Məhkəmə qərarları › İş №2-2(3-9)-15/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-15/2026

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(3-9)-15/2026 12.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə ödənilməmiş qalıq borc tələbi”-nə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: müqavilə üzrə ödənilməmiş qalıq borc tələbi. Şirvan şəhəri, 12 mart 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə ödənilməmiş qalıq borc tələbi”-nə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, e-2-2(121)- 2355/2025 saylı qətnaməsindən (hakim R.Nəbiyev) İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh alqı-satqı müqaviləsi üzrə 14247.16 (on dörd min iki yüz qırx yeddi manat, on altı qəpik) manat qalıq borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 132.74 (bir yüz otuz iki manat, yetmiş dörd qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə (bundan sonra “İddiaçı”) Cavabdeh arasında (bundan sonra “Cavabdeh”) bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən cavabdehə tam şəkildə təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 14247.16 (on dörd min iki yüz qırx yeddi manat ona altı qəpik) manat məbləğində qalıq borcu qalmışdır. Təqdim edilmiş Maliyyə Arayışından da görünür ki, onlar arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə olan qalıq borcu 14247.16 (on dörd min iki yüz qırx yeddi manat on altı qəpik) manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Həmçinin MPM-nin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanının (Dövlət Vergi Xidməti – onlayn kargüzarlıq) elektron kabineti vasitəsilə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmənin suallarına cavabında əlavə olaraq bildirmişdir ki, mallar cavabdehin sifarişinə uyğun olaraq verilirdi. Tərəflər arasında bağlanmış müqavilədə konkret hansı malların verilməsi nəzərdə tutulmamışdır. O, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz etmiş və hesab etmişdir ki, ərizə əsassızdır. Ona görə ki, məhkəməyə təqdim olunmuş aktlardan göründüyü kmi iddiaçı tərəfindən son verilmiş mallar üzrə iddia müddəti keçməmişdir. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, e-2-2(121)-2355/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1683,35 (bir min altı yüz səksən üç manat, otuz beş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 36,84 (otuz altı manat, səksən dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı mövqeyi maddi hüquq normalarının düzgün şərh edilməməsinə və Ali Məhkəmənin hüquqi mövqeyinə zidd olmaqla qanunsuzdur. Belə ki, məhkəmə faktiki olaraq tərəflər arasında ayrı-ayrı, müstəqil alqı-satqı müqavilələrinin mövcudluğu kimi yanaşma sərgiləmişdir. Lakin iş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, tərəflər arasında bir əsas alqı-satqı müqaviləsi mövcuddur. Mallar həmin müqavilə çərçivəsində uzun müddət ərzində, sifariş əsasında və dövri qaydada vahid borc münasibəti çərçivəsində, hissə-hissə həyata keçirilmişdir. Bu isə Mülki Məcəlləsinin sistematik şərhinə əsasən davamlı (uzanan) öhdəlik münasibəti hesab olunur. Davamlı öhdəliklər üzrə iddia müddəti ayrı-ayrı icra aktlarına deyil, bütövlükdə borc münasibətinə tətbiq edilir. İddia müddətinin “hissələr üzrə” tətbiqi qanunda nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi iddia müddətini eyni müqavilə üzrə, eyni tərəflər arasında, eyni hüquqi əsasdan irəli gələn, vahid borc münasibətinə dair müxtəlif tarixlər üzrə parçalayaraq tətbiq etmişdir. Bu yanaşma Mülki Məcəlləsinin 373-cü maddəsinin mahiyyətinə, iddia müddətinin hüquqi təyinatına, hüquqi müəyyənlik prinsipinə ziddir. Qanunvericilik iddia müddətinin eyni öhdəlik üzrə həm keçmiş, həm də keçməmiş hesab edilməsini nəzərdə tutmur. Yəni, eyni müqavilə üzrə ya iddia müddəti keçmiş sayılır, ya da keçməmiş - üçüncü hal isə mövcud deyil. Hazırki hüquq münasibətində də tərəflər arasında 1 müqavilə olmuş və sifariş və tədarüklər həmin müqavilə əsasında həyata keçirilmişdir. Həmin müqavilə üzrə də iddia müddətinin axımı sonuncu malın satılmasından sonra başlayır. İş materiallarından görünür ki, cavabdeh 2022-ci ilin iyul ayına qədər malları qəbul etmiş, müqavilə münasibətini faktiki olaraq davam etdirmişdir. İşin hallarından göründüyü kimi, tərəflər arasında müqavilə münasibətlərinin davam etməsi, malların vaxtaşırı olaraq sifariş əsasında tədarük edilməsi öz təsdiqini tapmışdır. Məhkəmə də qətnamədə qeyd edir ki, ümumilikdə 15945,87 manat məbləğində olan mallar təqdim edilməsi, cavabdehin iddiaçıya qalıq borcunun 14247.16 AZN (on dörd min iki yüz qırx yeddi manat) təşkil etməsi işin mübahisəsiz halıdır. Yəni, qətnamə ilə müəyyən miqdarda borcun ödənilməsi də qəbul edilmişdir. Lakin Plenumun xx.xx.2018- ci il tarixli Qərarının mövqeyinə zidd hüquqi mövqe ilə çıxış edərək 1 müqavilə üzrə tələbi ayrı-ayrı hissələrə parçalamaqla onlara ayrıca müddətlər tətbiq etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etmiş, onun məzmunundan irəli gələn izahat vermiş, şikayətlərinin təmin edərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında vahid müqavilə olmuş, cavabdehə təhvil verilən mallar məhz həmin müqavilə əsasında verilmişdir. İşdə olan axırıncı qaimədən sonra cavabdehə hər hansı mal verilməmiş, həmin andan sonra aralarında malların təhvil verilməsi və ya alqı-satqı ilə bağlı münasibətlər davam etdirilməmişdir. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmişdir. Lakin cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını, iddiaçnın apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını qismən yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və işin faktiki hallarının natamam qiymətləndirilməsi səbəbindən qanuni və əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış hüquq münasibətlərini yanlış qiymətləndirərək iddia müddətini ayrı-ayrı təhvil verilmiş mallar dəyəri üzrə tətbiq etmiş, halbuki, tərəflər arasında vahid alqı-satqı müqaviləsi mövcud olduğundan iddia müddəti sonuncu təhvilvermə tarixindən hesablanmalı və buna görə də iddia tələbi tam həcmdə təmin edilməli idi. Belə ki, iş materiallarında olan İddiaçı (“Satıcı”) ilə Cavabdeh (“Alıcı”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01606 saylı “Alqı-satqı” Müqaviləsi”nin: 2.1. bəndinə əsasən, Alıcı Satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri qida Məhsullarını (bundan sonra "Mallar") qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı Satıcıdan sifariş edəcək, Satıcı Sifariş edilmiş Malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimenttə Alıcıya təhvil verəcək və Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini Satıcıya Müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir.

3. Malların Sifarişi, Çatdırılması və Qəbulu: 3.1. (i). bəndinə əsasən, Alıcı Malları aşağıdakı formada sifariş verə bilər: (İ) Satıcının nümayəndəsi vasitəsilə; (İ) Yazılı formada; (İİİ) Faks vasitəsilə; (ıv) Telefon vasitəsilə; (v) Elektron poçt vasitəsilə; (vı) Online Sifariş formasında. 3.3. bəndinə əsasən Alıcının sifarişi bu Müqavilənin ayrılmaz hissəsi sayılır. Sifariş hər bir mağazanın və/və ya satış şəbəkəsinin məsul şəxsi və ya sifarişlər üzrə meneceri və ya Alıcıya məxsus eyniləşdirmə kodu və şifrə vasitəsi ilə Alıcının təyin etdiyi istənilən şəxs tərəfindən bu Müqavilə ilə nəzərdə tutulan formada və ya üsulla verilir. Sifarişin çatıdırılmasına 72 (yetmiş iki) saat qaldıqda Alıcı tərəfindən sifariş ləğv edilə bilməz. 3.4. bəndinə əsasən, Alıcı Malların çatdırılması yerini Malları sifariş verdiyi zaman müəyyən etməlidir. Tərəflər arasında digər razılaşma yoxdursa, Satıcı Malları öz mülahizəsinə əsasən pərakəndə Alıcının istənilən Mağazasına (Alıcıya məxsus və ya digər formada Alıcının idarəçiliyində olan marketlərdə və ya digər mağazalar və ya oxşar və ya topdan satış məntəqələri deməkdir) və ya Alıcının müəyyən etdiyi digər yerə çatdırmalı və təhvil verməlidir. 3.5. bəndinə əsasən, X1 təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq Təhvil-Qəbul Aktını (Qaimə-fakturanı) 2 (iki) nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və Aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, özünün tərtib həmçinin etdiyi qanunvericitiklə nəzərdə tutulmuş digər sənədləri Alıcıya təqdim etməlidir. Aktla birlikdə Satıcı Malların təhvil təslimi təsdiq edən digər sənədləri də (bundan sonra "Digər Sənədlər") Alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənadləri imzalamaqdan imtina edə bilməz. Mallar qaimə-fakturaya əsasən təhvil verildiyi andan təsadüfi məhv olma və zədələnmə riski Alıcıya keçir. 3.9. bəndinə əsasən, Alıcı təsdiq edir ki, bu Müqaviləyə Alıcıya əsasən Malları Satıcıdan təhvil alan, o cümlədən bu hərəkətlərin yerinə yetirilməsini təsdiq edən hər hansı sənədləri tərtib edən və/və ya imzalayan, Alıcıya məxsus eynləşdirmə kodu vasitəsi ilə (bundan sonra "eyniləşdirmə kodu") "Online Sifariş" verilməsini həyata keçirən hər hansı şəxs Alıcının nümayəndəsi və Alıcının adından çıxış etməyə səlahiyyətli şəxs hesab olunur. Satıcı bu cür şəxslərin Alıcının adından çıxış etməsinə səlahiyyətli olduğuna dair hər hansı sənəd tələb edə bilər və Alıcı bu cür sənədləri təqdim etməlidir, ancaq Satıcının bu cür sənədlər tələb etmək öhdəliyi yoxdur. Satıcı, Malları və aktlara və sənədləri imza çatdıran etməyə (müşahidə edən), təhvil verən və alan şəxsin etibarnamə üzrə bu hərəkətləri etməyə və ilkin uçot sənədlərinə, o cümlədən qaimələrə və aktlara imza etməyə səlahiyyətli olduğuna təminat verir. 7.1. bəndinə əsasən, Satıcıdan Alıcıya keyfiyyətsiz (satışa yararsız) Mal daxil olduğu halda Satıcı həmin Malı keyfiyyətli Malla əvəz edir,bu mümkün olmadıqda, Satıcı onu geri qaytarır. Bunun ilə bağlı Satıcının məsuliyyəti tərəflər arasında müvafiq Akt tərtib edildiyi andan yaranır. 7.2. bəndinə əsasən, Alıcı tərəfindən kəmiyyət ilə bağlı iradlar malların təhvil təslimi zamanı keyfiyyət ilə bağlı iradlar isə mallar təhvil alındıqdan sonra 24 (iyirmi dörd) saat ərzində bildirilməlidir. Alıcı tərəfindən malların əksik çatdırılması ilə bağlı iradlar öz təsdiqini taparsa Alıcı çatdırılmış malları qəbul etməli və tərəflərin razılaşmasına əsasən həmin sayda mallar Satıcı tərəfindən daha sonra təmin ediləcək.

8. Qiymət. Ödəniş Şərtlər 8.1. bəndinə əsasən, Alıcı bu Müqavilayə uyğun olaraq Satıcı tərəfindən təhvil verilən Malların dəyərini ("Qiymət"), Müqavilənin digər şərtlərini nəzərə almaqla, aşağıdakı qaydada ödəməlidir: (ı). "Alıcı"ya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 10 gündən artıq ola bilməz. Ödəniş 10 gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 7.10. bəndində göstərilən qaydada hesablanmaqla “Satıcı”ya ödəniləcəkdir. (ıı). “Alıcı” “Satıcı”dan ilk dəfə mal aldıqda ödəniş ilk dəfə üçün qabaqcadan ödəniş qaydası formasında həyata keçirilməlidir. Növbəti ödənişlər üçün hazırki müqavilənin 8.1. (i) bəndi əsas götürüləcəkdir və ya (ııı). Tərəflər əlavə razılaşma imzalamaqla ayrı ödəniş qaydasını müəyyən edə bilərlər. 8.2. bəndinə əsasən, Qiymətə, ƏDV istisna olmaqla, bütün vergilər və digər oxşar dövlət ödənişləri, malların qablaşdırılması, daşınması, çatdırılması və müqaviləyə uyğun olaraq təhvil verilməsi, o cümlədən geri qaytarmaların geri götürülməsi xərcləri daxildir. 8.3. bəndinə əsasən, Qiymətlər Tərəflər arasında yazılı və ya şifahi formada razılaşdırıla bilər. Online Sifariş zamanı - saytında sifariş edilən mallara görə sifarişlərin Alıcı tarəfindən təsdiq anında saytda qeyd edilmiş qiymətər əsas götürüləcəkdir. Əgər Müqavilədə digər qayda nəzərdə tutulmamışdırsa, qiymətlər bu Müqavilənin 8.5-ci maddəsində göstərilən sənədlərdə və (və ya) tərəflər arasında razılaşdırılmış digər sənədlərdə öz əksini tapan Qiymətlər olacaqdır. Əgər Qiymətlər əks etdirən hər hansı sənəddə (Sifariş və ya bu Müqavilənin 8.7-ci maddəsində göstərilən sanədlər də daxil olmaqla) qiymətlər arasında ziddiyət yaranarsa və Tərəflər bu ziddiyyəti yarandığı tarixdən 15 (on beş) gün ərzində aradan qaldıra bilməzlərsə, daha yuxarı olan qiymət əsasında götürüləcəkdir. 8.4. bəndinə əsasən, Satıcı Qiymətləri birtərəfli yazılı qaydada və artıra bilər. Əgər Qiymətlərdə artım baş verərsə, Satıcı bu barədə Alıcıya artımın baş verəcəyi planlaşdırılan gündən ən azı 10 gün əvvəl yazılı və ya şifahi məlumat verməlidir. Alıcı Qiymət artımı ona bildirdikdən sonra Qiymət artımı baş vermiş Malları yeni Qiymətlərlə sifariş verməlidir. 8.5. bəndinə əsasən, Satıcı Qiymətə (Satıcıya Müqavilə üzrə ödənilməli olan digər ödənişlərə) dair aşağıdakı sənədləri Alıcıya təqdim edəcək ("Ödəniş Sənədləri"): (ı). Müqavilədə göstərilən qaydada hər Tərəfin imzaladığı və təsdiq etdiyi Akt; (ıı). Elektron vergi hesab fakturası; (ııı) Elektron qaimə; (ıv) Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan digər sənədlər. 10.1. bəndinə əsasən, X2 Tarixində qüvvəyə minir və həmin tarixdən 1 (bir) il müddətində qüvvədə qalacaqdır. Əgər Tərəflərdən hər hansı biri Müqavilənin müddətinin bitməsinə ən azından 30 (otuz) gün qalmış Müqavilənin ləğv olunması barədə yazılı xəbər verməzlərsə, Müqavilə hər dəfə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab ediləcəkdir. Uzadılmaların sayı qeyri məhdud ola bilər. İş materiallarında olan aktlardan və elektron-qaimə fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə 1098,05 manat, xx.xx.2022-ci il tarixdə 1169,50 manat, xx.xx.2022-ci il tarixdə 1148,91 manat, xx.xx.2022-ci il tarixdə 1060,63 manat, xx.xx.2022-ci il tarixdə 1210,88 manat, xx.xx.2022-ci il tarixdə 1991,42 manat, xx.xx.2022-ci il tarixdə 1066,72 manat, xx.xx.2022-ci il tarixdə 910,19 manat, xx.xx.2022-ci il tarixdə 1271,32 manat, xx.xx.2022-ci il tarixdə 1160,17 manat, xx.xx.2022-ci il tarixdə 1124,54 manat, xx.xx.2022-ci il tarixdə 1050,19 manat və xx.xx.2022-ci il tarixdə 1683,35 manat olmaqla ümumilikdə 15945,87 manat məbləğində olan mallar təqdim edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh (Vöen: **********) arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli 01606 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə Cavabdeh uçot məlumatlarına əsasən İddiaçı MMC-yə qalıq borcu 14247.16 AZN ( on dörd min iki yüz qırx yeddi manat) borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış Alqı-satqı müqaviləsi üzrə yaranmış 14247,16 (on dörd min iki yüz qırx yeddi manat on altı qəpik) manat borcun 3 (üç) gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan ********** qəbzən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 132,74 manat dövlət rüsumu ödənilmişdir. Tərəflərin sahibkarlıq subyekti olmaları və onlar arasında xx.xx.2022-ci il tarixli, 01606 saylı “Alqı-satqı müqaviləsi”nin bağlanması, həmin müqavilənin etibarlı olması, iddiaçı tərəfindən iş materiallarında olan təhvil qəbul aktları üzrə ümumilikdə 15945,87 manat məbləğində olan mallar təqdim edilməsi, cavabdehin iddiaçıya qalıq borcunun 14247.16 AZN ( on dörd min iki yüz qırx yeddi manat) təşkil etməsi işin mübahisəsiz halını təşkil edir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri;

1. Tərəflər arasında bir əsas alqı-satqı müqaviləsinin olmasından, malların həmin müqavilə çərçivəsində uzun müddət ərzində, sifariş əsasında və dövri qaydada vahid borc müqaviləsi çərçivəsində, hissə-hissə həyata keçirilməsindən,

2. Davamlı öhdəliklər üzrə iddia müddətinin ayrı-ayrı icra aktlarına əsasən deyil, bütövlükdə borc müqaviləsinə tətbiq edilməsindən, iddia müddətinin “hissələr üzrə” tətbiqinin qanunda nəzərdə tutulmamasından,

3. İddia müddəti eyni tərəflər arasında eyni müqavilə üzrə eyni hüquqi əsasdan irəli gələn vahid borc müqaviləsi üzrə müxtəlif tarixlərdə qaimələr üzrə təhvil hissələrə ayrılmaqla tətbiq edilməsindən, qanunvericiliyin iddia müddətinin eyni öhdəlik üzrə hissəvi həm ötürülmüş həm də ötürülməmiş hesab edilməsinin nəzərdə tutulmamasından,

4. Mövcud müqavilə üzrə iddia müddətinin axımının sonuncu malın təhvil verilməsindən sonra hesablanmalı olmasından, cavabdehin sonuncu malı 23 iyul 2022-ci il tarixinədək malları qəbul edərək müqavilə münasibətlərinin faktiki olaraq həmin anadək davam etməsindən ibarət olmuşdur.

Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilənin şərtlərindən də göründüyü kimi cavabdehin malların dəyərini ödəmək öhdəliyi və iddiaçının malların dəyərini tələb hüququ müvafiq sifarişlər üzrə malların təhvili-qəbulundan sonra yaranır. Belə ki, tərəflər arasındakı müqavilənin 8-ci (ı) bəndinə əsasən "Alıcı"-ya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 10 gündən artıq ola bilməz. Ona görə də, məhkəmə hesab etmişdir ki, cavabdehin malların dəyərini ödəmək öhdəliyi və iddiaçının malların dəyərini tələb hüququ müvafiq sifarişlər üzrə malların təhviliqəbulundan sonra yarandığından, hazırki iş üzrə iddia müddətinin tətbiqi mümkünlüyü müvafiq tələblər üzrə ayrıca qiymətləndirilməlidir. Məhkəmə qeyd etmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddiaçı hazırki tələblə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022ci il tarixdə 1098,05 manat, xx.xx.2022-ci il tarixdə 1169,50 manat, xx.xx.2022-ci il tarixdə 1148,91 manat, xx.xx.2022-ci il tarixdə 1060,63 manat, xx.xx.2022-ci il tarixdə 1210,88 manat, xx.xx.2022-ci il tarixdə 1991,42 manat, xx.xx.2022-ci il tarixdə 1066,72 manat, xx.xx.2022-ci il tarixdə 910,19 manat, xx.xx.2022-ci il tarixdə 1271,32 manat, xx.xx.2022-ci il tarixdə 1160,17 manat, xx.xx.2022-ci il tarixdə 1124,54 manat, xx.xx.2022-ci il tarixdə 1050,19 manat və xx.xx.2022-ci il tarixdə 1683,35 manat olmaqla ümumilikdə 15945,87 manat məbləğində olan mallar təqdim edilmişdir. Yuxarıda şərh edilənlərə əsasən birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə işdə olan xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli malların təhvil-təslim Aktı əsasında cavabdehə təhvil verilmiş mallara görə müddəti ötürülmüş hesab edərək 3 illik iddia müddəti tətbiq etməklə iddianı rədd etmişdir. Lakin məhkəmə iddianı xx.xx.2022-ci il tarixdə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmiş mallara görə yaranmış 1683,35 manat borca aid hissədə əsaslı hesab etmiş, həmin tarixdə verilmiş mallar üzrə yaranmış tələb üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətin keçmədiyini göstərmiş, buna görə də iddianı qismən təmin edilmişdir.

2. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli malların təhvil-təslim Aktı əsasında cavabdehə təhvil verilmiş mallara görə iddia müddətini tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01606 saylı “Alqı-satqı” Müqaviləsi”nin 10.1-ci bəndində göstərilmişdir ki, “X2 tarixində qüvvəyə minir və həmin tarixdən 1 (bir) il müddətində qüvvədə qalacaqdır. Əgər tərəflərdən hər hansı biri müqavilənin müddətinin bitməsinə ən azından 30 (otuz) gün qalmış müqavilənin ləğv olunması barədə yazılı xəbər verməzlərsə, müqavilə hər dəfə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab ediləcəkdir. Uzadılmaların sayı qeyri məhdud ola bilər”. Göründüyü kimi bəhs edilən müqavilə tərəflərin heç biri tərəfindən mübahisələndirilməmiş, müqavilənin müddətinin bitməsinə ən azı 30 (otuz) gün qalmış müqavilənin ləğv olunması barədə tərəflər bir-birinə yazılı xəbərdarlıq etməmiş və müqavilə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab edilmişdir. Belə olduğu halda xx.xx.2022-ci il tarixli, 01606 saylı “Alqı-satqı” Müqaviləsi” xx.xx.2023-cü ilədək uzadılmış olmuşdur. İddiaçı hazırki tələblə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Bu zaman cavabdehə təhvil verilmiş malların dəyərinə görə 3 illik iddia müddəti xx.xx.2026-ci ildə bitmiş olacaqdır. İddiaçının hazırki tələblə xx.xx.2025ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alsaq yuxarıda qeyd edilən təhvil-təslim Aktına əsasən malların dəyərinə münasibətdə iddia müddəti keçməmiş olur.

3. Kollegiya həmçinin qeyd edir ki, xx.xx.2022-ci il tarixli, 01606 saylı “Alqı-satqı” Müqaviləsi” tərəflər arasında alqı-satqı münasibətlərini şərtləndirən vahid müqavilədir. Tərəflər arasında malların təhvil-təslim edilməsi vahid niyyəti ehtiva etməklə məhz həmin “Müqavilə” əsasına həyata keçirilmişdir. Yəni, cavabdehə təhvil verilmiş mallar vahid müqavilə çərçivəsində, vahid niyyətlə həyata keçirildiyindən bəhs olunan təhvil-təslim aktlarına ayrı-ayrılıqda iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Belə ki, bir müqavilə üzrə vahid niyyətlə cavabdehə təhvil verilmiş malların dəyərinin bir hissəsinə görə iddia müddətini tətbiq etmək, digər bir hissəsinə görə isə tətbiq etməmək hüquqi müəyyənlik prinsipinə uyğun deyil. İş materiallarından görünür ki, tərəflər arasında malların təqdim olunması və ödənişlərin həyata keçirilməsi vahid alqı-satqı müqaviləsi əsasında baş vermiş, mallar sifarişlər əsasında dövri qaydada təqdim edilmiş və hesablaşmalar həmin müqavilə çərçivəsində aparılmışdır. Bu hal tərəflər arasında ayrı-ayrı müstəqil müqavilələri deyil, davamlı xarakter daşıyan vahid öhdəlik kimi işgüzar adət münasibətlərinin olmasını göstərir.

4. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə 1098,05 manat, xx.xx.2022-ci il tarixdə 1169,50 manat, xx.xx.2022-ci il tarixdə 1148,91 manat, xx.xx.2022-ci il tarixdə 1060,63 manat, xx.xx.2022-ci il tarixdə 1210,88 manat, xx.xx.2022-ci il tarixdə 1991,42 manat, xx.xx.2022-ci il tarixdə 1066,72 manat, xx.xx.2022-ci il tarixdə 910,19 manat, xx.xx.2022-ci il tarixdə 1271,32 manat, xx.xx.2022-ci il tarixdə 1160,17 manat, xx.xx.2022-ci il tarixdə 1124,54 manat, xx.xx.2022-ci il tarixdə 1050,19 manat və xx.xx.2022-ci il tarixdə 1683,35 manat olmaqla ümumilikdə 15945,87 manat məbləğində olan mallar təqdim etmişdir. Təqdim edilmiş mallara görə öhdəliyin tam şəkildə yerinə yetirilməməsi nəticəsində cavabdehin iddiaçı qarşısında 14247.16 manat qalıq borcu yaranmışdır və cavabdeh tərəfindən həmin borcun iddiaçıya ödənildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi qeyd edilən malların təhvil-təslim aktları ilə iddiaçı tərəfindən cavabdehə 15945,87 manat məbləğində mallar təqdim etmiş, cavabdeh həmin ümumi məbləğdən müəyyən ödənişlər etmiş və onun iddiaçıya 14247.16 manat qalıq borcu qalmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar iddia tələbinin əsaslı olduğunu təsdiq etdiyindən, iddia tələbi tam həcmdə təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş 14247.16 manat qalıq borc məbləği iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Şərh edilənlərə əsası Kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, e-2- 2(121)-2355/2025 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 14247.16 (on dörd min iki yüz qırx yeddi manat, on altı qəpik) manat məbləğində borc, həmçinin birinci və apellyasiya instansiyası məhkəməsinə ödənilmiş (132.74+66.50=199.24) cəmi 199.24 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.2-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, e-2-2(121)-2355/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 14247.16 (on dörd min iki yüz qırx yeddi manat, on altı qəpik) manat məbləğində borc, həmçinin birinci və apellyasiya instansiyası məhkəməsinə ödənilmiş (132.74+66.50=199.24) cəmi 199.24 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar