Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-2(3-8)-39/2026 02.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, İddiaçı “Uğur İndustry” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “Build Note” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2026-cı il tarixli e-2-2(4-13)-331/2026 nömrəli qərardadından iddiaçı “Uğur İndustry” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ:
1. İddiaçı “Uğur İndustry” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “Build Note” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Məhkəmə MPM-in 152.1.4-cü maddəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslnadırmışdır ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin Gürcüstan Respublikasında qeydiyyat alınmış cavabdeh “Build Note” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alınmasını təsdiq edən müvafiq sənədlər iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsi ilə bağlı poçt göndərişi iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim olunsa da, poçt göndərişlərinin izlənilməsində həmin sənədlərin “çatdırılma cəhdi uğursuz olub” qeyd olunmuşdur.
2. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, iddia ərizəsinin və əlavə edilmiş sənədlərin cavabdehin hüquqi ünvanına beynəlxalq poçt vasitəsilə göndərilməsi təmin edilmiş, poçt qəbzi və izləmə kodu məhkəməyə təqdim edilmişdir. Həmçinin sənədlər tərəflər arasında imzalanmış müqavilədə qeyd edilmiş e-mail ünvanına da göndərilmişdir. Poçt izləmə sistemində “çatdırılma cəhdi uğursuz olub” qeydi cavabdehin sənədləri qəbul etməməsi və ya xarici ölkə ərazisində çatdırılma ilə bağlı texniki səbəblərlə əlaqədar olmuşdur ki, bununla bağlı iddiaçı tərəfin edəcəyi hər hansı bir tədbir yoxdur. Bu hal iddiaçının prosessual vəzifəsini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Qanun iddiaçıdan sənədlərin faktiki olaraq cavabdeh tərəfindən qəbul edilməsinə təminat verməyi deyil, onların göndərilməsini tələb edir. Göstərilənlərə əsasən qərardad ləğv edilməli və kommersiya işi icraata qəbul edilməlidir.
3. Sumqayıt Kommersiya Məhkəməsinin 06.03.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir.
4. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
5. Belə ki, hazırkı iş üzrə cavabdeh Gürcüstan Respublikasında qeydiyyat alınmış kommersiya hüquqi şəxsidir. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli Qərarının 3.7-ci bəndinə əsasən prosessual qənaət prinsipi baxımından kommersiya məhkəməsinin beynəlxalq səlahiyyəti müəyyən edilmədən, iddia ərizəsinin MPM-in 149 və 150-ci maddələrinin tələblərinə uyğunluğu yoxlanıla bilməz. Əgər məhkəmənin işə baxmaq üçün beynəlxalq səlahiyyəti varsa, lakin iddia ərizəsi MPM-in 149 və 150-ci maddələrinin tələblərinə cavab vermirsə, iddia ərizəsinin geri qaytarılması barədə qərardadda ilk növbədə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı hüquqi əsaslandırma aparılmalı, yalnız bundan sonra iddia ərizəsinin geri qaytarılmasına dair mövqe bildirilməlidir.
6. Hazırkı işdə birinci instansiya məhkəməsi mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olub-olmaması ilə bağlı hər-hansı araşdırma və hüquqi əsaslandırma aparmayaraq birbaşa iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlmişdir ki, bu da yuxarıda qeyd edilən Plenum Qərarının tələblərinə uyğun olmamışdır.
7. Digər tərəfdən nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsi kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməsini və bu barədə məlumatın elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılmasını nəzərdə tutur. Həmin maddəyə əsasən əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Hazırkı işdə cavabdeh qeyri-rezident (Gürcüstan Respublikasında qeydiyyat alınmış kommersiya hüquqi şəxsi) olduğundan onun “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın – Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabineti də mövcud deyildir. Eyni zamanda iddiaçı cavabdehin müvafiq sistemdə kabineti olan nümayəndəsi barədə də məlumat təqdim etməmişdir. Belə olan halda iddiaçının kommersiya mübahisələri üzrə MPM-də nəzərdə tutulan qaydada iddia ərizəsini cavabdehə təqdim etmək imkanı mövcud olmamışdır.
8. Bununla yanaşı iddiaçı mümkün olan digər üsullardan – ənənəvi poçt göndərişi və elektron poçt (e-mail) vasitəsi ilə iddia ərizəsinin surətini cavabdehə göndərməsinə dair sübutları iddia ərizəsinə əlavə etmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsi məsələsini həll edərkən həmin sübutlardan yalnız birinə - poçt göndərişinə qiymət vermiş, lakin cavabdehin elektron poçt ünvanına e-mail vasitəsi ilə göndərilməsinə dair sübuta münasibət bildirməmişdir. Halbuki, hazırda qarşılıqlı kommersiya münasibətlərində olan tərəflərin müqavilə üzrə danışıq və yazışmaları elektron poçt vasitəsi ilə həyata keçirmələri işgüzar praktikada qəbul olunan və hamıya bəlli olan haldır. İddiaçı da iddia ərizəsinə məhz cavabdehin tərəflər arasında bağlanmış müqavilədə göstərilən (“buildnote2024@gmail.com) elektron poçt ünvanına nümayəndələri (əməkdaşları) tərəfindən göndərilmiş elektron məktubları əlavə etmişdir.
9. Kollegiya qeyd edir ki, MPM-in “Yazılı sübutlar” adlanan 89-cu maddəsinin tələblərinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Göründüyü kimi qeyd edilən norma elektron qaydada göndərilmiş və ya əldə edilmiş işgüzar yazışmaların, sair sənəd və materialların həqiqiliyini müəyyən etməyin mümkün olduğu hallarda onların yazılı sübut qismində qəbul olunmasını mümkün hesab edir. MPM-in 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Bu maddəyə əsasən məhkəmə iddia ərizəsinin qəbul olunub-olunmaması barədə qərar verərkən, tərəflərin mövqeyini dinləmək və onların arqumentlərini nəzərə almaq imkanına malikdir.
10. Kollegiya formalaşmış məhkəmə təcrübəsinə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında əks edilmiş hüquqi mövqelərə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır.
11. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki qərardadda nəzərdə tutulmuş məsələlər nəzərə alınmaqla iş üzrə sonrakı prosessual hərəkətlərin edilməsi üçün kommersiya işi birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
12. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı “Uğur İndustry” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2026-cı il tarixli e-2-2(4-13)-331/2026 nömrəli qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.