Məhkəmə qərarları › İş №2-2(3-9)-10/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-9)-10/2026

13.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-2(3-9)-10/2026 13.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçının qanuni təmsilçisi Səlimov Əflatun Məmmədsəlim oğlunun, cavabdeh Məmmədov Sahib Əbilfət oğlunun iştirakları ilə, iddiaçı “Az İnternational İmport Company” Məhdud Məsuliyətli Cəmiyyətinin cavabdeh Məmmədov Sahib Əbilfət oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli e-2-2(121)-2383/2025 saylı qətnaməsindən (hakim Rəmzi Nəbiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “Az İnternational İmport Company” Məhdud Məsuliyətli Cəmiyyəti cavabdeh Məmmədov Sahib Əbilfət oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 10.01.2023-cü il tarixli, S29/23 saylı alqı-satqı müqaviləsi əsasında 63985,80 manat əsas borc, 6398,58 manat dəbbə pulu və 301 manat ödənilən dövlət rüsumu olmaqla cəmi 70685,38 manat pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək 10.01.2023-cü il tarixli, S29/23 saylı alqı-satqı müqaviləsi əsasında 57985,80 manat əsas borc, 5798.58 manat dəbbə pulu, 301 manat ödənilən dövlət rüsumu olmaqla cəmi 64085,38 manat pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb və tələbin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, 10.01.2023-cü il tarixdə “Az İnternational İmport Company” MMC ilə cavabdeh arasında S29/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Az İnternational İmport Company” MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4cü bəndinə əsasən mu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 63985,80 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı bəndin tələbinə görə tərəflər arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəmə qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Məmmədov Sahib Əbilfət oğlunun 20 avqust 2025-ci il tarixdə 3000 (üç min) və 3 sentyabr 2025-ci il tarixdə 3000 (üç min) olmaqla, cəmi 6000 (altı min) manat ödəniş etməsi səbəbi ilə iddia məbləğində dəyişiklik edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli e-2-2(121)-2383/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh Məmmədov Sahib Əbilfət oğlundan 57985.80 manat əsas borc və 3000 manat cərimə olmaqla, cəmi 60985,80 (altmış min doqquz yüz səksən beş manat, səksən qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 273 (iki yüz yetmiş üç) manat pul vəsaitinin tutularaq iddiaçı “Az İnternational İmport Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilərək, iddia tələbinin təmin edilməməsi (rəd edilməsi) barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə tərəflər mübahisə predmeti üzrə qarşılıqlı razılığa gəldiklərini, barışıq sazişi tərtib etdiklərini bildirərək, barışıq sazişinin təsdiq olunmasını xahiş etdilər. Barışıq sazişinin təsdiqinin doğuracağı hüquqi nəticələri başa düşdüklərini bəyan edərək, könüllü şəkildə, hər hansı bir təsir altında hərəkət etmədiklərini və sazişin şərtlərinin həqiqətən iradələrini ifadə etdiyini bildirdilər. Məhkəmə qaydasında təsdiq olunması üçün təqdim olunan barışıq sazişinin şərtləri aşağıdakı kimidir :

1. Cavabdeh Məmmədov Sahib Əbilfət oğlu 10.01.2023-cü il tarixli, S29/23 sayl Alqı-Satqı Müqaviləsi əsasında yaranmış 57985 (əlli yeddi min doqquz yüz səksən beş) manat və ödənilmiş dövlat rüsumuna görə 273 (iki yüz yetmiş üç) manat, cəmi 58258 (əlli səkkiz min iki yüz əlli səkkiz) manat pul vəsaitini, ödəniş tarixi hər ayın 20-dən gec olmamaq şərti ilə, ilk üç ayda (aprel, may və iyun) 2000 (iki min) manat, ondan sonrakı aylarda isə 3000 (üç min) manat pul vəsaitini iddiaçı “Az İnternational İmport Company” Məhdud Məsuliyətli Cəmiyyətinə ödəməsini öhdəlik götürür;

2. Cavabdeh Məmmədov Sahib Əbilfət oğlu Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli e-2-2(121)-2383/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina edir;

3. İddiaçı “Az İnternational İmport Company” Məhdud Məsuliyətli Cəmiyyəti cavabdeh Məmmədov Sahib Əbilfət oğluna qarşı “10.01.2023-cü il tarixli, S29/23 saylı Alqı-Satqı Müqaviləsi üzrə pul tələbi”nə dair iddia ərizəsindən imtina edir. Mülki Prosessual Məcəllə Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli e-2-2(121)- 2383/2025 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.3, 191.1, 191.2, 261.0.5, 263, 264, 370, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı “Az İnternational İmport Company” Məhdud Məsuliyətli Cəmiyyətinin cavabdeh Məmmədov Sahib Əbilfət oğluna qarşı “borcun ödənilməsi” təlbinə dair iş üzrə tərəflərin təqim etmiş olduğu barışıq sazişi :

1. Cavabdeh Məmmədov Sahib Əbilfət oğlu 10.01.2023-cü il tarixli, S29/23 sayl Alqı-Satqı Müqaviləsi əsasında yaranmış 57985 (əlli yeddi min doqquz yüz səksən beş) manat və ödənilmiş dövlat rüsumuna görə 273 (iki yüz yetmiş üç) manat, cəmi 58258 (əlli səkkiz min iki yüz əlli səkkiz) manat pul vəsaitini, ödəniş tarixi hər ayın 20-dən gec olmamaq şərti ilə, ilk üç ayda (aprel, may və iyun) 2000 (iki min) manat, ondan sonrakı aylarda isə 3000 (üç min) manat pul vəsaitini iddiaçı “Az İnternational İmport Company” Məhdud Məsuliyətli Cəmiyyətinə ödəməsini öhdəlik götürür;

2. Cavabdeh Məmmədov Sahib Əbilfət oğlu Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli e-2-2(121)-2383/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina edir;

3. İddiaçı “Az İnternational İmport Company” Məhdud Məsuliyətli Cəmiyyəti cavabdeh Məmmədov Sahib Əbilfət oğluna qarşı “10.01.2023-cü il tarixli, S29/23 saylı Alqı-Satqı Müqaviləsi üzrə pul tələbi”nə dair iddia ərizəsindən imtina edir şərtləri ilə təsdiq edilsin. İş üzrə icraata xitam verilməklə Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli e-2-2(121)-2383/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qərardad qanuni qüvvəyə minir.

Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar