Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2-2(3-8)-52/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kommersiya işi üzrə Açar sözlər: alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili vəkil1, cavabdehin nümayəndəsi və vəkili vəkil3 iştirakları ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası ## ### 2026-cı il tarixdə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. 1.İşin halları 2.Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 2022-ci il ## ###### tarixli ***/** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı əvvəlcədən hər iki tərəfin razılaşdırdığı qaydada verilmiş sifarişə uyğun malları orada göstərilən çeşiddə və miqdarda alıcının tam mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydalara uyğun olaraq satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. 3.İş üzrə qəbul edilmiş məhkəmə aktı 4.Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23.281,40 manat əsas borcun, 2328 manat cərimənin, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 426 manat xidmət haqqının və 197 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 6.İddia belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehin sifarişi əsasında razılaşdırma protokolunda göstərilən malları sifarişçiyə təhvil vermiş, lakin müqavilə üzrə satılmış malların dəyəri bu günədək ödənilməmişdir. Cavabdehin iddiaçıya 23281,40 manat məbləğində əsas borcu, 2328 manat cərimə borcu yaranmışdır. 7.Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı razılaşdırma protokolunda göstərilən malları cavabdehə çatdırmamış və tərəflər arasında təhvil-təslim aktı mövcud deyildir. İddiaçı iddia tələbi ilə bağlı sadəcə elektron qaimə-fakturalara istinad edərək tərəflər arasında borcun olduğunu sübut etməyə çalışır. Lakin tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsaslanaraq borcun tələb olunması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli Qərarına ziddiyyət təşkil edir və ona görə bu tələbin əsasını təşkil edə bilməz. Elektron qaimələr adətən malın satışı, xidmətin göstərilməsi və ya işin görülməsi ilə bağlı əməliyyatları əks etdirir. Bu məlumatlar arasında tərəflərin məlumatları, malın və ya xidmətin təsviri, miqdarı, qiyməti və vergi məlumatları yer alır, yəni iddiaçının cavabdehə elektron qaimə göndərməsi cavabdeh tərəfindən iddiaçının yerinə yetirdiyi işlərin qəbul edilməsi və həmin işlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən birtərəfli qaydada təqdim edilən elektron qaimə-fakturalar tərəflər arasında borcun təsdiq edilməsini əsaslandırmaq üçün sübut qismində qəbul edilə bilməz. Bundan başqa müqavilənin 3.4-cü bəndinə əsasən mallar verilərkən təhvil-təslim aktı mütləq olmalıdır, lakin iş materiallarında təhvil-təslim aktı mövcud deyildir. Ona görə də iddia tələbi əsaslı deyil və təmin oluna bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli Qərarında göstərilmişdir ki, elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını birbaşa təsdiq etmir və hər bir halda işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. 8.Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli e-*-*(***)***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 23.281,40 manat əsas borc, 1165 manat cərimə, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 426 manat xidmət haqqı və 163,34 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 25035,74 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – H.Alıyeva). 9.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müvafiq malları cavabdehə satsa da, cavabdeh malların dəyərini ödəməyərək müqavilə öhdəliklərini lazımi qaydada icra etməmişdir. 10.Belə ki, iddiaçı 21629,40 manat və 1652 manat dəyərində malların satılması ilə əlaqədar iki ədəd elektron qaimə-faktura göndərilmiş, onlardan birincisi cavabdeh tərəfindən, ikincisi sistem tərəfindən təsdiq edilmişdir. Cavabdeh tərəfindən hər iki elektron qaimə-faktura üzrə malların satılmasına və təhvil verilməsinə etiraz olunmamış və hər hər hansı dəqiqləşmə aparılmamışdır. 11.Ona görə məhkəmə hesab etmişdir ki, 23281,40 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 12.Məhkəmə iddia tələbinin cərimə məbləği ilə bağlı hissəsinə münasibətdə vurğulamışdır ki, işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 1165 manat məbləğində cərimə tutulmalıdır. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 427.3, 442, 462.1, 465.2, 467 və 567-ci maddələrinə, Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3 və 3.4-cü bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88 və 218.3-cü maddələrinə istinadla əsaslandırılmışdır. 14.Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 15.Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 16.Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ######## tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi təmin edilməmişdir. (hakimlər: İ.Dəmirov – sədrlik edən və məruzəçi, M.Hüseynov və Z.Məmmədov) 17.Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasındakı mübahisənin əsası müqaviləyə görə tələb olunan miqdarda malın verilməməsi ilə bağlı olduğundan ilk növbədə onların arasında bağlanmış 2022-ci il ## ###### tarixli ***/** nömrəli alqı-satqı müqaviləsinin məzmununa diqqət edilməlidir. 18.Həmin müqavilənin məzmununa diqqət yetirildikdə onun bəzi bəndləri arasında ziddiyyətlər olduğu müəyyən olunur. Əsas ziddiyyətlər isə müqavilənin 2.2-ci və 3.4-cü bəndləridir. Buna görə də müqavilənin digər bəndləri (3.1 və 3.4-3.6-cı bəndər) əlaqəli şəkildə qiymət verilməlidir. 19.Həmçinin iddiaçının nümayəndəsi müqavilənin 2.1-ci bəndini iddia ərizəsində təhrif olunmuş şəkildə qeyd etmişdir: “Müqavilənin 2.1-ci bəndinə əsasən hər sifariş üzrə alıcı tərəfindən malların dəyərinin 100%-i mallar tam təhvil verildikdən sonra satıcının bank hesabına ödənilir”. 20.İşin 26-cı vərəqində olan iddiaçının nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ərizədə iddiaçının hazırkı iş üzrə təqdim edəcək əlavə sübutlarının olmadığı göstərilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilədə nəzərdə tutulan mallar iddiaçının müqavilədə göstərilən mərkəzi anbarından nəyə görə təhvil-təslim aktı ilə alıcıya təqdim olunmamış, bunun hansı üzrlü səbəblərdən baş verməsinə iddiaçı hər hansı aydınlıq gətirmək istəməmişdir. 21.Halbuki bu müqavilənin mühüm şərti kimi təsbit olunmuşdur. İddiaçının müqavilənin yalnız 2.2-ci bəndinə istinad etməsi isə müqavilənin digər bəndlərinə, həmçinin yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli Qərarına əsasən əsaslı hesab edilə bilməz. 22.Məhkəmə kollegiyası, həmçinin vurğulamışdır ki, hazırkı müqavilə 2022-ci il ## ###### tarixində iddiaçının əvvəlki direktoru olmuş Emruz İsgəndərov tərəfindən imzalanmış, hazırkı iddia ərizəsi ilə isə iddiaçının indiki direktoru olan Cavanşir Hüseynovun 2025-ci il # ###### tarixində verdiyi etibarnamə əsasında birinci instansiya məhkəməsinə müraciət olunmuşdur. Lakin bununla belə iddiaçı tərəfindən ötən 2 il 11 ay ərzində pulun hansı səbəblərdən cavabdeh tərəfindən ödənilməsinə dair danışıqlar aparılması, razılaşmalar olması və s. ilə bağlı hər hansı sübutlar təqdim olunmamışdır. 23.Məhkəmə kollegiyası MM-in 399-cu maddəsinə istinadla vurğulamışdır ki, müqavilənin şərtləri tərəflər üçün məcburidir və yuxarıda qeyd olunduğu kimi malların təhviltəslim aktı ilə verilməsi müqavilənin mühüm şərti kimi qeyd edilmişdir. 24.Müqavilə şərtlərinə əsasən (müqavilənin 3.4-cü bəndi) malın alıcıya (cavabdehə) təqdim edilməsi üzrə sübutetmə yükü də MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür. Lakin işin hallarına əsasən iddiaçı öz iddiasını təsdiq edən sübut qismində yalnız elektron qaiməni təqdim etmişdir. İddiaçı malların göndərildiyini mübahisələndirsə də, hər hansı digər mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmin malların cavabdehə təqdim olunması iş materialları ilə öz təsdiqini tapmamışdır. 25.Həmçinin MM-in 433.3-cü maddəsinə istinadla məhkəmə kollegiyası qeyd etmişdir ki, təhvil-təslim aktının olmaması riskini daşımaq iddiaçıya məxsusdur. 26.Məhkəmə kollegiyası mövqeyini MM-in 385.1, 386.1, 399, 404.1, 404.2, 425.1, 427.3, 433, 442, 567, 568.1, 569.1-ci maddələrin və MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. 27.Kassasiya instansiyası məhkəməsində icraat 28.İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 29.Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ######## tarixli *-*(***)-**/**** nömrəli qətnaməsinin qismən, yəni iddia tələblərinin 21629,40 manat məbləğində pul vəsaitinin və cərimə pulunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. (məruzəçi hakim R.Qurbanov, hakimlər B.Qəribov E.Şamayev) 30.Kasasiya məhkəməsi qərarını aşağıdakı kimi əsaslandırmışdır. 31.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 32.İddia tələbinin 1652 manat məbləğinə aid hissəsi ilə bağlı kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 33.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görməmişdir. 34.Bununla yanaşı, kollegiya hesab etmişdir ki, iddia tələbinin 21629,40 manat məbləğinə aid hissədə kassasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edilməlidir. 35.Belə ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il ## #### tarixli Qərarı). 36.Müqavilələrin təfsiri isə MM-in 324.5 və 404.1-ci maddəsinə uyğun həyata keçirilməlidir. Həmin normalardan görünür ki, müqavilə şərtlərinin təfsiri təkcə onların hərfi mənasına görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli, tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə alınmalıdır. 37.Sonuncuya dair qeyd edilir ki, müqavilə şərtlərinin müqayisəsi zamanı onların sistem və struktur baxımından yerləşməsi də nəzərə alınmalıdır. 38.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqaviləni təfsir edərkən qeyd olunan qaydaya tam riayət etməmişdir. 39.Belə ki, müqavilənin 2-ci bölməsi “Qiymətlər və ödənişin aparılması qaydaları” adlandırılmışdır. 40.Həmin bölməyə aid 2.1-ci bəndə əsasən hər sifariş üzrə alıcı tərəfindən malların dəyərinin 100%-i avans olaraq 7 iş günü ərzində satıcının bank hesabına ödənilir. 41.2.2-ci bəndə əsasən tərəflər arasında təsdiq edilən qaimə-fakturalar satıcının malları alıcıya təhvil verdiyini təsdiq edən sənəddir. 42.Müqavilənin 3-cü bölməsi “Malların çatdırılması, təhvil-təslimi və risklərin bölüşdürülməsi” adlandırılmışdır. 43.Həmin bölməyə aid 3.1-ci bəndə əsasən bu müqavilə üzrə malların satıcı tərəfindən alıcıya təchizatı müqavilə imzalandıqdan sonra alıcının göndərmiş olduğu sifarişlərə əsasən həyata keçirilir. Malların təchizatı alıcı tərəfindən təqdim olunmuş sifarişinə əsasən həyata keçirilir. Satıcı təqdim olunmuş alıcının sifarişini aldıqdan sonra 2 iş günü ərzində sifarişdə qeyd olunmuş malların mövcudluğunu və qiymətini müəyyən edir və alıcıya bunun barədə məlumat (təklif) təqdim edir. Alıcı təklif ilə razı olduğu təqdirdə alınacaq mallar üzrə razılaşma protokolu tərtib olunur və tərəflər arasında təsdiq olunur. Razılaşma protokolunda alınacaq malların adı, çeşidi, miqdarı, çatdırılma müddəti və qiyməti (dəyəri) müəyyən olunur. Satıcı malların təchizatını müvafiq Razılaşma protokolunda göstərilmiş müddətdə həyata keçirir. Çatdırılmış malların təhvili müvafiq qaimələrlə təsdiq olunur. Alıcı sifariş etdiyi malları satıcının ünvan 1 (Sumqayıt Kimya Sənaye Parkı (SCİP)) ünvanında yerləşən mərkəzi anbarından təhvil alır. 44.3.2-ci bəndinə əsasən satıcı təqdim edilən malların keyfiyyətinə, istehsalçının təlimatlarına müvafiq olaraq saxlandığı və istifadə olunduğu təqdirdə, mal təchiz edildiyi tarixdən 1 il ərzində zəmanət müddətini təyin edir. 45.3.3-cü bəndinə əsasən 1 il müddət ərzində hər iki tərəfin yoxlaması zamanı təqdim olunmuş malların istehsalat qüsurları və çatışmazlıqları aşkarlanarsa satıcı bütün zərəri öz hesabına aradan qaldırmalı, bərpa etməli və ya sifarişə uyğun olaraq ekvivalent mallar ilə əvəz etməlidir. 46.3.4-cü bəndinə əsasən mallar alıcıya təhvil-təslim aktı ilə verilir. Malların təhviltəslim zamanı alıcının nümayəndələri satıcının nümayəndələri ilə birlikdə mallara baxış keçirə, kəmiyyətini və kefiyyətini yoxlaya bilər. 47.Beləliklə, müqavilənin 2.2-ci bəndində malların təhvil verilməsi sənədi kimi tərəflərin təsdiq etdiyi qaimə-faktura müəyyən edilmişdir. Müqavilənin 3.1-ci bəndə də qeyd edilmişdir ki, çatdırılmış malların təhvili müvafiq qaimələrlə təsdiq olunur. Yalnız müqavilənin 3.4-cü bəndində malların təhvil-təslim aktı ilə verilməsi qeyd edilmişdir. 48.Bundan başqa, müqavilənin 3.1-ci bəndində alıcının mallarla bağlı sifariş və satıcının malların mövcudluğu və qiyməti barədə təklif verməsi, bunun nəticəsində razılaşma protokolunun tərtib və təsdiq olunması razılaşdırılmışdır. 49.İşə baxan məhkəmələr tərəfindən də müəyyən edilmişdir ki, müqaviləyə * saylı əlavə olan qiymətlərin razılaşdırılma protokoluna əsasən ümumilikdə 21629,40 manat dəyərində malların miqdarı və qiyməti tərəflər arasında razılaşdırılmışdır. Habelə iddiaçı tərəfindən cavabdehə 21629,40 manat dəyərində malların satılması ilə əlaqədar ##.##.2022ci il tarixli EBBR seriyalı ****** nömrəli elektron qaimə təqdim olunmuş və həmin elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir. 50.Apellyasiya məhkəməsi isə müqavilənin 2.2, 3.1 və 3.4-cü bəndlərini müqayisəli şəkildə təhlil edərək onları məqsəd və tərəflərin iradə ifadəsi baxımından təfsir etməmiş, habelə işin qeyd edilən halları və müqavilə şərtləri üzrə hüquqi dəyərləndirmə aparmamışdır. Nəticədə isə məhkəmə iddia tələbinin 21629,40 manat məbləğinə aid və bundan irəli gələn cərimə pulunun tutulmasına aid hissədə həm müqavilənin təfsiri ilə bağlı MM-in 404-cü maddəsinin, həm də öhdəliklərin icra olunması ilə bağlı tətbiq etdiyi maddi hüquq normalarının tələblərini pozmuş və MPM-in 217.1, 217.3-cü maddələrinin tələblərinə uyğun olmayan qətnamə qəbul etmişdir. 51.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxılarkən hazırki qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir. 52.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri 53.Apellyasiya şikayətinin dəlilləri 54.Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması və dövlət rüsumu kimi ödənilmiş 83 manatın iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. 55.Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Razılaşdırma protokolunda göstərilən malları cavabdehə çatdırmamış və ümumiyyətlə də cavabdeh də bunu tam şəkildə inkar edir, çünki tərəflər arasında təhvil-təslim aktı mövcud deyil. İddiaçı iddia tələbi ilə bağlı sadəcə elektron qaimələrə istinad edərək tərəflər arasında borcun olduğunu sübut etməyə çalışır, lakin tərəflər arasında olan müqavilənin 2.2-ci bəndinə əsaslanaraq borcun tələb olunması elə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli Qərarı ilə ziddiyyət təşkil edir və ona görə də bu tələbin əsasını təşkil edə bilməz. Ümumiyyətlə, elektron qaimələr dedikdə satıcı ( yəni iddiaçı) tərəfindən elektron formada hazırlanan və alıcıya (cavabdehə) göndərilən sənədlərdir ki, bu sənədlər adətən malın satışı, xidmətin göstərilməsi və ya işin görülməsi ilə bağlı əməliyyatları əks etdirir. Bu məlumatlar arasında tərəflərin məlumatları, malın və ya xidmətin təsviri, miqdarı, qiyməti və vergi məlumatları yer alır, yəni iddiaçının cavabdehə elektron qaimə göndərməsi cavabdeh tərəfindən iddiaçının yerinə yetirdiyi işlərin qəbul edilməsi və həmin işlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən birtərəfli qaydada təqdim edilən elektron qaimə-fakturalar tərəflər arasında borcun təsdiq edilməsini əsaslandırmaq üçün sübut qismində qəbul edilə bilməz. İddiaçı iddia ərizəsində qeyd edir ki, ## ###### 2022-ci il tarixli ***/** nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 23281,40 manat dəyərində mal satılmış, lakin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək həmin malların dəyərini ödəməmişdir. Tərəflər arasında olan müqavilənin 3.4-cü bəndinə əsasən Mallar alıcıya təhvil-təslim aktı ilə verilməli və malların təhvil-təslim zamanı Alıcının nümayəndələri Satıcının nümayəndələri ilə birlikdə Mallara baxış keçirə, kəmiyyətini və keyfiyyətini yoxlaya bilər. Yəni bir sözlə mallar verilərkən təhvil-təslim aktı müqaviləyə əsasən mütləq olmalıdır, lakin iş materiallarında təhvil-təslim aktı mövcud deyil, ona görə də iddia tələbi əsaslı deyil və təmin oluna bilməz. İşə baxan birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi sübutları qəbul etməməklə, onlara hüquqi qiymət verməməklə həqiqətə nail olmaq, işin hərtərəfli və obyektiv tədqiqi məqsədi daşıyan araşdırma aparmamışdır. Qətnamədə məhkəmə bir tərəfdən, yalnız iddiaçının formal mülahizələrini və gümanlarını qeyd edib, eləcə də gəldiyi nəticənin hansı sübutlara söykəndiyini əsaslandırmayıb. Digər tərəfdən, qeyd edilən maddənin tələblərini pozaraq, cavabdehin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün heç bir dəlil gətirməyib. 56.Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 57.“xxxx” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndə və vəkili vəkil1 tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verərək cavabdehin etirazları əsassız hesab edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. 58.Etiraz belə əsaslandırmışdır ki, hazırkı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən qəbul edilmiş qətnamə ilə iddia tələbi qismən təmin edilməmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası işə yenidən hüquqi qiymət vermişdir. Ali Məhkəmə qəbul etdiyi qərarla apellyasiya instansiyası məhkəməsinin qətnaməsini 21.629,40 (iyirmi bir min altı yüz iyirmi doqquz manat qırx qəpik) manat əsas borc hissəsində və cərimənin tutulmasına dair hissədə ləğv etmiş, iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu səbəbdən Ali Məhkəmənin müəyyən etdiyi hüquqi nəticələrdən və faktiki hallardan kənara çıxılması qanunvericiliyin tələblərinə zidd olardı. Hazırkı məhkəmə baxışı yeni sübutların qiymətləndirilməsi deyil, Ali Məhkəmənin hüquqi göstərişlərinin icrasına yönəlmiş prosessual mərhələdir. 59.Azərbaycan Respublikası Ali Məhkəməsi iş materiallarını qiymətləndirərək aşağıdakı halları müəyyən etmişdir: tərəflər arasında X3 mövcuddur; həmin protokol üzrə 21.629,40 manat məbləğində malların satılması razılaşdırılmışdır; göstərilən mallar üzrə elektron qaimə tərtib edilmişdir; elektron qaimə cavabdeh tərəfindən qəbul edilərək təsdiq edilmişdir. 60.Bu faktlar artıq hüquqi qüvvəyə malik məhkəmə qərarı ilə müəyyən edilmiş hallardır və hazırkı baxış zamanı yenidən mübahisələndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun yalnız hərfi məzmunu deyil, tərəflərin həqiqi iradəsi və ağlabatan davranışı nəzərə alınmalıdır. Eyni zamanda Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərinin təfsiri zamanı müqavilənin bütün müddəaları qarşılıqlı əlaqədə qiymətləndirilməli, tərəflərin həqiqi iradəsi müəyyən edilməlidir. Hazırkı iş üzrə müqavilə, X3 və elektron qaimə bir-birini tamamlayan sənədlər olmaqla vahid hüquqi münasibəti təsdiq edir. İş materiallarında olan elektron qaimə müqavilə münasibətləri çərçivəsində qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmişdir. 61.Ən mühüm hüquqi hal ondan ibarətdir ki, həmin elektron qaimə cavabdeh tərəfindən elektron qaydada təsdiq edilmişdir. Elektron qaimənin təsdiq edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: malın müqavilə üzrə rəsmiləşdirilməsinin qəbul edilməsi; təsərrüfat əməliyyatının tanınması; müqavilə üzrə öhdəliyin qəbul edilməsi; borc münasibətinin yaranmasının təsdiqi. 62.Əgər cavabdeh həqiqətən malları qəbul etməmiş olsaydı, elektron qaiməni təsdiq etməsi hüquqi və məntiqi baxımdan mümkün olmazdı. Elektron qaimənin təsdiq edilməsindən sonra onun hüquqi nəticələrinin inkar edilməsi vicdanlı davranış prinsipinə də ziddir. X3 tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsidir. Həmin sənəddə malların adı,çeşidi, miqdarı, vahid qiyməti və ümumi dəyəri aydın şəkildə müəyyən edilmişdir. 63.Bu sənəd müqavilənin əsas şərtlərini konkretləşdirir və tərəflərin qarşılıqlı iradəsini əks etdirir. Ali Məhkəmə də həmin sənədin mövcudluğunu və hüquqi əhəmiyyətini xüsusi olaraq qeyd etmişdir. Belə olan halda cavabdehin həmin sənədin mövcud olmadığını iddia etməsi artıq hüquqi qüvvəyə minmiş məhkəmə qərarına zidd mövqe hesab edilməlidir. Cavabdeh əsas arqument kimi təhvil-təslim aktının olmamasına istinad edir. Lakin bu arqument həm müqavilənin məzmununa, həm də Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun deyildir. Müqavilənin 2.2 və 3.1-ci bəndlərindən görünür ki, əsas uçot sənədi elektron qaimədir. Təhvil-təslim aktı yalnız texniki xarakterli sənəddir və elektron qaimənin hüquqi qüvvəsini aradan qaldırmır. Əks halda elektron qaimənin tərtib olunmasının və cavabdeh tərəfindən təsdiq edilməsinin heç bir hüquqi mənası qalmazdı. Müqavilənin sistemli təfsiri də göstərir ki, tərəflər öhdəliyin yaranmasını elektron qaimənin rəsmiləşdirilməsi ilə əlaqələndirmişlər. 64.Cavabdehin etirazlarının hüquqi qiyməti - təhvil-təslim aktı yoxdur, Müqavilənin 2.2 və 3.1-ci bəndlərinə əsasən qaimə əsas sübutdur, akt isə formal prosedurdur, “Elektron qaimə sübut deyil”. Cavabdehin bu iddiası iş materialları ilə tam təkzib olunur. 65.Belə ki, X3 mövcuddur, elektron qaimə tərtib edilmişdir, elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir. Ən mühüm məqam isə bundan ibarətdir ki, cavabdeh elektron qaiməni təsdiq etdikdən sonra heç vaxt satıcıya müraciət edərək malların faktiki təhvil verilməsini tələb etməmişdir. Əgər mallar həqiqətən təqdim edilməmiş olsaydı, normal kommersiya dövriyyəsində alıcının ilk hərəkəti satıcıdan malların verilməsini tələb etmək olardı. 66.Belə bir tələbin heç vaxt irəli sürülməməsi cavabdehin indiki mövqeyinin sonradan yaradılmış müdafiə vasitəsi olduğunu göstərir. Protokol yoxdur. Bu arqument də hüquqi baxımdan qəbul edilə bilməz. 67.Ali Məhkəmə qərarında X3nun mövcudluğu birbaşa müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən həmin hüquqi mövqe aşağı instansiya məhkəməsi üçün məcburidir. Ona görə də cavabdehin həmin sənədin mövcud olmadığını iddia etməsi hüquqi əhəmiyyət daşımır. 68.Konstitusiya Məhkəməsinin qərarına istinad: Cavabdeh Konstitusiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli qərarına istinad edir. Lakin həmin qərarın faktiki halları hazırkı işdən tamamilə fərqlidir. Həmin işdə əsas sübut yalnız elektron qaimə olmuşdur. Hazırkı işdə isə yazılı müqavilə mövcuddur, X3 mövcuddur, elektron qaimə mövcuddur, elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir və Ali Məhkəmə bu sənədlərin hüquqi əhəmiyyətini artıq müəyyən etmişdir. 69.Deməli, həmin qərarın hazırkı mübahisəyə tətbiqi hüquqi baxımdan mümkün deyildir. İş üzrə toplanmış bütün sübutlar birgə qiymətləndirildikdə aşağıdakı hüquqi nəticələr yaranır: tərəflər arasında müqavilə münasibətləri mövcuddur; malların qiyməti qarşılıqlı razılaşdırılmışdır;elektron qaimə tərtib olunmuş və cavabdeh tərəfindən təsdiq edilmişdir; cavabdeh öhdəliyini qəbul etmişdir; öhdəlik icra edilməmişdir; borc hüquqi və faktiki sübutlarla tam təsdiq olunmuşdur. 70.Belə olan halda cavabdehin irəli sürdüyü etirazlar nə qanunvericiliyə, nə iş materiallarına, nə də Ali Məhkəmənin məcburi hüquqi mövqeyinə uyğun gəlir. Buna görə də cavabdehin etirazları təmin edilməməli, iddia tələbi tam həcmdə təmin olunmalıdır. 71.Məhkəmə icraatı iştirakçılarının izahatı 72.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil3 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. 73.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. 74.Tətbiq edilən hüquq 75.Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 76.“Maddə 324. Əqd anlayışı və onun növləri 77.324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.” 78.“Maddə 404. Müqavilənin təfsiri 79.Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 80.Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.” 81.“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı 82.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. 83.“Maddə 462. Dəbbə pulu anlayışı 84.462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.” 85.“Maddə 567. Alğı-satqı müqaviləsi 86.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”. 87.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 88.Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 89.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 90.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 91.Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 92.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 93.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 94.Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 95.Apellyasiya baxışının hədləri 96.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 97.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 98.Kassasiya instansiya məhkəməsinin qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək baxılması üçün göndərildiyindən apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının ləğv edilən hissədə (iddia tələblərinin 21629,40 manat məbləğində pul vəsaitinin və cərimə pulunun tutulması hissəsi) yoxlanılması təşkil edir. 99.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 100.Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir, birinci instansiya məhkəməsinin qətnaməsi baxılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 101.Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. 102.Kassasiya instansiyası məhkəməsi qərarında hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu ətraflı izah etmişdir. 103.İşin hallarından görünür ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında ## ###### 2022-ci il tarixli, ***/** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı əvvəlcədən hər iki tərəfin razılaşdırdığı qaydada verilmiş sifarişə uyğun malları orada göstərilən çeşiddə və miqdarda alıcının tam mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydalara uyğun olaraq satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı 2 elektron qaimələrə istinad edərək, iddiada cəmi 23281,40 manat məbləğində pul vəsaiti tələb etmiş, birinci instansiya məhkəməsi iddianı həmin hissələrdə təmin etsə də, birinci apellyasiya icraatı zamanı məhkəmə kollegiyasi qətnaməni tam ləğv edərək, iddianı tam rədd etmişdir. Kassasiya instansiya məhkəməsi 1652 manat məbləğinə aid hissəsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqe ilə razılaşmış, iddia tələblərinin 21629,40 manat məbləğində pul vəsaitinin və cərimə pulunun tutulması hissələrini yenidən araşdırılması üçün yeni apellyasiya baxışına göndərmişdir. Göründüyü kimi, iddiaçı iddia tələbində elektron qaimələrə istinad edərək alqısatqı 104. müqaviləsi üzrə yaranmış borcu tələb edir, cavabdehin apellyasiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, iddiaçı Razılaşdırma protokolunda göstərilən malları cavabdehə çatdırmamış, çünki tərəflər arasında təhvil-təslim aktı mövcud deyil. 105.Qeyd olunmalıdır ki, tərəflər arasında X3 imzalanmış, həmin protokol üzrə 21629,40 manat məbləğində malların satılması razılaşdırılmış, protokolda malların adı, çeşidi, miqdarı, vahid qiyməti və ümumi dəyəri göstərilmiş, sonradan göstərilən mallar üzrə elektron qaimə tərtib edilmiş, elektron qaimə cavabdeh tərəfindən qəbul edilərək təsdiq edilmişdir. 106.Əvvəla, məhkəmə kollegiyası 21629,40 manat məbləğində mala dair elektron qaiməyə qiymət verərkən, hesab edir ki, həmin qaimənin cavabdehin məsul şəxsi tərəfindən təsdiq edilməsi tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən satıcının malları alıcıya təhvil verilməsini təsdiq edən sənəddir. Digər tərəfdən, kollegiya müqavilənin 3.4-cü bəndini (“mallar alıcıya təhvil-təslim aktı ilə verilir”) müqavilənin digər şərtlərlə müqayisəli şəkildə təhlil edərək, hesab edir ki, müqavilənin 2.2-ci bəndə əsasən cavabdehin elektron qaiməni təsdiq edilməsi faktiki olaraq tərəflərin əsl iradə ifadəsini və əşyanın cavabdehə təhvil verilməsi kimi qiymətləndirilməlidir. 107.Kollegiya hesab edir ki, iddiaçının göndərdiyi 2 elektron qaimələrdən məhz 21629,40 manat məbləğində mala dair elektron qaimənin cavabdehin məsul şəxsi (mühasib) tərəfindən təsdiq edilməsi həmin malların cavabdeh tərəfindən təhvil almasına dair qənaətinə gəlməyə əsas verir. Belə olan halda kollegiya hesab edir ki, müqavilənin 3.4-cü bəndinə əsasən malların alıcıya təhvil-təslim aktının tərtib olunması zəruriliyi aradan qalxmış olur. 108.Həmçinin, kollegiya hesab edir ki, müqavilənin bütün şərtlərin məzmunu, müqavilənin tərkib hissələri (fəsilləri, bəndləri) yerləşmə ardıcıllığı o nəticəyə gəlməyə əsas verir ki, 2.2-ci bəndin icra olunması artıq 3.4-cü bəndində qeyd olunan tələbinin mütləq icrasının zəruriliyinin aradan qaldırır. 109.Digər tərəfdən, ikinci apellyasiya icraatı zamanı məhkəmə iclasında cavabdehin nümayəndəsi mübahisələndirilən elektron qaimə üzrə malların digər satıcıdan alınmasını bildirsə də, kollegiyanın təklifi ilə həmin malların digər satıcıdan alınmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. 110.Bundan başqa, məhkəmə kollegiyası mübahisələndirilən 21629,40 manat məbləğində pul vəsaitinə dair elektron qaimənin verilən dövr üçün xərc qismində vergi bəyannamələrində nəzərə alınıb-alınmamasını müəyyən etmək üçün həmin bəyannamələri cavabdehə təqdim edilməsini təklif etsə də, cavabdeh yenə də bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. 111.Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, yuxarıda qeyd olunan hallar da dolayısı ilə malların cavabdehə təhvil verilməsini bir daha təsdiq edir. 112.Kollegiya tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə qiymət verərək hesab edir ki, hər sifariş üzrə alıcı tərəfindən malların dəyərinin 100%-i avans olaraq 7 iş günü ərzində satıcının bank hesabına ödənilməsinə dair şərt satıcının hüququ kimi qiymətləndirilməlidir. Bu hüquqdan istifadə edilməməsi və həmin şərtə riayət olunmaması malların cavabdehə təhvil verilməməsinə dair qənaətə gəlməyə əsas vermir. 113.Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin 1165 manat cərimənin, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 426 manat məbləğində xidmət haqqı və 163,34 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdhdən tutulması hissələri razılaşaraq, hesab edir ki, həmin pul vəsaitin tutulması işin hallarına uyğun olmaqla ədalətlidir və cavabdehdən tutulan pul vəsaitinə mütənasibdir. 114.Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini və yuxarıda göstərilən qiymətləndirmə meyarlarını nəzərə almaqla belə nəticəyə gəlir ki, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi “cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 21629,40 manat məbləğində əsas borcun, 1165 manat cərimənin, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 426 manat məbləğində xidmət haqqı və 163,34 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 23383,74 manat pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. 115.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi “cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 21629,40 manat məbləğində əsas borcun,1165 manat cərimənin, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 426 manat məbləğində xidmət haqqı və 163,34 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 23383,74 manat pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(3-8)-52/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-8)-52/2026
14.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver