Məhkəmə qərarları › İş №2-2(3-9)-110/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-110/2026

28.07.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-110/2026 28.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş idarəsi maraqlı şəxs Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fonduna 8,15 manat, İcbari Tibbi Sığorta Fonduna 1,48 manat, dövlət büdcəsinə 50352,01 manat olmaqla, ümumilikdə 50361,64 manat məbləğdə borcunun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş maraqlı şəxsə dövlət büdcəsinə və müvafiq fondlara olan borcunu ödəməsi ilə bağlı bildirişlər göndərilsə də, o borcunu bildirişdə göstərilən müddətlərdə ödəməmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Namidar Misirzadə) ərizə rədd edilmişdir . Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda, belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur. Halbuki, ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 12- ci maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ və II hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolun 2-ci maddəsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra-“VM”) 23.1.15-3, 65, 89-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 77.1, 217.4, 355-5.1 və 355-7.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və ərizənin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizənin rədd edilməsinin əsası kimi vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlərin görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) kimi əsaslara istinad edərək ərizəni təmin etməmişdir. Məhkəmənin vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üsullarından biri kimi tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi və onlardan vəsaitin çatışmamazlığına dair cavablar alınması hissəsinə dair bildirilir ki, vergi orqanı bunula bağlı qanunamüvafiq tədbirlər görmüşdür. Belə ki, vergi orqanı vergi ödəyicisinin aidiyyəti bank hesablarına alınmalı sərəncam göndərmişdir. Məhkəmə işə baxarkən işi tam araşdırmamış, təqdim edilmiş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının # ####### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış, məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, vergi orqanı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görməsi və bununla bağlı məhkəməyə müvafiq sübutlar əlavə etməsini qeyd etsə də, işdən görünür ki, maraqlı şəxsin mülkiyyətində 2007-ci il istehsalı sedan tipli “VAZ 21074” minik markalı nəqliyyat vasitəsi vardır. Lakin ərizəçi məhkəməyədək həmin əmlakın siyahıya alınması və yaxud da vergi borcunun həmin əmlaklar hesabına ödənilməsi ilə bağlı hər hansı tədbirlər görməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsi, 28-ci maddəsinin III hissəsinə, 71-ci maddəsinin İ və II hissələrinə, 73-cü maddəsinin İ hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolun 2-ci maddəsi, VM-in 1.4, 16.1.1, 23.1.8-ci, 23.1.15-1-ci və 23.1.15-3, 24.1.1-ci, 24.1.2-ci, 24.1.2-1, 65, 89-cu maddələrinə, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 2-ci maddəsi və MPM-in 355-5.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Ərizəçi qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üsullarından biri kimi tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün qanunamüvafiq tədbirlər görmüşdür. Belə ki, vergi orqanı vergi ödəyicisinin aidiyyəti bank hesablarına alınmalı sərəncamları göndərmiş və iş materiallarına da bununla əlaqədar alınmalı sərəncamları sübut kimi əlavə etmişdir. Məhkəmənin istinad etdiyi vergi ödəyicisinin bank hesabında vəsaitin olmaması barədə sübutun əlavə edilməməsi hissəsinə də münasibətdə bildirir ki, bununla bağlı qanunvericiliyə uyğun olaraq vergi ödəyisinin bankında hər hansı vəsait olduqda və ya sonradan vəsait daxil olduqda bank avtomatik olaraq həmin vəsaiti uyğun məbləğdə müvafiq hesaba tutur və bununla bağlı banklara qanunvericiliyə uyğun olaraq məsuliyyət də nəzərdə tutulmuşdur. Maraqlı şəxsin ümumilikdə 50361,64 manat məbləğində borc öhdəliyi mövcuddur, lakin məhkəmənin istinad etdiyi nəqliyyat vasitəsinin ümumi bazar qiyməti 3-5 min manat arasında dəyişir. Belə olan halda, hətta həmin nəqliyyat vasitəsinin açıq hərracda satılacağı təqdirdə qeyd olunan borc öhdəliyinin tam yerinə yetirilməsi mümkün olmayacaqdır. Yəni, həmin nəqliyyat vasitəsinin bazar qiyməti maraqlı şəxsin ümumilikdə olan 50361,64 manat borc məbləğinə münasibətdə qeyri-mütənasibdir. Bundan başqa, Vergi Məcəlləsində vergi ödəyicisinin dövlət büdcəsinə olan borc öhdəliyinin yerinə yetirilməsi üsulları kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya vergi ödəyicisinin əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəməyə müraciət etmək ardıcıllığı nəzərdə tutulmamışdır. Yəni, qanunvericilik vergi öhdəliyini təmin etmək uçün qeyd olunan təmin üsullarından biri və ya hər ikisi ilə əlaqədar məhkəməyə müraciət edə bilməsində azad seçim etmək hüququ verir. Göründüyü kimi, qanunverici vergi orqanının bu hüququnun realizə olunmasını vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi ilə məhdudlaşdırmışdır. Yəni, vergi öhdəliyinin qanunvericiliklə müəyyən olunmuş müddətdə yerinə yetirilməməsi kifayət edir ki, vergi orqanı bu hüququndan istifadə edərək məhkəməyə müraciət etsin. Məhkəmənin sadaladığı məhdudlaşdırıcı tədbirlərdən hər hansı birini seçərək tətbiq etmək vergi orqanının hüququdur və bununla bağlı qanunvericilikdə hər hansı ardıcıllıq və ya növbəlilik müəyyən edilməmişdir. Məhdudlaşdırıcı tədbirlərdən bu və ya digərinin seçilməməsi ilə bağlı vergi orqanının rəsmi sənəd təqdim etməsinə dair qanunverici tərəfindən imperativ norma müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-***/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iş üzrə # ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması əsasları və qaydası Vergi Məcəlləsinin 23.1.15- 3-cü və MPM-in 355-5.1-ci maddələri ilə tənzimlənir. Həmin normaların dispozisiya şərtlərinə görə vergi ödəyicisi vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmə üsulu kimi vergi orqanları vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin Vergi Məcəlləsindən müəyyən edilir ki, həmin məbləğlərin ödənilməsinin təmin edilməsinin bir neçə üsulu mövcuddur. Belə ki, vergi orqanları tərəfindən VM-in 65 və 89-cu maddələrinin tələblərinə uyğun olaraq vergi ödəyicisinə məxsus bank hesablarının üzərinə sərəncamlar qoyulması və əmlaklarının siyahıya alınaraq satılması da nəzərdə tutulmuşdur. Bu tədbirin təbiəti etibarilə məcburi icra tədbiri olması nəzərə alınmaqla vurğulanır ki, bu cür tədbirlərin tətbiqi vergi orqanının güddüyü legitim məqsədə, yəni yaranmış borcun dövlət büdcəsinə faktiki daxil olmasına birbaşa xidmət etməlidir. Həmçinin hazırkı növ ərizələr üzrə işlərə baxılarkən mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması mütləq xarakter daşıyır. Lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi meyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır. Maraqlı şəxsin 50000 manatdan artıq vergi öhdəliyinin olması, ona vergi orqanı tərəfindən borcunu ödəməsi ilə bağlı xəbərdarlıq xarakterli bildirişlər göndərilməsi, lakin öhdəliyini 2 ilə yaxın müddətə yerinə yetirməməsi işin materialları ilə təsdiqini tapır və maraqlı şəxs bu halları mübahisələndirmir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən maraqlı şəxsin mülkiyyətində 2007-ci il buraxılışlı nəqliyyat vasitəsi var. Ərizəçinin kassasiya şikayətində irəli sürülmüş dəlillərdən biri də həmin nəqliyyat vasitəsinin bazar dəyərinin 3000-5000 manat məbləğ aralığında olmasıdır. Mütənasiblik prinsipi inzibati orqandan borcun məbləği, müddəti, şəraitin xüsusiyyətləri və icra imkanlarını vəhdətdə qiymətləndirməklə nəticəyönümlü və effektiv tədbir seçməyi tələb edir. Hazırkı halda, maraqlı şəxsin əmlakının dəyərinin vergi öhdəliyinin həcminə kəskin uyğunsuzluğun açıqaşkar olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin qeyd olunan halına mütənasiblik prinsipinin tələbləri baxımından hüquqi qiymət verilməmişdir. Odur ki, işin yeni apellyasiya baxışı zamanı maraqlı şəxsin mülkiyyətində olan əmlakın real bazar dəyəri və likvidlik səviyyəsi, eləcə də borcun həmin əmlaklar hesabına ödənilibödənilməməsi ilə bağlı hallar nəzərə alınmaqla ərizəyə vergi və mülki prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələbləri baxımından qiymət verilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Maraqlı şəxs ünvanlanmış 2024-cü il ## ###### tarixli bildirişlə sonuncu 47.725,89 manat (o cümlədən vergilər üzrə 38662,33 manat, faizlər üzrə 9063,56 manat) məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan Maraqlı şəxs Müşviq oğlunun mülkiyyətində 2007-ci il istehsalı sedan tipli “VAZ 21074” minik markalı nəqliyyat vasitəsi olduğu görünür. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə görə Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Konstitusiyanın 47- ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; Konstitusiyanın 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər. VM-in 16.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. VM-in 23.1.15-3-cü maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. VM-in 24.1.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. VM-in 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. VM-in 77.1-ci və 77.3-cü maddələrinə görə vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. VM-in 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsi yoxlanılarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması çox vacibdir. Habelə baxılan mülki işin müəyyən edilmiş faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi həmin normaya uyğun yoxlanılmalıdır. İlk öncə, məhkəmə tərkibi bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi müəyyən edilmişdir. Məhkəmə tərkibi bütün iş materiallarını araşdıraraq və sübutlara hərtərəfli qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməkdə haqlı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Maraqlı şəxs Müşviq oğlunun dövlət büdcəsi qarşısında 50361,64 manat məbləğində yerinə yetirilməmiş vergi öhdəliyi mövcuddur. Yaranmış borc məbləğinin ödənilməsi məqsədi ilə maraqlı şəxsə ##.##.2023-cü il tarixli 2350021675118300, ##.##.2023-cü il tarixli 2350021674828200, ##.##.2024-cü il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.VM-in 65 və 89-cu maddələrinə əsasən vergi orqanları vergi borcunun tutulmasının təmin edilməsi məqsədilə vergi ödəyicisinin bank hesabları üzərinə sərəncam qoymaq, habelə əmlakını siyahıya alaraq satmaq kimi tədbirlər həyata keçirə bilərlər. Bununla yanaşı, qanunverici vergi öhdəliyinin könüllü qaydada yerinə yetirilmədiyi hallarda, hesablanmış vergilər, faizlər və maliyyə sanksiyalarının ödənilməsini təmin edən əlavə hüquqi mexanizm kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanı rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək səlahiyyətini də vergi orqanına vermişdir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı növbəliliyə riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Hazırkı mülki işin faktiki hallarına əsasən maraqlı şəxsin mülkiyyətində 2007-ci il istehsalı “VAZ-21074” markalı minik avtomobili mövcuddur. Birinci instansiya məhkəməsi bunu əsas götürərək ərizəni təmin etməmişdir. Lakin həmin nəticə mütənasiblik prinsipinin mahiyyətinə uyğun hesab edilə bilməz. Həmin əmlakın mövcudluğu ərizəçinin Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş hüquqi müdafiə vasitəsindən istifadə etmək imkanını məhdudlaşdıra bilməz. Əksinə, vergi borcunun əhəmiyyətli məbləğdə olması və mövcud əmlakın həmin borcun real ödənilməsini təmin etməməsi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin konkret işin halları baxımından zəruri, məqsədəuyğun və mütənasib olduğunu göstərir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, mütənasiblik prinsipi Konstitusiyanın 71-ci maddəsində “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Adıçəkilən prinsip özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Mütənasiblik prinsipi Avropa Məhkəməsi tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Məhkəmə “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti üzrə” 2017-ci il ## ### tarixli qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə tərkibi göstərilənlərə əsaslanıb, MPM-in 14, 77, 217, 372, 384, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. ##.##.1994-cü il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuş və Füzuli rayonu Kərimbəyli kəndində qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar