Məhkəmə qərarları › İş №2-2(3-8)-12/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-8)-12/2026

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(3-8)-12/2026 11.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, e-2-2(119)-2440/2025 nömrəli qətnaməsindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, tərəflərin iştirakı olmadan, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış 01 may 2024-cü il tarixli NX0105/24 nömrəli nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, sifarişçi (cavabdeh) yüklərin avto-qaldırıcı (kara) nəqliyyat vasitəsi ilə boşalmayükləmə xidmətinin göstərilməsini sifariş verib icraçıya (iddiaçıya) razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada yüklərin avto-qaldırıcı (kara) nəqliyyat vasitəsi ilə boşaldılması xidmətini göstərməyi öhdəsinə götürür.

2. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlər müqaviləyə əlavə edilən xidmət akt(lar)ı ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının aylıq miqdarı ƏDV ilə birlikdə 413 manat təşkil edərək müqavilənin tərkib hissəsi olan xidmətin göstərilməsinə dair hesab-faktuıada qeyd edilir. - 3.1.3-cü yarımbəndinə əsasən, göstərilmiş xidmətin dəyərini hər ayın əvvəlindən ödəmək sifarişçinin vəzifələrindən biridir. - 4.1-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə tərkib hissəsi olan hesab-fakturada qeyd edilir. - 4.2-ci bəndinə əsasən, hazırkı müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

3. 23 may 2024-cü il tarixli MT2405 seriyalı 10992095 nömrəli elektron qaiməfaktura üzrə 413 manat, 21 iyun 2024-cü il tarixli MT2406 seriyalı 11079900 nömrəli elektron qaimə-faktura üzrə 413 manat, 19 iyul 2024-cü il tarixli MT2407 seriyalı 11314184 nömrəli elektron qaimə-faktura üzrə 413 manat, 19 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11158258 nömrəli elektron qaimə-faktura üzrə 413 manat məbləğində olmaqla, cəmi 1652 manat məbləğində xidmətlərin göstərilməsi ilə əlaqədar elektron qaiməfakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.

4. 22 may 2024-cü il tarixli 98 nömrəli hesab-faktura üzrə 413 manat, 21 iyun 2024cü il tarixli 122 nömrəli hesab-faktura üzrə 413 manat, 19 iyul 2024-cü il tarixli 148 nömrəli hesab-faktura üzrə 413 manat, 19 avqust 2024-cü il tarixli 172 nömrəli hesab-faktura üzrə 413 manat məbləğində olmaqla, cəmi 1652 manat məbləğində xidmətlərin göstərilməsi ilə əlaqədar hesab-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.

5. 11 iyun 2024-cü il tarixli 000İPX1241633D16 nömrəli ödəniş tapşırığı üzrə 350 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür.

6. 11 iyun 2024-cü il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 63 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının ƏDV subuçot hesabına köçürülmüşdür.

7. İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış 15 aprel 2024-cü il tarixli 1504/24 nömrəli alqısatqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcı (iddiaçı) müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş kimyəvi malları alıcının (cavabdehin) mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürür.

8. Həmin müqavilənin: - 2.1.1-ci yarımbəndinə əsasən, satıcı müqavilənin 2.4-cü bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini alıcıdan tələb edir. - 2.4.1-ci yarımbəndinə əsasən, alıcı malın bu müqavilə ilə müəyyənləşdirilmiş qiymətini müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcıya tam və vaxtında ödəyir. - 3.1-ci bəndinə əsasən, malın qiyməti protokol əsasında müəyyən edilir. Ödəniş alıcı tərəfindən satıcının bank hesabına köçürülmə yolu Azərbaycan manatı ilə həyata keçirilir. - 4.3-cü bəndinə əsasən, müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1 faizi həcmində satıcıya dəbbə pulu ödəyir.

9. 15 aprel 2024-cü il tarixli 1504/24 nömrəli alqı-satqı müqaviləsinə 01 saylı əlavə olan qiymət razılaşma protokolu ilə təqdim edilmiş malların dəyərinin 507,4 manat məbləğində olması razılaşdırılmışdır.

10. 15 aprel 2024-cü il tarixli EBEB seriyalı 787182 nömrəli elektron qaiməfaktura üzrə 507,4 manat məbləğində malın təqdim edilməsi ilə əlaqədar elektron qaiməfaktura iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.

11. İş materiallarından görünür ki, 507,4 manat məbləğində malın təqdim edilməsi ilə əlaqədar hesab-faktura iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1746,4 (min yeddi yüz qırx altı manat, qırx qəpik) manat məbləğində borc (1480 manat məbləğində əsas borc və 266,4 manat məbləğində ƏDV borcu olmaqla), 663 (altı yüz altmış üç) manat məbləğində cərimə və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 may 2024-cü il tarixli NX0105/24 nömrəli nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi, 15 aprel 2024-cü il tarixli 1504/24 nömrəli kimyəvi malların alqı-satqısı və 25 may 2023-cü il tarixli 2505/23 nömrəli alqı-satqı üzrə müqavilələr bağlanmışdır. Cavabdehlə bağlanmış 25 may 2023-cü il tarixli 2505/23 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra edilmişdir. Nəqliyyatekspeditor xidmətlərinin göstərilməsi üzrə müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehə yüklərin avto-qaldırıcı nəqliyyat vasitəsi ilə boşaldılması xidmətini göstərməyi, cavabdeh isə göstərilən xidmətə əsasən müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş, ƏDV daxil olmaqla 413 manat məbləğində aylıq xidmət haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Kimyəvi malların alqı-satqısı üzrə müqaviləyə əsasən isə iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə onları qəbul edib müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, malın qiyməti protokol əsasında müəyyən edilir və ödəniş cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmə yolu Azərbaycan manatı ilə həyata keçirilir. Yuxarıda nəzərdə tutulan NX0105/24 nömrəli xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə avto-qaldırıcı (kara) nəqliyyat vasitəsi ilə boşaldılma xidməti göstərilmiş və müvafiq olaraq elektron qaimələr cavabdehə təqdim edilmişdir. Belə ki, 23 may 2024-cü il tarixində MT**********95 nömrəli elektron qaimə-faktura tərtib olunmuş və yekun məbləği 413 manat (63 manat ƏDV məbləği daxil olmaqla) təşkil etmişdir. Daha sonra 21 iyun 2024-cü il tarixində MT**********00 nömrəli elektron qaimə-faktura tərtib edilmiş və yekun məbləği 413 manat (63 manat ƏDV məbləği daxil olmaqla) olmuşdur. Növbəti olaraq 19 iyul 2024-cü il tarixində MT**********84 nömrəli, 19 avqust 2024-cü il tarixində isə MT**********58 nömrəli elektron qaimə-fakturalar tərtib edilmiş və hər biri üzrə yekun məbləğ 413 manat (63 manat ƏDV məbləği daxil olmaqla) təşkil etmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə, ümumilikdə 1652 manat (o cümlədən ƏDV üzrə 252 manat) məbləğində olan ödənişləri iddiaçıya ödəməlidir. Lakin bu günə qədər cavabdeh yalnız 11 iyun 2024 tarixində əsas hesablardan 350 manat (000İPX1241633D16) və həmin tarixdə ƏDV sub-uçot hesabından 63 manat (**********708026 nömrəli bildiriş) məbləğində ödəniş icra etmişdir. Nəticədə, nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi üzrə müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan 1239 manat borc məbləği qalmışdır. Kimyəvi malların alqı-satqısı üzrə müqavilə üzrə elektron qaimələrə əsasən 15 aprel 2024cü il tarixində EBEB787182 nömrəli elektron qaimə-faktura tərtib edilmiş və yekun məbləği 507,4 manat (77,4 manat ƏDV məbləği daxil olmaqla) təşkil etmişdir. Beləliklə, iddiaçı müqavilə üzrə öz öhdəliklərini tam və vaxtında icra etmiş, lakin cavabdeh müqavilədən irəli gələn ödənişləri nəzərdə tutulmuş müddətdə və tam həcmdə yerinə yetirməmişdir. Cavabdehin, ümumilikdə 1746,4 manat məbləğində icra edilməmiş öhdəliyi qalmışdır. Bundan əlavə olaraq, tərəflər arasındakı müqavilənin 4.3-cü bəndinə əsasən, müqaviləyə əsasən ödənişlərin gecikdirilməsinə görə cavabdeh gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1 faizi həcmində iddiaçıya dəbbə pulu ödəyir. Qiymət razılaşma protokoluna əsasən cavabdeh hesab-faktura və elektron qaimə təqdim edildiyi tarixdə ödənişi yerinə yetirməlidir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

14. Sumqayıt Kommersiya Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, e-2-2(119)- 2440/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 1746,4 (min yeddi yüz qırx altı manat, qırx qəpik) manat məbləğində borcun, 26 (iyirmi altı) manat məbləğində cərimənin və 37,72 (otuz yeddi manat, yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1810,12 (min səkkiz yüz on manat, on iki qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Qətnamədən narazı qalan Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf xx.xx.2024-cü il tarixli MT2407seriyalı 11314184 nömrəli elektron qaimə-faktura üzrə 413 manat və xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 11158258 nömrəli elektron qaimə-faktura üzrə 413 manat pulun cavabdehdən tutulması barədə məhkəmədən xahiş etmiş olsa da, həmin xidmətin göstərildiyi barədə sənəd əlavə etməmişdir. Belə ki, həmin qaiməfakturalar üzrə xidmətlərin göstərilməsi barədə iddiaçıya xx.xx.2025-ci il tarixli məktubla müraciət olunmuş, lakin bu günə kimi iddiaçıdan məkuba cavab alınmamışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq, qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişlər. Hesab edir ki, birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq düzgün qiymət verməmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Maddə 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Maddə 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.

19. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarı: “...“lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh QSC arasında bağlanmış 01 may 2024-cü il tarixli NX0105/24 nömrəli nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, sifarişçi (cavabdeh) yüklərin avto-qaldırıcı (kara) nəqliyyat vasitəsi ilə boşalmayükləmə xidmətinin göstərilməsini sifariş verib icraçıya (iddiaçıya) razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada yüklərin avto-qaldırıcı (kara) nəqliyyat vasitəsi ilə boşaldılması xidmətini göstərməyi öhdəsinə götürmüşdür.

22. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında 15 aprel 2024-cü il tarixli 1504/24 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, satıcı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan malları cavabdehə təqdim etsə də, alıcı qismində iştirak edən cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək təhvil aldığı malların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş və 507,4 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehdən 01 may 2024-cü il tarixli NX0105/24 nömrəli nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi haqqında müqavilə və 15 aprel 2024-cü il tarixli 1504/24 nömrəli alqı-satqı müqaviləsi üzrə 1746,4 (1239+507,4=1746,4) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 15 aprel 2024-cü il tarixli 1504/24 nömrəli alqı-satqı müqaviləsi üzrə 265 manat məbləğində cərimənin tutulmasına aid hissəsi (iddia ərizəsində ümumi cərimə məbləği 663 manat hesablanmışdır: bunun 265 manat məbləğində olan hissəsi 15 aprel 2024-cü il tarixli müqavilə, qalan hissəsi isə 01 may 2024-cü il tarixli nəqliyyatekspeditor xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə hesablanmışdır) ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin həmin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilmiş 4.3-cü bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

23. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına uyğun olaraq iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

24. Cavabdeh xx.xx.2026-cı il tarixində məhkəməyə ərizə ünvanlayaraq şahid ifadələrinin dinlənilməsi və tərəflərindən təqdim olunmuş dəlillərin əsaslılığını sübut etməkləri üçün məhkəmə iclasının tərəflərin iştirakı ilə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək məhkəmə iclasının tərəflərin iştirakı ilə keçirilməsi barədə cavabdehin vəsatətinin təmin edilməməsini qərara almışdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 394-1.3cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Həmçinin 394- 1.4-cü maddəyə görə iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində baxılarkən cavabdeh iddia ərizəsinə etiraz və ya iddia tələbini təkzib edən hər hansı digər sənəd təqdim etməmiş, habelə apellyasiya şikayətinə də hər-hansı mötəbər sübut əlavə olunmamışdır.

26. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddia tələbində qeyd edilən xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 11314184 nömrəli elektron qaimə-faktura üzrə 413 manat və xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 11158258 nömrəli elektron qaimə-faktura üzrə 413 manat qarşılığında müqavilə üzrə iddiaçının öhdəliyinə götürdüyü xidmətləri göstərdiyini sübut edən sənəd əlavə etməməsidir. Belə ki, həmin qaimə-fakturalar üzrə xidmətlərin göstərilməsi barədə iddiaçıya xx.xx.2025-ci il tarixli məktubla müraciət olunmuş, lakin bu günə kimi iddiaçıdan məkuba cavab alınmamışdır. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi həmin məktub qətnamənin çıxarıldığı tarixdən sonraya aid olmaqla öz-özlüyündə iddiaçı tərəfindən təqdim edilmiş sübutların mötəbərliyini şübhə altına almır. Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi 08 dekabr 2025-ci il tarixində çıxarılmış, cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş məktubun surəti isə 15 dekabr 2025-ci il tarixinə aiddir. Cavabdeh “Elektron Məhkəmə” İnformasiya Sistemində xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçməklə elektron kabinetə malik olsa da, MPM-in 284-5.2-ci maddəsinin tələblərinə əməl etməyərək hazırkı iş üzrə məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmiş, habelə təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı hər hansı yeni sübutu da apellyasiya baxışı zamanı təqdim etməmişdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən, habelə həmin müqavilə üzrə iddiaçı tərəfindən elektron qaimə əsasında təqdim edilmiş digər malların dəyərinin cavabdeh tərəfindən ödənilməsinə istinadən bu nəticəyə gəlir ki birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, mübahisələndirilən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 394-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, e-2-2(119)- 2440/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar