Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(3-8)-8/2026 18.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, e-2-2(119)-1795/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Tərəflər arasında bağlanmış 03 aprel 2023-cü il tarixli ELEL710 nömrəli müqavilənin 1-ci bəndinə əsasən, alıcının (Cavabdeh MMC-nin) sifarişinə əsasən satıcı (İddiaçı MMC-nin) müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə qeyd edilmiş beton məhsulunu müqaviləyə müvafiq qaydada alıcıya təqdim edir. Alıcı isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəyir.
2. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə satıcıdan müqaviləyə müvafiq qaydada təqdim edilmiş malları qəbul edərək müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəmək alıcının vəzifələrindən biridir.
3. Həmin müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən, müqaviləyə müvafiq qaydada təqdim etdiyi mallar müqabilində alıcıdan malların qiymətinin ödənilməsini tələb etmək satıcının hüquqlarından biridir.
4. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə təqdim ediləcək mallar müqabilində alıcı tərəfindən satıcıya ödəniləcək məbləğ müqaviləyə 1 nömrəli əlavədə qeyd edilən qiymətlərə uyğun olaraq hesablanır.
5. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, malların qəbulu tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan qaimə əsasında həyata keçirilir.
6. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, qaiməni hər iki tərəfin imzalaması satıcının müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etdiyini və alıcının təqdim edilmiş malları qəbul etdiyini təsdiq edir.
7. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən, alıcı müqavilə üzrə çatdırılan malların müqavilədə nəzərdə tutulan qaydada təhvil alınmasını və ödəmələrin aparılmasını öhdəsinə götürür.
8. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən, müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə alıcı ödənişin hər gecikdirilmiş günü üçün satıcıya müqavilə qiymətinin 0,1 faizi məbləğində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə qiymətinin 10 faizindən çox olmamalıdır.
9. 03 aprel 2023-cü il tarixli ELEL710 nömrəli alqı-satqı müqaviləsinə 01 nömrəli Əlavə ilə tərəflər beton məhsulların markası, ölçü vahidi və vahidinin ƏDV-siz qiyməti barədə razılığa gəlmişdirlər.
10. 11 avqust 2023-cü il tarixli EBDL seriyalı 873003 nömrəli elektron qaimə-faktura üzrə 12921 manat məbləğində, 04 sentyabr 2023-cü il tarixli EBDN seriyalı 549996 nömrəli elektron qaimə-faktura üzrə 21417 manat məbləğində, 03 oktyabr 2023-cü il tarixli EBDP seriyalı 692570 nömrəli elektron qaiməfaktura üzrə 16496,4 manat məbləğində, 01 noyabr 2023-cü il tarixli EBDR seriyalı 837236 nömrəli elektron qaimə-faktura üzrə 12036 manat məbləğində olmaqla, cəmi 62870,4 manat məbləğində dəyəri olan təhvil verilmiş mallarla bağlı həmin elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.
11. Tərəflərin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş 07 noyabr 2023cü il tarixli hesablaşmaların qarşılıqlı üzləşmə aktından görünür ki, 01 noyabr 2023-cü il tarixə iddiaçının xeyrinə ödənilməli məbləğ 62870,4 manat təşkil edir.
12. Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 62870,4 manat məbləğində əsas borc, gecikdirilmiş məbləğə 5 faizlə hesablanmış 6151,13 manat məbləğində faiz borcu vardır və 6287 manat məbləğində cərimə heablanmışdır. İş materiallarına, həmçinin hesabdan çıxarışlar əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
13.İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 53280 (əlli üç min iki yüz səksən) manat məbləğində borc, 9590,4 (doqquz min beş yüz doxsan manat, qırx qəpik) manat ƏDV məbləği olmaqla, cəmi 62870,4 (altmış iki min səkkiz yüz yetmiş manat, qırx qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş məbləğə 5 faizlə hesablanmış 6151,13 (altı min yüz əlli bir manat, on üç qəpik) manat məbləğində faiz borcu, 6287 (altı min iki yüz səksən yeddi) manat məbləğində cərimə olmaqla, ümumilikdə 75308,53 (yetmiş beş min üç yüz səkkiz manat, əlli üç qəpik) manat məbləğində pul vəsaitinin, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və 318 (üç yüz on səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 03 aprel 2023-cü il tarixli ELEL710 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, alıcının (cavabdehin) sifarişinə əsasən satıcı (iddiaçı) müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə qeyd edilmiş beton məhsulunu müqaviləyə müvafiq qaydada alıcıya təqdim edir. Alıcı isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəyir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən, müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə alıcı ödənişin hər gecikdirilmiş günü üçün satıcıya müqavilə qiymətinin 0,1 faizi miqdarında cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə qiymətinin 10 faizindən çox olmamalıdır. Müqaviləyə əsasən cavabdehin 62870,4 manat miqdarında borcu vardır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 15.Sumqayıt Kommersiya Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, e-2-2(119)- 1795/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 62870,4 (altmış iki min səkkiz yüz yetmiş manat, qırx qəpik) manat məbləğində əsas bоrc, 6108,06 (altı min yüz səkkiz manat, altı qəpik) manat məbləğində faiz borcu, 3144 (üç min yüz qırx dörd) manat məbləğində cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və 306,37 (üç yüz altı manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 72748,83 (yetmiş iki min yeddi yüz qırx səkkiz manat, səksən üç qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli).
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 03 aprel 2023-cü il tarixli ELEL710 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya 62870,4 manat məbləğində əsas borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş tərəflərin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş 07 noyabr 2023-cü il tarixli hesablaşmaların qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdeh iddiaçının xeyrinə 62870,4 manat məbləğində pul vəsaitini ödəməli olduğunu təsdiq etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, 03 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 62870,4 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış 6151,13 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edilməlidir ki, iş materiallarına iddiaçı tərəfindən cavabdehə göndərilmiş ümumi dəyəri 12921 manat məbləğində olan 11 avqust 2023-cü il tarixli EBDL seriyalı 873003 nömrəli, ümumi dəyəri 21417 manat məbləğində olan 04 sentyabr 2023- cü il tarixli EBDN seriyalı 549996 nömrəli, ümumi dəyəri 16496,4 manat məbləğində olan 03 oktyabr 2023-cü il tarixli EBDP seriyalı 692570 nömrəli, ümumi dəyəri 12036 manat məbləğində olan 01 noyabr 2023-cü il tarixli EBDR seriyalı 837236 nömrəli elektron qaimə-fakturalar əlavə edilmişdir. Gecikdirilmiş borc məbləği üzrə faiz borcu hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə uyğun olaraq, elektron qaimə-fakturaların göndərildiyi vaxtdan 5 gün müddət nəzərə alınaraq maliyyə arayışında qeyd edilmiş tarixədək, yəni 01 sentyabr 2025-ci il tarixə günlərin sayı müəyyən edilməklə faiz borcu hesablanmalıdır: 1. 11 avqust 2023-cü il tarixli EBDL seriyalı 873003 nömrəli elekton qaimə faktura üzrə 1322,19 manat ((12921:100x5):365x747 gün=1322,19 manat)) 2. 04 sentyabr 2023-cü il tarixli EBDN seriyalı 549996 nömrəli elekton qaimə faktura üzrə 2121,16 manat ((21417:100x5):365x723 gün=2121,16 manat))
3. 03 oktyabr 2023-cü il tarixli EBDP seriyalı 692570 nömrəli elekton qaimə faktura üzrə 1568,28 manat ((16496,4:100x5):365x694 gün=1568,28 manat)) 4. 01 noyabr 2023-cü il tarixli EBDR seriyalı 837236 nömrəli elektron qaimə-faktura üzrə 1096,43 manat ((12036:100x5):365x665gün=1096,43 manat)). Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddia tələbinin 03 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 6151,13 manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 6108,06 manat (1322,19+2121,16+1568,28+1096,43=6108,06) məbləğində faiz borcu tutulmalıdır. İddia tələbinin cavabdehdən 6287 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilmiş 8.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. məhkəmə hesab etmişdir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 6287 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 3144 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 443.1, 448, 567, 600.1, 600.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 64.1, 77.1, 88, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il,e-2-2(119)-1795/2025 saylı qətnaməsinin dəyişdirilərək, Cavabdeh MMC-dən 62870,40 (altmış ikimin səkkiz yüz yetmiş manat 40 qəpik) manat əsas borcun İddiaçı MMC-nin xeyrinə ödənilməsi hissəsinin saxlanılıb, hesablanmış faiz borcunun və cərimə borclarının ləğv edilməsi, dövlət rüsumunun yenidən müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh uzun müddətdir fəaliyyət göstərmir və bu barədə məlumatı iddiaçıya bildirmişdir. Eyni zamanda iddiaçının səlahiyyətli nümayəndələri ilə danışıqlar zamanı onlara bildirilmişdir ki, iddiaçının cavabdehə də borcu var. İddiaçının cavabdehə borcu silindikdən sonra yerdə qalan məbləğin onlara ödənilməsi nəzərdə tutula bilər. Lakin iddiaçının nümayəndələri bu danışıqları davam etdirməmişdir. Eyni zamanda təhvil verilən malların təqdim edilməsi ilə əlaqədar heç bir sənəd irəli sürə bilməmişdir. Təbii ki, aktiv fəaliyyət olmadığı üçün də məhkəmə prosesindən məlumatı olmamış və məhkəmədə iştirak edib öz etirazlarını bildirə, eyni zamanda Azərbaycan Respublikasının mülki prosesual qanunvericiliyinə əsasən qarşılıqlı iddia qaldıra bilməmişlər. Faktiki hal cavabdeh tərəfindən icranın gecikdirilməsi deyil. Belə ki, cavabdeh tərəfindən ondan asılı olmayan səbəblərdən borcun icrası gecikmişdir. Bundan əlavə məhkəmə xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1795/2025 saylı qətnaməsinin əsaslandırıcı hissəsində faiz borcunun və cərimənin hesablanması zamanı bəzi önəmli nüansları nəzərə almamışdır. Belə ki, məhkəmə faiz borcunu hesablayarkən elektron qaimənin yazılmasından sonra 5 gün müddəti nəzərə almaqla hesablamağa başlamışdır. Halbuki, iddiaçı malların təqdim edilməsi ilə əlaqəli zəruri sənədləri təqdim edə bilməmişdir. Məhkəmə belə olan halda ididaçıdan malların təhvili barədə heç bir məlumat almamış və bunun əksinə olaraq elektron qaiməni malların təhviltəslimi kimi nəzərdə tutumuşdur. Hətta məhkəmə qətnaməsinin heç bir hissəsinə malların iddiaçı tərəfindən təhvil verilməsi məsələsi ilə əlaqəli heç bir məlumat qeyd edilməmiş, əksinə olaraq tərəflər arasında imzalamış xx.xx.2023-cü il tarixli hesablaşmaların qarşılıqlı üzləşmə aktından borcun varlığını müəyyən etmişdir. Belə olan halda məhkəmə faiz və ya cərimə məbləğlərini niyə elektron qaimə fakturaya əsasən hesablayır? Tərəflər arasındakı razılaşmaya əsasən iddiaçı malları təhvil verir və ondan sonra cavabdeh öz öhdəliyini icra edir. Elektron qaimə faktura malların təhvil verilməsi hesab olunmur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarnı da lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir qeyd edilmişdir. Lakin Sumqayıt Kommersiya Məhkəməsi faiz və cərimə borclarını hesablayarkən tərəflərin qarşılıqlı razılaşmasını və məhkəmə praktikasını və digər nüansları diqqətə almamışdır. Faiz borcunu elektron qaimə fakturaların yazılmasından 5 gün sonrakı müddəti hesablamış, cərimə məbləğini azaltmış olsa da, borcun icrasının onun səbəbindən gecikdirilməməsini nəzərə almamışdır. İşin faktiki hallarına baxıldıqda aydın görünür ki, birinci instansiya məhkəməsi faiz borcunun, cərimənin və bunun əsasında formalaşmış dövlət rüsumu məbləğinin cavabdehdən tutulması hissəsində düzgün araşdırma aparmayaraq maddi və prosessual hüquq normalarını pozmuşdur.
Apellyasiya şikayətinə etiraz
20. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində əsas borcun İddiaçı MMC-nin xeyrinə ödənilməsi hissəsinin saxlanılıb, hesablanmış faiz borcunun və cərimə borclarının ləğv edilməsi, dövlət rüsumunun yenidən müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən hazırki apellyasiya baxışının hədlərini qətnamənin iddianın faiz borcunun və cərimə borcunun tutulması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
26. Faiz borcunun tutulmasına münasibətdə kollegiya qeyd edir ki, yuxarıda qeyd edilmiş Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditorun gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmə hüququ vardır. Faiz borcunun hesablanma tarixi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndində elektron qaimə-fakturaların göndərildiyi vaxtdan 5 gün müddət nəzərə alınaraq maliyyə arayışında qeyd edilmiş tarixədək hesablanması müəyyən edilmişdir.Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gecikdirilmiş borc məbləği üzrə faiz borcu hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə uyğun olaraq, elektron qaimə-fakturaların göndərildiyi vaxtdan 5 gün müddət nəzərə alınaraq maliyyə arayışında qeyd edilmiş tarixədək, yəni 01 sentyabr 2025-ci il tarixə günlərin sayı müəyyən edilməklə faiz borcunun hesablanmasına dair mövqeyi ilə razılaşır.
27. Cərimə borcuna münasibətdə isə kollegiya qeyd edir ki, yuxarıda qeyd edilmiş Mülki Məcəllənin 399-cu maddəsinin tələbləri baxımından müqavilənin şərtləri tərəflər üçün məcburidir və tərəflər arasında bağlanmış 03 aprel 2023-cü il tarixli ELEL710 nömrəli müqavilənin 8.2-ci bəndinə əsasən də, müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə alıcı ödənişin hər gecikdirilmiş günü üçün satıcıya müqavilə qiymətinin 0,1 faizi məbləğində cərimə ödəməsi, lakin bu cərimənin ümumi məbləği müqavilə qiymətinin 10 faizindən çox olmaması qeyd edilmişdir.
28. Bundan əlavə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində qeyd edilmiş məhkəmə proseslərində iştirak etməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə lazımi qaydada məlumat verilmiş, bildirişin qəbul edilməməsi məsuliyyətini özü daşımaqla yanaşı bu hal, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, e-2-2(119)- 1795/2025 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.