Məhkəmə qərarları › İş №2-2(3-8)-13/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-8)-13/2026

18.02.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(3-8)-13/2026 18.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsnin nümayəndəsi X2, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(119)-2542/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ:

1. Şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən xx.xx.1988-ci təvəllüdlü Şamaxı rayonunda anadan olmuş Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs xx xxxx 1988-ci il təvəllüdlü Maraqlı şəxs 16 oktyabr 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə 7863,29 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 1193,65 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 211,2 manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna 39,82 manat məbləğində borcu vardır və ona həmin borcların ödənilməsinə dair xəbərdarlıqlar edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 16 oktyabr 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 7863,29 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 1193,65 manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 211,2 manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna olan 39,82 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - xx xxxx 1988-ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 2542/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, 16 oktyabr oktyabr 2025-ci il tarixinə hesablanmış 7863,29 manat məbləğində vergi borcu dövlət büdcəsinə, 1193,65 manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna, 211,2 manat məbləğində borc İcbari Tibbi Sığorta Fonduna və 39,82 manat məbləğində borc İşsizlikdən Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi - xx xxxx 1988ci il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx, VÖEN: **********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (hakim Fərman Həmidli).

5. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi dövlət qeydiyyatından keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət göstərdiyi müddətdə müəssisədə 3 (üç) işçi çalışmışdır və qüvvədə olan vergi qanunvericiliyinə əsasən bu halda gəlirlərinə görə 5 faiz dərəcə ilə vergi ödəməli idi. Sahibkarlıq fəaliyyəti cəmi 4 (dörd) ay davam etmiş, həmin müddət ərzində hesabına ümumilikdə 34.000 (otuz dörd min) manat vəsait daxil olmuşdur. Qanunvericiliyə uyğun olaraq bu məbləğin 5 faizi həcmində, yəni 1.700 (min yeddi yüz) manat vergi ödəməli idi. Lakin qarşı tərəf tərəfindən vergi məbləği 20 faiz dərəcə ilə, yəni 6.800 (altı min səkkiz yüz) manat olaraq hesablanmışdır. Dörd ayın tamamında fəaliyyətini tam şəkildə dayandırmış, buna baxmayaraq onun üçün dörd ay əvəzinə 12 ayın vergisi hesablanmışdır. Əgər hal-hazırda heç bir qanun pozuntusu yoxdursa onun vergi borcu hansı səbəbə əsasən 36% ilə hesablanmışdır və bu təqribən 12.000 manatdan çox hesablanmışdır və bununla bağlı adiyyatı üzrə öz şikayət etdikdən sonra onun vergi borcundan təqribən 3000 manat məbəğində borc silinmişdir. Ümumilikdə onun Dövlət vergi xidmətinə yekun olaraq borcu 9.800 manat deyil, 1504 manat DSMF və 1.700 manat vergi borcu olaraq hesablanmalıdır ki, bu da toplamda 3.204 manat edir. Hesab edir ki, barəsində ölkədə getmək hüququnun müvəqqəi məhtudlaşdırlması tamamilə əsassız şəkildə tətbiq edilmişdir. Çünki məhkəmə prosesslərində iştirakı birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətinin dəlilinə uyğun izahat verib, ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsnin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 28. Azadlıq hüququ (...) İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər....

Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı (...) İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

11. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər ... 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; Maddə 23. Vergi orqanlarının hüquqları ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; “Maddə 24. Vergi orqanlarının vəzifələri ... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə 77. Vergi öhdəliyi ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. “Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. 65.3. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit kredit və ya elektron pul təşkilatı tərəfindən həmin sərancamın daxil olduğu gün icra edilir. 65.4. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərancamı bankda və ya digər kredit kredit və ya elektron pul təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. 65.6. Bu Məcəllənin 79.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamları kredit və elektron pul təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir. 65.7. Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, kredit və elektron pul təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra kredit və elektron pul təşkilatı vergi orqanının sərəncamını icra edir. 65.8. Vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə kredit və ya elektron pul təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər kredit və ya elektron pul təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir. 65.9. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə artıq alınmış vəsaitin geri qaytarılması bu Məcəllənin 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.

12. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 2002-ci il 24 dekabr tarixli Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 3. Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər (...) 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci və 33cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; Konstitusiyanın 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.

13. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 9 sentyabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.

14. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 Saylı Protokolunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 2. Hərəkət etmək azadlığı (...)

2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Maraqlı şəxs apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə ona məlumat verilməmiş, bu səbəbdən də məhkəmə iclasında iştirak etməmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

20. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

21. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

22. Mülki Prosessual Məcəlləsinin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılması nəzərdə tutulmuşdur.

23. Məhkəmə kollegiyası maraqlı şəxsin qeyd olunan apellyasiya şikayətinin dəlili ilə razılaşmır.

24. Belə ki, maraqlı şəxs xx.xx.2025-ci il tarixdən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet iştirakçısıdır və hazırki iş üzrə xüsusi icraat qaydasında ərizə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, xx.xx.2025-ci il tarixdə məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə məxsus “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetə bildiriş göndərilmiş və maraqlı şəxsə məxsus mobil telefon nömrəsinə sms göndərilmişdir. (iş səh. 9 və 10)

25. İşin mahiyyətinə gəldikdə isə ərizəçi Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Maraqlı şəxs 16 oktyabr 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə 7863,29 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 1193,65 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 211,2 manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna 39,82 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi ərizəni təmin etmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, hazırkı işin də aid olduğu kateqoriyadan olan məsələlər MPM-in 305-ci maddəsində sadalanan işlər sırasında olmaqla xüsusi icraat qaydasında həll edilir. Bu kateqoriyadan olan işlər üzər isə borcun mövcudluğu əsas götürülür.

27. Vergi borcunun alınmasını təmin etmək üçün Veri Məcəlləsində nəzərdə tutulmuş məcburetmə tədbirlərindən birinin tətbiq edilməsi digərinin tətbiq edilməsini istisna etmir. Vergi orqanları vergilərin ödənilməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş mümkün olan bütün vasitələrdən məhdudiyyətsiz istifadə edə bilər. Həmçinin iş üzrə inzibati orqanın borclu hüquqi şəxsin rəhbəri barədə tətbiq olunmasını istədiyi məhdudiyyət tədbiri qanuni olmaqla yanaşı, həm də çatmaq istədiyi məqsədə mütənasibdir.

28. “İnsan Hüquqları və Azadlıqları haqqında” Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

29. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəllənin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur.

30. Hazırkı halda da vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər barədə sənədlər iş materiallarına əlavə edilmiş, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Maraqlı şəxs 16 oktyabr 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə 7863,29 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 1193,65 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 211,2 manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna 39,82 manat məbləğində borcu vardır və ona həmin borcların ödənilməsinə dair xəbərdarlıqlar edilmiş və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Maraqlı şəxs əmlakları olmadığından digər prosessual tədbirlər həyata keçirilə bilməmişdir.

31. Vergi borcunun düzgün hesablanmadığı barədə maraqlı şəxsin apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi uçotunu düzgün aparmalı, vergi hesabatlarını müəyyən edilmiş müddətdə təqdim etməli və vergiləri vaxtında ödəməlidir. İş materiallarından görünür ki, maraqlı şəxs tərəfindən işçilərin sayı və əmək münasibətləri barədə məlumatların vergi orqanında düzgün rəsmiləşdirilməsi və müvafiq hesabatların təqdim olunması sübuta yetirilməmişdir. Bunun əsası kimi maraq şəxs apellyasiya şikayətində qeyd edir ki, onun şikayətindən sonra ona hesablanmış vergi borcu 3000 manat məbləğində azaldılmışdır.

32. Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə əsasən vergi ödəyicisi fəaliyyətə başladığı və ya fəaliyyəti dayandırdığı hallarda bu barədə vergi orqanına qanunla müəyyən edilmiş qaydada məlumat verməlidir. Fəaliyyətin dayandırılması barədə rəsmi məlumat verilmədikdə, vergi öhdəlikləri uçot məlumatlarına əsasən hesablanır.

33. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi orqanı vergi məbləğini təqdim edilmiş hesabatlar və mövcud uçot məlumatları əsasında hesablayır. Vergi ödəyicisi tərəfindən düzgün və tam məlumat təqdim edilmədikdə, vergi orqanı hesablamanı mövcud sənədlər və faktiki göstəricilər əsasında aparmaq hüququna malikdir.

34. Vergi borcunun vaxtında ödənilməməsinə görə maliyyə sanksiyalarının və faizlərin hesablanması isə Vergi Məcəlləsinin 58-ci (maliyyə sanksiyaları) və 59-cu (gecikdirilməyə görə faiz) maddələrinə uyğun olaraq həyata keçirilir. Hesablanmış faiz və sanksiyalar vergi öhdəliyinin vaxtında yerinə yetirilməməsinin hüquqi nəticəsidir və qanunvericiliyin tələblərinə uyğundur.

35. Borc məbləğinin bir hissəsinin sonradan dəqiqləşdirilməsi və azaldılması vergi orqanının əlavə araşdırma aparmaq səlahiyyətindən irəli gəlir və ilkin hesablamanın tam əsassız olmasını təsdiq etmir.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, vergi borcu və ona tətbiq edilmiş maliyyə nəticələri maraqlı şəxsin mövqeyindən yanaşılsa belə o, bunu məhkəmə qaydasında mübahisələndirməmiş, azaldılmış borca münasibətdə isə yenidən yuxarı orqana və ya inzibati icraat çərçivəsində məhkəməyə müraciət etməmişdir. Bu halda isə məhkəmə kollegiyası qeyd edilən borcun mübahisəsiz olmaqla əsaslı olması qənaətinə gəlmişdir.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, maraqlı şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği, vergi ödəyicisinin mübahisəyə qədərki davranışları və digər halları nəzərə almaqla mütənasiblik prinsipi əsas götürülməklə mübahisəyə lazımi qaydada hüquqi qiymət vermişdir.

38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(119)-2542/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-2542/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar