Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-2(3-7)-72/2026 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qərardad qəbul etdi. İşin halları
1. ##.##.2021-ci il tarixli, *** nömrəli daxili lizinq müqaviləsinə əsasən lizinq verən İddiaçı MMC lizinq obyekti olan rəngi-ağ, tipi-universal, buraxılış ili-2010, ban nömrəsi- KMHJT81BBAU0883118 “Hyundai Tucson” minik markalı avtomobili satıcıdan əldə etməyi və lizinq alan X4 istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür.
2. ##.##.2022-ci il tarixli öhdəliklərin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən öhdəlik ötürən X4 lizinq verənin razılığı ilə ##.##.2021-ci il tarixli, *** nömrəli daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürən X2 verir və öhdəlik götürən də bütünlüklə qəbul edir.
3. ##.##.2023-cü il tarixli öhdəliklərin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən öhdəlik ötürən X2 lizinq verənin razılığı ilə ##.##.2021-ci il tarixli, *** nömrəli daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürən İsmayılov Rəcəb Səttar oğluna verir və öhdəlik götürən də bütünlüklə qəbul edir.
4. ##.##.2023-cü il tarixli öhdəliklərin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən öhdəlik ötürən İsmayılov Rəcəb Səttar oğlu lizinq verənin razılığı ilə ##.##.2021-ci il tarixli, *** nömrəli daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürən Cavabdeh verir və öhdəlik götürən də bütünlüklə qəbul edir.
5. ##.##.2023-cü il tarixli *** nömrəli müqavilənin * nömrəli əlavəsinə əsasən “Hyundai Tucson” markalı avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə birinci instansiyası məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında ##.##.2023-cü il tarixli *** nömrəli “öhdəliklərin ötürülməsi” müqaviləsinin ləğv edilməsi, “Hyundai Tucson” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus texniki pasport və həmin avtomobilə məxsus açarın cavabdehdən alınaraq İddiaçı MMC qaytarılması, Cavabdeh 10948.81 manat əsas borc, 918 manat faiz borcu və 175.93 manat cərimə borcu, İddiaçı MMC-yə məxsus lizinq obyektinin («Hyundai Tucson» markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil) bərpası üçün tələb olunan 13605 manat maddi ziyan və 166.94 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 25 813,94 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırılmışlar ki, İddiaçı MMC ilə Cavabdeh arasında ##.##.2023-cü il tarixdə *** nömrəli “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh ##.##.2021-ci il tarixli *** nömrəli “Daxili Lizinq müqaviləsi” üzrə bütün öhdəlikləri qəbul etmişdir. ##.##.2023-cü il tarixli *** nömrəli müqavilənin * nömrəli əlavəsinə əsasən «Hyundai Tucson» markalı avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 25 % hesablanmaqla 26 aylıq müddətə hər hər ay sabit məbləğ olmaqla 661,78 manat, ümumilikdə isə 17.206,35 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lizinq” müqaviləsinə və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş Lizinq ödənişlərini ödəməlidir. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 5.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişiməbləğinə gündəlik 0.10 % hesanlanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Lizinq alan lizinq ödənişi yuxarıda qeyd edilmiş cədvələ uyğun olaraq lizinq ödənişlərini etməmişdir. «Hyundai Tucson» markalı, **-PH-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin yeri müəyyən edilərək avtomobilə ciddi ziyan vurulması müəyyən olunmuşdur. Daxili lizinq müqaviləsinin 4.2.3-cü bəndinə əsasən Lizinq alan lizinq obyektini daim saz və istismara yararlı vəziyyətdə saxlamalıdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan lizinq obyektinə ziyan dəymişdir. Müstəqil ekspert X3 tərəfindən ##.##.2024cü il tarixdə tərtib olunmuş qiymətləndirmə aktına əsasən «Hyundai Tucson» markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 13605,00 (on üç min altı yüz beş ) manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir.
8. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi (hakim R. Qələndərzadə) ilə, iddianın qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış ##.##.2023-cü il tarixli öhdəliyin ötürülməsi haqqında müqavilə ləğv edilməsi, “Hyundai Tucson” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus texniki pasportun və həmin avtomobilə məxsus açarın cavabdeh Cavabdeh alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması, cavabdeh Cavabdeh 861,94 manat əsas borc, 400,87 manat faiz borcu, 40 manat cərimə borcu, İddiaçı MMC-yə məxsus lizinq obyekti olan “Hyundai Tucson” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 13605 manat maddi ziyan olmaqla, cəmi 14907,81 manat məbləğində pulun və 134,72 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, lizinq obyekti olan “Hyundai Tucson” markalı avtomobil ##.##.2024-cü il tarixdən faktiki olaraq lizinq alanın sahibliyində və istifadəsində olmadığından iddiaçı maliyyə arayışının tərtib edildiyi ##.##.2024cü il tarixə olan əsas və faiz borcunu tələb etməkdə haqlı deyildir. Mötəbərliyi şübhə doğurmayan ## ###### 2025- ci il tarixli */**** nömrəli ekspert rəyinə əsasən cavabdehin 861,94 manat əsas borcu, 400,87 manat faiz borc müəyyən olunduğundan, iddia tələbinin əsas və faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 40 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək ödəniş cədvəli ilə müəyyən edilən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir. Müqavilə tələbləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddiaçı ##.##.2023cü il tarixli öhdəliklərin ötürülməsi haqqında əlavə razılaşmanın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Ona görə də iddia tələbi həmin hissədə təmin edilərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış ##.##.2023-cü il tarixli müqavilə ləğv edilməlidir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək ödəniş cədvəli ilə müəyyən edilən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir. Müqavilə tələbləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddiaçı ##.##.2023-cü il tarixli öhdəliklərin ötürülməsi haqqında əlavə razılaşmanın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Ona görə də iddia tələbi həmin hissədə təmin edilərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış ##.##.2023-cü il tarixli müqavilə ləğv edilməlidir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 442, 443, 445, 448, 747.1, 747-5.2, 748-1.12.4 748-10.1, 748-10.2 və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
11. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan avtomobili o, ##.##.2023cü il tarixli öhdəliklərin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən almışdır. Lizinq verən təşkilat həmin avtomobili Kasko sığorta etdirməli idi. Qeyd olunan avtomobili ona lizinq verilərkən Kasko sığorta ödənişi edilməmişdir. ##.##.2024-cü il tarixdə qeyd olunan avtomobil qardaşı tərəfindən idarə edilərkən avto qəza baş vermişdir. Hadisə zanamı isə avtomobilin salonunda olan hava yastıqlarının heç biri açılmaışdır. Bunun nəticəsi olaraq qardaşı ağır xəsarət almış, yerimə qabiliyətini tamamilə itirmiş və bu gün də əlil arabasına məhkumdur. Göründüyü kimi hadisə müqavilə bağalanandan 8 ay sonra baş vermişdir. Mülkiyyətçi qanunun tələbinə riayyət etməyərək avtomobili Kasko sığorta etdirməmiş, öz səhvinə görə avtomobilə dəymiş ziyanı ondan tələb edir. Halbuki öz öhdəliyini lazımı qaydada yerinə yetirib avtomobili Kasko sığorta etdirilmiş olsaydı o, bu günkü gündə qardaşının sağlamlığına dəymiş ziyanla bağlı xərcləri sığorta şirkətindən tələb edə bilərdi. Avtomobil hadisədən sonra cərimə meydancasına gətirilmişdir. Avtomobili lizinq şirkəti özü gətirmiş, o yalnız avtotomobili Kürdəmirdə cərimə meydancasında görmüşdür. Onun həmin cəriməni ödəməyə maddi imkanı yoxdur. Hazırda qardaşının yalnız müalicəsi hər ay 3000-4000 manata başa gəlir. Həmçinin lizinq üzrə ödənişləri qardaşının köməkliyi ilə edirdi. Hazırda isə qardaşının aldığı xəsarətlərlə bağlı yerimə qabiliyyətini itirditindən ödənişlər edə bilməmişdir. Məhkəmə qətnaməsində sübut edilməli hallar diqqətdən kənarda qalmış, tam araşdırma aparılmamışdır. Avtomobil alındıqdan 8 ay sonra qəza baş verdiyi halda avtomobilin Kasko sığorta olunmaması halı araşdırılmamışdır. Onun anası, bacısı və qardaşı xəstə olduqlarına görə o, məhkəmə iclaslarında iştirak edə bilməmişdir. İddiaçı həmin avtomobili Kasko sığorta etdirmiş olsaydı avtomobil təmir olunardı eləcə də onun qardaşına dəyən ziyanla bağlı sığorta ödənişi ala bilərdilər. Avtomobilin dəyəri 15-16 min manat təşkil edir. Sığotrta şirkəti isə ondan avtomobilin təmirinə görə 13605 manat tələb edir. Bu isə avtomobilin tam dəyəridir. Qardaşının aldığı xəsarətə görə iddiaçı tərəf məsliyyət daşımalı olduğu halda əksinə bu işdən qazanc götürür. Yuxarıda qeyd etdiyi kimi avtomobilə dəyən ziyanın ondan tutulması ilə bağlı iddianı qəbul etmir. Buna baxmayaraq iddiaçının ondan tələb etdiyi məbləğdə şişirdilmişdir. Məhkəmədə avtomobilə dəyən ziyanla bağlı iddiaçının tələb etdiyi məbləğ düzgün araşdırılmamışdır. Bu halın araşdırılması üçün məhkəmə ekspertizası təyin olunmalı idi. Məhkəmə bu halı araşdırmadan iddiaçını tələb etdiyi məbləğ ondan tutmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı apellyasiya şikayətinə etirazla məhkəməyə müraciət edərək apellyasiya şikayətinin rədd olnmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş ərizə ilə məhkəməyə müraciət edərək işə nümayndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
19. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Plenumunun qərarı Bənd 10. 2019-cu il # #### tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bənd 11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bənd 12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
21. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
22. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.
23. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
24. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
25. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;
26. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər;
28. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
29. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa.
30. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir.
32. Belə ki, Azərbaycan Respublikasının MPM-in 1-ci maddəsinə edilmiş qeydə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikasının MM-in) 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
34. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
35. 26.1-ci maddəsində məhkəmə aidiyyətinin ümumi qaydası müəyyən edilərək deyilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
36. Məhkəmə qeyd edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.
37. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı hüquqi şəxs, cavabdeh isə fərdi sahibkar statusuna mailk olan şəxs olsa da mübahisə tərəflərin birgə və ya ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamışdır.
38. Belə ki, lizinq predmeti daşınar əşya olan “Hyundai Tucson” markalı nəqliyyat vasitəsi hər hansı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün yük və ya sair təyinatlı olmamaqla şəxsi tələbatın ödənilməsinə xidmət edən minik vasitəsidir.
39. Bundan başqa cavabdeh şəxsi məlumatlarından müəyyən edilmişdir ki, sonuncu “XÜSUSİ TƏHLÜKƏLİ İNFEKSİYALARA NƏZARƏT MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ”ndə laborant vəzifəsində çalışır. Lizinq müqaviləsinin tərəfi olaraq vergi orqanlarında qeydiyyatdan kiçmişdir ki, hazırki mübahisə cavabdehin sahibkarlıq fəaliyyətinin nəticəsi deyildir və bu halın əksini təsdiq edəcək iş materiallarında sübut mövcud deyildir.
40. Belə ki, iddiaçı ilə cavabdeh arasında öhdəliklərin ötürülməsi barədə razılaşma ##.##.2023-cü il tarixdə bağlanmış və cavabdeh vergi orqanlarında fərdi sahibkar qismində məhz ##.##.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir.
41. Beləliklə məhkəmə qeyd edir ki, hazırki işə yalnız tərəflərin sübyektiv tərkibinə görə kommersiya məhkəmələrində baxılması prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur. Mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını şərtləndirən “mübahisənin hüquq münasibətlərinin xarakteri”nə uyğun gəlmədiyindən birinci instansiyası məhkəməsi hazırki mübahisəyə kommersiya mübahisəsi qismində baxılmasında haqlı olmamış və hazırki mübahisə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamışdır.
42. Lakin, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir ki, birinci instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmaqda haqlı olmamış və işi məhkəmə aidiyyəti qaydalarına zidd icraatına qəbul etmişdir.
43. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsidir.
44. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-in 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-in 152.1.3-cü maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır.
45. Birinci instansiya məhkəməsi işin bu mərhələsində məhkəmə aidiyyəti ilə bağlı uyğunsuzluq müəyyən etməmiş və də mübahisənin xarakterinə münasibət bildirməmişdir.
46. Qeyd olunmalıdır ki, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır (MPM maddə - 24.3).
47. “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir.
48. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və Gəncə Kommersiya Məhkəməsi prosessual qanunvericiliyin məhkəmə aidiyyəti ilə bağlı tələblərini pozmaqla işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir.
49. Azərbaycan Respublikasının MPM-in 384.0.4.-cü maddəsinə görə işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.
50. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
51. 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa ləğv edilməlidir.
52. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir.
53. Belə ki, cavabdehin qeydiyyat ünvanı Ağdan rayonu, Ağdam şəhəri, Qayıbov küçəsi ev 50 ünvanıdır ki, MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
54. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilər.
55. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 26, 44, 263, 264, 384, 385, 387 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.