Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-64/2026 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs Əhliman oğlunun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Işin halları
1. Vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi və digər öhdəliklərini yarinə yetirmədiyindən onun dövlət büdcəsinə 14610,87 manat, Dövlət Sosial Müdafiə Fonduna 3316,99 manat, Işsizlikdən Sığorta Fonduna 33,95 manat, Icbari Tibbi Sığorta Fonduna 310,64 manat məbləğində borcu yaranmışdır.
2. Hüquqi şəxsin qeydiyyat sənədlərinə əsasən Maraqlı şəxs hüquqi şəxsin icra orqanının rəhbəridir.
3. Hüquqi şəxs tərəfindən öhdəliklər icra edilmədiyindən ərizəçi tərəfindən ##.##.2025-ci il tarixli 2550021964544100, ##.##.2025-ci il tarixli 2550021988056900, ##.##.2025-ci il tarixli 2550021981385500, ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişlərlə borcun ödənilməsi tələb olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4.
5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1506369341) Icbari Tibbi Sığorta Fonduna 310,64 manat, Dövlət Sosial Müdafiə Fonduna 3316,99 manat, Işsizlikdən Sığorta Fonduna 33,95 manat, dövlət büdcəsinə 14610,87 manat məbləğində (o cümlədən, vergilər üzrə 12449,23 manat, faizlər üzrə 2161,64 manat) olmaqla, ümumilikdə 18272,45 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fondlara və dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir.
6. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək ərizəçinin müraciətinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, cəmiyyətin Dövlət Vergi Xidməti tərəfindən hesablanmış əlavə vergi və faiz məbləğləri ilə bağlı mövqeyi ondan ibarətdir ki, həmin hesablamalar müəssisənin faktiki maliyyə göstəricilərinə uyğun olmamışdır. Bununla bağlı tərəflərindən müvafiq qaydada dəfələrlə şikayətlər verilsə də, müraciətləri təmin edilməmişdir. Müvafiq il üzrə mənfəət vergisi bəyannaməsinə əsasən zərər 33943 manatdır. Cəmiyyət hesabat ilini zərərlə başa vurmuşdur. Buna baxmayaraq, vergi orqanı tərəfindən müəssisənin 7965 manat məbləğində mənfəət əldə etdiyi göstərilmiş və bu əsassız göstəriciyə uyğun olaraq növbəti il üçün də rüblük mənfəət vergisi hesablanmışdır. Cəmiyyət yeni fəaliyyətə başlamış, ilkin mərhələdə gəlirlər xərclərdən az olmuş və real iqtisadi vəziyyət zərər ilə nəticələnmişdir. Vergi orqanı tərəfindən faktiki maliyyə nəticələri və təqdim olunmuş rəsmi bəyannamə nəzərə alınmadan aparılmış hesablamalar müəssisənin maliyyə vəziyyətinə ciddi mənfi təsir göstərmiş və nəticədə fəaliyyətin dayandırılmasına səbəb olmuşdur. Hazırda iş üzrə əlavə sübutların, maliyyə sənədlərinin və yazışmaların toplanması və sistemləşdirilməsi zərurəti mövcuddur. Bu səbəbdən, sənədlərin tam və əsaslandırılmış şəkildə məhkəməyə təqdim edilməsi üçün ona əlavə olaraq 2-3 həftə müddət verilməsini və məhkəmə baxışının həmin müddətə təxirə salınmasını xahiş edir. Yuxarıda göstərilənləri nəzərə alaraq: 1. Təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin iş materiallarına əlavə edilməsini, 2. Vergi orqanı tərəfindən aparılmış hesablamalara hüquqi qiymət verilməsini, 3. Əlavə sübutların təqdim edilməsi üçün 2-3 həftə müddət verilməsini və məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş edir.
7. Tərəflər məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək ərizəyə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
8. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə (hakim Gülnaz Quliyeva), ərizənin təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 14610,87 manat, Dövlət Sosial Müdafiə Fonduna 3316,99 manat, Işsizlikdən Sığorta Fonduna 33,95 manat, Icbari Tibbi Sığorta Fonduna 310,64 manat, ümumilikdə 18272,45 (on səkkiz min iki yüz yetmiş iki manat qırx beş qəpik) manat məbləğində borcu ödənilədək maraqlı şəxs Maraqlı şəxs (doğulduğu tarix ##.##.1993-ci il, doğulduğu yer Bərdə rayonu, Imirli kəndi, şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA1146653) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.
9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi əsаslı оlduğundаn təmin оlunmаlı və borc ödənilənədək həmin şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmаlıdır.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.2, 77.3 və 78.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 119.2, 213-220, 227, 233.1, 234, 238-253, 355-5 və 357-362-ci maddələrinə istinad etmişdir.
11. Maraqlı şəxs apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarla MMC-nin vergi borcuna görə onun – fiziki şəxs olan icraçı direktorun ölkədən çıxış hüququna məhdudiyyət qoyulmuşdur. Halbuki mübahisəli vergi öhdəliyi hüquqi şəxs “xxxx” MMC-yə məxsusdur və həmin öhdəliyin icrası birbaşa fiziki şəxs olan icraçı direktorun şəxsi öhdəliyi hesab edilə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, maraqlı şəxs məhkəmə iclasınba gəlməmiş və tərəflər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 28. Azadlıq hüququ III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. ...
16. Maddə 71. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. ...
17. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanunu
18. Maddə 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; Konstitusiyanın 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
19. Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
20. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;
21. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;
22. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
23. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
24. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il ## ### tarixli Qərarı
25. “...borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır...”
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı
26. ... Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
38. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, maraqlı şəxs qətnamənin ləğv edilməsini xahiş edir və tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
40. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə hesab edir ki, apellyasiya şikayətli təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Beləliklə, işin halları ondan ibarətdir ki, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəliklərini yerinə yetirmədiyindən onun dövlət büdcəsinə 14610,87 manat, Dövlət Sosial Müdafiə Fonduna 3316,99 manat, Işsizlikdən Sığorta Fonduna 33,95 manat, Icbari Tibbi Sığorta Fonduna 310,64 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq 05 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin, qeyd olunan müddət ərzində maraqlı şəxs tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.
43. Birinci instansiya məhkəməsi ərizəni təmin etməklə, maraqlı şəxsin borcu ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, eləcə də ondan 100 manat dövlət rüsumu dövlət gəlirinə tutulmuşdur.
44. Apellyasiya instansiyası məhkəməsi maraqlı şəxsin ərizəyə etirazının və apellyasiya şikayətində göstərdiyi arqumentləri araşdırmışdır. Maraqlı şəxsin ərizəyə etiraz dəlili ondan ibarətdir ki, hüquqi şəxsə hesablanmış vergi məbləği ilə razı deyilllər. Lakin hüquqi şəxsin şəxsi hesab vərəqəsindən müəyyən edildiyi kimi, hüquqi şəxsə hesablanmış vergi və digər öhdəliklər həm carı bəyənnamə, həm cari arayış və sair qaydada hesablanmışdır. Eyni zamanda maraqlı şəxs borcun məbləği ilə razı olmasa da həmin borc məbləğinin mövcudluğu hüquqi şəxsin şəxsi hesab vərəqəsində öz əksini tapmış və borcun mübahisələndirilməsinə və ya borcun silinməsinə dair sübutlar mövcud deyildir.
45. Maraqlı şəxsin apellyasiya şikayətinin dəlili isə ondan ibarətdir ki, hüqiqi şəxsin öhdəliyinə görə icra orqanının rəhbəri şəxsən məsuliyyət daşımır və öhdəlik icra orqanının rəhbərinin öhdəliyi deyildir.
46. Apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edilməlidir ki, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Mülki Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Məhdud Məsuliyyətli Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir (Mülki Məcəllə maddə 52.1, 52.2, 91-2.1).
47. Göründüyü kimi, hüquqi şəxs öz öhdəliklərinə görə özü məsuliyyət daşıyır və hüquqi şəxsin öhdəliyi icra orqanının rəhbərinin öhdəliyi sayılmır.
48. Lakin hüquqi şəxsin icra orqanının rəhbəri hüquqi şəxsin adından hərəkət etdiyindən Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
49. Beləliklə hüquqi şəxsin öhdəliyi onun icra orqanının öhdəliyi sayılmasa da qanunvericiliyə əsasən hüquqi şəxsin dövlət büdcəsi qarşısında olan öhdəliyin icrasına görə məhz hüquqi şəxsin rəhbəri məsuliyyət daşıyır ki, hüquqi şəxsin rəhbərinin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə ölkədən getmək hüququnun məhdudlaşdırılması qanuni, legitim tədbir olaraq mümkün və mütənasibdir.
50. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş vergiləri və digər dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borcludur. Vergi Məcəlləsinin 16.1.1-ci, 23.1.15-3-cü, 77.1-ci və 78.1-ci maddələri ilə vergi ödəyicisinin vergi öhdəliklərini müəyyən edilmiş qaydada və müddətdə yerinə yetirməsi məcburi vəzifə kimi təsbit olunmuşdur. Bu öhdəliklərin icra edilməməsi halında isə vergi orqanının, borcun ödənilməsini təmin etmək məqsədilə fiziki şəxsin və ya hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququ vardır.
51. Məhkəmə vurğulayır ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması cəza xarakteri daşımayan, müvəqqəti və təminat xarakterli tədbir olub, yalnız mövcud vergi borcunun ödənilməsini təmin etməyə yönəlmişdir və borc ödənildiyi andan etibarən aradan qalxır.
52. Bu baxımdan, tətbiq edilmiş məhdudiyyətin məqsədəmüvafiq və mütənasib olduğu, dövlətin fiskal maraqları ilə maraqlı şəxsin hüquqları arasında balansın pozulmadığı qənaətinə gəlinir.
53. Nəticə etibarilə, apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün hüquqi əsas təşkil etmir və bu səbəbdən apellyasiya şikayəti təmin edilməməlidir.
54. Ödənilməmiş borc əsasında fərdin ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız borcun qaytarılmasına xidmət etdikdə əsaslandırıla bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № *****/**, 2006-cı il ## ### tarixli qərarı, § 122).
55. Avropa Insan Hüquqları Konvensiyasının * saylı Protokolunun 2-ci maddəsi, eləcə də “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsi də hərəkət azadlığına qoyulan məhdudiyyətlərin qanunla müəyyən edilmiş, ictimai maraqlarla əsaslandırılmış və demokratik cəmiyyətdə zəruri olduqda tətbiqinə yol verir. Beləliklə, vergi borcuna görə müvəqqəti xaricə çıxış məhdudiyyəti həmin beynəlxalq normalarla da uzlaşır.
56. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamələrdən maraqlı şəxs tərəfindən kassasiya şikayəti verilə bilər.
58. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 355-7, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.