərini çəkmişdir. Gübrələr bir dəfə aqronom tərəfindən geri qaytarılmışdır. Alaq dərmanı keyfiyyətsiz olduğuna görə alağı öldürməmişdir, ona görə məhsul zibilli olmuşdur. O alağı bir dəfə şəxsi vəsaiti hesabına fəhlə tutub təmizlətdirmişdir. Əsas əraziyə baş aqronom nəzarət etmişdir. Mütəxəssis əraziyə baxanda mütəxəssisə, alağın çox olduğunu demiş, daha sonra gəlib dərmanlamışlar, bir həftəyə alağı məhv edəcəyini demişlər, lakin dərman alağı məhv etməmişdir. Hikmət müəllim demişdir ki, dərman bir həftəyə alağı məhv edəcək, lakin o özü də görmüşdür ki, bu dərman alağa təsir etmir. Dərmanlamanı onun iştirakı ilə sahə aqronomu aparmışdır. O neçə ildir ki, əkin əkir. Alaq dərmanı vaxtında və düzgün qaydada vurulmuşdur, lakin keyfiyyətsiz dərman olduğuna görə alağı öldürməmişdir. Həmçinin yağış çox yağdığı üçün alaq çoxalmışdır. Ilk dəfə dərman vurulanda Arif müəllim də görmüş, demişdir ki, bir həftəyə dərman təsir edəcək, lakin dərman təsir etmədiyindən ikinci dəfə dərmanlatdırmışdır. Məhkəməyə təqdim etdiyi diskdə çuğundurun, alağın, gübrənin foto şəkilləri vardır. Onun sahəsində üç dəfə dərmanlama olmuşdur və vaxtında vurulmuşdur, dərman keyfiyyətli olsaydı bu qədər alaq əmələ gələ bilməzdi. Ərəstun müəllim bildirir ki, o gizli gəlib getmişdir. Əksinə ona məlumat verməli, köməklik göstərməli idi. Müəssisə onun sahəsində üç dəfə dərmanlama etmişdir. Işlərin hamsını qarşı tərəf görməmişdir, qarşı tərəfin gördüyü işlər də olmuşdur, özünün gördüyü işlər də olmuşdur. O hektarına 310 manat kombayna yığım üçün pul vermişdir. Məhsulu qarşı tərəf yığmışdır və təhvil verilən şəkər çuğundurunun pulundan tutmuşdur. 40 hektarı şirkət şumlamışdır. Riper işini də 40 hektarda şirkət etmişdir. Mala işini də şirkət görmüşdür. Ümumi olaraq üç dəfə dərmanlama aparılmışdır, dərmanlamanı Mütalib adlı sahə aqronomu gəlib aparmışdır, o özü dərman alıb dərmanlama etməmişdir. Dərmanı Mütalib qarışdırmış, traktorun arxasındakı aparata tökmüş və dərmanı onunla səpilmişdir. Ilk dəfə may ayının 10-15-də birinci dərmanlama olmuşdur. Ikinci dərmanlamanı birinci dərmanlamadan 10 gün sonra şirkət aparmışdır, 3-cü dərmanlamanı da ikincidən 10-15 gün sonra şirkət aparmışdır. Ona dərmanı ancaq şirkət vermişdir. Dərman demək olar ki, bütün sahədə eyni nəticə vermişdir. 25 hektarda da onun gözlədiyi qədər məhsul olmamışdır. Təqdim etdi foto şəkillərin bir çoxu ona məxsus sahədə çəkilmişdir. Məhsul təhvil verilən zaman o sahədə işin üstündə olmuş, malı sürücü aparıb təhvil vermişdir. O tələb etmişdir ki, sürücü tərəzidə çəkiləndə və laboratoriya yoxlanışında iştirak etsin lakin buna imkan yaratmayıblar. Sürücünün etibarnaməsi olmamışdır. Lakin tərəzi çəkilində və laboratoriya yoxlanışında onun iştirakını təmin etmək iddiaçının vəzifəsi idi. Onun məhsulu yığılan zaman qeyd edilən qədər torpaqlı deyildi. Ona məhsulun zibilliyi haqqında və onun zavoda boşaldılıb-boşaldılmamasına dair məlumat verməmişlər. Məhsul qəbul ediləndə onun iştirakı təmin edilməli idi, zibillik 25 faizdən çox olduğuna görə məhsulu iddiaçı geri qaytarmalı idi. 530 ton çuğundur təhvil vermiş, 330 ton xalis çəki gəlmişdir. 200 ton zibilə getmişdir. Ona görə də ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş edir.
20. Məhkəmə iclasına mütəxəssis kimi dəvət edilmiş mütəxəssis1 izahatında göstərmişdir ki, o ərazilərin müşahidəsi üçün hər həftə rayonlarda olur. Cavabdeh məxsus sahədə çuğundur əkilmişdir. O həmin ərazinin müşahidəsini aparmışdır. Birinci dəfə may ayının 10-da sahəyə getmişdir. Həmin vaxt Cavabdeh da orda olmuş, onda alaq az olmuş, sahənin nəyə görə alaqlı olduğunu Cavabdeh soruşanda bildirmişdir ki, 3 gün əvvəl alağa qarşı dərman vurmuşdur. Daha sonra yenə həmin əraziyə gedəndə sahəsi yenə alaqlı olduğunu, bitkinin təxminən 20-25 sm böyüdüyünü görmüşdür. Ikinci dəfə may ayının 20-dən sonra təxminən mayın 20-25 arası o Cavabdeh sahəsinə getmiş, soruşanda Cavabdeh ona 3-4 gün qabaq dərman vurulduğunu bildirmişdir. O həmin ərazinin aqronomu ilə telefonla danışanda ona dərmanın alağa öz təsirini göstərəcəyini bildirmişdir. Cavabdeh özü alaq dərmanı vurduqlarını dediyindən aqronomdan da soruşmuş, aqronom da alaq dərmanı vurduqlarını bildirmişdir. Məhsuldarlığın az olmasına səbəb sahənin alaqlı olması olmuşdur. Birinci dəfə getdiyi vaxt dərmanlamaqla alağın qarşısını almaq olardı. Ikinci dəfə sahəyə gedəndə alaq böyümüşdü. O Cavabdeh ərazisinə ilk dəfə baxanda artıq alaq torpaqdan qalxırdı, yəni dərmanın vaxtı idi, o zaman Cavabdeh bildirmişdir ki, alağa fikir versin, alağın qarşısını alsa məhsulun olacaq. Dərmanlama üzrə mütəxəssis olmasa da bilir ki, dərman vurulan zaman havada müəyyən istilik olmalıdır. Həmin vaxt alağa dərman vurula bilərdi. Ikinci dəfə gedəndə alağın olduğu kimi qadığını görmüşdür. Alaq bitkiyə imkan vermir ki, o özünə lazım olan qida maddələrini sovursun. Gübrə verib vermədiklərini bilmir, ancaq bu zaman da alaq gübrədən istifadə edib daha da çox yayılacaqdı. 25 hektarı alaqdan təmizləmək üçün o qədər alaqçı tapmaq çətin məsələdir. Çünki əkin sahələri çoxdur, alaqçılar isə azdır. Həmçinin 1 hektara 20 alaqçı lazımdır. Fermer onların başında durub işlərinə nəzarət etməlidir. Bu isə qeyri-mümkündür. Herbisitlər sahəni bütün alaqdan təmizləyə bilməz, təxminən 70-80 faizini təmizləyə bilər. Dərmanların suya qatılma faizini ancaq aqronom bilə bilər. Dərmanın məqsədi odur ki, fermer əlavə xərcə düşmədən alağın qarşısını alsın. Dərman keyfiyyətli olarsa 40 hektar sahəni alaqdan təmizəyə bilər. Dərmanlamadan sonra yağıntı olsa da, olmasa da 3 günə öz təsirini göstərməlidir. Havanın yağmurlu olmasına görə şəkər çuğunduru palçıqlı, torpaqlı ola bilir, belə olan halda onu zibil kimi nəzərə alırlar. Kombayn nasaz olarsa çuğunduru torpaqlı yığa bilər. 439030 kq maldan 108 ton zibil çıxması inandırıcı deyil. Məhsulun 15-16 faiz kirli olması ortalama kirlilikdir. Məhsulun həddən artıq kirli getməsinə səbəb isə kombaynın nasaz olması ola bilər.
21. Məhkəmə iclasında mütəxəssis kimi dəvət edilmiş mütəxəssis2 izahatında göstərmişdir ki, hər hansı bitkinin becərilməsi zamanı texnoloji xəritəyə, aqrotexniki qaydalara riayət edilməlidir. Bu qaydalara riayət edilməsə yüksək məhsuldarlıq əldə etmək olmaz. Hesab edir ki, bu mübahisə üzrə qeyd etdiyi texnoloji xəritəyə hardasa tam riayət edilməmişdir. Alaq dərmanlanması zaman alaq körpə olmalıdır, o artıq böyüsə və qalınlaşsa ancaq əl ilə müdaxilə edilməlidir, dərman belə olan zaman işə yaramır. Əl ilə təmizləmə isə böyük sahələrdə alınmır. Ona görə ancaq dərmanlanır. Həmçinin dərmanın üzərində neçə ml dərmana neçə ml su qatmaq lazim olduğu qeyd edilir. Dərman düzgün hazırlanarsa o mütləq ki, işə yaramalıdır. Əgər su çox olsa dərman işə yaramayacaq, əgər dərman çox olarsa bu zaman məhsulu da yandırar. Alağın məhsuldarlığa təsiri böyükdür. Alaq çox olan da torpaqakı qidadan istifadə edir, həmçinin günəşin qarşısını alaraq şəkər çuğunduruna günəş düşməsinə imkan vermir. Bəzi alaq növü varkı 3-5 günə çıxır. Bir dərman bütün alaq otlarına təsir edə bilməzdi. Elə dərman var bitki seçicilik qabiliyyəti azdır, yenə də bitki varsa onu məhv edir. Şəkilə baxıb gübrənin keyfiyyəti barədə məlumat vermək olmaz. Fəhlə günlük 20-22 manata sahədə işləyir. Hesab edir ki, mexaniki yolla sahəni alaqdan təmizləmək böyük vəsait tələb etdiyindən fermer bunu etdirməmişdir.
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, o müstəqil fəaliyyət gösətirir, heç kəsə məlumat vermədən sahələri kontrol edir. Onun fəaliyyətinə xələl gəlməsin deyə fermerlərlə görüşmür. Onun işi bölgələrdə əkilən şəkər çuğunduruna müntəzəm kontrol aparmaq, müşaiət etdiyi uyğunsuzluqları rəhbərliyinə və fermerin bağlı olduğu müəssisənin aqronomlarına xəbər verməkdir. Bəzən o məxfi olaraq gəlir, fermeri axtarmır, aşkar etdiyi problemi fermerin birbaşa bağlı olduğu aqronoma məlumat verir, daha sonra ofis aqronomuna məlumat verir. Onun Cavabdeh sahəsi ilə bağlı vaxtilə rəsmi qaydada rəhbərliyə ünvanladığı raport vardır. Cavabdeh sahəsində ilk yoxlaması səpindən bir müddət sonra aparılmışdır. O həmin sahədə alaq otlarının kütləvi sirayətlənməsini müşaiət etmişdir. Bu barədə raportla yanaşı fermerin məxsus olduğu aqronomlara telefonla məlumat vermişdir. Bu zaman şahid1, yəni fermerin qardaşı ona bildirmişdir ki, kimyəvi dərmanlar vasitəsi ilə alağa qarşı tədbir görəcəklər. Cavabdeh sahəsinə ikinci dəfə 02 iyul tarixində yoxlamağa getmişdir. Bu zaman alaq otlarının kimyəvi mübarizəyə tabe olmayan vaxta çatdığını görmüşdür. Tövsiyyə etmişdir ki, alağa qarşı mexaniki mübarizə tədbirləri görülsün. Çünki kimyəvi mübarizə alağın həssas olduğu dövrdə aparılmalıdır. Üçüncü dəfə yoxlama zamanı müşaiət etmişdir ki, alaq otları artıq toxumlama mərhələsindədir. Yeganə yol mexaniki mübarizə tədbirləri idi, lakin bu tədbirlər də həyata keçirilmədi. Ilk dəfə 29 mayda dərmanlanmışdı. Alaq böyük olduğu üçün dərman ona təsir etməmişdir. Dərmanlama alaq otlarının ilkin inkişaf mərhələsində edilməli idi. Bəzən martda əkin əkilir aprel ayının ilk 10 günündə alağa qarşı kimyəvi mübarizə tədbirləri görülür. Sahəyə birbaşa cavabdehliyi Mütalib Müzəffərli daşıyırdı, o müşahidə etdiyi vəziyyətlə bağlı ofis aqronomu şahid1 məlumat verməli idi. şahid1 da Hikmət Cəfərova məlumat verməli idi. Onların hamısının sahənin vəziyyəti ilə bağlı məlumatları var idi, lakin lazimi tədbirlər düzgün görülmürdü. Dərmanlama vaxtında aparılmalı idi. Bəzən fermerlər aqronomu qabaqlayır və sahəsində olan vəziyyətlə bağlı aqronomdan qabaq xəbər verirlər. Alaq böyüyəndən sonra yeganə yol mexaniki qaydada alağı təmizləməkdi. 40 hektarin 25 hektarında vəziyyət daha gərgin idi. Digər sahədə isə alaq otları çox az və seyrək idi. 25 hektar da isə alaq otları bitkidən yaxşı inkişaf edirdi. Hər dəfə Loğman müəllimlə sahədə olan vəziyyətlə bağlı məlumat vermişdir. Alağın dərmanlanması vaxtı gec də ola bilər, tez də bu məhsulun inkişafından asılıdır. Hazırda cavabdehin ərazində ilk dərman bir ay sonra edilmişdir, müəssisə adaətən alağın ilk cərgələri göründüyü vaxtdan, yəni əkindən 13-15 gün sonra dərmanla mübarizəyə başlayır. Cavabdeh yerində alağın bu qədər olmasına səbəb onun fikrimcə kimyəvi mübarizənin vaxtında aparılmaması olmuşdur, həmin sahəyə o dərmanlamadan 9 gün sonra getmiş, o vaxta kimi dərman artıq effekt göstərməli idi, lakin dərman təsir etməmişdir. Məhsul qəbul edilən zaman fermer mütləq iştirak etməlidir. Lakin ərazidə işləməklərini səbəb gətirərək bu işi sürücülərə həvalə edirlər. Müəssisə qərar vermişdir ki, sürücü ümumiyyətcə maşından düşməsin. Zavodda proseslər avtomatlaşdırılmış qurğular vasitəsi ilə həyata keçirilir və rəhbərlik tərəfindən izlənilir. Fermerlər məhsul təhvil verən zaman mühafizəyə yaxınlaşaraq qeydiyyatdan keçib içəri keçə bilərlər. Məhsulun zibillilik faizi çox gələn zaman onlar fermerə və ya onun bağlı olduğu aqronoma məlumat verirlər, fermer razı olarsa məhsul zavoda boşaldılır. Adətən 10 faizdən çox zibillik olanda bunu fermerə bildirirlər, məhsulun zavoda boşaldılıb-boşaldılmamasına dair fermerlə razılaşırlar. Elə olmuşdur ki, məhsulun 60 faizi zibilli olmuşdur. Fermer gəlib məhsulun təhvil-təslimində iştirak etməlidir. Adətən müqavilə bağlayan zaman fermerin maddi və texniki vəziyyətinə diqqət edirlər. Fazil müəllimin sahəsinə o ilk dəfə gedəndə Loğman müəllimə bildirmişdir ki, bu torpaqda çuğundurun becərilməsi çətin olacaqdır.
23. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, o 13 il "xxxx" MMC-də işləmiş, 8 rayona nəzarət etmiş, heç vaxt da fermerlərlə narazılıq yaşamamışdır. Lakin sonradan 2024-cü ildə şirkət tərəfindən verilən dərman və gübrələrdən o da narazı qalmışdır. Bir dəfə də gübrəni podratçıya geri qaytarmışdır. Cavabdeh şikayəti əsasında əraziyə getmiş, ikinci dəfə gələn gübrəni geri qaytarmışdır. Gübrəni geri qaytaranda şəkillərini çəkmiş, aqronomlar da iştirak etmişdir. Gübrəni geri qaytaranda akt tərtib etmişlər, lakin gübrənin keyfiyyətsizliyi ilə bağlı ekspertiza keçirməmişlər. Görünüşdən gübrənin keyfiyyətsiz olduğunu müəyyən etmişlər. Alaqdan xəbərdar olmuş, bu barədə müəssisəyə xəbər vermiş, müəssisədən də, DAIM-dən də gəlib baxmışlar. Dərman vurmuş, gözləmişlər, lakin dərman təsir etməmişdir. Dərman vurulandan sonra əraziyə fiziki qüvvə salmaq olmazdı, çünki həm dərmanın təsiri ölə bilərdi, həm də insana ziyan ola bilərdi. Dərmanlamadan sonra 14 gün ərzində sahəyə adam girə bilməz. 14 gündən sonra bir də dərman vurmuşlar, bu da təsir etməmiş, 28 gün müddətində alaq böyümüşdür. Gübrə və ya dərmandan nümunə götürməmişdir.
24. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinic instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim Gülnaz Quliyeva) ilə, iddiaçının cavabdehə qarşı pul və cavabdehin iddiaçıya qarşı qarşılıqlı tələb üzrə pul tələblərinə dair iddiaları rədd edilmişdir.
25. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ## ###### 2023-ci il tarixdə tərəflər arasında alqı-satqı, xidmət və birgə fəaliyyət müqavilələrini ünsürlərini özündə cəmləşdirən müqavilə bağlamış, həmin müqaviləyə əsasən alıcı fermer tərəfindən ona təhvil veriləcək şəkər çuğundurunun dəyərini fermer üçün aqrotexniki xidmətlər göstərməklə və toxum, pestisidlər, gübrə təhvil veməklə həyata keçirməyi. fermer isə ona görülmüş işləri və malları qəbul edib müqavilə əsasında razılaşdırılmış miqdarda şəkər çuğundurunu istehsal edərək mülkiyyət hüququ əsasında alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Bu məqsədlə fermerə Tərtər rayonu Çaylı kəndində yerləşən 40 hektar torpaq sahəsində avans olaraq pul vəsaiti, məhsul (toxum, gübrə və dərman) vermiş, xidmətlər (şum, mala, kultivasiya, dərmanlama və yığım) göstərmişdir. “xxxx” MMC iddia tələbində fermerə ümumikdə 50372,84 manat pul vəsaiti, mal verdiyini və xidmət göstərdiyini, fermerin isə 23939 manat dəyərində məhsul təhvil verdiyini, 26433,84 manat borcu qaldığını bildirmişdir.
26. Məhkəmə təqdim edilən pulun köçürülməsi ilə bağlı qəbz, malın verilməsi ilə bağlı qəbzlər, xidmətin göstərilməsi ilə bağlı aktlar və məhsulun fermer tərəfindən təhvil verilməsi ilə bağlı qaimədən görünür ki, həqiqətən fermerin 40 hektar torpaq sahəsində şəkər çuğunduru əkib-becərməsi və alıcıya təhvil verməsi üçün ümumikdə 50372,84 manat xərc sərf edilmiş, fermer 23939 manat dəyərində məhsul təhvil vermişdir. Bu işin mübahisəsiz halıdır.
27. Məhkəmə hesab etmişdir ki, ilk iddia təmin edilməməlidir. Belə ki, tərəflərin izahatları, iş üzrə dinlənilmiş mütəxəssislərin izahatları, dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərdən görünür ki, fermer Cavabdeh şəkər çuğunduru əkdiyi 40 torpaq sahəsində alaq otlarının sirayətlənməsi, alaq otlarının inkişaf etməsi səbəbindən şəkər çuğunduru bitkisi yaxşı inkişaf edə bilməmiş, bu səbəbdən məhsuldarlıq aşağı olmuşdur. Fermerin sahəsində mövcud vəziyyətlə bağlı müəssisənin də, müəssisənin aqonomunun, habelə sahə aqronomlarının məlumatı olmuşdur.
28. Belə ki, müəssisənin müfəttişi olan şahid2 2024-cü ilin may ayından (iş materiallarında olan aktlara əsasən şum işləri yanvar, əkin işləri isə aprel ayında aparılmışdır) etibarən hər ay sahəni yoxlamağa getmiş, vəziyyətlə bağlı rəhbərliyə məlumat vermiş, şəkər çuğunduru bitkisinin inkişafını əngəlləyən kütləvi alaq otları müşahidə etdiyini, alaq otlarının məhv edilməsi istiqamətində həyata keçirilmiş kimyəvi mübarizə tədbirinin tam yetərli olmadığını bildirmiş, alaq otlarının tam məhv edilməsi, eyni zamanda bitki inkişafının bərpası üçün əlavə tədbirlərin alınmasının gərəkli omasını, sahədə mövcud durumu yaxşılaşdırmaq üçün cərgələrarası kultivasiya tətbiqinə, təkrar dərmanlamaya, eyni zamanda mexaniki mübarizənin aparılmasına zərurət olduğunu vurğulamışdır. Təqdim edilən həmin raportlara isə müəsissə rəhbərliyi tərəfindən dərmanlama və kultivator işlərinin görülüb uyğunsuzluğun aradan qaldırılacağı bildirilmişdir.
29. Iş materiallarında olan xidmət aktlarından və malın verilməsi ilə bağlı aktlardan görünür ki, fermerə yalnız dərman 2024-cü ilin may ayında verilmiş, 2024-cü ilin may ayında isə müəsissə bir dəfə dərmanlama aparmışdır. Ilk iddia üzrə cavabdeh sahədə üç dəfə dərmanlama işləri həyata keçirildiyini bildirmişdir. Həmin aktlara əsasən də cəmi bir dəfə kultivasiya işi görülmüşdür. 2024-cü ilin may ayından sonra həmin sahədə hər hansı bir dərmanlama, kultivasiya işləri və ya hansısa xidmətin müəssisə tərəfindən görülməsi müəyyən edilmir. Halbuki, müqavilə üzrə şəkər çuğundurunun istehsalı üçün aqrotexniki xidmətlərin göstərilməsini, toxum, dərman, gübrə təhvil veilməsini müəssisə öz üzərinə götürmüşdür. Və bu müqavilə üzrə həmin işlərin görülməsinin fermerin sifarişi əsasında həyata keçirilməsi ilə şərtləşdirilməmişdir. şahid2 ifadəsindən və iş materiallarına əlavə edilmiş onun müəssisənin rəhbərliyinə ünvanladığı raportlardan görünür ki, mövcud vəziyyətin aradan qaldırılması üçün təkliflər təqdim olunsa da nə fermer, nə də müəssisə əkilmiş şəkər çuğundurunun məhsuldarlığının yaxşı olması ilə bağlı hər hansı tədbir görməmişdir. Məhkəmə qeyd edir ki, məhsuldarlığın aşağı olması fermer qədər müəssisənin də məlumatı olsa da, tədbir görüləcəyini bildirsə də müqavilə üzrə öz öhdəliklərinə vaxtlıvaxtında və düzgün yanaşmamasının nəticəsidir ki, ilk iddianın təmin edilməsi əsaslı sayılmır.
30. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı onun fəaliyyət göstərməsi üçün müəssisənin verdiyi gübrə və dərmanların keyfiyyətsiz olduğundan məhsuldarlığının aşağı olduğunu, həmçinin təhvil vediyi məhsulun çox zibilə çıraxıladığını, məhsulun düzgün çəkilmədiyini, bu səbəblərdən ona həm maddi, həm mənəvi ziyan vurulduğunu bildirmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflərin izahatları, şahid ifadələri və mütəxəssis izahatları ilə müəyyən edilir ki, əkilmiş sahənin 2024-cü ilin may-iyun ayı ərzində dərmanlanması alağın qarşısını lazımınca almamışdır. Lakin femerə verilmiş dərmanların keyfiyyətsiz olması ilə bağlı qarşılıqlı iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Dərmanların alağın qarşısını yetərincə almaması həmin dərmanların keyfiyyətsiz olması kimi qiymətləndirilə bilməz. Həmçinin gübrənin də keyfiyyətsiz olması ilə bağlı qarşılıqlı iddiaçı məhkəmədə yə hər hansı sübut təqdim etməmişdir. Təhvil verilən məhsulla bağlı məhkəmə bildirir ki, Cavabdeh məxsus məhsulun qəbulu hesabatında təhvil verilən malın 20 maşın 439,030 brut çəkidə gəlməsi, 108.118 (24.63%) tullantı müəyyən edilməsi, 330,912 net çəki, 12.67% şəkərlilik, qiyməti 72,34 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə əsasən təhvil verilən şəkər çuğundurunun çəkisinin və şəkərlilik dərəcəsinin müəyyənləşdirilməsi alıcıya məxsus tərəzidə və laboratoriyada fermerin iştirakı ilə həyata keçiriləcəkdir. Fermer və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi istehsal etdiyi məhsulun alıcıya təhvil veildiyi zaman çəkinin müəyyən olunması məqsədilə tərəzidə və keyfiyyətin yoxlanılması məqsədilə laboratoriya analizi proseslərində iştirak etməlidir. Fermer üzürsüz səbəbdən alıcını əvvəlcədən xəbərdar etmədən bu iki proseslərdən hər hansı birində və ya hər ikisində iştirak etmədikdə. Alıcının hüququ vardır ki, o hətvil-təslim prosesini fermerin iştirakı olmadan həyata keçirsin. Bu zaman fermer təhvil-təslim nəticələri ilə razılaşmış hesab olunur. Lakin fermer məhsulun çəkilməsində nə özü iştirak etməmiş, nə də səlahiyyətli nümayəndəsini göndərməmişdir. Iştirak etməməsini isə özünün sahədə olduğunu, məhsulun sürücülər tərəfindən aparıldığını, sürücülərin onu təmsil etdiyini, sürücüləri isə yoxlama zamanı buraxmaqıqlarını bildirmişdir. Məhkəmə qeyd edir ki, fermerin sürücülərə onu təmsil etmək üçün səlahiyyət verməsi ilə, habelə özünün isə üzürlü səbəbdən yoxlamada iştirak etməməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də qarşılıqlı iddiaçı tərəfindən iddia ərizəsində göstərdikləri hər hansı bir sübutla təsdiq edilmir. Həmçinin ilkin iddiaçının çəkdiyi xərclərdən əlavə özünün də xərc çəkməsi, bununla bağlı maddi ziyana düşməsi, mənəvi ziyan çəkməsi və işgüzar nüfuzuna xələl gəlməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də qarşılıqlı iddia da təmin ediməməliidr.
31. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.4, 442, 445.1, 445.2, 448.1, 448.2, 567-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
32. Iddiaçı və cavabdeh apellyasiya şikayətləri ilə məhkəməyə müraciət edərək iddiaçı qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin edilməsi, cavabdeh qətnamənin qarşılıqlı iddianın təmin edilməməsi hiussəsində ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
33. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilnin 1.1 bəndində qeyd edilirki, Müqavilənin mövzusu: “Hazırki müqavilə əsasında Alıcı bu müqavilə əsasında Fermer tərəfindən ona təhvil veriləcək şəkər çuğundurunun (bundan sonra Məhsuladlandırılacaq) dəyərini Fermer üçün aqrotexniki xidmətlər göstərmək və toxum, pestisidlər və gübrə təhvil verməklə həyata keçirməyi, Fermer isə ona görülmüş işləri və təhvil verilmiş toxumu, pestisidlər, gübrəni qəbul edib bu müqavilə əsasında razılaşdırılmış miqdarda şəkər çuğundurunu istehsal edərək mülkiyyət hüququ əsasında Alıcıya təhvil verməyi öhdəsinə götürür”. Müqavilənin 2.1-ci bəndində qeyd edilir ki, Alıcının hüquq və öhdəlikləri: ” Lazımı aqrotexniki işlər üzrə Fermerə yalnız ümumi tövsiyələr vermək”.
34. Müqavilənin 1.1 bəndi ilə bağlı bildirirlər ki, iddiaçı tərəf müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Müqavilənin predmetində göstərilən bütün öhdəliklər – toxum, dərman, gübrə və aqrotexniki xidmətlərin satışı olmuşdur. Həmin sənədlər sübut kimi iş materialında öz əksini tapmış və məhkəmə iclası zamanı cavabdeh hakim tərəfindən verilən suallara cavab olaraq həmin işləri qəbul etdiyini bildirmişdir. Cavabdehin həmin izahatı iclas protokolunda da qeyd edilmişdir. MPM-in tələblərinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Buna görədə hesab edirlər ki, mübahisənin bu hissəsi ilə bağlı əlavə sübutların təqdim edilməsinə ehtiyac yoxdur. Buna görədə hesab edirlər ki, iddia təmin edilməlidir. Müqavilənin 2.1 bəndi ilə bağlı bildirirlər ki, məhkəmə qətnamədə qəbul edərkən qeyd edibki araşdırma zamanı müəyyən olundu ki, cavabdehin nümayəndəsi şahid2 əkin sahəsinə baxış keçirmiş, ərazinin alaqlı olması ilə bağlı fermerə tövsiyələr verilməsi üçün ərazi aqronumunu və rəhbərliyi məlumatlandırmışdır. Amma sonra nəticəyə gəlmişdir ki, rəhbərliyin və aqronumun bu hadisədən xəbərləri olduğu təqdirdə heç bir köməklik göstərməmişlər. Bildirirlər ki, müqavilənin bəndində də qeyd edilmişdir ki, iddiaçının öhdəliyi yalnız tövsiyə verməkdir. Bu hadisə ilə bağlı ərazi aqronomu tərəfindən tövsiyə edilmişdir ki, sahənin böyük bir hissəsi alaqlı olduğu və həmin alağın inkişaf fazası dərmana tabe olmayacağı fazasında olduğu üçün əl alağına ehtiyyac vardır. Bu mütləq olmalıdır, olmadığı təqdirdə sahəni alaq otları tam əhatə edəcək nəticədə məhsuldarlığın aşağı olmasına gətirib çıxaracaq. Bu tövsiyələrinolmasına baxmayaraq sahənin alaq otlarından əl ilə təmizlənməsi fermer tərəfindən həyata keçirilməmiş və səbəb olaraq fəhlə işlətməyə maddi imkanının olmadığını göstərmişdir. Bu hal şahidlərin ifadəsində də öz təsdiqini tapmışdır. Fermerin sahəni nəzarətsiz buraxması nəticəsində məhsuldarlıq da az olmuşdur. Iş materiallarında olan sübütlardan (raportlardan) aydın görsənir ki, iddiaçı tərəf müavilə öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Buna görədə hesab edirlər ki, məhkəmə yalnış qənaətə gəlmişdir.
35. Cavabdeh (qarşılıqlı iddiaçı) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin qarşılıqlı iddianın təmin edilməməsi hissəsi qanunsuz və əsassız olmuşdur. Birinci dəlili ondan ibarətdir ki, məhkəmə qarşılıqlı iddianın təmin edilməməsi hissəsi üzrə qətnamə çıxararkən maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş , məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış (araşdırılmamış), məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş , məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamış, qətnamə iş üzrə müəyyən edilmış həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Ikinci dəlili ondan ibarətdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, tətbiq etdiyi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Üçüncü dəlili ondan ibarətdir ki, məhkəmə onun məhkəməyə təqdim etdiyi sənədləri, eləcə də şahid ifadələrini və mütəxəssis izahatlarını, xüsusilə Tərtər Rayon Icra Hakimiyyəti tərəfindən tərtib edilmiş mütəxəssis rəyini lazımi qaydada tədqiq etməmiş və bu səbəbdən də qarşılıqlı iddianın təmin edilməməsi barədə nəticəyə gəlmişdir. Dördüncü dəlili ondan ibarətdir ki, məhkəmənin qətnamə çıxararkən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, mübahisənin maddi və prosesual hüquqi əsasları düzgün müəyyən edilməmiş və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
37. Iddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı müqaviləyə əsasən öhdəliyini icra etmiş və vaxtında dərman, gübrə və pestisidləri təhvil vermişdir. Verdikləri dərmanların keyfiyyətsizliyi sübut olunmur və tərəf bunu sübut edə bilmir. Cavabdeh tərəfindən qəbul edilməmiş gübrə istifadə olunmamışdır. Anbarın bir hissəsində nəm çəkdiyinə görə aktla geri qaytarılmış və tərəfimizdən sonradan cavabdehə yeni gübrə verilmişdir. Hava şəraitindən asılı olaraq sahə suvarıldıqda şəkər çuğunduru çıxdığı vaxt 10-15 günə alaq çıxa bilər. Elə sahələr vardır ki, suvarılmır və yağış yağandan sonra çuğunduru 1 aydan sonra çıxır və alaqda həmin vaxt əmələ gəlir. Alağın çıxamasının bir standartı yoxdur və hər sahədə fərqli qaydada baş verir. Alağa qarşı dərman alaq göründüyü vaxt vurulmalıdır və bunu sahibkar özü müəyyən etməlidir. Onların aqronomları sadəcə tövsiyyə verir. Aqronom görür ki, yarpaq üç qulaqdır o zaman hansı dərmanın istifadə edilməsi ilə bağlı aqronom tövsiyyə verir ki, hansı dərmanı işlətməlidir. Onu özləri eləməlidir. Aqronomlar əraziyə baxış keçirdir və yalnız nəyi nə vaxt etməli olunması ilə bağlı tövsiyyə verirlər. Təhvil verilmiş malların zibilliyi ilə bağlı qeyd edilməlidir ki, onların ərazisində işləyən aqronom cavabdehin qardaşı olmuşdur. Onlar malın zibilli olması ilə bağlı məhsulu geri qaytarmaq istəmişlər. Lakin cavabdehin qardaşı laborotoriyada iştirak etmiş və məhsulun zibilli olmasını görmüş, malın qaytarılmamasını xahiş etmiş və laborotoriya rəyi ilə razı olduqlarını bildirmişdir. Lakin kamera görüntüləri 3 aydan çox saxlanılmadığından həmin görüntüləri təqdim edə bilmirlər. Kombayn onlara məxsus olmuşdur və kombaynlara xüsusi servisdə xidmət olunur. Kənar şəxslər kombaynın nasazlığı ilə bağlı fikir deyə bilməzlər, çünki onlar mütəxəssis deyildir. Ötən müddət ərzində cavabdeh tərəfindən təhvil verilmiş malın zibilliyi və malın az hesablanması ilə bağlı onlara müraciət etməmişdir. Onlar cavabdehlə sürücünün çəki və laborotoriyada iştirak edə bilməsi ilə bağlı razılığa gəlməmişlər. Müqavilədə qeyd olunmuşdur ki, yalnız etibarnamə əsasında nümayəndə iştirak edə bilər. Cavabdehin təqdim etdiyi şəkillər onun sahəsinə aid deyildir. Həmin şəkillər ümumi fermerlərin vatsap qrupunda paylaşılmış başqa şəxslərin sahələrinə aid şəkillərdir. Apellyasiya şikayətlərinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
38. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ona toxum, gübrə, pestisidlər vermiş, dərmanlanmanı həyata keçirmişdir. Şum işinin bir hissəsini onlar bir hissəsini isə özü gürmüşdür. Üç dəfə dərmanlama aparılıb və dərmanlama vaxtında vurulmuşdur. Ilk dəfə may ayının 10-da dərmanlanma aparılmışdır. 2024-cü ilin noyabr ayında bicin işlərinə başlanmışdır. Çəkinin az hesablanması ilə bağlı aqronom Hikmət müəllimə müraciət etmişdir. Zibillilik 10-15 faizdən çox olduqda kombaynın ixtiyarı yoxdur ki, biçini davam etdirsin. Kombayn iddiaçıya məxsus olmuşdur. Məhsul o qədər zibilli olmamışdır. 10 tonun 4 tonu xəzəl ola bilməz. Çəki iki dəfə həyata keçirilir bunlar zibili çəkisini artırıblar. Bir komban yığırdı 5 maşın işləyirdi. Hər maşının üstündə o Imişliyə getsəydi o zaman iş dayanmalı idi. Onlar demişdirlər ki, malı aparan sürücü səlahiyyətli nümayəndə sayılır və sürücü həm çəkidə, həmdə laborotoriyada iştirak edə bilər və özünün gəlməyinə ehtiyac yoxdur. Ona görə o, sürücülərə etibarnamə verməmişdir. Lakin sürücüləri çəkiyə və laborotoriyaya buramayıblar. Sürücülər onun qohumu deyildir və 28 maşın işləmişdir. Maşınların pulıunu o, özü vermişdir. Onun əsas arqumenti ondan ibarətdir ki, dərman keyfiyyətsiz olmuş alağı məhv etməmiş və gübrə köhnə olmuşdur. O Icra hakimiyyətindən nümayəndə dəvət etmiş və aqronomlar da ona demişdir ki, onun səhvidir dərmanların keyfiyyətsizliyi ilə bağlı nümunə götürməmişdir. Təqdim etdiyi şəkillərin onun sahəsinə aid olması onnan sübut olunur ki, orda ağac və yol vardır. O, 2025-ci ildə çuğundur əkməmişdir. Şəkilləri qardaşı və aqronom telefonla cəkmişdir. Hazırda o şəkilləri telefonda təqdim edə bilmir. Qardaşı iddiaçının işçisi olmuşdur. Birinci maşını göndərəndən sonra çəkini az dedilər və 40 faiz zibilə çıxdılar lakin sürücü səlahiyyətli nümayəndə olduğundan özü çəkiyə getməmişdir. Ümumi 28 maşın mal vermişdir lakin fikirləşmişdir ki, yəqin təhvil verdiyi mal borcunu ödəyər. Ona görə malı göndərən zaman özü və yaxud başqa şəxsi maşının üstündə göndərməmişdir. Bunlar qəsdən zibili çox yazıblar. 300 ton təmiz çuğundur hesablamışlar və ona 26433,84 manat borc hesablayıblar. Apellyasiya şikayətlərinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
40. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
41. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
42. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
43. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
46. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
47. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
48. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
49. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.”
50. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
51. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
52. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
53. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
54. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
55. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
56. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
57. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
58. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
59. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
64. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
66. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
67. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
68. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
69. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
70. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
71. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
75. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnamənin ilkin iddiaya, cavabdeh isə qarşılıqlı iddiaya münasibətdə mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını apellyasiya şikayətlərinə münasibətfə tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
76. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən ilkin iddiaya münasibətdə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
77. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddianın rədd edilməsi hissəsində maddi və prosessual hüquq normaları pozulmuş, bu da ilkin iddia tələbinə münasibətdə əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
78. Ilkin olaraq məhkəmə qeyd edir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.
79. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.
80. Hər hansı əqdin, o cümlədən alğı-satqı, podrat müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
81. Iddiaçı müqavilənin icarası ilə əlaqədar malları (toxum, gübrə, dərman və s.) cavabdehin sifarışı əsasında ona verdiyini və xidmətlər göstərdiyini, lakin təhvil verilmiş şəkər çüğundurunun borcun ödənilməsinə yetərli olmadığını əsas gətirərək malların və xidmətlərin dəyərinin sonuncu tərəfindən ödənilməsini tələb edir. Cavabdeh isə dərman və gübrənin qüsurlu olmasını və təhvil verilmiş hazır məhsulunun çəkisinin az göstərilməsini əsas gətirərək iddianın rədd edilməsini və ona dəymiş ziyanın ödənilməsini qarşılıqlı iddia vasitəsi ilə tələb edir.
82. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
83. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).
84. Məhkəmənin qənaətinə görə, tərəflər arasında bağlanmış müqavilənin bütün şərtləri, o cümlədən tərəflər arasındakı münasibətlər, tərəflərin müqaviləyə qədərki danışıqları və onların sonrakı hərəkətləri sistemli şəkildə təhlil edilməlidir.
85. Iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında ## ###### 2023-ci il tarixdə şəkər çuğunduru məhsulu üzrə xidmət və alğı-satqı müqaviləsi bağlanmış, alıcı fermer tərəfindən ona təhvil veriləcək şəkər çuğundurunun dəyərini fermer üçün aqrotexniki xidmətlər göstərməklə və toxum, pestisidlər, gübrə təhvil veməklə həyata keçirməyi, fermer isə ona görülmüş işləri və malları qəbul edib müqavilə əsasında razılaşdırılmış miqdarda şəkər çuğundurunu istehsal edərək mülkiyyət hüququ əsasında alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür.
86. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə qarışıq müqavilələrə aid olmaqla həm podratı (xidmətin göstərilməsi), həm də alğı-satqını özündə əks etdirir.
87. Belə ki, alınmış avansın, verilmiş toxum, gübrənin, dərman vasitələrinin və göstərilmiş aqro-texniki xidmətlərin əvəzinin istehsal edilmiş şəkər çuğunduru ilə qaytarılması hissəsində müqavilə münasibtləri podratdan irəli gəlmiş, həmin xidmət və malların dəyərinin ödənilməsindən sonra artıq qalmış şəkər çuğundurunun satılması hissəsində isə müqavilə alğısatqını ehtiva etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı tərəfindən ümumi 50372,84 manat dəyərində mallar (toxum, gübrə və s.), avans olaraq vəsait verilmiş və aqrotexniki88.xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən təhvil verilmiş mallar 23939 manat dəyərində olmuşdur ki, cavabdeh tərəfindən təhvil verilmiş şəkər çuğundurunun dəyəri ona təqdim edilmiş malların və xidmətlərin dəyərini ödəməmişdir.
89. Belə olan halda tərəflər arasında bağlanmış müqavilə ilə tərəflər arasında podratdan irəli gələn münbasibətlər formalaşsa da tərəflərin arasında alğı-satqı baş tutmamışdır.
90. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə etibarlı olmuş, tərəflərin həqiqi niyyətinə əks etdirməklə hüquq və vəzifələr yaratmışdır ki, müqavilənin etibarsızlığına dair hər hansı hal mövcud deyildir.
91. Məlumdur ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
92. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
93. Məhkəmə qeyd edir ki, ilk iddia ilə qarşılıqlı iddia arasında qarşılıqlı əlaqə vardır və birinin təmin edilməsi digərinin rəddini şərtləndirir. Lakin buna baxmayaraq birinci instansiyası məhkəməsinin hər iki iddianın rədd olunmasında olan mövqeyi ziddiyətlidir.
94. Belə ki, birinci instansiyası məhkəməsi məhsuldarlığın az olması faktını iddiaçının təqsiri ilə əlaqələndirmiş və ilk iddianı rədd etmişdir ki, belə olan halda cavabdehin qarşılıqlı iddiasının təmin olunması zəruri olduğu halda qarşılıqlı iddia da rədd olunmuşdur.
95. Məhkəmə ilk iddianın rədd olunması ilə bağlı birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, ilk iddia əsaslı iddia olmuşdur.
96. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında etibarlı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər üzərlərinə öhdəliklər götürmüş və tərəflər arasında podratdan irəli gələn hüquq münasibətləri formalaşmışdır.
97. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələrək iddiaçı tərəfindən cavabdehə avans və mal verilmiş, aqrotexniki xidmətlər göstərilmişdir. Belə ki, sübut qismində təqdim edilmiş pulun köçürülməsi ilə bağlı qəbz, malın verilməsi ilə bağlı qəbzlər, xidmətin göstərilməsi ilə bağlı aktlar və məhsulun fermer tərəfindən təhvil verilməsi ilə bağlı qaimədən görünür ki, həqiqətən cavabdehin 40 hektar torpaq sahəsində şəkər çuğunduru əkib-becərməsi və alıcıya təhvil verməsi üçün ümumikdə 50372,84 manat xərc sərf edilmiş, fermer 23939 manat dəyərində məhsul təhvil vermişdir. Bu işin mübahisəsiz halıdır və cavabdehin bu halı bir daha məhkəmə iclasında izahatı ilə təsdiq etmişdir. Belə ki, cavabdeh malların verildiyini, xidmətlərin göstrildiyini inkar etmir.
98. Işin cavabdeh tərəfindən mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı tərəfindən alaq otlarına qarşı verilmiş dərmanlar və gübrə yararsız olmuşdur. Bu halı cavabdeh iş materiallarında olan gübrənin geri qaytarılması barədə akta istinadən iddia edir.
99. Həmin AŞIB AQRO MMC-nin ofis aqronomu şahid1, sahə aqronomu Zaur Qaraşov və Mütalib Müzəffərlinin tərtib etdikləri aktdan görünür ki, sahə aqronomlarının öhdələrində olan çuğundur sahələri üzrə fermerlərə vermək üçün karbomid tərkibli 15 IT(15000) kq gübrənin müddəti köhnədir, yəni daşdaşmış un halına düşmüş, kisələri dəyişdirilmişdir, gübrə anbara geri qaytarılmışdır.
100. Məhkəmə qeyd edir ki, əvvəla bu akt alaq otlarına qarşı dərmanlamada istifadə olunan dərman vasitələrinə deyil, karbomid tərkibli 15 IT(15000) kq gübrəyə münashibətdə tərtib edilmiş, həmin gübrə sahəyə səpilməyərək geri qaytarılmış və sonradan qaytarılmış gübrənin əvəzinə başqa gübrə fermerə verilmişdir.
101. Sahəyə səpilmiş digər gübrələrin isə yararsızlığına dair iş materiallarında sübutlar mövcud deyildir və bu halı iddia edən tərəf iddiasını sübut edə bilmir. Həmin gübrədən hər hansı nümunəsi hazırda mövcud olmadığından isə məhkəmə tərəfindən ekspertiza vasitəsi ilə yoxlanılmasını həyata keçirmək mümkün deyildir.
102. Bundan başqa alaq otlarına qarşı mübarizədə istifadə olunan dərman vasitələrinin də yararsız olmasına dair sübut mövcud deyildir.
103. Halbuki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş 003118, 003119, 003120 və ****** nömrəli şəhadətnamələrlə Pestisid (herbisid): Betaşans Dabl, EK, Pestisid (herbisid): Qaloşans EK, Pestisid (herbisid): Şanstrel 300, SM, Pestisid (insektisid): Karatoşans EK adlı preparatlar qeydiyyata alınaraq dövriyyəyə buraxılmış, ilkin rəsmləşdirmə tarixi 2020-ci ildə 5 il müdddətinə, təkrar rəsmləşdirmə tarixi isə ##.##.2023-cü il, qeydiyyatın bitmə tarixi isə ##.##.2025-ci il tarixi müəyyən edilmişdir.
104. Beləliklə iddiaçı tərəfindən cavabdehə təqdim edilən gübrə və dərman vasitələri qeydiyyata alınaraq ölkə ərazisində dövriyyəyə buraxılmışdır ki, həmin vasitələrin yararsız olmasını qeyd edilən şəhadətnamələr istisna edir. Bunun əksini sübut edərəcək sübutlar mövcud deyildir və həmin vasitələrin hazırda nümunələri mövcud olmadığından bu halı ekspertiza vasitəsi ilə də müəyyən etmək mümkün deyildir.
105. Işin mübahisəsiz hallarından biridə ondan ibarətdir ki, cavabdehin 40 ha əkin sahəsində dərmanlama işlərinin aparılmasına baxmayaraq alaq otları inkişaf etmişdir. Birinci instansiyası məhkəməsi bu hala qarşı tədbir görməməkdə iddiaçını məsul tutmuşdur.
106. Məhkəmə birinci instansiyası məhkəməsinin mövqeyi ilə razlaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə tərəflərin öhdəlikləri konkret olaraq göstərilmiş və müqavilə öhdəliklərindən kənara çıxaraq tərəfləri razılaşmadıqları öhdəliklərə məsul tutmaq müqavilə azadlığı prinsipinə ziddir.
107. Belə ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Mülki Məcəllə maddə - 390.1).
108. Bu baxımdan tərəflər, aralarında bağlanmış müqavilə şərtlərinə bağlıdırlar ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin aydınlaşdırılmasına zərurət vardır.
109. Tərəflər arasında bağlanmış müqavilənin 1-cı bəndi “Müqvilənin mövzusu” adlanır və həmin bənddə tərəflər razılaşmışlar ki, alıcı fermer tərəfindən ona təhvil veriləcək şəkər çuğundurunun dəyərini fermer üçün aqrotexniki xidmətlər göstərməklə və toxum, pestisidlər, gübrə təhvil veməklə həyata keçirməyi, fermer isə ona görülmüş işləri və malları qəbul edib müqavilə əsasında razılaşdırılmış miqdarda şəkər çuğundurunu istehsal edərək mülkiyyət hüququ əsasında alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Tərəflər razılaşmışlar ki, müqavilə üzrə şəkər çuğunduru fermerin mülkiyyətində və ya qanuni istifadəsində olan Tərtər rayonu Çaylı kəndində yerləşən 40 hektar torpaq sahəsində əkiləcək, suvarılacaq, yetişdiriləcək, istehsal olunacaq və şəkərlilik dərəcəsinə uyğun olaraq hesablanmış qiymət əsasında alıcıya təhvil veriləcəkdir.
110. Göründüyü kimi, müqavilənin 1-ci bəndində iddiaçı xidmətləri göstərməyi, toxum, pestisidlər, gübrə təhvil veməyi, cavabdeh isə şəkər çuğundurunu istehsal etməyi və bu məqsədlə şəkər çuğundurunu əkməyi, suvarmağı, yetişdirməyi və istehsal olunacaq şəkər çuğundurunu iddiaçıya satmağı öhdəsinə götürmüşdür.
111. Bundan başqa müqavilənin 2-ci bəndində “alıcının hüquq və öhdəlikləri” yer almış və həmin bənddə iddiaçının öhdəlikləri lazımı aqrotexniki işlər üzrə fermerə tövsiyyələr vermək, fermer tərəfindən müqavilə şərtlərinə uyğun təhvil verilmiş məhsulu qəbul etmək, torpaq sahəsinin ölçülərinin dəqiqliyinin GPS vasitəsi ilə müəyyən etməkdən ibarət olmuşdur ki, iddiaçı müqavilə üzrə alaq otlarına qarşı tədbirlər görülməsi öhdəliyini üzərinə götürməmişdir.
112. Müqavilənin 3-cü bəndində “Fermerin hüquq və öhdəlikləri” yer almış və həmin bənddə cavabdehin digər öhdəlikləri ilə yanaşı 3.2-ci bənddə olan öhdəliyi bundan ibarət olmuşdur ki, alıcı tərəfindən təhvil verilən mallar və görülən xidmətlər nəticəsində ona müvafiq olaraq şəkər çuğunduru bitkisinin suvarılmasını və yetişdirilməsini, həmin məhsulun yalnız alıcıya satılmasını təmin etməli, suvarma ilə bağlı yarana biləcək bütün problemləri həll etməlidir. Əkinin xəstəliyi və ya hər hansı bir riski ilə əlaqədar zamanında müdaxilə etməli, lazımi diqqət və qayğı göstərməli və riskin aradan qaldırılması üçün alıcıya müraciət etməlidir.
113. Bundan başqa müqavilənin 7.3-cü bəndində tərəflər razılaşmışlar ki, Fermer şəkər çuğunduru məhsulunu düzgün əkib-becərməli, vaxtı vaxtında suvarmalı, hazır məhsulu alıcıya təhvil verməli və təhvil-təslimi gecikdirməməlidir, əksi təqdirdə alıcı məhsulun təsadüfən məhv olması və zədələnməsinə görə məsuliyyət daşımır.
114. Göründüyü ki, cavabdehin öhdəliyi bitkinin əkib-becərilməsindən, suvarılmasından, yetişdirilməsindən və məhsulun yetişdirilməsi üçün hər risk ilə bağlı müdaxilənin həyata keçirilməsindən ibarət olmuşdur ki, alaq otları ilə mübarizəni istənilən vasitə ilə həyata keçirməkdə cavabdehin öhdəliyi olmuş və iddiaçının bu hala dair öhdəliyi mövcud olmamışdır.
115. Bunlardan başqa cavabdehin ilk iddiaya qarşı olan etirazı və qarşılıqlı iddiasının bir dəlili də ondan ibarətdir ki, iddiaçı təhvil verilmiş şəkər çuğundurunun miqdarını düzgün müəyyən etməmiş və nəticədə məhsulunun zibillik faizi artıq hesablanmışdır.
116. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş və işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi məhsulunun çəkilməsində və laborotoriya müayinəsində iştirak etməmişdir.
117. Tərəflərə arasında bağlanmış müqavilənin 3.6-cı bəndində tərəflər razılaşmışlar ki, təhvil verilən şəkər çuğundurunun çəkisinin və şəkərlilik dərəcəsinin müəyyənləşdirilməsi alıcıya məxsus tərəzidə və laboratoriyada fermerin iştirakı ilə həyata keçiriləcəkdir. Fermer və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi istehsal etdiyi məhsulun alıcıya təhvil verildiyi zaman çəkinin müəyyən olunması məqsədilə tərəzidə və keyfiyyətin yoxlanılması məqsədilə laboratoriya analizi proseslərində iştirak etməlidir. Fermer üzürsüz səbəbdən alıcını əvvəlcədən xəbərdar etmədən bu iki proseslərdən hər hansı birində və ya hər ikisində iştirak etmədikdə, alıcının hüququ vardır ki, o təhvil-təslim prosesini fermerin iştirakı olmadan həyata keçirsin. Bu zaman fermer təhvil-təslim nəticələri ilə razılaşmış hesab olunur.
118. Göründüyü kimi, çəki və laborotoriya müayinəsində cavabdehin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakının zəruriliyi və iştirak etməmənin nəticələri müqavilədə nəzərdə tutulmuşdur.
119. Cavabdeh məhkəmə iclasında izahatında iddiaçı ilə nümayəndə qismində şürücülərin olmaları barədə razılaşdıqlarını, buna görə sürücülərə etibarnamə vermədiyini, lakin sürücülərin bu proseslərə buraxılmadığını bildirsə də iddiaçının nümayəndəsi belə razılığın olmasını inkar etdi və bildirdi ki, müqaviləyə əsasən yalnız etibarnamə əsasında nümayəndə iştirak edə bilər.
120. Eyni zamanda cavabdeh izahatında ümumi 28 maşın şəkər çuğundurunun iddiaçıya göndərildiyini və ilk maşının malından 40 faiz zibillilik hesablandığını bildirsə də bu halla razı olmadığı halda növbəti maşınların göndərilməsi zamanı səlahiyyətli nümayəndəsinin hansı səbəbdən zavoda göndərmədiyinə dair tutarlı açıqlama verə bilməmişdir.
121. Halbuki, müqavilənin 3.6-cə maddəsindən başqa müqavilənin 5.2-ci bəndində belə nəzərdə tutulmuşdur ki, şəkər çuğunduru torpaqdan ayrıldıqdan sonra tərəzidə çəkilərkən və tullantı analizləri aparılarkən fermer və ya onun səlahiyyətli nümayəndəsi mütləq iştirak etməlidir.
122. Belə olan halda tərəflərin müqavilə üzrə razılaşmalarından çıxarılan nəticə ondan ibarətdir ki, cavabdeh növbəti malların göndərilməsində iştirak etməyərək tərəzi və laborotoriya müayinəsinin nəticələri ilə razılaşmış və müqavilənin 3.6-cı bəndinə əsasən hazırda həmin halları mübahisələndirə bilməz.
123. Eyni zamanda cavabdehdə qeyd edilən hallarla bağlı əsaslı sübutlarda mövcud deyildir ki, cavabdehin dediklərini hazırda müəyyən etmək mümkün deyildir.
124. Cavabdeh tərəfindən mübahisələndirilən halın biri də ondan ibarətdir ki, məhsulun biçinində istifadə olanan kombayn iddiaçıya məxsus olmuş və kombayn nasaz olduğundan məhsulu torpaqlı yığmışdır.
125. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhsulun torpaqlı və ya təmiz vəziyyətdə təhvil verilməsi hazırki mübahisənin həllinə təsir etmir. Belə ki, nəticədə təhvil verilmiş məhsul iddiaçı tərəfindən qəbul edilərək torpaqdan təmizlənmiş və xalis çəkisi müəyyən edilmişdir.
126. Eyni zamanda müqavilənin 4.5-ci bəndində tərəflər təhvil verilmiş çuğundurun şəkərlik dərəcəsinin 10 faizdən az olanlarının keyfiyyətsiz məhsul sayıldığına və belə məhsulun alıcı tərəfindən qəbul edilməyəcəyinə dair razılaşmışlar.
127. 5.1-ci bənddə nəzərdə tutulmuşdur ki, müqavilə şərtlərinə uyğun təmizlənmiş halda məhsul təhvil verilməlidir. Şəkər çuğunduru təmizlənmiş halda şəkərlilik dərəcəsinin 10 faizdən az olmayan və təmizlənmiş halda bir ədədinin çəkisinin 150 qramdan az olmayan formada təhvil verilməli olması və bu xüsusiyyətlərə uyğun gəlməyən məhsulun geri qaytarıla biləcəyi də nəzərdə tutulmuşdur.
128. Göründüyü kimi, məhsulun təmiz halda təhvil verilməli olması və məhsula dair digər şərtlər müqavilədə nəzərdə tutulmuşdur və bu halların əksinə təhvil verilmiş məhsulun qəbul edilməsindən imtina hüququ iddiaçıya məxsus olmuşdur.
129. Lakin müqavilə şərtlərinə uyğun iddiaçı tərəfindən məhsulun qəbul edilməsindən imtina olunmamışdır. Cavabdehin kombaynın nasazlığından məhsulun torpaqlı yığılmasını iddia etməsi iddiaçının arqumentlərini gücləndirir, cavabdehin çəkidə və laborotoriyada iştirak etməməsi isə onun arqumentlərinin sübut edilməsini mümkünsüz edir.
130. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş məhsulun laborotor analizləri zamanı çəkilmiş və vatsap sosial proqramı vasitəsi ilə göndərilmiş “X2, Cavabdeh” başlıqlı fotoşəkillərdən də müəyyən edilən hal ondan ibarətdir ki, müayinəyə təqdim edilmiş hazır məhsul torpaqlıdır.
131. Lakin cavabdeh və ya onun nümayəndəsi laborotor müayinədə iştirak etmədiyindən və digər sübutlar olmadığından fotoşəkillərdə olan şəkər çuğundurunun məhz cavabdehin sahəsində istehsal olunmuş məhsul olmasını müəyyən etmək mümkün deyildir.
132. Bundan başqa iş materiallarına cavabdeh tərəfindən fotoşəkillər əlavə edilmiş və həmin fotoşəkillərdə boş sahə, otlu alaqlı sahə, çürümüş şəkər cuğundurunun təsviri göstərilsə də əvvəla bu fotoşəkillərin cavabdehin sahəsi olub-olmamasını müəyyən etmək mümkün deyildir.
133. Iddiaçının nümayəndəsi foto şəkillərdə əks olunmuş sahənin cavabdehin sahəsi deyil, fermerlərin ümumi vatsap qrupunda paylaşılmış digər fermerə aid sahəyə aid olduğunu iddia edir, lakin cavabdeh foto şəkillərdə olan vəziyyətin məhz onun sahəsində olan vəziyyət olmasını təsdiq edə bilməmişdir.
134. Belə ki, fotoşəkillərdə hər hansı istinad yeri yoxdur və cavabdeh həmin fotoşəkillərdə əks olunmamışdır. Eyni zmaanda foto şəkillərin qardaşının telefonu vasitəsi ilə çəkildiyini bildirsə də həmin mobil telefonu məhkəməyə təqdim edə bilməmidir.
135. Məhkəmə foto şəkillərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş üzrə təqdim olunmuş foto şkillər cavabdehə aid əkin sahəsinin olub-olmaması mübahisənin həllinə təsir etmir. Hətta fotoşəkillərin məhz iddiaçıya aid sahədə çəkilməsi sübut olunsa belə həmin vəziyyətə (alaq otları, çuğundurun çürüməsi və s.) görə məsuliyyət iddiaçıya aid deyildir.
136. Belə ki, qeyd edildiyi kimi məhsulun əkilib-becərilməsi, suvarılması, yetişdirilməsiilə bağlı müqavilə öhdəliyi cavabdehə aid olmuş və iddiaçının bununla bağlı məsuliyyəti müqavilədə nəzərdə tutulmamışdır.
137. Sonda məhkəmə, birinci instansiyası məhkəməsində dindirilmiş mütəxəssislər və şahidin bildirdikləri ilə bağlı qeyd edir ki, onların biridikləri, yəni sahənin alaqlı olması və s. işin mübahisəsiz halıdır və onların bildirdikləri iddiaçının təqsirini müəyyən etmir.
138. Belə ki, onlar tərəfindən verilmiş izahlar və ifadələr əkinin texnoloji vəziyyətinə dair izahlar olmaqla müqavilə şərtlərini dəyişmir. Müqavilə şərtlərinə əsasən isə qeyd edildiyi kimi məhsulun yetişdirilməsi və bununla bağlı bütün öhdəlik və risklər cavabdehə məxsus olmuşdur.
139. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instasiyası məhkəməsinin qarşılıqlı iddianın rədd olunması ilə bağlı gəldiyi nəticə düzgün olsa da, ilk iddia tələbinin rədd edilməsində olan mövqeyi əsassız olmuşdur.
140. Bu səbəbdən də iddiaçının apellyasiya şikayəti təmin edilərək birinci instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın rədd olunması hissəsində ləğv olunmalı, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla ilk iddia təmin edilməli, cavabdehin isə qətnamənin qarşılıqlı iddianın rədd olunması hissəsindən verdiyi apellyasiya şikayəti təmin olunmamalıdır.
141. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
142. ##.##.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə ilk iddia tələbinin qiymətinə uyğun ödənilməli dövlət rüsumu 170 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 170 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı dövlət rüsumunu ödəmiş və həmin məbləği cavabdehdən tələb edir.
143. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
144. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi – ilk iddia üzrə cavabdeh Cavabdeh 26433 manat 84 qəpik borcun və 170 manat dövlət rüsumunun tutulmasının rədd olunması hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılsın. Ilk iddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh 26.433, 84 manat (iyirmi altı min dörd yüz otuz üç manat səksən dörd qəpik) borc və ödənilmiş 170 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi – qarşılıqlı iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.