Məhkəmə qərarları › İş №2-2(3-8)-11/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-8)-11/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(3-8)-11/2026 04.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kommersiya iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1817/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan işəgötürən qismində İddiaçı və işçi qismində Şahid arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Şahid iddiaçı tərəfindən Quba rayonunda bağban vəzifəsinə işə qəbul edilmişdir və işçinin iş ilinə 01 mart 2024-cü il tarixdən 01 mart 2025-ci il tarixədək olan dövrlər daxildir.

2. İş materiallarında olan “Kimə” qrafasında “Eldəniz” adı yazılmış 24 iyul 2024-cü il tarixli satış qaiməsində 11388 manat məbləğində dəyəri olan məhsulların təhvil verildiyi qeyd edilmişdir.

3. Şahid Qusar rayon Polis şöbəsinin Samur polis bölməsinə ünvanladığı 10 fevral 2025-ci il tarixli 93-2/1-Ə-1xx/xx/2025 nömrəli ərizəsinin məzmununda “Mən, Qusar rayonu Yeni həyat kənd ərazisində yerləşən, İddiaçı məxsus meyvə bağında meyvə satışını həyata keçirirəm. Bildirirəm ki, 24 iyul 2024-cü il tarixində tərəfimdən Quba rayonunun 2-ci Nügədi kənd sakini Cavabdeh Asif oğluna 10360 manat dəyərində nektarin satılmışdır. Bu, həmin tarixli qaimə ilə öz təsdiqini tapmışdır. Eldəniz mənə təklif etdi ki, məhsulu indi aparsın, ödənişi də yaxın günlərdə edəcək. Mən də Eldənizin barəsində mənfi fikir eşitmədiyimdən, ona inanaraq təklifini qəbul etdim. Satılan malların qarşılığı olaraq Eldəniz tərəfindən mənə 12 avqust 2024-cü il tarixində 3060 manat, 16 sentyabr 2024-cü il və 19 sentyabr 2024-cü il tarixlərində hər dəfə 1000 manat və 18 noyabr 2024-cü il tarixində 2000 manat olmaqla, ümumilikdə 7060 manat ödəniş edilmişdir. Lakin qalan borcundan bu günə qədər heç nə ödəməyərək məni aldatmışdır. Hər dəfə onunla əlaqə saxlayıb pulu tələb etdikdə borcunu bu gün-sabah ödəyəcəyini deyərək pulu verməkdən yayınmağa davam edir. Hazırda Eldənizin 3300 manat borcu var. 2024-cü ilin dekabr ayının əvvəlində onunla əlaqə saxlanılan zaman borcun qalanını da 1 həftə sonra ödəyəcəyini bildirmişdir. Həmin müddət ərzində ödəmədiyinə görə ona 12 dekabr 2024-cü il tarixində borcunu ödəməsinə, əks halda tərəfimdən barəsində polisə şikayət ediləcəyinə dair ona pretenziya məktubu göndərilmişdir. Bundan sonra dekabr ayının sonlarında mənə zəng edərək müxtəlif bəhanələr uyduraraq borcunu yaxın günlərdə ödəyəcəyini desə də, tərəfindən hələki heç bir ödəniş həyata keçirilməmişdir. Eldənizin məndən meyvə almasını, lakin pulunu bu günədək ödəməməsini Sənan adlı şəxs bilir. ... Beləliklə Cavabdeh Asif oğlu və X1 bizə borclu olan pulların ödənilməsi üçün tədbir görülməsini xahiş edirəm” qeyd edilmişdir.

4. İş materiallarında olan Cavabdeh Qusar rayon Polis şöbəsinin Samur polis bölməsinə verdiyi 17 mart 2025-ci il tarixli izahatının məzmununda “Mənə verilən suallara cavab olaraq bildirirəm ki, yuxarıda göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram. ünvan 2ından 24 iyul 2024-cü il tarixində 10360 manat dəyərində nektarin almışam. 12 avqust 2024-cü il tarixində 3060 manat, 16 sentyabr 2024-cü il və 19 sentyabr 2024-cü il tarixlərində hər dəfə 1000 manat və 18 noyabr 2024-cü il tarixində 2000 manat olmaqla, ümumilikdə 7060 manat ödəniş etmişəm. Hazırda şirkətə 3300 manat borcum var. Mənə həmin 3300 manatı qaytarmağa mane olan Rusiyaya aparanda nektarin anbarda çox qaldığı üçün köhnə olduğundan ziyan etməyim olub. Qalan 3300 manatı 2025-ci ilin avqust ayının 1-nə kimi qaytaracağam” qeyd edilmişdir.

5. İş materiallarında olan Qusar rayon Polis şöbəsinin Samur polis bölməsi tərəfindən Şahid ünvanlanmış 25 fevral 2025-ci il tarixli 3-13-93-2/2-Ə-1xx/xx/2025 nömrəli məktubun məzmununda Şahid 10 fevral 2025-ci il tarixdə Samur polis bölməsinə etdiyi müraciətlə bağlı müvafiq araşdırma aparıldığı, aparılmış araşdırmalarla müraciətdə cinayət və inzibati xəta tərkibi aşkar edilmədiyi, məsələ mülki hüquq münasibətləri ilə bağlı olduğu üçün aparılan araşdırmanın dayandırıldığı qeyd edilərək araşdırmanın nəticəsi ilə bağlı müəyyən edilmiş qaydada mülki hüquqların müdafiəsi üçün məhkəmədə iddia qaldırmaq hüququ ona izah edilmişdir.

6. İş materillarında olan Şahid 3-13-93-2/1-Ə-1xx/xx/2025 nömrəli ərizəsi əsasında toplanmış materiala dair Samur polis bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı tərəfindən tərtib edilmiş 25 fevral 2025-ci il tarixli 93-2/122/2025 nömrəli arayışın məzmununda ünvan 4 ünvanında yaşayan Şahid iddiası mülki xarakterli olduğu üçün, gələcəkdə məhkəmə orqanlarına müraciət etməsinin izah olunduğu, bunun rəsmi məktubla bildirildiyi, buna görə də Şahid ərizəsi əsasında toplanmış materialın kargüzarlıqda arxivə verilməsinin məqsədəmüvafiq olduğu qeyd edilmişdir.

7. İş materiallarında olan məhkəmənin 01 oktyabr 2025-ci il tarixli e-2-2(119)- 1817/2025 nömrəli sorğusuna Qusar rayon Polis şöbəsinin Samur polis bölməsi tərəfindən verilmiş 06 oktyabr 2025-ci il tarixli cavab məktubunda “Quba rayon Vaqif küçəsi ev 41A, mənzil 6-da yaşayan Şahid ərizəsində göstərilən faktlar cinayət tərkibli olmadığından təhqiqat bölməsində araşdırma aparılmamış, mülki xarakterli olduğu üçün araşdırma aparıldıqdan sonra 25 fevral 2025-ci il tarixdə arxivə verilmişdir. Bundan əlavə arxivə verilmiş sənədlərin surətləri təsdiq olunaraq Şahid vəkilinə göndərilmişdir” qeyd edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, 3300 (üç min üç yüz) manat məbləğində əsas borc, illik 5 faiz hesablanmaqla 165 (yüz altmış beş) manat məbləğində faiz borcu olmaqla, cəmi 3465 (üç min dörd yüz altmış beş) manat məbləğində borcun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində xidmət haqqının, 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, satıcı İddiaçı və alıcı Cavabdeh arasında 24 iyul 2024-cü il tarixli şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə satıcı alıcıya nektarin satmağı, alıcı isə həmin malı qəbul edib onun dəyərini razılaşdırılmış qaydada ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə alıcı tərəfindən sifariş olunan malları tərəflər arasında imzalanmış 24 iyul 2024-cü il tarixli satış qaiməsinə əsasən, alıcıya təhvil vermiş, lakin alıcı həmin malların dəyərini satıcıya tam ödəmədiyindən müqavilə üzrə öhdəliyini pozmuşdur. Belə ki, alıcı Qusar rayon Polis şöbəsinin Samur polis bölməsinə verdiyi 17 mart 2025-ci il tarixli izahatında təsdiq etmişdir ki, satıcı ilə bağlamış şifahi müqaviləyə əsasən, o, Qusar rayonu Yeni həyat kənd ərazisində yerləşən, satıcıya məxsus meyvə bağından 24 iyul 2024-cü il tarixində 10360 manat dəyərində nektarin almış, 12 avqust 2024-cü il tarixində 3060 manat, 16 sentyabr 2024-cü il və 19 sentyabr 2024-cü il tarixlərində hər dəfə 1000 manat və 18 noyabr 2024cü il tarixində 2000 manat məbləğində olmaqla, ümumilikdə 7060 manat məbləğində ödəniş etmişdir. Hazırda isə satıcıya 3300 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İddiaçı müqavilə üzrə öz öhdəliyini icra etmiş və öhdəliyin qarşılıqlı icrası vaxtı çatdığı halda, cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. Həmçinin cavabdeh öhdəliyinin icrası vaxtını gecikdirməklə iddiaçıya ziyan vurmuşdur. Buna görə də iddiaçı pul öhdəliyinin gecikdirilməsi ilə bağlı Mülki Məcəlləyə uyğun olaraq illik 5 % miqdarında gecikdirmə faizini tələb edir.

10. Quba Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli e-2(027)-2273/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə 2(027)-2273/2025 nömrəli mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə göndərilmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, ümumilikdə 10360 manat məbləğində dəyəri olan məhsulları cavabdehə özü təhvil vermiş, həmin məbləğdən hazırkı vaxta qədər ödənişlər edilmiş və cavabdehin 3300 manat məbləğində borcu qalmışdır. 24 iyul 2024-cü il tarixli elektron qaimə-fakturada 11388 manat məbləğ qeyd edilsə də, məhsul göndərildikdən sonra şifahi qaydada qiymət razılaşdırılaraq 0,4 manat məbləğinə endirilmişdir. Məhsulu cavabdeh özü təhvil almamış, onunla danışıq nəticəsində məhsulu göndərmişdir. Cavabdeh elektron qaimə-fakturanı imzalamadığını bildirsə də, o imzalamışdır. Bu kimi hallara görə qaimə-fakturaları özündə saxlayır, alıcılar gəldikdə imzaladır. Cavabdeh məhsulun keyfiyyətsiz olması ilə bağlı məlumat vermişdir. Lakin hazırkı iş üzrə məhsulu aldıqdan sonra ödəniş yerindəcə edilir.

12. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 1817/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdеh Cavabdeh 3300 (üç min üç yüz) manat məbləğində əsas bоrc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində xidmət haqqının və 53 (əlli üç) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3678 (üç min altı yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 329.2, 329.3, 385.1, 389.1, 406.1, 425.1, 427.3, 427.4, 442, 443.1, 448, 567, 587.1, 600.1, 600.4-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmır. Qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli olan hallar düzgün araşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsində verdiyi izahatında olduğu kimi, bir daha bildirir ki, iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyildir. Çünki 24 iyul 2024-cü il tarixli satış qaiməsindəki imza ona məxsus deyildir, qaimənin tərtib olunması zamanı o, ümumiyyətlə iştirak etməmiş, həmin qaimə sonradan tərtib edilmişdir. Onun tərəfindən hər hansı məhsul təhvil alınmamışdır. Təhvil alma zamanı iştirakının olmaması iddiaçı tərəfin bu haldan suiistifadə etməsi ilə nəticələnmişdir. Məhkəmədə sübut kimi istinad olunmuş, Qusar RPŞ-nin Samur bölməsindəki izahatı isə iddiaçının satış təmsilçisi olan Şahidlə razılaşmaya əsasən qeyd olunan formada yazılmışdır, onun tərəfindən yazılmamışdır. Təhvil verildiyi bildirilən meyvə məhsulu isə tam yararsız olmuşdur, belə bir məhsulu onun təhvil almağı da qeyri-mümkündür. Belə olduğu təqdirdə iddiaçının ona qarşı belə bir iddia tələbi ilə çıxış etməsi və tələbin təmin edilməsi əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...) Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Maddə 427. Öhdəliyin icrası müddəti (...) 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (...) 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (...) 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Maddə 608. Alğı-satqı haqqında müddəaların tətbiqi Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi cavabdеh Cavabdeh 3300 (üç min üç yüz) manat məbləğində əsas bоrc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində xidmət haqqının və 53 (əlli üç) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3678 (üç min altı yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində mübahisələndirilir.

24. İşdən göründüyü kimi tərəflər arasında nektarin alğı-satqı əməliyyatlarının olması işin mübahisəsiz halıdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10360 manat dəyərində nektarin meyvəsinin ödənilməyən 3300 manat hissəsinin cavabdehdən alınaraq ona verilməsini xahiş edir və iddia tələbinin əsası kimi təhvil verilmiş meyvənin dəyərinin iddiaçıya ödənilmədiyinə istinad edir.

25. Cavabdeh alınan meyvənin ona təhvil verilməsi barədə 24 iyul 2024-cü il tarixli satış qaiməsindəki imzanın ona məxsus olmadığı və hər hansı məhsul təhvil alınmadığına, habelə təhvil verildiyi bildirilən meyvə məhsulunun isə tam yararsız olduğu və belə bir məhsulun onun təhvil alınmadığına istinad edir.

26. Məhkəmə kollegiyası 24 iyul 2024-cü il tarixli satış qaiməsindəki imzanın ona məxsus olmadığı dəlilinə münasibətdə qeyd edir ki, MPM-in 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

27. Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Odur ki, cavabdeh bununla bağlı yazılı vəsatətini nə birinci instansiya, nədəki hazirki apellyasiya baxışına təqdim etməmişdir. Bundan əlavə isə apellyasiya şikayətində bununla bağlı qeyd etsə də, yazılı vəsatəti birinci instansiya məhkəməsinin icraatının hazırlıq mərhələsində təqdim etməli idi.

28. Məhkəmə kollegiyasının araşdırması zamanı iş materiallarında olan qətnamənin giriş hissəsinin 4-cü abzastında əksini tapmış Cavabdeh Qusar rayon Polis şöbəsinin Samur polis bölməsinə verdiyi 17 mart 2025-ci il tarixli izahatının məzmununda bildirir ki, “Mənə verilən suallara cavab olaraq bildirirəm ki, ünvan 2ından 24 iyul 2024-cü il tarixində 10360 manat dəyərində nektarin almışam. 12 avqust 2024-cü il tarixində 3060 manat, 16 sentyabr 2024-cü il və 19 sentyabr 2024-cü il tarixlərində hər dəfə 1000 manat və 18 noyabr 2024-cü il tarixində 2000 manat olmaqla, ümumilikdə 7060 manat ödəniş etmişəm. Hazırda şirkətə 3300 manat borcum var. Mənə həmin 3300 manatı qaytarmağa mane olan Rusiyaya aparanda nektarin anbarda çox qaldığı üçün köhnə olduğundan ziyan etməyim olub. Qalan 3300 manatı 2025-ci ilin avqust ayının 1-nə kimi qaytaracağam”.

29. 24 iyul 2024-cü il tarixli satış qaiməsində isə “Kimə” qrafasında “Eldəniz” adı yazılmış şəxs 11388 manat məbləğində dəyəri olan məhsulların ona təhvil verildiyi qeyd edilmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Qusar rayon Polis şöbəsinin Samur polis bölməsinə verdiyi 17 mart 2025-ci il tarixli izahatı, məhkəmə kollegiyasının iclasında verdiyi izahat və apellyasiya şikayətində qeyd olunan dəlillər bir-birini təkzib etməklə iddianın əsassızlığına səbəb olmur.

31. Belə ki, cavabdeh bir tərəfdən iddiaçıya 3300 manat borcu olduğunu bildirir, bu borcun qaytarılmadığına onun meyvə məhsulunu Rusiyaya aparan zaman nektarinin anbarda çox qaldığı üçün yarasız vəziyyətə düşdüyü, digər tərəfdən isə nektarinin ona təhvil verilən zaman ərzində tam yararsız olduğunu və belə bir məhsulu təhvil almasının qeyri-mümkünlüyü göstərilir.

32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin izahatında ziddiyyət mövcuddur. Bir tərəfdən o, iddiaçıya 3300 manat borcu olduğunu etiraf edir və borcun qaytarılmamasını nektarin məhsulunun Rusiyaya aparılarkən anbarda uzun müddət qalması nəticəsində yararsız hala düşməsi ilə əsaslandırır. Digər tərəfdən isə bildirir ki, məhsul ona təhvil verilən zaman artıq tam yararsız vəziyyətdə olmuş və belə məhsulun təhvil alınması mümkün deyildi.

33. Bu iki mövqe bir-birini istisna edir. Əgər məhsul daşınma və ya saxlanma zamanı yararsız hala düşmüşdürsə, bu, onun təhvil alınarkən yararlı olduğunu göstərir. Əksinə, əgər məhsul əvvəlcədən yararsız idisə, bu halda cavabdeh tərəfindən onun qəbul edilməsi, daşınması və sonradan zərər əsasının irəli sürülməsi məntiqi və hüquqi baxımdan əsaslandırılmalıdır.

34. Bundan əlavə, məhsulun təhvil alınması zamanı hər hansı iradın bildirilməməsi, akt tərtib edilməməsi və ya keyfiyyətlə bağlı rəsmi etirazın olmaması halında, sonradan məhsulun əvvəlcədən yararsız olması barədə iddianın irəli sürülməsi sübutetmə yükü baxımından cavabdehin üzərinə düşür ki, bu hallar barədə məhkəməyə cavabdeh heç bir sübut təqdim etməmişdir. Əgər belə bir hallar mövcud idisə məhsulun təhvil alındığı müddət ərzində cavabdeh bu hala istinad edərək Mülki Məcəllənin 587-ci maddəsinin tələbinə əsasən alınan malı qəbul etməkdən imtina edə və ya məhsulun alış qiymətinin mütənasib azaldılmasını tələb edə bilərdi. Belə hallar mövcud olmadığı üçün təhvil verilmiş məhsulun yararlı vəziyyətdə cavabdehə verildiyini göstərir.

35. Bundan əlavə, 24 iyul 2024-cü il tarixli satış qaiməsində “Kimə” qrafasında “Eldəniz” adı yazılmış şəxs məhsulların ona təhvil verildiyini qeyd edir. Həmin şəxs cavabdehin işçisidir, bu halı cavabdeh qəbul edir. Hətta məhsulun cavabdehin özü yox, işçiləri tərəfindən də, təhvil alınması cavabdehi iddiaçı qarşısında mövcud olan öhdəlikdən azad etmir.

36. Qanunvericiliyə əsasən cavabdehin iddiaçıya borclu olması təsdiq edilirsə cavabdehin həmin öhdəliyi tamamilə icra etməsi və bu öhdəliyin iddiaçı tərəfindən qəbul edilməsi yalnız həmin etiraf üzrə ona qaytarılmalı olan pulun qəbul edildiyi, yaxud da öhdəliyin icra edilməsinə dair cavabdehə iddiaçı tərəfindən sənəd verilməsi yolu ilə müəyyən edilə bilər. Lakin hazırkı iş üzrə cavabdeh nə öhdəliyin icra edilməsinə dair iddiaçı tərəfindən verilmiş sənədi, nə də ki, onun tərəfindən razılaşmanın icra edilməsinə dair heç bir qeydi məhkəməyə təqdim etməmişdir. Bu isə cavabdeh tərəfindən öhdəliyin icra edilməməsini göstərir.

37. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

39. Məhkəmə iclasında tədqiqi olunmuş sübutlara, iş üzrə müəyyən olunmuş hallara və sadalanan qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

41. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi hüquqi yardıma görə 325 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6 və 121.1-ci maddələrinə əsasən, hüquqi yardım haqqı məhkəmə məsrəfi olmaqla, ağlabatan həddə digər tərəfdən tutularaq xeyrinə qətnamə çıxarılan tərəfə ödənilir. Bu səbəbdən, 325 manat məbləğində xərcin cavabdehdən tutulması əsaslıdır.

42. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar 55 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci, eləcə də MPM-in 107 və 119.1-ci maddələrinə uyğun olaraq, təmin edilmiş hissəyə mütənasib 53 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəlinmiş nəticə əsaslıdır.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.

44. Məhkəmə kollegiyası MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissələrində iddianın qiyməti on min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdеh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1817/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar