Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2-2(3-8)-37/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, maraqlı şəxsin nümayəndəsi vəkil Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 06 fevral 2026-cı il tarixli, e-*-*(*-**)- ***/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ## ###### 1983-cü il təvəllüdlü Maraqlı şəxs ## ###### 2026-cı il tarixinə hesablanmış dövlət büdcəsinə 24556,3 manat məbləğində vergi borcu, İşsizlikdən Sığorta Fonduna 7,33 manat məbləğində borcu vardır və həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək ## ###### 2026-cı il tarixinə hesablanmış dövlət büdcəsinə olan 24556,3 (iyirmi dörd min beş yüz əlli altı manat, otuz qəpik) manat məbləğində vergi borcunun və İşsizlikdən Sığorta Fonduna olan 7,33 (yeddi manat, otuz üç qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - ## ###### 1983-cü il təvəllüdlü Maraqlı şəxs (VÖEN: 2903335812) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Maraqlı şəxsin vəkili ## ###### 2026-cı il tarixində birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş qərarın bir nüsxəsi hüquqlarını təmsil etdiyi maraqlı şəxsə təqdim edilməmişdir. Bunun nəticəsində maraqlı şəxs sözügedən qərarın məzmunu və mövcud məsələ ilə bağlı vaxtında məlumatlandırılmamışdır. Həmin qərarın Sumqayıt Şəhər Məhkəməsində mübahisələndirilməsi məqsədilə surətinin ona təqdim edilməsi üçün sözügedən idarəyə rəsmi sorğu ünvanlanmışdır. Maraqlı şəxsin vəkili qərarın məhkəmə qaydasında mübahisələndirilməsi üzrə icraat yekunlaşanadək icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Kommersiya Məhkəməsinin 06 fevral 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə ərizə təmin edilməsi, ## ###### 2026-cı il tarixinə hesablanmış 24556,3 (iyirmi dörd min beş yüz əlli altı manat, otuz qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə və 7,33 (yeddi manat, otuz üç qəpik) manat məbləğində borc İşsizlikdən Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi - ## ###### 1983-cü il təvəllüdlü Maraqlı şəxs (FİN: *******, VÖEN: 2903335812) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (hakim Fərman Həmidli).
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən edilir ki, vergi borcu və işsizlikdən sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ## ###### 1983-cü il təvəllüdlü Maraqlı şəxs ## ###### 2026-cı il tarixinə hesablanmış dövlət büdcəsinə 24556,3 manat məbləğində vergi borcu, İşsizlikdən Sığorta Fonduna 7,33 manat məbləğində borcu vardır və həmin borcların ödənilməsinə dair ona xəbərdarlıqlar edilmişdir.
6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Vergi Məcəlləsinin 16.1.1-ci, 23.1.15-3-cü, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci, 355-5.1-ci, 355-7.4-cü, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən narazı qalan maraqlı şəxs apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 06 fevral 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
8. Maraqlı şəxs apellyasiya şikayətində yanlışlığa yol verilməsinə dair ərizə ilə müraciət edərək qeyd etmişdir ki, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində işə aidiyyatı olmayan məsələyə istinad olunmuşdur. Bu səbəbdən, həmin hissənin yanlışlıq kimi nəzərə alınmasını və hüquqi qiymətləndirmə zamanı diqqətə alınmamasını xahiş etmişdir.
Apellyasiya şikayətinə etiraz
9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
İşdə iştirak edən şəxslərin izahatları
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, maraqlı şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan tez-tez xarici ölkələrə səfər edir. Onun bu hüququnu məhdudlaşdırmaq iqtisadi fəaliyyətinə ziyan vuracaqdır. Bundan əlavə, mübahisələndirmə haqqında iddia ərizəsi ilə Sumqayıt İnizabti Məhkəməsinə müraciət olunmuşdur.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:
1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur.
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə ərizə təmin edilməməlidir.
15. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2025-ci il tarixli, ************** nömrəli maliyyə sanksiyası haqqında Qərarı”ndan məhkəməyə şikayət verilmiş və ərizə hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Göründüyü kimi hazırki ərizənin təmin olunmasına əsas verən vergi borcu maraqlı şəxs Maraqlı şəxs tərəfindən mübahisələndirilir. Qeyd olunan vergi borcunun əsaslı olaraq hesablanması Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iş üzrə araşdırma predmetidir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən Maraqlı şəxs hesablanmış vergi borcunun silinməsi barədə qərar qəbul edilərsə hazırki iş üzrə maraqlı şəxsin ölkədən getmək hüququ lüzumsuz yerə məhdudlaşdırılmış olacaqdır. Nəticədə hazırki ərizənin təmin olunması barədə qətnamənin qəbul edilməsi, ilk növbədə qətnamənin obyektivliyini şübhə altında alır.
16. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə mübahisəsi başa çatdıqdan sonra vergi borcu müəyyən edilərsə, vergi orqanının yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır.
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 06 fevral 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.