Məhkəmə qərarları › İş №2-2(3-8)-4/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-8)-4/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(3-8)-4/2026 04.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işi üzrə üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Vəkil2 Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil1,Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(119)-1158/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından Hüseynli Emil və Cavabdeh2 tərəfindən imzalanaraq təsdiqlənmiş, altı adda müxtəlif növ malların adlarının, hər birinin qablaşdırma növünün və sayının, ayrı-ayrılıqda çəkilərinin qeyd edildiyi 23 iyul 2024-cü il tarixli 01 nömrəli təhvil-təslim aktına əsasən ümumi çəkisi 12477,1 kq olan məhsullar MMC tərəfindən cavabdehə təhvil verilmişdir.

2. Həmin təhvil-təslim aktının məzmununda qeyd edilmişdir ki, ... imza edənlər öz imzaları ilə təsdiq edirlər ki, mallar satıcının anbarından alıcıya təhvil verilmişdir. Bundan sonra məhsulun keyfiyyəti və salamatlılığı alıcının öhdəsinə düşür.

3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından Hüseynli Emil və Cavabdeh2 tərəfindən imzalanaraq təsdiqlənmiş həmin təhvil-təslim aktına “Qiymətlərin razılığı haqqında” 1 saylı əlavədən görünür ki, cavabdeh tərəfindən təhvil alınmış 12477,1 kq çəkisi olan həmin məhsulların ümumi dəyəri 24232,28 manat məbləğində təşkil etmişdir.

4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından Hüseynli Emil və Cavabdeh2 tərəfindən imzalanaraq təsdiqlənmiş bir adda malın adının, qablaşdırma növünün və sayının, o cümlədən çəkisinin qeyd edildiyi 23 iyul 2024-cü il tarixli 02 nömrəli təhvil-təslim aktına əsasən ümumi çəkisi 18572,2 kq olan məhsul iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

5. Həmin təhvil-təslim aktının məzmununda qeyd edilmişdir ki, ... imza edənlər öz imzaları ilə təsdiq edirlər ki, mallar satıcının anbarından alıcıya təhvil verilmişdir. Bundan sonra, məhsulun keyfiyyəti və salamatlılığı alıcının öhdəsinə düşür.

6. İş materiallarında olan iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanaraq təsdiqlənmiş həmin təhvil-təslim aktına “Qiymətlərin razılığı haqqında” 2 saylı əlavədən görünür ki, cavabdeh tərəfindən təhvil alınmış 18572,2 kq olan həmin məhsulun ümumi dəyəri 37144,4 manat məbləğində təşkil etmişdir.

7. İş materiallarında olan 01 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 23 iyul 2024-cü il tarixdə 24232,28 manat və 37144,4 manat məbləğində olmaqla, cəmi 61376,68 manat məbləğində dəyəri olan kənd təsərrüfatı məhsulları təhvil verilmişdir. Ümumi borc məbləğindən cavabdeh tərəfindən 5000 manat məbləğində pul vəsaiti ödənilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə məhkəmə-xətşünaslıq ekspertizası üzrə təqdim edilmiş 23 oktyabr 2025-ci il tarixli 4/1622 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş kommersiya işinin 31-ci vərəqində olan 23 iyul 2024-cü il tarixli 01 nömrəli təhviltəslim aktında “Alıcı/Təhvil aldı” qrafasındakı, 29-cu vərəqində olan həmin təhvil-təslim aktına əsasən Qiymətlərin razılığı haqqında 1 saylı Əlavədə “Alıcı” qrafasındakı, 32-ci vərəqində olan 23 iyul 2024-cü il tarixli 02 nömrəli təhvil-təslim aktında “Alıcı/Təhvil aldı” qrafasındakı, 30-cu vərəqində olan həmin təhvil-təslim aktına əsasən Qiymətlərin razılığı haqqında 2 saylı Əlavədə “Alıcı” qrafasındakı imzalar Cavabdeh2 tərəfindən icra olunmuşdur.

9. Məhkəmənin 24 sentyabr 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, razılaşmaya əsasən məhsul Xaçmaz rayonuna çatdıqdan sonra cavabdeh ödənişi nağd şəkildə Elnur adlı nümayəndəyə verməli idi. Məhsul Xaçmaza çatdıqdan sonra məhsulun çeşidlənməli olduğunu bildirdiyi üçün Elnur adlı nümayəndə təxminən 5 gün müddətində orada qalmışdır. İlk günlər çeşidllənməyə az sayda fəhlə cəlb edildiyindən, iddiaçının nümayəndələri tərəfindən şaftalının soyuqdan çeşidlənmə üçün istiyə keçdiyi vaxt öz keyfiyyətini itirməsi və işçi qüvvəsinin artırılmalı olması barədə məsələlər cavabdehin diqqətinə çatdırılmışdır. Bundan sonra fəhlələrin sayı ona çatdırılmışdır. Cavabdeh dəfələrlə nümayəndənin geri çağırılmasını istəsə də, nümayəndənin ödənişi almadığı halda geri qayıtmayacağı bildirilmişdir. Razılaşmaya baxmayaraq, cavabdeh məhsulu satdıqdan sonra ödəniş edəcəyini bildirmişdir. Sonradan dəfələrlə ödənişi tələb etdikdə isə cavabdeh Rusiya Federasiyasında məhsulun atıldığını və ziyana məruz qaldığını bildirmiş və digər bəhanələrlə ödənişi etməkdən yayınmışdır. Lakin cavabdeh daha əvvəl ziyanla bağlı iddiaçıya məlumat verməmişdir. Bundan sonra dəfələrlə əlaqə saxlamağa, yaşadığı yeri müəyyən etməyə çalışsalar da, bu mümkün olmamışdır. Sonuncu dəfə cavabdehə məhkəməyə müraciət ediləcəyi bildirdikdən sonra cavabdeh məsələni həll edəcəyini bildirmişdir.

10. İş materiallarına, həmçinin iddiaçının nümayəndəsi və cavabdehin telefon danışıqlarından ibarət olan səs yazılarının qeyd edildiyi disk əlavə edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 56377 (əlli altı min üç yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitinin və 260 (iki yüz altmış) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh2 23 iyul 2024-cü il tarixdə 24232,28 manat və 37144,4 manat məbləğində olmaqla, cəmi 61376,68 manat məbləğində dəyəri olan kənd təsərrüfatı məhsulları təhvil verilmişdir. Ümumi borc məbləğindən cavabdeh tərəfindən 4999,68 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdehin hazırkı vaxta olan qalıq borcu 56377 manat təşkil edir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

13. İddiaçı tələbinin artırılması barədə ərizə ilə müraciət edərək 56377 (əlli altı min üç yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitinin, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının və 260 (iki yüz altmış) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 1158/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdеh Cavabdeh2 56376,68 (əlli altı min üç yüz yetmiş altı manat, altmış səkkiz qəpik) manat məbləğində bоrc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının və 259,13 (iki yüz əlli doqquz manat, on üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 57635,81 (əlli yeddi min altı yüz otuz beş manat, səksən bir qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin cavabdеh Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 329.2, 329.3, 385.1, 389.1, 406.1, 425.1, 442, 443.1, 448, 567, 580.1, 580.2, 580.4, 580.5, 587.1, 587.2, 587.5, 600.1 və 600.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

16. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mallar təhvil verilən zaman iddiaçı şirkətin nümayəndəsi də orada olub və malların yararsız olduğunu müşahidə edib. O, malların şəkillərini “WhatsApp” vasitəsilə iddiaçıya göndərib. Yararsız malları ayıraraq Rusiya Federasiyasına ixrac etməyə çalışsa da, səlahiyyətli qurum tərəfindən geri qaytarılıb. Cavabdeh qalan malları ucuz qiymətə sataraq əldə etdiyi vəsaiti iddiaçıya ödəyib. Məhsulun keyfiyyətsizliyi barədə Emil adlı nümayəndəyə məlumat verilib və Elnur adlı nümayəndə 5 gün Quba rayonunda çeşidləmə prosesində iştirak edib. Təxminən 34 ton məhsuldan 6 ton çürük, 5,8 ton isə yumşaq çıxıb. Cavabdeh 10 ton məhsulu Rusiya Federasiyasına göndərmiş, qalan malları isə daxili bazarda 0,5 - 1 manat arasında müxtəlif qiymətlərlə satmışdır. Satış prosesi barədə iddiaçıya məlumat verilsə də, iddiaçının nümayəndələri maraqlanmamış və cavab verməmişdir. İddiaçının təqdim etdiyi təhvil-təslim aktları və əlavələr real vəziyyəti əks etdirmir, çünki mallar iddiaçının anbarından yox, Quba rayonunda təhvil alınıb. Cavabdeh malları anbara getmədən sifariş üzrə seçmiş və yalnız çəkilərini qeyd etmişdir. Sonradan aktlara əlavə olunmuş məlumatlar barədə cavabdeh xəbəri olmayıb. Elnur və Emil şahidliyi çeşidləmə prosesini və malların vəziyyətini təsdiqləyib. Cavabdeh həm çeşidləmə, həm də soyuducuda saxlanma xərclərini qarşılayıb. Beləliklə, malların bir hissəsinin xarab olması və bununla bağlı zərərin cavabdeh üzərinə qoyulması əsassızdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri mötəbər sübut kimi qəbul etsə də, faktiki hallar və şahid ifadələri cavabdehin mövqeyini təsdiqləyir. Belə olan halda isə malların bir hissəsinin xarab olmasına görə öhdəlik cavabdehin üzərinə qoyula bilməz. Həmçinin məhkəmə iddianının vəkil xərci kimi 1000 manat hissəsi üzrə tələbi təmin etsədə bununla bağlı sübutlar təqdim edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. (...) Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Maddə 580. Əşyaların çeşidi haqqında şərtin pozulmasının nəticələri 580.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.2. Əgər satıcı alıcıya alğı-satqı müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə: 580.2.1. çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin; 580.2.2. verilmiş əşyaların hamısından imtina etsin; 580.2.3. çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin; 580.2.4. verilmiş əşyaların hamısını qəbul etsin. 580.3. Alğı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.4. Alğı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin. 580.5. Əgər alıcı çeşidi alğı-satqı müqaviləsinə uyğun gəlməyən əşyalardan imtina etməzsə, onları satıcı ilə razılaşdırılmış qiymətlə ödəməlidir. Satıcı qiymətin razılaşdırılması üçün ağlabatan müddətdə zəruri tədbirlər görmədikdə, alıcı əşyaları müqavilənin bağlandığı an müqayisəyə gələn şəraitdə oxşar əşyalar üçün adətən alınan qiymətlə ödəyir.

587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...) Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyasının araşdırması zamanı iş materiallarından müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından Hüseynli Emil və Cavabdeh2 arasında şaftalı və nektarin məhsullarının satışı ilə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır.

26. Satıcı qismində çıxış edən iddiaçı MMC razılaşmaya uyğun olaraq müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermişdir. Belə ki, iddiaçı tərəfindən təqdim 23 iyul 2024-cü il tarixli 01 nömrəli təhvil-təslim aktına əsasən cavabdehə ümumi dəyəri 24.232,28 manat təşkil edən mallar, 23 iyul 2024-cü il tarixli 02 nömrəli təhvil-təslim aktına əsasən isə dəyəri 37.144,40 manat olan mallar təhvil verilmişdir. Beləliklə, cavabdehə təhvil verilmiş malların ümumi dəyəri 61.376,68 manat təşkil etmişdir.

27. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edildi ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməmiş, təhvil aldığı malların dəyərini iddiaçıya tam ödəməmişdir. Cavabdeh tərəfindən yalnız 5.000 manat məbləğində ödəniş həyata keçirilmiş, nəticədə onun iddiaçı qarşısında 56.376,68 manat məbləğində borcu yaranmışdır.

28. Göstərilən hallar iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan 23 iyul 2024-cü il tarixli 01 nömrəli təhvil-təslim aktı və həmin akta əlavə edilmiş “Qiymətlərin razılığı haqqında” 1 saylı əlavə, 23 iyul 2024-cü il tarixli 02 nömrəli təhvil-təslim aktı və həmin akta əlavə edilmiş “Qiymətlərin razılığı haqqında” 2 saylı əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2025-ci il tarixli 4/1622 nömrəli məhkəməxətşünaslıq ekspertiza rəyi, eləcə də şahidlərin ifadələri qeyd edilən halları tam təsdiq edir.

29. Belə ki, tərəflər arasında faktiki olaraq alqı-satqı münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək malları cavabdehə təhvil vermiş, cavabdeh isə malların dəyərini tam ödəmədiyindən iddiaçı qarşısında borclu qalmışdır.

30. İddianı qəbul etməyən cavabdehin apellyasiya şikayətinin dəlilləri istinad edilən təhvil-təslim aktlarındakı və qiymətlərin razılığı haqqında əlavələrdəki imzaların cavabdehə məxsus olmaması, o cümlədən ona verilmiş malların keyfiyyətsiz olmasından ibarətdir.

31. Cavabdehin iddianın faktiki əsasını təşkil edən sənədlərdəki imzaların ona məxsus olmaması barədə apellyasiya şikayətinin dəlili birinci instansiya məhkəməsinin araşdırması zamanı da iddia tələbinə etirazın əsasını təşkil etmişdir. Bu halın araşdırılması məhkəmə tərəfindən təmin edilmiş və iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizası üzrə təqdim edilmiş 23 oktyabr 2025-ci il tarixli 4/1622 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş kommersiya işinin 31-ci vərəqində olan 23 iyul 2024-cü il tarixli 01 nömrəli təhvil-təslim aktında “Alıcı/Təhvil aldı” qrafasındakı, 29-cu vərəqində olan həmin təhvil-təslim aktına əsasən Qiymətlərin razılığı haqqında 1 saylı Əlavədə “Alıcı” qrafasındakı, 32-ci vərəqində olan 23 iyul 2024-cü il tarixli 02 nömrəli təhvil-təslim aktında “Alıcı/Təhvil aldı” qrafasındakı, 30-cu vərəqində olan həmin təhvil-təslim aktına əsasən Qiymətlərin razılığı haqqında 2 saylı Əlavədə “Alıcı” qrafasındakı imzalar Cavabdeh2 tərəfindən icra olunmuşdur.

33. Göründüyü kimi qeyd olunan ekspert rəyi cavabdehin mübahisələndirdiyi sənədlərdəki imzaların ona məxsus olmaması barədə istinadının əsassız olduğunu göstərir və həmin rəy sübut növü kimi qəbul edilərək iş materialları ilə birgə tədqiq edilməlidir.

34. Tərəflər arasında mövcud razılaşma üzrə cavabdehə zay məhsul təhvil verilməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində dindirilmiş MMC-nin əməkdaşı X1 ifadəsində bildirmişdir ki, razılaşmaya əsasən məhsul Xaçmaz rayonuna çatdıqdan sonra cavabdeh ödənişi nağd şəkildə Elnur adlı nümayəndəyə verməli idi. Məhsul Xaçmaza çatdıqdan sonra məhsulun çeşidlənməli olduğunu bildirdiyi üçün Elnur adlı nümayəndə təxminən 5 gün müddətində orada qalmışdır. İlk günlər çeşidllənməyə az sayda fəhlə cəlb edildiyindən, iddiaçının nümayəndələri tərəfindən şaftalının soyuqdan çeşidlənmə üçün istiyə keçdiyi vaxt öz keyfiyyətini itirməsi və işçi qüvvəsinin artırılmalı olması barədə məsələlər cavabdehin diqqətinə çatdırılmışdır. Bundan sonra fəhlələrin sayı ona çatdırılmışdır. Cavabdeh dəfələrlə nümayəndənin geri çağırılmasını istəsə də, nümayəndənin ödənişi almadığı halda geri qayıtmayacağı bildirilmişdir. Razılaşmaya baxmayaraq, cavabdeh məhsulu satdıqdan sonra ödəniş edəcəyini bildirmişdir. Sonradan dəfələrlə ödənişi tələb etdikdə isə cavabdeh Rusiya Federasiyasında məhsulun atıldığını və ziyana məruz qaldığını bildirmiş və digər bəhanələrlə ödənişi etməkdən yayınmışdır. Lakin cavabdeh daha əvvəl ziyanla bağlı iddiaçıya məlumat verməmişdir. Bundan sonra dəfələrlə əlaqə saxlamağa, yaşadığı yeri müəyyən etməyə çalışsalar da, bu mümkün olmamışdır. Sonuncu dəfə cavabdehə məhkəməyə müraciət ediləcəyi bildirdikdən sonra cavabdeh məsələni həll edəcəyini bildirmişdir.

35. Həmin şahid ifadəsi ilə yanaşı iş materiallarında olan və tərəflərin münasibətlərini əyani olaraq təsdiq edən qətnamənin 1-5-ci abzaslarında əksini tapmış 23 iyul 2024-cü il tarixli 01 nömrəli müqavilə üzrə 1 saylı və 2 saylı təhvil-təslim aktına əlavələrə əsasən mallar satıcının anbarından alıcıya təhvil verildikdən sonra məhsulun keyfiyyəti və salamatlılığı alıcının öhdəsinə düşməsi razılaşdırılmışdır.

36. Cavabdeh istinad edir ki, malın qüsurlu olması barədə iddiaçıya vaxtında məlumat vermiş və bu səbəbdən də, cavabdeh olaraq onun üzərinə hər hansı bir öhdəlik qoyula bilməz. Cavabdeh tərəf malların qüsurlu olması barədə iddiaçının nümayəndəsini "WhatsApp” sosial platforması vasitəsilə məlumatlandırdığını və malın şəkillərini göndərdiyini göstərmiş bu halı təsdiq edən telefon danışıqlarının qeyd edildiyi diski məhkəməyə təqdim etmişdir.

37. Həmin səs yazıları birinci instansiya məhkəməsi ilə yanaşı məhkəmə kollegiyasının iclasında da dinlənilmişdir. Həmin səs yazısında iddiaçının nümayəndəsi X1 cavabdehlə danışığı zamanı ona verilən meyvənin yararlı olduğunu və cavabdehdən təhvil aldığı mallara görə borcu tələb etdikdə, cavabdeh malların bir hissəsinin zay olduğunu bildirir. Bundan əlavə MMC-nin nümayəndəsi cavabdehə telefon danışığı zamanı malın ona təhvil verilərək hər hansı yararsızlığının olmadığını və mövcud münasibətə aydınlıq gətirilməsi üçün cavabdehlə görüşmək istədiyini bildirsə də, cavabdeh bundan imtina edir və qısa müddət ərzində MMC-yə gələrək nümayəndə ilə görüşəcəyini bildirir. Həmin səs yazısından bəlli olur ki, bu daşınıqlar heç də malın qüsurlu olaraq təhvil verildiyi dövrü deyil, malların qəbul mərhələsindən müəyyən müddət sonra baş tutmuşdur ki, bu səs yazısı ilə MMC-nin əməkdaşı malın qüsursuz olaraq təhvil verilməklə onun dəyərini tələb edir ki, cavabdeh qəbul etdiyi mallara görə 5000 manat məbləğində ödəniş etməsi barədə məlumat verir və MMC-nin əməkdaşı həmin məbləğin MMC-yə verildiyini təsdiq edir. Ödənilmədən qalmış məbləğ barədə cavabdeh MMC-nin əməkdaşına «Emil, gələrəm danışarıq....narahat olma sənə hər hansı problem olmayacaq» deməklə qalan borcu ödəməyəcəyi inkar edilmir, qalan malın dəyərinin ödənilməsi ilə bağlı danışıq aparmalı olduğu bildirilir.

38. Cavabdeh tərəf malların dəyərindən ucuz qiymətə satıldığını bildirməklə satışdan əldə edilən satış pulunun iddiaçıya ödənildiyini göstərməklə hər hansı bir öhdəliyinin qalmadığını bildirməsi barədə fikrə münasibətdə qeyd olunmalıdır ki, cavabdehin buna dair tələbinin əsası alqı-satqı münasibətlərini tənzimləyən mülki hüquq normaları ilə tənzimlənir.

39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 580-ci maddəsinə əsasən, satıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş çeşidə uyğun olmayan mallar təqdim edildikdə alıcı həmin malları qəbul etməkdən və ödəməkdən imtina etmək və ya müqaviləyə uyğun olan malları qəbul edib qalan mallardan imtina etmək hüququna malikdir. Həmçinin Mülki Məcəllənin 587.1-ci maddəsinə əsasən, satıcı tərəfindən lazımi keyfiyyətə uyğun olmayan mal təqdim edildiyi halda alıcı öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını tələb etmək, malın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etmək və ya qüsurların aradan qaldırılması üçün çəkdiyi xərclərin ödənilməsini tələb etmək hüququna malikdir.

40. Lakin cavabdeh qeyd edilən hüquqlardan hər hansı birindən istifadə etməmiş, yaxud istifadə etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əgər təqdim olunmuş malların keyfiyyətsiz olması faktı mövcud olsaydı, bu hal malların təhviltəslimi zamanı müvafiq qaydada rəsmiləşdirilməli, iddiaçının nümayəndəsinin iştirakı ilə akt tərtib edilməli və ya təhvil-təslim sənədlərində müvafiq qeyd aparılmalı idi. Lakin cavabdeh malları tam təhvil almış, akta imza etmiş və telefon danışıqlarını sonradan həyata keçirmişdir. Bu isə həqiqətən malların sonradan kimin təqsiri üzündən xarab olmasının müəyyən edilməsini sual altına qoymuşdur. Odur ki, iş materiallarından göründüyü kimi cavabdeh təqdim olunmuş malları qəbul etmiş, qəbul sənədlərini imzalamış və sonradan həmin malları realizə etmişdir. Bu isə cavabdehin malları qəbul etdiyini və müqavilə üzrə öhdəliyi faktiki olaraq təsdiq etdiyini göstərir.

41. Qanunvericiliyə əsasən cavabdehin iddiaçıya borclu olması təsdiq edilirsə cavabdehin həmin öhdəliyi tamamilə icra etməsi və bu öhdəliyin iddiaçı tərəfindən qəbul edilməsi yalnız həmin etiraf üzrə ona qaytarılmalı olan pulun qəbul edildiyi, yaxud da öhdəliyin icra edilməsinə dair cavabdehə iddiaçı tərəfindən sənəd verilməsi yolu ilə müəyyən edilə bilər.

42. Lakin hazırkı iş üzrə cavabdeh nə öhdəliyin icra edilməsinə dair iddiaçı tərəfindən verilmiş sənədi, nə də ki, onun tərəfindən razılaşmanın icra edilməsinə dair heç bir qeydi məhkəməyə təqdim etməmişdir. Bu isə cavabdeh tərəfindən öhdəliyin icra edilməməsini göstərir.

43. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, telefon danışıqları zamanıda müəyyən edilir ki, malların qüsurlu olması barədə iddiaçı cavabdehə malların geri qaytarılmasını təklif etmiş, lakin cavabdeh bununla razılaşmayaraq malları çeşidləməyə vermişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh həmin vəziyyətdə tək tərəfli qaydada inisiyatif almış və riski öz üzərinə götürmüşdür.

44. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

45. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

46. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mövcud tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etdiyindən, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə gəldiyi nəticə əsaslı olmuşdur.

49. Bundan başqa, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması, həmçinin iddia tələbinin məhkəmədə baxılması ilə bağlı 260 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia tələbi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etdikdə haqlı olmuşdur.

50. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Vəkil1 arasında bağlanmış 28 iyul 2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən göstərilən hüquqi yardımın dəyəri tərəflər arasında mövcud razılaşma ilə 1000 manat məbləğində müəyyən edilmişdir.

51. Bundan əlavə, iş materiallarında olan 17 iyun 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddia tələbinin məhkəmədə baxılması ilə bağlı 260 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

52. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir.

53. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

54. Məhkəmə kollegiyası hesab edir ki, həmin tələblər əsas tələb ilə əlaqədar çəkilmiş xərclərdir və iddia tələbi qismən təmin edildiyindən həmin hissədə də, birinci instansiya məhkəməsini iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1158/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar